Böyük yazıçının bakirəlik romanı

Böyük yazıçının bakirəlik romanı
4 oktyabr 2013
# 07:15

Mətanət Vahid yazır

Nobelli türk yazıçısı Orxan Pamukun ilk baxışda sadəcə məhəbbət və intim münasibətlər, sevgi acısı, qısqanclıq əzabı, hisslər yolunda verilən qurbanlar haqqında roman təsiri bağışlayan “Məsumiyyət muzeyi” əsəri postmodern romandır. Müxtəlif tipoloji bölgülərə əsasən təsnifatlandırılarkən bu mətnin janr səviyyəsində postmodernliyini şərtləndirən ənənəvi janrların qovuşması nəticəsində meydana çıxan sinkretizm, diffuziya, belletristiklik, intertekstuallıq, reminisensiyalar, geniş kulturoloji kontekst və s. xüsusiyyətlərin hər birinin mətndə bu və ya digər dərəcədə mövcud olduğunu görmək mümkündür.

Dünya ədəbiyyatında saysız-hesabsız eşq romanları yazılıb və “Məsumiyyət muzeyi” banal sevgi romanının hüdudlarını xeyli aşır. Bu əsəri V. Nabokovun “Lolita”sına, C. Coysun “Ullis”inə, L. Tolstoyun “Anna Karenina”sına, hətta M.Prustun “İtirilmiş vaxtın axtarışında” romanına bənzədənlər də var. Amma ədəbiyyatda bir əsər digərinə bənzəməməlidir, onu xatırlatmamalıdır kimi bir qayda yoxdur. Üstəlik də “Məsumiyyət muzeyi” yalnız hansısa müəyyən xüsusiyyətləri ilə sadalanan əsərləri xatırlatsa da, onu heç cür həmin əsərlərin təkrarı, yaxud plagiatı hesab etmək mümkün deyil.

Bu romanın ana xəttini məhəbbət mövzusu təşkil etsə də, sosial, siyasi cəhətdən kifayət qədər əhəmiyyətli olan xeyli mövzunu əhatə edir. Xüsusilə, qadının ailə qurarkən bakirə olub-olmaması məsələsindən romanda sanki bir azad düşüncənin göstəricisi kimi bəhs olunur. Hətta cəsarətlə demək olar ki, bu əsər sevgidən də çox yeniliyin köhnəliyə, ənənələrə məğlub olması haqqında romandır.

O. Pamuk melodram janrını parodiya edərək, əsl məqsədini həyata keçirmək üçün Kamal və Füsun sevgisindən – fərdi münasibətlərdən yararlanaraq, bütöv bir türk xalqının həyatını təsvir edir. Bu əsər Qərb həyatına yaxınlaşmağa çalışsa da, çoxəsrlik ənənələrdən qurtula bilməyən türklərin həyat və məişətinin təsvirini verir. İnsan özünü nə qədər müasir, azad, sərbəst hesab etsə də, millət nə qədər Qərbə inteqrasiya etməyə çalışsa da, əslində, adət-ənənələrin buxovlarını qıra bilmir. Sivilizasiyaların toqquşması, Şərq və Qərbin dünyagörüşündəki fərqliliklər nəticəsində fərdlərin xoşbəxtliyi, asudəliyi arxa plana keçir, mümkünsüzləşir.

Bir bədii mətndən bəhs edərkən digər mətndən sitat gətirmək nə dərəcədə doğru olacaq, bilmirəm. Ancaq bu məqamda istər-istəməz Herman Hessenin “Yalquzaq” əsərindən belə bir fikri xatırlayıram: “...elə zəmanələr var ki, bütöv bir nəsil iki dövrün, iki həyat tərzinin arasında qalır və ona görə də hər cür təbiiliyi, hər cür adət-ənənəni, hər cür dayağı və məsumluğu itirir...” Pamukun əsərinin qəhrəmanları da, onların müasirləri olan biz oxucular da dahi alman yazarının dəqiqliklə təsvir etdiyi belə bir ikili dövrün qurbanlarıyıq.

Romanı oxuyarkən belə nəticəyə gəlmək olar ki, insan özünü içinə həbs edir, özünün yaratdığı lazımsız qayda-qanunlardan, qadağalardan kənara çıxa bilmir. Əgər belə olmasaydı, Kamal onsuz da sonradan unuda bilmədiyi və əzablarla yaşatdığı sevgisi və sevgilisi naminə sevmədiyi, amma çox böyük dəyər verdiyi, dost bildiyi, özünə ən yaxşı həyat yoldaşı namizədi hesab etdiyi Sibel ilə hələ nişanlanmadan öncə ayrılar və Füsunla birgə yaşayardı. Yəni insan nə qədər sevirsə sevsin, şəxsi azadlığı yoxdursa, bu duyğular ətrafın, cəmiyyətin “”xeyir-duası”nı almırsa, mütləq bədbəxtliyə yuvarlanır. Kamalla Füsunun sevgisi də belə bir ənənənin, qadağanın qurbanı olur və illərlə qovuşmağa həsrət sevgililərin onlardan birinin fiziki məhvi hesabına əbədi ayrılığı labüdlüyə çevrilir – əsər üçün xoşbəxt sonluğu düşünmək belə olmur.

Əksər hallarda roman şərh olunarkən daşıdığı ideoloji yük əsas götürülür. Halbuki mətni bədii mətn edən istənilən mövzu üzərində konkret müəllifin necə işləməsi, başqa sözlə, onun nəyi deyil, necə yazmasıdır. Demək, yazarın üslubu çox əhəmiyyətli amildir. R. Bart üslub haqqında fikirlərini obrazlı şəkildə belə ifadə edir: “Üslub – yazıçının “təbii” materiyasıdır, onun var-dövləti və həbsxanasıdır, üslub – müəllifin tənhalığıdır.”

“Nyu-York Times” tərəfindən “2009-cu ilin ən yaxşı kitabları” siyahısında yer alan “Məsumiyyət muzeyi”nin üstünlüyü süjetindən də çox onun ifadə dilindədir. Ən maraqlı süjet xətti belə, qeyri-peşəkarlıqla ifadə edilərsə, o mətnin bədii dəyəri olmaz. Orxan Pamukun əsəri haqqında demək olar ki, onun romanı detallardadır. Kiçik detalların mozaikasından ibarət olan romanda eşqi tanıması sayəsində həyata yepyeni nəzərlərlə baxan Kamalın mənəvi yaşantıları İstanbul həyatının dəyişilməsi ilə həmahəng təsvir edilir.

Maraqlıdır ki, Pamukun bütün əsərlərində Türkiyə və İstanbulu “seyr etmək”, onun Qərb dəyərlərinə doğru irəliləmək istərkən hələ də Şərqə məxsus adət-ənənələrin cəngindən çıxa bilməyən, modernləşmək arzusu ilə yaşayan köhnə düşüncəli xalqı ilə üz-üzə qalmaq mümkündür. Bu baxımdan demək olar ki, Orxan Pamuk bütün dünya oxucusu üçün Türkiyənin simvoludur. Yüzlərlə, minlərlə dünya oxucusu Türkiyəni, xüsusilə də, İstanbulu bu yazarın əsərlərindən və məhz onun təsvir etdiyi kimi tanıyır: möhtəşəm gözəlliyə malik hüznlü İstanbul kimi...

Pamuk İstanbulun dəqiq topoqrafik təsvirini verir; şəhərin dar küçələrində yerləşən kasıb məhəllələrin, varlı ailələrə məxsus iri köşklərin, minarəli məscidlərin, boğazın poetik təsviri elə təəssürat yaradır ki, sanki oxucu həmin məkanlarda özü gəzir.

Ümumiyyətlə, İstanbul Pamuk yaradıcılığında aparıcı obraz hesab oluna bilər. Onun üçün bu şəhər yalnız sevdiyi məkan deyil, uşaqlığının, xatirələrinin şəhəri, müxtəlif mədəniyyətlərin qovuşduğu, dinlərin çulğalaşdığı bir mərkəzdir. Hətta türk yazar Nobel mükafatını da "doğulduğu şəhərin melanхolik ruhunun izlərini aхtararkən mədəniyyətlərin bir-birləri ilə qarşılaşması və bir-birinə nüfuz etmələri üçün yeni rəmzlər tapdığına görə" qazanmışdır. Sanki müəllif dünya oxucusu önündə öz ölkəsinin, şəhərinin tarixi, mədəniyyəti ilə öyünür, onların qarşısına çıxardığı bədii mətnlərdə özlüyünü, kimliyini, varlığını daim sübut etməyə çalışır və bunu çox böyük məharətlə həyata keçirə bilir.

NTV türk kanalının müxbiri ilə müsahibədə Orxan bəy belə deyir: “Mən roman yazanda hər şeydən əvvəl, onun türk oxucusu tərəfindən necə qarşılanacağı haqda düşünürəm. Əlbəttə, məni digər ölkələrin oxucularının münasibəti də maraqlandırır. Əminəm ki, Türkiyədə mənim əsərlərim hələ uzun illər oxunacaq, çünki mən türk oxucusu üçün yazıram”. Bununla belə, müəllif etiraf edir ki, əgər o, xalis “türk” yazarı olmaqla kifayətlənsə, onda dünya oxucusu üçün maraqsız olar, yaradıcılığı cəmiyyət qadağalarının dar çərçivəsi ilə məhdudlaşmış olar. Qeyd edir ki, Türkiyədə günah anlayışı, mənəvi çərçivə məfhumları var və bunları əsərdə qabartmaqla mən cəmiyyət həyatının dünya auditoriyası üçün qaranlıq qalan tərəflərini işıqlandırıram. Lakin bir başqa müsahibəsində o, qeyd edir ki, mən yazarkən türk oxucusunu, yaxud dünya oxucusunu düşünmürəm, heç bir fərq qoymadan sadəcə olaraq oxucu üçün yazıram.

Pamukun digər əsərlərinə xas olan ağır təhkiyə, simvolika, oxucunu dərindən düşünməyə məcbur edən ağır, çözülməsi çətin olan hadisələr zənciri bu əsərdən yan keçib. “Məsumiyyət muzeyi” banal süjeti, anlaşıqlı dili, sadə təhkiyəsi ilə digərlərindən fərqlənərək daha çox belletristikaya yaxınlaşır.

Əsərdə 70-80-ci illər türk kinematoqrafından tutmuş, məişət cihazları kimi xırdalıqlara qədər hər şey haqqında müəllifin ətraflı, geniş fikirləri yer alır. Başqa məqamda rastımıza çıxsa, bəlkə heç oxumaq istəməyəcəyimiz detallar haqqında Pamuk elə poetik dillə bəhs edir ki, diqqət kəsilməmək, oxuduqca zövq almamaq mümkün deyil.

Dinamik təhkiyə və çevik təsvir həvəskarları oxucunu elə ilk sətirlərdəncə melanxolik əhval-ruhiyyəyə kökləyən bu romanda istədiklərini tapa bilməyəcəklər. Belə ki, bu romanda Pamuk bəzən eyni məsələlərə təkrar-təkrar qayıdaraq, onları müxtəlif sözlərlə ifadə edir. Yazarın digər əsərlərində olduğu kimi, burada da əsas mövzudan kənara sapmalar xeyli çox olsa da və bu xüsusiyyət onun yazı tərzinə çevrilsə də, bu, kifayət qədər geniş mətnin maraqla oxunmasına qətiyyən mane olmur.

Romanın maraqlı cəhətlərindən biri də odur ki, müəllifin bundan öncəki əsərlərinin bəzi qəhrəmanları da hansısa kiçik epizodlarda görünürlər. Demək olar ki, hər bir romanında olduğu kimi, “Məsumiyyət muzeyi”ndə də müəllifin öz obrazı var. O cümlədən, burada Cəlal Salikin, Cövdət bəylə ailəsinin də obrazlarını görmək mümkündür. Və ümumiyyətlə, Orxan Pamuk bütün əsərləri arasında bu və ya digər dərəcədə bağlantı yaradır.

İfrat sentimentallığa köklənmiş “Məsumiyyət muzeyi” romanında Kamalın Füsunla Füsunsuz keçirdiyi illər boyunca yaşadığı hisslər detallı şəkildə öz əksini tapıb. Kamal səhv edən, səhvlərini anlayan və ömrü boyu yanlışlarının cəzasını çəkən, səbirlə həyatının nə zamansa başqa axara düşəcəyini gözləyən, bunun üçün əlindən gələni etməyə hazır biridir. Hər şeyi gözə alan, kübar cəmiyyətdəki nüfuzunu itirməkdən qorxmayan, bütün olanlarla barışan Kamal bircə sevgilisinin həyatındakı yoxluğu ilə barışa bilmir və 8 il boyunca ona könüllü əsir olur.

Romanda Füsunun xarakteri ətraflı şəkildə açılmasa da, yalnız çox gözəl zahiri görkəmə malik olması qabardılsa da, onun xudbin, daha çox özünü sevən biri olduğu göz önündədir. Bununla belə, Kamal onun qayğısına qalan, incəliklə sevən, onun naminə hər şeyə dözməyə hazır olan nişanlısı Sibeli deyil, Füsunu sevir. Roman bir daha təsdiq edir ki, sevən insan üçün sevgi obyektinin necəliyi önəm daşımır. Onun üçün önəmli olan sevdiyinin kimliyindən də çox öz aşiqliyinə aşiq olmasıdır. Vacib olan aşiqin məşuqəyə sarı gedən yolu, bu yolda çəkdiyi cəfalarıdır.

Kamal üçün sevdiyi qadın bütün dünyadır. Onun Füsuna duyduğu sevgi Füsundan qat-qat böyükdür – onun dünyası boydadır, sevdiyi qadının toxunduğu, baxdığı hər əşya qədər, gəzdiyi yerlər qədər çoxdur. Kamal Füsunla bağlı olan hər şeyi sevir. Ümumiyyətlə, O. Pamukun qəhrəmanlarının keçmişə, xatirələrə, köhnəliyə bağlılığı var. Kamalın Füsunla əlaqədar olan əşyalara bağlılığı isə elə bir həddə çatır ki, o artıq bu əşyalar olmadan, onları toplamadan yaşaya bilmir. Bu iş onun həyat tərzinə çevrilir, təsəllisi olur, sevdiyi qızı itirdiyi zaman onu bu əşyalarda tapır.

Axırda bu aludəlik təkcə qızla bağlı yox, həmçinin yaşadığı dövrlə bağlı xatirələrin toplanmasına çevrilir. Kamalın əşyalara olan aludəliyi də fetişizmdən deyil, sevgisini maddi varlıqlarda əbədiləşdirmək arzusundan xəbər verir. Məsumiyyət muzeyinin bütün eksponatları birlikdə sanki Kamalın illər boyunca itirib, əşyalarda tapmağa, ovunmağa çalışdığı səadətidir. Məsumiyyət muzeyi bu əşyalar sayəsində sevginin mövcud olduğu məkandır – Kamal onları toplayaraq eşqin muzeyini yaradır. Əşyalar sadəcə bir vasitə, xatirəni əbədiləşdirməyin mümkün yollarından biridir. “Məsumiyyət muzeyi” xatirə-romandır – sevən insanın yaddaşının romanı...

O. Pamuk dünya ədəbiyyatında bir ilkə imza ataraq maraqlı romanla bərabər, həm də bir muzeyi bəxş edib oxucularına – Məsumiyyət muzeyi eyniadlı romanın davamıdır sanki. Müəllifin romanı yazarkən paralel olaraq həm də gələcəkdə açacağını düşündüyü muzeyin eksponatları yığması olduqca maraqlı bir fikirdir. Fikrimcə, əsəri oxumayan ziyarətçiyə həmin muzeydə nümayiş olunan eksponatları izləmək bir o qədər də maraqlı olmaz, çünki o əşyaların “ruhunu” duymaq, hiss etmək üçün onlarla öncə romanda tanış olmaq lazım gəlir.

Muzeyin romanı oxumayan izləyicisi üçün məsələn, hansısa bir duzqabının, sürtgəcin, qaşığın, çəngəlin görüntüsü bir eksponat olaraq hansı marağa səbəb ola bilər ki? Romanın mütaliəsi zamanı isə oxucuda mütləq muzeyi ziyarət etmək, o əşyaları görmək istəyi yaranır.

Füsunu itirmiş Kamal uzun müddət dünyanı gəzərək bir xeyli muzeyləri ziyarət edir. Hər şəhərdə daha çox marağına səbəb olan muzey haqqında bəhs edən müəllifin məqsədi budur ki, oxucuya muzeylərin bir ruhu olduğunu, hər bir eksponatın özündə xatirəsinə çevrildiyi varlığın ruhunun daşıyıcısı olduğunu anlatsın.

Müəllifin dediyinə görə, o, muzeydə sərgilənən eksponatları əsərdə təsvir etməzdən daha öncə almış və mətni yazarkən onlara baxaraq təsvir etmişdir. Maraqlıdır ki, roman on, muzey isə on beş ilə ərsəyə gəlmişdir. Romandan başqa, Pamuk “Şeylərin məsumiyyəti” adlı bir kitab da yazaraq, burada romanla eyniadlı muzeyin yaradılması tarixçəsini qələmə almışdır. Ayrı-ayrı eksponatların şəkillərinin də yer aldığı həmin kitab həm də muzeyin kataloqu hesab olunur.

Bu kitabı vərəqlədikcə, hər şeydən əvvəl, çox böyük sevgiyə şahid olmaq mümkündür – yazarın öz əsərinə, onun qəhrəmanlarına, təxəyyülündə yaratdığı obrazları real həyatla bağlayıb muzeyi yaratmasına və bütün bu işləri qeyri-adi bir sevgi ilə görməsinə sadəcə qibtə etmək olar.

Nə qədər çalışsam da, bu yazıda romanın təsiri ilə kökləndiyim sentimentallıqdan tamamən yaxa qurtara bilmədim. Və düşünürəm ki, yəqin əsərin əsl uğuru da elə bundadır: üstündən nə qədər zaman keçsə də, onu unuda bilmirsənsə, təsirində qalırsansa, onunla bağlı beynində dolaşan fikirləri yazmadan hüzur tapa bilmirsənsə, deməli, həmin əsərin mütaliəsinə sərf etdiyin vaxt hədər getməyib.

Yazımın sonunda isə “Məsumiyyət muzeyi”ni sevə-sevə mütaliə edən oxucuya sual verməkdən özümü heç cür saxlaya bilmirəm: bəs sən sevgilinə aid hər hansı bir əşyanı müqəddəs bir şey kimi qoruyub saxlayırsanmı? Həmin əşyalara toxunarkən onunla keçirdiyin sevgi dolu anları xatırlayıb yenidən xoşbəxt ola bilirsənmi? Birgə keçirdiyiniz ən gözəl gün haqqında “Həyatımın ən xoşbəxt günü imiş, bilməmişəm” deyə bilirsənmi? Sən heç Kamal kimi sevdinmi, sevgili oxucu?..

# 3689 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #