Bu yazının adı oğurluqdur

Bu yazının adı oğurluqdur
5 sentyabr 2016
# 14:04

Kulis.az Mətanət Vahidin Oğurlanmış sözlər” adlı essesini təqdim edir.

Bu dəfə söhbətimiz oğurluq haqqındadır, özü də elə-belə yox, ədəbi oğurluq. Bu artıq milyon kərə ifadə olunmuş bir həqiqətdir ki, yer üzündə deyilməmiş söz qalmayıb. Nə qədər çalışsalar da, ən böyük sənətkarlar belə, yeni söz deyə bilmirlər. Uzaqbaşı, sözlərinə “yeni nəfəs” verməyə nail olurlar. Odur ki, bu baxımdan hər bir fikir deyilmişlərin, yazılmışların bu və ya digər dərəcədə təkrarıdır. O cümlədən, əsərlərin ideyası da, süjetlər də, obrazlar da... biri digərini bir başqa şəkildə təkrarlamaqdadır.

Adətən, hər bir sənətkarın (istisnalar nadir hallarda olur) yaradıcılığının müəyyən bir təqlid mərhələsi olur: o, sevdiyi digər söz adamlarını təqlid edə-edə özünü - öz sözünü, öz yolunu tapmağa çalışır. Vay o gündən ki, o özünəməxsusluq heç vaxt tapıla bilməyə və müəllif yaradıcılığını elə həmişə bu təqlidlər üzərində qura, buna baxmayaraq, heç bir vəchlə təqlidçi olduğunu qəbul etməyə.

Təqlid məsələnin ən “günahsız” tərəfidir, demişdik axı, bizim mövzumuz plagiatdır. Əvvəlcə müəyyənləşdirək ki, plagiat, indiki halda isə konkret olaraq ədəbi oğurluq nədir? İnternet saytlarında, kitablarda plagiat sözünün mənşəyi, tarixi ilə bağlı uzun-uzadı fikirləri yazıma köçürmək niyyətində deyiləm. Elə qısaca onu deyim ki, ədəbiyyatda plagiat bir şəxsin mətninin bütöv, yaxud hissələr şəklində mənbəyi verilmədən, yaxud başqasına məxsus olduğu vurğulanmadan eynilə köçürülməsi, mənimsənilməsi, öz mətni kimi təqdim olunmasıdır.

Bir misra, bir cümlə, yaxud hər hansı bir fikrin təkrarı, adətən, plagiat hesab olunmur. Etik cəhətdən bunun ədəbi oğurluq olduğunu izah etmək nə qədər çətindirsə, hüquqi cəhətdən sübutu daha müşküldür. Çünki yazarların bir məsələ haqqında eyni qənaətlərə, eyni fikirlərə gələ bildiyi kimi, bu düşüncələr eyni cümlələrlə ifadəsini də tapa bilər. Ola bilər ki, kimsə kimdənsə bilərəkdən bir cümləni, bir misranı, bir beyti köçürsün, ya da lap elə bu ata malı kimi “özəlləşdirdiyi” beyt üzərində öz şeirini qursun. Hər halda, bunun adını plagiat qoymaq gərəyindən böyük iddiadır. Lakin bu, o demək deyil ki, yazarlar bir-birindən rahatlıqla mətnin həcmini böyütmədən misraları, cümlələri götürüb öz adlarına çıxa bilərlər. Əlbəttə, bu, hər şeydən öncə, vicdan məsələsidir.

Təxminən 2 il əvvəl Patrik Züskind haqqında esse yazmalı oldum. Doğrusu, elə də çox əsəri olmayan, lakin dünyaca şöhrətə malik yazıçının yaradıcılığı haqqında fikirlərim ziddiyyətli get-gəllər arasında qaldığından əcnəbi müəlliflərin Züskind barəsində nə danışıb, nə dedikləri ilə tanış olmağa qərar verdim. Adətən, bu cür resenziyalar, tənqidi məqalələr, esselər çox oxuyuram və bu bilgilər beynimdə depolanır. Hətta bir neçə il sonra hər hansı müəllifin bir əsəri haqqında yazanda bu bilgilərin təsiri öz işini görür. Bu dəfə isə mən öz yazıma P.Züskind haqqında çoxsaylı məqalələri oxuyandan dərhal sonra üz tutdum. Yalnız məqalə saytda yayımlandıqdan sonra yazımın xeyli dərəcədə oxuduqlarımın təsiri altında olduğunun fərqinə varıb məyus oldum. Əlbəttə, yazdığım essedə bircə cümlə belə, birəbir köçürmə olmadığından kimsə məni plagiatda günahlandıra bilməzdi, lakin özüm oxuduqlarımın güclü təsirini yazımda hiss edərkən qəribə bir ağrı hiss etdim. Bu ağrının adını siz qoyun...

Araşdırma aparılaraq əldə edilmiş bilgilər əsasında yeni, özünəməxsus mətn yazmaq başqadı, bir özgəsinin yazısını birəbir köçürmək bir başqa. Əks halda, mətbuatdakı məqalələrin yarıdan çoxunu plagiat adlandırmalı olarıq. Odur ki, damğalar vurduğumuz zaman o sərhədin incəliyini gərək nəzərdən qaçırmayaq. Elmi-texniki inkişaf irəlilədikcə plagiat da adi hala çevrilir. Bəzən sadəcə tərcümə etdiyi, qətiyyən yaradıcı yanaşmadan əlavəsi, dəyişiklikləri olmayan materialı müəllif öz halalca beyin məhsulu kimi qəzetə, sayta təqdim edir – bunun nümunəsi onlarladır.

Bəs bədii əsərlərdə necədir? Xatırlayırsınızsa, yaxın keçmişdə Həmid Herisçi Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin Moris Meterlinkin “Müqəddəs Antoninin möcüzəsi” pyesindən plagiat olması iddiası ilə çıxış etmişdi. Oxşar süjetlərin olduğunu danmırıq. Lakin qeyd edək ki, ədəbiyyatda mifdən, folklordan, dini kitablardan gəlmə onlarla süjet var ki, dünya ədəbiyyatına səpələnib və oğurluq deyil, bəhrələnmə, təsirlənmə hesab olunur. Plagiatın sərhədləri dəqiq konturlarla cızılmasa da, ümumi bir fikir var ki, ideya oxşarlığını, süjet bənzərliyini, bu bənzərlik nə dərəcədə çox üst-üstə düşürsə düşsün, plagiat adlandırmaq olmaz. İfadə forması özəlləşdirilmədən, yalnız mövzu və süjetin mənimsənilməsi plagiat sayılmır. Təəssüf ki, bəzən ajiotaj yaratmaq məqsədilə bu cür mətləblər ətrafında saxta hay-küy qaldıranlar məsələyə səthi yanaşırlar. Kimisə plagiatda suçlamaq kifayət qədər ciddi iddiadır.

İndi bədii ədəbiyyatda plagiatı müəyyənləşdirmək az qala mümkünsüzdür. Çünki ədəbi oğurluğun ədəbli bir adı var: postmodern. Ədəbiyyatda deyiləsi heç bir sözün qalmadığını qəbul edən postmodernistlər yazılacaq hər bir əsərin mütləq özündən əvvəlkilərlə əlaqəli olacağı, onlara işarə edəcəyi və xatırladacağını deyirlər. Belə olduğu halda, plagiat postmodernizm üçün adiləşir, hətta qanunauyğunluğa çevrilir və pastiş, parodiya və s. vasitəsilə intertekstuallıq yaradılır. Postmodernistlərə görə, plagiat hər müəllifin özünə qədər yazılanlarla mətnlərarası əlaqə yaratmaq üsuludur. Müsahibələrin birində O.Pamukdan soruşurlar ki, siz “Mənim adım qırmızı” romanında U.Ekonun “Qızılgülün adı” romanından təsirlənmisiniz? - Çünki bu iki roman arasında kifayət qədər ciddi bənzərliklər var. Pamuk isə yarızarafat, yarıciddi şəkildə təxminən “bəhrələnmək nədi, çox şeyi oğurlamışam” kimi bir cavab vermişdi.

Əslində, postmodernizmdə plagiatın bir üsulu, ədəbi var: kiçicik də olsa, eyham vurmaq, istifadə olunmuş mətni oxucuya nə iləsə xatırlatmaq. Əlbəttə, burada artıq hər şey oxucunun hazırlığından, mütaliə dərəcəsindən də xeyli asılıdır. Bu, müəlliflər üçün bir qədər xilasedici funksiya daşıyır, bəzən yazara plagiator damğası vurulanda isə postmodernizmi bəlkə heç sona qədər anlaya bilməyən müəllif də dönüb olur postmodernist və oğurluğunu bu “izm”in donuna bürüyür.

Mütəxəssislərin fikrincə, bəzən plagiator kifayət qədər şöhrəti olduğundan əslində ehtiyacı olmasa da, məhz oğurlamaq azartından hansısa ədəbi əsəri və ya bir parçanı mənimsəyir və belə “xəstələr” hamıdan möhkəm səslə ədəbi oğurluq faktlarını elan edib aşkarlamaqdan həzz alırlar. Xəstələrə şəfa diləyib, şöhrətinin artmasını “oğru” damğasından deyil, oğurladığı mətndən umanlar haqqında söhbətimizə qayıdaq.

Bəzən bütün günahları zəmanənin üstünə atanlar deyirlər ki, son vaxtlar ədəbi oğurluqların sayı artıb. Əlbəttə, internet əsrində yaşayırıq və bircə kliklə onlarla mətn oxumaq imkanı əldə edə bilirik. Lakin tarixə nəzər saldıqda klassik ədəbiyyatda plagiatın miqyasından dəhşətə gəlməmək olmur.

Deyilənə görə, “Skapenin kələkləri”ndə Sirano de Berjerakdan bütöv bir səhnəni köçürən Molyer ittihamlara “Özümə aid olanı harda tapsam, götürürəm” cavabı verirmiş. Müasirimiz olsa, onu üzsüzlükdə suçlardıq, amma klassikdir, dahidir, onunla işimiz yoxdur. Hələ bu harasıdır ki? Deyirlər, Şekspir başqalarından nəinki pyesləri üçün səhnələr, hətta şeirlər də oğurlayırdı. Üstəlik britaniyalı dahiyə bu haqda deyiləndə “Bu, palçıqda tapdığım bir qız idi, onu ali cəmiyyətə təqdim etdim” deyirmiş. Vikipediya məlumatlarında Volter, Emil Zolya, Lessinq, Jan Jak Russo... kimi müəlliflərin adını plagiatorlar sırasında görmək olar. Bizim ədəbiyyat tarixində isə ən böyük plagiat hadisəsi kimi Mirzə Şəfi Vazehin “Nəğmələr”inin alman şairi Fridrix Bodenşdet tərəfindən mənimsənilməsindən söz edilir.

Doğrusu, mən bədii ədəbiyyatdan daha çox, elmi, nəzəri ədəbiyyatlarda plagiatın şahidi olmuşam. “Koskoca” “ədəbiyyatşünas”lar dünya ədəbiyyatından çox diqqətlə oxuduqlarını xeyli səliqə ilə öz kitablarına köçürə bilirlər. Yaxud heç özünə uzağa getmək əziyyəti vermədən müəlliminin, həmkarının yazdıqlarını öz adına yazanlar daha böyük “cəsarət” sahibləridir. Bir az da ürəkli olanlar isə artıq dünyasını dəyişmiş həmkarlarının, dostlarının beyin məhsulunun üzərində sadəcə müəllif adını dəyişməklə “işlərini” başa vurmuş olurlar. Bəzən hüquqi cəhətdən plagiat faktını sübuta yetirmək mümkünsüz olsa da, bununla fakt dəyişmiş olmur. Bu halda insanı öz vicdanının ixtiyarına buraxmaqdan başqa bir çarə qalmır.

Bir də sitat veriləndə müəllifi göstərməmək mərəzi kimi, oxumadığı kitablardan sitat gətirmə xəstəliyi də yayğındır. Bir mövzudan bəhs edərkən müəllif gərəkən mənbələri oxumaq əziyyətinə qatlaşmadan sitatı mənbəyi ilə birlikdə başqa müəlliflərdən kopyalayaraq “çoxoxumuş”luğunu, “məlumatlı”lığını sübuta yetirir. Bu da bir növ plagiatdır – sitat oğurluğu.

Söhbət plagiatdan düşmüşkən, “Sözlər” filmini (rej. Brayan Klaqman, Li Sterntal) xatırlatmaya bilmədim. Xəyalında cızdığı yolun başlanğıcında olan gənc yazıçı Rori Censen böyük ambisiyalara sahib olsa da, istedad və bacarığı iddiası qədər böyük deyil. Ona şöhrət qazandıracaq yaxşı bir kitab yazmaq arzusunda olan yazıçını çap etmirlər, yazdıqları heç kimə maraqlı gəlmir. Taleyin ironiyası bir başqasının deyil, məhz onun qarşısına müəllifi bəlli olmayan bir əlyazma çıxarır. Sonrası bəlli. Ambisiyası yazdıqlarını kölgədə qoyan Rori bu fürsətdən faydalanır və şöhrət qısa müddətdə ayağına gəlir. Filmin məzmununu nəql etmək fikrim yoxdu. Bu filmə baxanda düşünürdüm ki, axı sözlərin insanı paklaşdırdığını, saflaşdırdığını deyirlər. Doğrudanmı vicdanla mücadilədə şöhrət azarının qalib gəlməsinə sözlərin azca da olsa təsiri olmur?

Ədəbiyyat tarixində bir çox qaranlıq məqamların üzərinə işıq salınıb, bir çox sirlər bəzən uzun əsrlər sonra olsa da, faş olunub. Ola bilər ki, bu sirlərin üstü əbədi olaraq qapansın – bir yazarın oğurluğu ömür-billah bilinməsin, oğurladığının şöhrətini halalca əməyinin bəhrəsi kimi həzm etsin. Lakin insanın vicdanı ilə qarşı-qarşıya dayandığı bir məqam olur axı. Mütləq olur. Hər halda, mən bunun bircə kərə olsa belə, baş tutduğuna inanmaq istəyirəm. Başqasının beyin məhsulunu rahat-rahat öz adı ilə təqdim etmək kimi bir əməl vicdanı sızlatmasa belə, ən azı, izini buraxmadan keçdiyinə inanmaq istəmirəm.

Etiraflar çox vaxt ən sonda gəlir. Sonda isə etiraf edim ki, essemin adı mənə məxsus deyil, plagiatdır – onu amerikalı yazıçı və tənqidçi Tomas Mallonun Stolen words: forays into the origins and ravages of plagiarism” (1989) kitabının adından oğurlamışam.

“Ədəbiyyat qəzeti”

# 2737 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #