Məti Osmanoğlu
"Ədəbiyyat qəzeti"ndə yazılarını maraqla izlədiyim müəlliflərdən biri professor Rüstəm Kamaldır. Onun kiçikhəcmli filoloji esseləri izah və şərh etməkdən, öyrətməkdən daha çox həzz verir, zövq aşılayır. Bu yazılar sözə, mətnə, ədəbiyyata, sənətə yanaşma fərqliliyi, baxış orijinallığı ilə seçilir.
XX əsrin böyük nəzəriyyəçilərindən olan Xose Orteqa-Qasset sənət əsərinə baxışı fiziki optik hadisə ilə müqayisə edərək yazırdı: "Oxucu təsəvvür eləsin ki, biz hazırkı an pəncərə şüşəsinin arxasından bağçaya baxırıq. Bizim gözlərimiz özünü o şəkildə nizamlamalıdır ki, görmə şüası şüşədə dayanmadan onu keçsin, güllərdə və yarpaqlarda qərar tutsun.
Bizim görmə predmetimiz bağ olduğuna görə gözümüzün göndərdiyi şüa da ona yönəlir, baxışımızın içindən keçdiyi şüşəni görmürük... Lakin diqqətimizi bağdan çəkərək baxışımızı şüşənin üzərinə də gətirə bilərik. Onda bağ görmə sahəsindən itəcək, təbii ki, bağdan qalan şüşədən o üzdə tor görünən güllərin dağınıq görünüşü olacaq. Odur ki, bağı görmək və pəncərənin şüşəsini görmək - bunlar bir araya gəlməyən iki əməldir: bir-birini istisna edir və müxtəlif görüm akkomodasiyası tələb edir".
Filoloji esselərdə Rüstəm Kamal üçün bədii mətn şüşə rolunu oynayır: müəllifin bizə təqdim etdiyi obrazla oxucu arasındakı "şüşə" əksər hallarda təhlilin obyektindən - gözün görmə hədəfindən kənarda saxlanılır. "Yaşa dolduqca mənim üçün süjetlər elə bir önəm daşımır, dilin təhkiyədə "rəqs etməsi", oxuması maraqlıdır", - deyən R.Kamalın təhlil və təqdimat üsulu mətni vasitəyə çevirir, görüm hədəfinə mətnin özü deyil, onun yaratdığı obraz-predmetlər və bunlardan doğan təəssüratlar gətirilir.
R.Kamalın mətnə yanaşması mətni yaradan nasirin və ya şairin gerçəkliyə yanaşması ilə müqayisə edilə bilər. Yazıçı gerçəkliyə - təbiətə, insana, cəmiyyətə münasibətdə sərbəst və subyektiv olduğu kimi, R.Kamal da mətnə münasibətdə sərbəstdir, yazıçının mətndə dediyini təsdiqləməyə (və ya inkar etməyə) yox, sözlə demədiklərini, yaxud sözün gözün görmə sahəsindən kənarda qalan o biri üzündəki obrazları "yaratmağa" üstünlük verir. Bu subyektivlik ona tanış mətndəki obrazların bəzən şüurunda, bəzən də şüurundan xaricdə baş verənləri "bərpa etməyə", "oxumağa" imkan yaradır. İşin uğurlu cəhəti də budur ki, Rüstəmin mətndəki obrazları təqdim etməsi mətnin özü qədər maraqlı və yaddaqalan olur və oxucuda mətnə fərqli münasibət oyadır. Oxucu mətndə görə bilmədiklərini R.Kamalın esselərində görə bilir.
R.Kamal, məsələn, ədəbiyyatımızın klassiki Molla Pənah Vaqiflə modernist Vaqif Səmədoğlunun bədii dilinin müqayisəsini apardığı linqvistik etüddə ("İki Vaqifin məsdər istəyi"), Cəlil Məmmədquluzadənin düşüncə kodlarını müəyyənləşdirməyə çalışdığı "Mirzə Cəlilin lüğət oyunu"nda, yaxud Yusif Vəzir Çəmənzəminlinin və Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığında Şuşanın landşaftını bədii mətn kimi təqdim etdiyi essedə ("Uca dağ başında"), Səməd Vurğunun əsərlərində qadın intiharını araşdırdığı yazıda ("Şeirin ağladığı bir gözəlliyə..."), İlyas Əfəndiyevin xatirəsinə həsr etdiyi poetik etüddə ("Qoca qırçı üçün çiçək"), İsmayıl Şıxlının əsərlərində yuxu rəmzinin açılmasında ("Qocanın yuxu kitabı") mətnə zaman və dünya arasındakı məsafənin fövqündən baxır və R.Kamalın düşüncələrində zaman ilə dünya bir-birindən fərqli fəzalarda yerləşir.
Rüstəm Kamal söhbəti mətnin həm hesablanması asan olan rasional, həm də hesaba-kitaba sığmayan mistik-magik effektləri üzərində qurur. Onun esselərində ayrı-ayrı obraz və motivlər mətnin şüuraltı fonundan, leksik-semantik strukturundan çıxarılıb əyaniləşdirilir, yenidən mənalandırılır. Esselərdə bədii mətni "söküb yenidən yığmaqdan" - ənənəvi təhlildən imtina edilir, daha çox mətnin fəlsəfi-estetik enerjisinin gözə görünməyən yönləri canlandırılır, hərəkətə gətirilərək görüntüyə, təsvirə çevirir. R.Kamal sözün təhkiyədəki oyununu müxtəlif mədəniyyətlərin, düşüncə sistemlərinin vahid kəsişmə nöqtəsində işıqlandırmağa nail olur. Bədii mətndə rəmzi məna daşıyan predmet və hadisələr yalnız dilimizin və ruhumuzun birbaşa mənsub olduğu ümumtürk mifoloji inanclarının hüdudları çərçivəsində deyil, bəşəri inanclar və dəyərlər kontekstində açılır. Mətnə bir çox hallarda psixoanalitik metodla yanaşan R.Kamal Ziqmund Freydin "fərdi şüurdanxaric", Karl Qustav Yunqun "kollektiv şüurdanxaric" kimi qəliz elmi nəzəriyyələrinin bədii mətnə sadə, anlaşılan tətbiqini bacarır və bu onun esselərindəki metafizik insan axtarışlarının üfüqlərini genişləndirir. Gözlə görünən real gerçəkliyin təsvir olunduğu bədii mətnin bəzən yazıçının özündən belə xəbərsiz ehtiva etdiyi yaddaş tutumuna bu esselerdə aydınlıq və müəyyənlik gətirilir, sözün süzülüb gəldiyi dərinliklərə işıq salınır. Həmin dərinliklərdə yalnız bədii mətndə reallaşan, təzahür edən obraz deyil, həmin mətni yaradan insan - yazıçı şəxsiyyəti də yenidən kəşf və təqdim olunur. "Mir Möhsün Nəvvab: iki od arasında" essesində oxuyuruq: "Müəllif özü də mətndə "faktdır", çünki hadisələrin canlı şahididir, həm fərdi yaddaşın, həm də K.Q.Yunqun "kollektiv təhtəlşüur" kimi müəyyənləşdirdiyi "kollektiv yaddaşın" daşıyıcısıdır". Bu cür yanaşmada dünya ədəbiyyatının ən maraqlı şəxsiyyətləri və hadisələri ilə Azərbaycan ədəbiyyatı arasındakı doğmalıq, bütövlük daha parlaq şəkildə ortaya çıxır. "Tənhalığın mistik oyunu"ndakı kimi. Yazıda XX əsr ədəbiyyatının biri Qərbi, digəri isə Şərqi təmsil edən iki görkəmli nümayəndəsinin, iki "dahi tənhanın" - Semuel Bekket ilə İsa Muğannanın zaman içindəki portret çizgiləri bir-birini tamamlayır.
Oxuculara təqdim etdiyi hər bir yazı R.Kamalın ədəbi kimliyini, düşüncəsinin miqyaslarını, nə demək istədiyini, ədəbiyyatda və həyatda nə axtardığını açıq-aşkar şəkildə ortaya qoyur. Öz düşüncəsi struktur etibarilə o qədər də sadə olmayan (ancaq aydın və şəffaf olan!) Rüstəmin yazı üslubundakı maraqlı keyfiyyət budur ki, təklif etdiyi fikri oxucuya axıra qədər çatdıra bilir. Bəzən rast gəldiyimiz yad terminlər, yabançı etnoslara aid mifoloji təsəvvürlər, eləcə də təzə ədəbiyyat və fəlsəfə anlayışları onun yazılarında asan həzm olunur. Rüstəm oxucunu qəliz ibarələrlə çaşdırmır, əksinə, öz mətnində oxucuya qəliz mətləbləri xırdalayıb açmağa, göstərməyə, "başa salmağa" müvəffəq olur. Bunun başlıca səbəbi odur ki, R.Kamal dünya ədəbi təcrübəsinə yaxından bələd olmaqla yanaşı, Azərbaycan ədəbiyyatını da köklü şəkildə bilir, dilimizin və milli təfəkkürün stixiyasının incəliklərindən usta səriştəsi ilə baş çıxardır. Bu keyfiyyətləri özündə cəmləşdirən R.Kamal bədii mətndəki bizə tanış obrazın daşıdığı məna yükü, fəlsəfi miqyasları, ovqatyaratma keyfiyyətləri kimi xüsusiyyətləri fərqli "oxuyur" və bizə də yenidən "oxudur". Bu, akademik Nizami Cəfərovun qeyd etdiyi kimi, tekstoloji "oxu", mətnşünas işi deyil. Bu heç mətnin yozumu - interpretasiyası da deyil. Rüstəm Kamalın "oxuduğu" və "oxutduğu" - şeirin, nəsrin gözə görünən mətnindən dərində baş verən və ya mövcud olan, yalnız sənətdə reallaşan mistik hadisənin, bədii sözün sehrli dünyasının müəyyənləşdirilib üzə çıxarılmasıdır. Özü də ciddi qanunauyğunluqlara malik bir sistem kimi, gözlə görülən əyani mənzərə kimi.
R.Kamalın esselərində hamısı bizə yaxşı tanış olan bədii mətnlərdə ilk təmas zamanı bizə tanış gəlməyən silsilə obrazlar təqdim edilib: Cəlil Məmmədquluzadənin yaradıcılığı təhlil edilərkən Xudayar bəyin heybətli xarakteri, Məhəmmədhəsən əminin, Zeynəbin, Novruzəlinin, Usta Zeynalın fağırlığını, miskinliyini səciyyələndirən ictimai-tarixi şərtlər deyil, samitlərin alliterasiyası vasitəsilə yazıçı ömrünün səslərin ilgəyinə düşmüş obrazı; ədəbiyyatımızın "Dəli Kür" kimi möhtəşəm bir abidəsindən danışılarkən Cahandar ağanın "xarici" və "daxili" portreti deyil, yuxunun obrazı; İlyas Əfəndiyev nəsrindən subyektiv ovqatın yaddaşına hopmuş yaşantıların, duyğusal məqamların obrazı; Nəriman Həsənzadənin yaradıcılığında əllərin obrazı yaradılır. Bu obrazlarla mətn arasında yeni bir əks-əlaqə qurulur, mətnin yeni keyfiyyətləri açılır.
Ədəbi tənqidə ədəbiyyatşünaslığın "qeyri-rentabelli" sahəsi kimi yanaşan R.Kamalın esseləri tənqidçi təhlilindən tamamilə fərqlənir. Bununla belə, onun müasirlik anlayışı ilə bağlı mülahizələri ("Müasirliyin hüdudları, yaxud yüz ilin nəfəsi") ədəbiyyatşünaslığımız və tənqidimiz üçün yeni görüm hədəfi müəyyənləşdirir. O, demək olar ki, heç bir yazısında şairə, yaxud nasirə birbaşa "müsbət" və ya "mənfi" qiymət vermir, əsərlərini təhlil etdiyi müəllifin hansı şeirinin zəif və ya güclü olması barədə mülahizə yürütmür və buna da qətiyyən öz işi kimi baxmır. Rüstəmin yazılarında hər hansı şair və nasir haqqında epitetlərə də (istedadlı, tanınmış, böyük, görkəmli, dahi...) çox nadir hallarda rast gəlirik.
R.Kamalın bədii ədəbiyyatda qədimdən mövcud olan obrazlar haqqında müəyyən ilkin elmi-nəzəri qənaətləri var. Bilir ki, ata, ana, qadın, kişi, tale, uşaqlıq, yuxu, ev, yol, ad, keçmiş, gələcək, güzgü, əl, dağ, bağ, təbiət ... bədii mətndə, yaxud insanların şüurunda və ya təhtəlşüurunda bir obraz olaraq hansı vəzifənin (vəzifələrin) daşıyıcısıdır. Lazım gələndə bunu sitatla, mötəbər dəlillərlə sübuta yetirməyə hazırdır və yetirir də. Ancaq bu heç də konkret mətnə münasibətdə öncədən "hökm oxumaq" mənasına gəlmir. R.Kamal hər yazısında mətnin və sözün o biri üzündəki gerçəkliyi - sənət adlanan möcüzəni kəşf edir, insanların və bədii ədəbiyyatın yaddaşında mühüm yer tutan anlayışların əsərdə necə reallaşmasını, hansı formada "ehya olmasını", hərəkətə gəlib canlanmasını özünəməxsus boyalarla əyaniləşdirir. Rüstəm əvvəlcədən tanıdığı yol, tale, vaxt, yuxu kimi obrazların sorağı ilə oxucunu mətnin içindəki gözlənilməzliklərlə qarşılaşdırır və gözlənilməz qarşılaşmaların yaratdığı qısa qapanmaları oxucuya yaşada bilir...
Rüstəm Kamal obrazın poetik tarixini açıb göstərə-göstərə bizi bədii mətnin başlandığı yerə - ruhun, mənəviyyatın tarixinə aparır. Əsl ədəbiyyatın və əsl ədəbiyyat adamının (şairin, nasirin, dramaturqun, tənqidçinin, nəzəriyyəçinin, esseistin) uca Yaradan tərəfindən müəyyənləşdirilmiş ali missiyası da elə bundan ibarətdir... /"Ədəbiyyat qəzeti"/