Yeriş haqqında esse – Rüstəm Kamal yazır...

Rüstəm Kamal, ədəbiyyatşünas

Rüstəm Kamal, ədəbiyyatşünas

11 iyul 2022
# 10:40

Kulis.az ədəbiyyatşünas Rüstəm Kamalın “Yeriş haqqında” essesini təqdim edir.


Yerişinə quzu kəsim...
El sözü

Jest bədənimizin, mimika üz-gözümüzün, yeriş isə ayaqlarımızın obrazıdır. Yeriyəndə biz yerin enerjisinə bağlanırıq.

Şərqdə (poeziyasında) qadın yerişinin gözəlliyinə önəm verilirdi. Qədim Çində qızların ayaqlarını irək lentlə sarıyırdılar ki, həm miniatür olsun, həm də yerişi yumşaq, zəif və yüngül olsun.

Yeriyə-yeriyə (yürüyə-yürüyə) düşünməyin öz "ləzzəti" var. Düşüncə sanki daha maraqlı və gözlənilməz, daha "ətli-qanlı" olur. Bu zaman düşüncələrin ritmini və intonasiyasını hiss edirsən. Səsini eşidirsən. Düşüncə sənin addımlarınla həmahəng olur.

Aristotel Akademiyasının şagirdləri yürümə (gəzinti) zamanı düşünürdülər və inanırdılar ki, fikir öz təbii ritminin şirəsində doğulmalıdır. Fəlsəfədə "peripatetiklər" adı da burdandır.

Təsadüfi deyil ki, J.-J.Russonun əsərlərindən birini "Fəlsəfi gəzintilər" adlandırması bu inamdan gəlirdi.

Hətta bir az irəli gedib deyərdim ki, yerişlə dünyagörüşü arasında mütləq bir əlaqə var. İnsanın tempramenti, enerjisi, ovqatı, hərəkət dinamikası onun yerişində əksini tapır. F.Nitsşe deyirdi: "Bir fikir ki, yürümə zamanı yaranmırsa, ona etibar etməyin" ("Ecce homo").

Elə özüm dəfələrlə şahidi olmuşam. Hərəkət edərkən qeyri-adi, gözlənilməz, xaotik fikirlər, ideyalar bir-birinə dalınca gəlir, bir-birini əvəz edir. Sanki kimsə diktə edir.

Yaxşı yadımdadır, payız axşamlarının birində şair Avdı Qoşqarla Xırdalan parkında, dostum R.Göyüşovla Mingəçevir küçələrini gəzib dolaşarkən fikirlər şüuraltından bulaq kimi necə qaynayıb çıxır.

Təəssüf ki, həmin anda onları yazıya almaq mümkünsüz idi...

Jest-mimikadan, pozadan fərqli olaraq, yerişin ədəbiyyatda sanki "bəxti gətirməyib". Şairlər, yazıçılar, aşıqlar qəhrəmanın portret təsvirində üz-göz cizgilərinə, əl-qol, bədən hərəkətlərinə həvəslə və geniş diqqət yetirilir, amma yerişi xatırlanılmır.

S.Svayqın qəhrəmanı oğrunun addımlarından anlayır ki, oğurladığı cüzdan boşdur. D.Çestertonun məşhur detektiv qəhrəmanı Braun ata cinayətkarı yerişindən müəyyənləşdirirdi.

Rəhmətlik yazıçı-jurnalist Heydər Qasımlının "Qanlı papaq" romanında Sarı Məmişin bəy evini pusması vacib bir detalla - pəncərəsi üstə yeriməsi ilə verilir: "Çox ehtiyatla, pəncəsi üstə addımlayaraq Alay bəyin ocağına sarı gəldi. Pəncərənin bircə qarşılığında ayaq saxladı".

İ.Şıxlının "Mənim rəqibim" hekayəsinin qəhrəmanı Əzizənin yerişi onun xarakterini səciyyələndirir: "Əzizə yerindən ləng tərpəndi. Ancaq ayağa duran kimi özünəməxsus ləngərli və qəti addımlarla irəli yeridi".

Bu detalı oxuyanda Əzizənin prototipi olan xalq yazıçısı Əzizə xanım Cəfərzadənin gənclik obrazını təsəvvür etməyə çalışdım.

Qəhrəmanlıq dastanlarında igidin yerişi, demək olar ki, təsvir edilmir. Bunun bir səbəbi də qəhrəmanın at belində olmasıdır. At epik qəhrəmanın ayrılmaz atributudur. İkincisi, ayağın semiotik planda "aşağı"nı təmsil etməsidir. "Aşağı" isə qəhrəmanlıq eposunun estetikasında həmişə neqativ mənalıdır.

"Kitabi-Dədə Qorqud"da Bamsı Beyrəyin bacılarından biri "dəli ozan"ın yerişindən qardaşına bənzədir:

Apul-apul yürüşündən,
Aslan kibi duruşundan,
Qaldırıban baqışından
Ağam Beyrəgə bənzədürəm, ozan, səni!

Qanturalı da meydana, vəhşi heyvanlarla savaşa o cür yerişlə çıxır: "Qanturalı yerindən duri gəldi. Apul-apul yürüdü, ağ alnını açdı".

Dastanda bu ifadənin təkrnarlanması göstərir ki, "apul-apul yürümək" oğuz bəylərinin yeriş tipi olub.

Dastanın sadələşdirilmiş variantında (S.Əlizadənin tərcüməsində) "apul-apul yürümək" deyimi "iti-iti yerimək" kimi mənalandırılır. Kafir əsirliyindən qaçmış, uzaq yol gəlmiş, acmış və yorğun bir insanın iti yeriməsini necə təsəvvür etmək olar?

Oğuz xanımlarının nazlı-nazlı yürüməsi-yeriməsi poetik boyalarla təsvir olunur. Sarı donlu Selcan xatunun gözəlliyinin bir əlaməti: "Yer basmayıb yürüyən".

Qadın gözəlliyinin bilicisi Molla Pənah yazır: "Duruşu maraldı, yerişi ceyran". Nə qədər dəqiq vizual təsvirdir!

"Sallanış" Vaqif poeziyasında (eləcə də aşıq yaradıcılığında) qadın yerişi üslubudur: "Sallana sultanı - dibapuş kimi".

Yaxud:

Sallana-sallana dövlətxanadan
Bir çıxa boyinə qurban olduğum.

Yalnız adamların deyil, şəhərlərin də "yerişi" olur. R.Muzildə oxumuşam: "İnsanlar kimi, şəhərləri də yerişi ilə tanımaq olar". Bu, sadəcə bir metafora deyil. Fikir vermişəm: Gəncədə insanların yerişi ilə Bakıda yaşayan insanların yerişində xeyli fərqlər var...

V.Şklovskinin paradoksal bir deyimini xatırlayıram: gənc oğlanın üç halda təzə maşın alanda, silah gəzdirəndə, yaxud evlənmə (- toy) ərəfəsində olanda yerişindəki dəyişikliyi hər kəs həssaslıqla sezə bilər.

İşsiz kişilərin yerişinə fikir verin: yavaş-yavaş yeriyir, tez-tez dayanır, nəsə fikirlərşir, sonra yenə yoluna davam edir...

Yeriş insanın fərdi və şəxsi üslubudur. V.Rozanov əminliklə bildirirdi ki, "manera və davranış gözəlliyi insanda anadangəlmədir. Bunu öyrənmək və öyrətmək olmaz. Ruh mənim yerişimdədir".

Ç.Çaplinin unudulmaz yerişini necə təkrarlamaq olar!

Yerimək-yürümək yalnız fiziki hərəkət aktı deyil, həm də etnomental aktdır. İndi, bu yaşda anlamışam ki, kəndimizdə hər nəslin - tayfanın tanınma işarələrindən biri də yeriş tipidir. Yeriş çeşidləri nəslin etnoqrafik portretini tamamlayır. Məsələn, bizim nəslin kişiləri çaparaq yeriyirlər, addımların iri-iri atırlar.

Tərəkəmə insanının yeriş çeşidlərinin rəngarəngliyi heyrət doğurur: çöçələ yeriş, kortum yeriş, yastı yeriş, çəpəndaz (çəpəki) yeriş, dambat yeriş, tısbağa yerişi, yorğa yeriş, yosma yeriş və s.

***

Atam deyirdi ki, baban cavanlığında yol gedəndə qollarını sağa-sola ata-ata yeriyirdi. Yerə baxa-baxa yeriyənlərlə arası yox idi. Təkəbbürlü adam haqqında deyirdi: "Köpəkoğlu elə yeriyir ki, elə bil yeri-göyü bu yaradıbdı".

Atam deyirdi ki, kişi insanın yerişinə baxıb qiymət verirdi. Və onun müşahidəsi o qədər dəqiq və sərrast olurdu ki, sonralar ikinci ada-ayamaya çevrilirdi.

Müharibədən qayıdandan sonra bir daha kimsənin yerişinə fikir vermədi, ayama qoşmadı.

Çünki özünün bir ayağı yox idi...

“Ədəbiyyat” qəzeti

# 2631 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #