Azərbaycanı dünyaya çıxaran yazıçı

Azərbaycanı dünyaya çıxaran yazıçı
18 sentyabr 2015
# 11:19

Kulis Mehman Qaraxanoğlunun “Sındırılmış kasa” məqaləsini təqdim edir.

Mənim etirafım: Əgər K.Abdullanın esselərini əvvəl oxusaydım, hekayə və romanları haqqında bu qədər “rahat” yaza bilməzdim. Onlarla tanışlıqdan sonra elə bilirəm ki, kimsə göz qoyur, qarabaqara izləyir məni. Yazı prosesində bu, çox dəhşətli bir şeydi...

Etirafa əlavə: Çoxu öz atalarının gözünü ona görə çıxardı ki... Allah xətrinə dayanın, niyə, niyə, deyin, niyə ata gözlərini çıxaranlara “Koroğlu” adını qıymadınız?! Niyə ağlınıza gəlmədi ki, onlar bu adın dəlisidirlər və öz niyyətlərini həyata keçirməyincə ürəkləri soyumayacaq! Belə getsə, Dünya İşığına salam verə biləcək bir ata da qalmayacaq...

Salam, kor atalar!

Əlavənin əlavəsi: Prut, sən də...

Azərbaycan Esseistikası K.Abdulla qələmi ilə dünyaya çıxır...

Yox, cənablar, sevinin, hələ çıxmayıb, əvvəl baxaq görək, “Azərbaycan esseistikası” terminini dünya esseistikasının möhtəşəm tribunasından səsləndirsək, gülüş hədəfinə çevrilmərikmi?! Hələ ki, Dil qaydalarından istifadə edərək terminə ad qoymuşuq. Adlar isə həmişə qabağa qaçır. Elə düşünməyin ki, onları qabağa qaçıran feildir. Mahiyyətlə, məna ilə dolmayan hər bir ad küləyin qabağına qatıb qovduğu zavallı bir payız yarpağıdı...

Məntiqi düz tutmusunuz, dünyaya çıxarıla biləsi esse xammalımız hələ indi-indi yaranır. Üstümə yeriyəcəyinizi göz altına alıb deyirəm bu həqiqəti...

Esse populyarlığına görə bir dünya janrıdır. Fransız filosofu və humanisti Mişel Montenun (1533-1592) XVI əsrdə ədəbi aləmə gətirdiyi bu janr ildırım effekti yaradaraq bütün qabaqcıl fikir adamlarının ruhunu şüalandırdı... “Esse” fransızca hər hansı ədəbi problemi sərbəst şəkildə həll edən kiçik və ya orta həcmdə olan bir nəsr janrı anlamını verir.

Dünyada elə bir böyük sənətkar tapmaq olmaz ki, esse yazmasın. Borxes, Kamyu, Eko, Cübran, Hesse, Eliot, Renar və s. bu janrda misilsiz nümunələr yaratmışlar.

İndi gəlin açıq danışaq: Bu sırada görmək istədiyimiz bir Azərbaycan yazarının adını çəkə bilərikmi? Razılaşıram, adda-budda gözəl nümunələrə rast gəlirik... Lakin bunlar o qədər mozaikdir ki, hələ “Azərbaycan esseistikası” termininin freska kimi heç ədəbi cameəmizə tam həkk olunmasına yetməz. Həm də problemin qoyuluşu və həlli baxımından esselərimizdə, başlıcası, zamansızlıq və dünyəvilik çatmır. Mümkündü, bunlarla yalnız öz şəxsi tavanlarımızı bəzəyə bilərik...

Amma, cənablar, sevinməyə dəyər!

Azərbaycan esseistikası K.Abdulla qələmi ilə dünyaya çıxır...

Bu cümləyə bir qədər də obrazlılıq qatsam, belə alınar:

Esse yüklü Ədəbi Gəmimiz artıq dünya sularında görünməyə başlayır...

Bəs niyə sevinmirsiniz?!

Havadan asılan kasa

Gözünüzün önünə səmadan asılmış bir kasa gətirin. Vacib deyil onun üzərinə Yunan mifologiyası personajları və ya əl-ələ verən xoşbəxt bir cütlük təsvir olunsun. Vacib olan kasanın içərisindəkilərdir. O, yağış suyu da, al-qırmızı şərab da ola bilər. Bunu isə daş atıb kasanı sındırmaqla bilmək olar. (Yox, alternativ yol yoxdu, bütün yollar sınaqdan çıxarılıb!)

“Ağıllı düşününcə, dəli vurub çayı keçdi” Ağıllı ilə dəli arasındakı nəhəng çaylar qədər böyük ayrıntıları görürsünümü?! Dünya isə bir qədər başqa cür düşünür: "Bir dəli ilə mənim aramdakı fərq, mənim dəli olmamağımdır" Dahi ispan rəssamı S.Dalinin fikirləridir. Və Dali özünü ağıllı hesab eləmir, sadəcə, cüzi fərqi göstərir. Həm də dəliliyini təsdiq edir...

Qayıdaq yuxarıdakı fikrə... Və birbaşa mətləb budur: Şans verməməliyik ki, ağıllı dəlilərin elədiyi işi ağıllsız dəlilər eləsin!

Bu günün ədəbi mənzərəsi isə belədir: Özünü hədsiz ağıllı hesab edənlərlə dəlilər üz-üzə dayanıblar. Aralarında da gur dağ çayı axır...

“Azərbaycan ədəbiyyatı sualtı qayıqlar kimi su dibinə çöküb. Su üzündə feysbuk və sayt ədəbiyyatının tükürpədən çığırtısı... Çığırtıdan o tərəfə keçə bilməyən ədəbiyyat öz tənqidçisi, öz tarixçisi, öz mədhiyyəçisi ilə bir yerdə su dibinə çökmüşlərin xofunu hələ də səksəkə içində yaşamaqdadı. Yoxsa bu boyda nifrətin bir qaynağı olmalıdı axı" (“Düma ilə Coys arasında, yaxud aldanmış oxucu”)

Bunlar da K.Abdullanın fikirləridir. Bu, üz-üzə dayananların nifrətləri haqdadı. Sular qan rəngini almayınca soyumayacaq. Bu da əmələ gələn deyil, absurd bir şeydi...

Yox, Yer üzü ədəbiyyatının Düma ilə Coys arasında olması konturlarını bütün dəqiqliklə cızan K.Abdullanın bu tipli esselər yazmasını istəmirəm. Birbaşa çağdaş ədəbiyyatımızın gizlinlərinin – “sualtı qayıqları”nının” üzə çıxarılmasına yönəlik bu mətnlər çox qəribədir ki, ədəbiyyatda öz sözünü demiş (Bəli, məhz demiş!) yazıçılardan tutub hələ əlinə aldığı qələmi düz-əməlli tuta bilməyən gənclərə qədər hamıda elə qıcıq, nifrət yaradır ki, guya batan gəminin günahkarı K.Abdulladır!

Bəs niyə məhkəmə gecikir?!

Yox, məhkəmə gedir, cənablar!

Şüurda, altşüurda gedir!

Tanrı K.Abdulla təfəkkürünü dünya üçün – Sonsuzluq üçün hesablayıb. (Amma nə yazıq ki, “postmodernizm” terminini eşidər-eşitməz dizləri əsən “ədəbiyyat bossları”nın çağımızın acı ədəbi tabloları önündə özlərini görməməzliyə vurmaları və susqunluğu bəzən onu da təbdən çıxarır)

Baxın, bu sayaq esselər üçün hesablayıb:

“Mən Sonsuz lüğət barədə düşünürəm. Sonsuz sayda sözləri, ifadələri, cümlələri özündə ehtiva edən sonsuz lüğət – hüdudsuz MƏTN кimi...

Hüdudsuz MƏTNin hüdudlu mətnə çevrilməsi üçün Sonsuz lüğətin hökmranlığı altında əzab çəkən saysız-hesabsız söz və ifadələrdən bəzilərinə azadlıq verilməsi vacibdir. Beləliklə, mətn MƏTNdən təmizlənə-təmizlənə, cilalana-cilalana artıq ünsürlərdən xilas olur. Və ancaq bundan sonra o, bizim tanıdığımız mətn halına düşür.

Deyirlər ki, eynən bu cür heykəltəraşlıqda daş özünün artıq hissələrindən azad olub heykələ çevrilir.

Yenə də azadlıq və yenə də əzab...” (“Düma ilə Coys arasında, yaxud Sonsuz lüğət”)

K.Abdullanın bu adda bir essesi vardır: “Düma ilə Coys arsında və yaxud Don Kixotun ölümü” Çox təsirlidir. Yaddaşımda istər-istəməz (Müqayisə və paralellərdən qaçsam da!) Borxesin “Don Kixotdakı gizli magiya” (Çevirimçi: C.Yusifli) essesini assosiasiya eləyir. Borxesin gəldiyi başlıca qənaət budur ki, “Don Kixot”un personajları elə “Don Kixot”un oxucularıdır. Don Kixotun özü də öz kitabının oxucusudur. Gördüyünüz kimi, yanaşma çox maraqlıdır.

K.Abdulla da Don Kixotun ölüm səhnəsinə tamam ayrı bir aspektdən baxır. Olsun ki, bu səhnə dünya Donkixotşünaslarının diqqətindən yayınmayıb. Amma onun yanaşması da ümumbəşəridir:

“Elə bil, Don Kixot deyil, Servantes ölürdü. Elə bil, Servantes öz yaratdığı qəhrəmanı üçün deyil, özü üçün epitafiya yazırdı. Və əslində, Don Kixot ölmürdü, o yenidən dirilirdi” Ardınca da gözlənilməz gözəl şərhlər...

Borxes öz mətninin əvvəlində yazırdı ki, ola bilər, bu tipli qeydlər söylənilib, özü də dəfələrlə. Biz isə bir az başqa cür düşünürük: Birinin mətnində hətta oxşar ədəbi konstruksiya görəndə az qala haray-həşir salırıq ki, amanın günüdü, plagiatdı.

Çox deyiblər, fikir ruhdu, söz isə o ruha dildən biçilən pal-paltardı... Sənətkarın əsl sənətkar olub-olmamasını bilməyin bir iksirini da qoy mən deyim, (Bəlkə, bu da deyilib!) siz biləsiniz! Onu başqa dilə çevirin, nəsə qaldı, onun sənətkarlığına inanmaq olar. (Rica edirəm, Sabiri misal çəkməyin!) Deyim niyə?! Çünki doğma dildə yazan sənətkar bir modelyerdi, o, mənasızlığa da dildən elə modalar biçər ki, oxucu çaşbaş qalar, burada ənənə də böyük rol oynayır. Özgə dilə çevriləndə isə modalar əynindən tökülür, lüm-lüt qalır... Çılpaq fikirlər...

K.Abdulla mətnlərinin (İstər şeir, esse, hekayə və roman olsun, fərqi yoxdur) bir cazibədarlığı da ondadır ki, burada iki, üç, dörd və beşmərtəbəli təşbeh və metaforalara yer yoxdu. Əvvəlin Dilidi! Pakdı! Hətta sadəlövhcəsinə pakdı, yalançı bənzətmələr – dilin bic balaları burada özünə məskən sala bilmir. Özünün dediyi kimi, mətn MƏTNdən təmizlənə-təmizlənə, cilalana-cilalana artıq ünsürlərdən xilas olur! Ona görə də Yazıçı dünya dillərinə çevriləndə tərcüməçi qurama dil maneələri ilə qarşılaşmır, cilalanmış parlaq bir Özəklə - Dillə qabaq-qənşər dayanır...

Müəllifin oxucular arasında çox məşhur olan “Kədərli seçmələr”dəki esselərə ön söz yazmış R.Rövşən də bir oxucu kimi heyrətini gizlədə bilmir: “Bu dünyada ən böyük tənhalıq, bəlkə də, fikrin, düşüncənin tənhalığıdır”

Zənnimizcə, Tənhalığın da janrları vardır. Bayatı, qoşma, qəzəl, bir sözlə, heca və sərbəst şeir tənhalığı... K.Abdulla tənhalığı isə epik vüsətlidir. Azərbaycan ədəbiyyatında bu möhtəşəmlikdə tənhalıq yoxdu. Guşənişinliklə tənhalığı səhv-dəyişik salmayın – K.Abdulla tənhalığı Mətn tənhalığıdır! Antik tənhalıqdı! Gümüş dövrü şairlərinin tənhalığına oxşayır! O, öz mətnində Təkdi!

“Əvvəl-axır yazılanlar” başlığı altında verilən bu esselər Azərbaycan esseistikasının varlığını dünya esseistikasının fonunda küll halında (Mozaik yox!) təsdiqləyən İlk nümunələrdir.

Onun ard-arda yazdığı və bir neçə əcnəbi dilə tərcümə olunub maraqla qarşılandığı son mətnləri isə esse yüklü gəmimizin ədəbi limanımızdan ayrılaraq artıq dünya sularına yol aldığını bəyan edir...

Sevinməyə dəyər, Cənablar!

Azərbaycan Esseistikası K.Abdulla qələmi ilə dünyaya çıxır...

# 1203 dəfə oxunub

Müəllifin son yazıları

# # #