Kulis.az Yalçın İslamzadə ilə müsahibəni təqdim edir.
– Az görünürsünüz, Yalçın müəllim. Həm mətbuatda, həm sosial şəbəkələrdə, həm mühitdə...
– İki il olar ki, təbiət fənni kurikulumunun və dərsliyinin hazırlanması layihəsində iştirak edirəm. Kifayət qədər vaxt aparan işdir. Qalan vaxtı TEAS-ın nəşr edəcəyi növbəti elmi-kütləvi kitabın tərcüməsini yekunlaşdırıb təhvil verməyə, yazacağım iki kitabın planlaşdırılmasına ayırmağa çalışıram.
Əvvəlki mühit qalmayıb, hərə başını tutub bir yönə gedib, “hardan gəldik, hara gedirik, axırımız nə olacaq” suallarına cavab axtardığımız mühit yoxdur daha. Mühitdəki müzakirələr real addımlara çevrilmədi, eyni məsələlərin müzakirəsi və təkrarı mərasiminə döndü, hamı yoruldu və reallıqla barışdı.
Yeganə effektiv kommunikasiya vasitəsi feysbuk idi. Əvvəllər maraqlı insanlar, yeni fikirlər, məlumatlarla qarşılaşırdıq. Ora da monotonlaşdı, lağ-lağı etməyi böyük məziyyət sayanların, insanları yaxşı manipulyasiya etməyi bacaranların, istənilən mövzuda danışıb həll yolu göstərməyə özünü mükəlləf görən hərşeyşünasların əlindən faydalılığı xeyli azaldı. Onlardan yayınanda da ancaq şikayətnamələr qarşımıza çıxır, min ildir eyni problemlər və “həll edilsin, həll olunsun, niyə həll olunmur, kimlərsə həll etsin” kimi naməlum uçan obyektlərdən həll tələb edən ünvansız şikayətlər.
Yenə də feysdə çox az göründüyümü düşünmürəm, arada yazıram, yazılanları oxuyuram.
– Siz ODTÜ-nün Fizika fakültəsinin məzunusunuz. Necə oldu fizik olmağı seçdiniz? Fizika niyə belə çətin başa düşülür?
– Sovet insanlarının yaratdığı sovet dövrü romantikası, nostalgiyası var. Mənim yadımda isə o dövr olduqca darıxdırıcı dövr kimi qalıb. Qəzetlər eyni mövzulardan yazır, kitablar və kinolar oxşar bir neçə mövzunu təkrar-təkrar işləyirdi. Bütün sahələrə pafos, şüar hakim idi. Ədəbiyyat və kino olduqca sterilləşdirilmişdi. Hind kinolarının o qədər populyar olmasının səbəbi bəsit dramatizmi, emosiaların aşıb daşmağı idi. İkinci Dünya müharibəsi ya da Böyük Oktyabr sosialist inqilabından bəhs edən kinoların, yaxud ədalətli prokuror obrazının müzakirə olunduğuna heç rastlamadım. Ən bəsit hind kinosu isə günlərlə müzakirə olunurdu, dəfələrlə nümayiş olunsa belə insanlar o filmləri yenə də izləyirdilər. İndi anlayıram ki, sovet kinoları yox, hind kinoları insanlarda katarsis yaşadırmış.
Məktəbi bir ay bağlayıb bizi üzüm yığmağa aparırdılar və mən sovet realizminin təbliğ etdiyinin əksinə, günün altında səhərdən axşama ağır zəhmətlə işləyən və cüzi maaş alan insanların xoşbəxt ola bilməyəcəklərini anlamışdım. Belə təcrübələr məndə sadə suallar yaradırdı.
Paytaxtda yaşayan yaşıdlarımız bizdən şanslı idilər, kitab dükanları, kitabxanalar, müxtəlif dərnəklər və jurnallar onlar üçün daha əlçatan idi. Bunları Bakıda yaşayan və yay aylarında kəndə qonaq gələn qohumlarımızla söhbətlərdən sonra düşünmüşdüm. Mən evdəki və kənd kitabxanasındakı bütün kitabları oxumuşdum. Yeni kitab tapmaq isə müşkül məsələ idi.
Bu darıxdırıcı fonda bir ustada təsadüfən üz qapağı olmayan və səhifələrindən kağız kimi istifadə etdiyi kitab gördüm. Kitabda maraqlı məlumatlar var idi, məsələn yazılmışdı ki, bir qaşıq neytron ulduzu maddəsi o qədər ağırdır ki, bir qatar belə apara bilməz. Ordakı təbiət hadisələrinə dair sadə suallar və onların cavabları xeyli maraqlı gəldi. Həmin səhifələri oxuyandan sonra, bəlkə də, çox uzaqlarda alternativ, fərqli dünyaların olduğunu və dünyanı sadə anlayışlarla izah etməyin mümkünlüyünü anladım.
Əlbəttə, bunlar retrospektiv düşüncələrdir, o dövrdə belə sistemli, nəticəyönümlü düşünmürdüm, bunlar daha çox təcrübədən yaranan hissi və pərakəndə reaksiyalar idi.
Mənə də kimya fənni olduqca çətin, daha doğrusu, darıxdırıcı gəlirdi. O dövrdəki dərsliklər olduqca akademik dildə yazılmışdı və o fənlərin dərsliklərində təqdim olunan anlayışların gündəlik həyatdakı rolu haqqında heç nə yazılmırdı. Sovet siyasi sxolastikası insanın natural hisslərinə yad olduğu kimi, təhsil sxolastikası da müvafiq yaş qrupunun qavrama səviyyəsinə uzaq idi.
Bu gün fizika, kimya, coğrafiya, daha az dərəcədə biologiyanın da şagirdlərə çətin gəlməsinin səbəblərini görə bilirik.
Əsas səbəb budur ki, indiyə qədər yazılmış təbiət fənləri dərslikləri universitet müəllimləri və müvafiq sahədə akademik dərəcəsi olanlar tərəfindən yazılıb. Onların da yanaşması belə olub ki, biz tutaq ki, fizika elminin bütün nailiyyətlərini, nəzəriyyə və anlayışlarını bütün akademizmi ilə, bütün təntənəsi ilə o dərsliklərdə verək. Onlar elə fikirləşirdilər ki, şagirdlər axırda universitetdə də fizika oxuyacaqlar, nəhayət fizik-alim olacaqlar. Ancaq statistika göstərir ki, bütün şagirdlərin cəmi 5 faizi fizika sahəsində akademik karyera seçir. Mühəndis olmaq istəyən, humanitar sahəni seçən digər 95% üçün də elm savadının olması zərurəti heç kimi maraqlandırmayıb. Dərsliklər təbii seçmə fəlsəfəsi əsasında yazılıb sanki-milyonlarla şagird arasından bir ovuc roket mühəndisini seçmək üçün yarış.
– Bəs hazırkı Fizika dərsliklərindən razısınız?
– Hazırda Təhsil Nazirliyi tərəfindən dərsliklərin təkmilləşdirilməsi layihəsi icra olunur. Beynəlxalq pedaqogikadakı faydalı trendlər nəzərə alınır. Əvvəlki dərsliklər akademik baxımdan ağırdır, köhnə yanaşma ilə yazılıb. Hazırda dərslikləri yazarkən mövzu aktualdırmı, məzmun şagirdin yaşına uyğun necə təqdim olunmalıdır, bir dərsdə neçə yeni anlayış verilməlidir, dərsi mərhələlərə necə bölək ki, şagird həm məzmun biliyi, həm bacarıq qazansın kimi kriteriyalar nəzərə alınır. Artıq 45 dəqiqəni bütünlükdə təlimə, mümkün qədər bilik ötürməyə sərf etməyin effektiv olmadığı görülüb. İndi dərsdən tələb olunan sadəcə məzmun bilgisi deyil, həm də bacarıqlar qazanmaqdır. Şagird qazandığı bilikdən necə və harada istifadə edəcək sualı da aktualdır. Şagirdlərin yaşına uyğun koqnitiv prosesləri nəzərə alan pedaqogikanın nailiyyətlərindən indiki dərsliklərdə də istifadə etməyə çalışırıq.
– Fizika lazımdırmı?
– Əslində, fizikasız da yaşamaq olar. Sovet dövründə biz mərkəzi planlama sistemində yaşayırdıq. Bu sistem təkcə iqtisadi-sosial münasibətləri deyil, bilik və düşüncə formalarını da tənzimləyirdi. Sürpriz də, yeni fürsətlər də demək olar ki, yox idi. Olduqca deterministik bir cəmiyyət idi. Oxucunun təmasda ola biləcəyi geniş mənada bütün mətnlərə-kino, sənədli film, jurnal, qəzet, xəbər-ciddi nəzarət var idi. Sovet nostalgiyasının bir səbəbi də budur, insanlar düşünmək zəhmətinə qatlaşmırdılar, bizi bu “əziyyətdən” qurtaran senzura var idi.
İndiki dövr fərqlidir, insan həyatında yeni fürsətlər və risklərlə qarşılaşır, səyahət və kommunikasiya imkanları artır, müxtəlif kanallardan müxtəlif motivli bilik, iddia və dezinformasiya selinə məruz qalır. İnsanlar daha fərdiyyətçi olublar. Fərdin və cəmiyyətin maraqlarını uzlaşdırmaq üçün insanların sağlam mühakimə ilə, elmin işığında qərar vermələri zərurəti yaranıb. Fizika isə fundamental elm olaraq digər fənlərin və dünyanın anlaşılması üçün lazım olan elmi bilik və elm savadı üçün əsas baza təşkil edir.
Elm savadının da tərifi budur, elmi anlayışları gündəlik həyatda qərar verərkən istifadə edə bilmək.
Dünya sürətlə dəyişir, yeni risklər, fürsətlər yaranır, hadisələr baş verir. Pandemiya zamanı yayılan şəhər əfsanələrini, konspirasiya nəzəriyyələrini xatırlayın. İndi də Türkiyədə baş vermiş təbii fəlakəti HAARP adlı “tektonik silah”la izah etməyə çalışırlar. Soruşun HAARP nəyin qısaltmasıdır, bilməyəcəklər. Orta məktəbdə enerjinin saxlanması qanununu anlamış biri, zəlzələ zamanı sərbəst qalan enerjinin miqdarının neçə yüz atom bombası partlayışına ekvivalent olduğunu heç olmasa quqldan tapa bilər və əfsanələrə inanmaz, insan tələfatının belə çox olmasının həqiqi səbəblərini axtarar.
Fizikasız yaşamaq olar, ancaq buna yaşamaq demək olarsa. Danışdıqları mövzular haqqında elementar məlumatı olmayan şartlatanları manipulyasiya etdiyi, “küləklə sovrulan” bir cəmiyyət olmağı qəbul edərsək, olar, niyə olmasın.
– Adətən Fizika ilə məşğul olan adamlar ateist mövqedə olurlar.
– Mən əksini müşahidə etmişəm. Çünki insanlar üçün dini hökmləri cansız dünyanın yaranış və quruluşuna dair biliklərlə uzlaşdırmaq çətin olmur.
Din mövzusunda ən çox çaxnaşma biologiya bilikləri nəticəsində yaranır. Mənə elə gəlir ki, biologiyanı və geologiyanı dərindən öyrənən bir insan üçün onları dini görüşlərlə uzlaşdırmaq asan deyil.
Cansız təbiətlə insanın məqsədi, mahiyyəti, yaradılış səbəbi kimi anlayışlar arasında fundamental ziddiyyətlər yaranmır. Ancaq kollektiv şəkildə həyat elmləri adlandırılan elmlərin bilikləri ilə dini görüş arasında ziddiyyət qaçılmazdır. Bu sahədə belə, bir çox insan elm savadı və tənqidi təfəkkürdən istifadə etmədiyi üçün ziddiyyətləri görmür. Koqnitiv dissonans yaşanır, məqalə yazarkən xalis elmdən, dünyanı şərh edərkən dindən istifadə edə bilir.
Bu yanaşmaya elmi dərəcəsi olan insanlar arasında belə rastlamaq artıq məni təəccübləndirmir. Həkimlər təkamül nəzəriyyəsinə qarşıdır, kimya-biologiya elmləri doktoru universitetlərin artıq bu nəzəriyyəni tədris etmədiklərini muştuluqlayır, fizika-riyaziyyat elmləri doktoru dünyanı fizika işığında şərh etmək əvəzinə möcüzə axtarır, inanır ki “düşüncə gücü” ilə ağır tonnajlı maşınları hərəkət etdirmək mümkündür. Elm sahəsində təhsil almaq təbii şəkildə, spontan olaraq elm savadı ilə nəticələnmir, bu biliklərin tətbiqi də sistematik olaraq öyrədilməlidir ki, elmi düşüncə insanın zehni vərdişinə çevrilsin.
Bu bilik və bacarıqların öyrədilməsi üçün hər cəmiyyət bu sahəyə resurs ayırmalıdır.
İdraki fəaliyyətin müxtəlif sahələriylə məşğul olan insanlar var. Məsələn, filosoflar, yazıçılar, şairlər. Bu insanlar özlərini hər mövzuda danışmağa səlahiyyətli görürlər.
Onlar düşünürlər ki, hansısa yolla filosof və ya şair kimi tanınıblarsa, nədən istəsələr danışa bilərlər. Məsələn, şairlər beynəlxalq münasibətlər haqqında çox rahatlıqla, filosoflar isə elm haqqında hökm verə bilərlər. Ancaq onların bu bilikləri necə əldə etdikləri bizə məlum deyil. Onlar fəlsəfə disiplinin bilik və bacarıqlarını mənimsəmiş, bu sahədə formal təhsil almış şəxslər deyillər, böyük mövzulara dair, sanki bizim bilmədiyimiz qaynaqlarla rabitə qurub, ordan bizə qısa dramatik cümlələrlə o bilgini gətirən şəxslərdir. Biz də sorğu-sualsız həmin bilikləri qəbul etməliyik. Bir şairdən, yazıçıdan həll olunmamış beynəlxalq bir krizisin dinamikasını soruşun, ya da özünü elmdən yüksəkdə görən fəlsəfə adına danışanlardan atom modelinin yaranması və inkişafını soruşun, bilməyəcəklər. İşi pis tərəfi də bu halı oxucuların normal qəbul etmələridir.
Elmin, əslində, ortaya qoyduğu biliklərdən çox, elmin o bilikləri əldə etmə metdu əhəmiyyətlidir. Çünki elmi biliklər daima yenilənir, təkmilləşir, dəyişir, bunu təmin edən isə metoddur. Bizdə elmi biliyin necə əldə olunduğu, necə sınaqdan keçirildiyi, necə elmi cəmiyyət tərəfindən ortodoks bilik kütləsinə daxil edildiyi prosesi bilinmədiyi üçün insanlar çox rahatlıqla bir “new age” təriqətinin, filosofun, ya bir şairin iddialarını həqiqi alimin dediklərindən üstün saya bilirlər.
Ümumiyyətlə, ciddi problemlə qarşılaşmışıq. Maddi dünya haqqında bilikləri ikinci dərəcəli, həyatın mənası, məqsədi kimi sualları birinci dərəcəli saymaq və bunları da sanki elm öyrənə bilməz, ancaq fəlsəfə və poeziya öyrənə bilərmiş kimi bir illüziya yaradılıb. İnsan həyatındakı bütün təcrübələrin bütün müxtəlifliyi ilə elmin qanunlarına və anlayışlarına reduksiya oluna biləcəyi qənaətindəyəm.
Bugünkü təcrübələr, avadanlıqlar, əldə olan data bəzi böyük nəticələrə varmaq üçün kifayət deyil, ancaq yaxın gələcəkdə elm buna da nail olacaq. Beyin çox mürəkkəb orqandır. Beyni detallı analiz etmək hədəfi çox yaxında reallaşacaq. Alimlər beyindəki prosesləri vizuallaşdıran avadanlıqların köməyi bütün dünyadan böyük data əldə edib onları analiz etməklə ümumi qanunauyğunluqları görməyə çalışırlar.
Bu yaxınlarda maraqlı bir hadisə baş verdi. Bir pasiyent maqnetik rezonans tomoqrafiyası əsnasında dünyasını dəyişdi. Yəni onun beyin fəaliyyətləri monitorinq edilərkən ürəyi dayandı və öldü. Həmin pasiyentin beyin dalğaları öldükdən sonrakı 15 dəqiqə ərzində qeyd olundu. Bu qeyri-adi datadır. Eyni insanın ölməzdən əvvəlki və öldükdən sonrakı beyin dalğalarına dair müqayisəli data deməkdir. Təbii ki, bu hələlik bir haldır, onsuz da, bir neçə belə halın olması ehtimalı azdır. Amma gözlənilməz şəkildə ələ keçmiş bu datadan görünür ki, insan öləndən sonra onun beyin dalğaları yuxugörmə və xatırlama əsnasında yayılan beyin dalğalarına çox oxşardır. Daima ölümdən danışan hansı disiplində belə data var? Çıxaracağımız nəticə budur ki, ən qeyri-adi insan təcrübələri belə gec-tez elmin mövzusu olacaq.
– Vaxtilə Azad Yazarlar Ocağının üzvü olmusunuz. Bu haqda bir az danışaq, fizika və ədəbiyyat tamamilə fərqli sahələrdir. Niyə AYO-ya qoşulmuşduz?
– 2000-ci illərdə Azərbaycanda internet yeni istifadə olunmağa başlanmışdı. Bəzi qəzetlərin internet səhifələri, saytları vardı. Türkiyədə oxuyanda bizim mühitdə gedən proseslərlə həmin qəzetlərin saytlarının köməyi ilə çətinliklə də olsa, maraqlanmağa çalışırdım. Ənənəvi, hər kəsin eyni geyimi, danışığı, şüarı təkrar etdiyi bir mühitdə AYO adlı bir qurum yaranmışdı. Onlar ədəbiyyat sahəsində yeni və maraqlı eksperimentlər aparırdılar, tənqidi təfəkkürün inkişafına çalışırdılar. AYO-nun sayəsində bu gün bizim cəmiyyətdə bir çox mövzuda rahatlıqla tənqidi fikir demək olar. Cəmiyyət artıq bunu normal qəbul edir.
AYO üzvlərinin hər birinin özünəməxsus orijinallığı var idi. Cəmiyyətdə tənqidi təfəkkürün normal qarşılaşmasında AYO-nun, bir çox zərbəni öz üzərinə götürməklə ciddi rolu oldu. Mən də cəmiyyətin yenilənməsi arzusu olan bir vətəndaş kimi uzun müddət AYO-dakı yoldaşlarla münasibət saxladım. Amma sonrakı proseslərdə bu qərara gəldim ki, vaxtımı elmin təbliğinə ayırsam, daha faydalı ola bilərəm.
Ədəbi mətnlərin tənqidi təfəkkürün formalaşmasında, oxuyub-anlama bacarıqlarının yaranmasında vacib rolu var. Bu şərtlə ki, ədəbiyyatın funksiyası yaxşı öyrənilsin və istifadə olunsun. Uşaqlıq və yeniyetməlik dövründə kritik mütaliə vərdişi qazanmamış bir şəxsin elmin abstrakt dünyasına daxil ola bilməyəcəyini düşünürəm.
– Elm ədəbiyyatdan daha faydalıdır?
– Ədəbiyyatın məqsədindən asılıdır. Əgər oxucuların böyük əksəriyyəti sırf vaxtın keçməsi, zehnin dincliyi, qayğılardan uzaqlaşma məqsədiylə sevgi romanı, mistik triller və ya detektiv əsər oxuyursa, belə qiraətin cəmiyyətdə heç bir transformativ rolu olmaz.
Dedektiv və ya sevgi romanı kimi psevdoədəbiyyatın qarşısında bir də ifrat pafoslu ədəbiyyat var. Belə ədəbiyyat da yanıldıcıdır. Ədəbiyyatın imkanlarını lazımından artıq şişirtmək lazım deyil. Bizim şair-yazarların təbliğ etdiyinə görə guya ədəbiyyat insan üzərində hərtərəfli təsirə malikdir. Mən qətiyyən belə düşünmürəm. Dünyanın ən güclü ədəbi ənənələrindən biri Fransız ədəbi məktəbidir. Amma fransız ədəbiyyatı bu gün Fransanın Afrikadakı kolonial istismarına qarşı çıxan kütlələr yaradırmı? Əgər o fransız ədəbiyyatı fransızlara başqa insanlara da hörmət etməyi, onlarla empatiya qurmağı öyrətməyibsə, ya o qüsurlu ədəbiyyatdır, ya da ədəbiyyat öz iddiasını reallaşdıra bilmir.
Dünyanın ən böyük ədəbi məktəblərindən biri də rus ədəbi məktəbidir. Bizdə də rus ədəbi məktəbi çox populyardır. Ən çox adını eşitdiyimiz yazıçılar Dostoyevski və Tolstoydur. Yazarlar daima onları oxumalı olduğumuzu təkrar edirlər. Bu gün Rusiyada Rusiyanın Ukrayna işğalına qarşı heç bir ciddi etiraz yoxdursa, deməli, ədəbiyyat heç də hər şeyə qadir deyil.
İnsan təbiətini təkcə ədəbiyyat dəyişdirə bilməz. Humanitar sahədəkilərin əsas mövzusu insandır, ancaq bizə haqqında danışdıqları insanın modelini təqdim etməyiblər. Məşhur anekdotdakı kimi, sanki “vakuumdakı sferik toyuqlardan” danışırlar. Ədəbiyyatçıların da ən böyük problemi insanın bioloji tərəfinin, onun genlərinin, instinktlərinin və reflekslərinin insan davranışı üzərində təsirini anlaya bilməmələridir. Onlar məşhur “təbiət, yoxsa mühit” mübahisəsində sanki birmənalı olaraq “mühit”in tərəfindədirlər.
Anlamağa nə mane olur? İlk növbədə özündənrazılıq. Heç vaxt tənəzzül edib elmi bilikləri mənimsəməzlər, elmi ədəbiyyatdan aşağı gördükləri üçün də haqqında danışdıqları “insan” haqqında dolğun təsəvvürə sahib olmazlar.
Mələ elə gəlir ki, bu mənada biz elmi yaxşı bilən ədəbiyyatçıya çox az rast gəlirik. Amma ədəbiyyatı yaxşı bilən alimlər çoxdur. Həmin alimlərin yazdıqları çox gözəl kitablar var. Problemlərə dəqiq diaqnoz qoya bilirlər. Bir ədəbiyyatçının kitabını oxuyacamsa, onun sosiologiyanın və psixologiyanın əsas nəzəriyyələrindən, genlərin, bioloji instinktlərin insana təsirlərindən, beynin quruluşundan, mahiyyət və məhdudiyyətlərindən xəbərdar olmasını gözləyirəm. Bunları bilməyən humanitar sahədəki insanın “insan” haqqında düşüncələri ən yaxşı halda yarımçıqdır. “İki mədəniyyət” kitabının müəllifi Snou yazırdı ki, “Mən Şekspir oxumuş alimlərə çox rastlamışam. Ancaq bir ədəbiyyatçının belə termodinamika, ya da Nyuton qanunları haqqında məlumatlı olduğunu görməmişəm. Halbuki bu anlayışlar Şekspirin əsərlərinin elmdəki ekvivalentidir”.
– Bu yaxınlarda bir yazınızı oxudum. Azərbaycanda yazıçı olmaq istəyən gənclərə məsləhət verirdiniz ki, yazmamaq daha yaxşıdır, başqa işlərlə məşğul olun, məsələn, restoran açın, uşaq paltarları satın və s. Niyə belə fikirləşirsiniz? Alim olmaq olar, ədəbiyyatçı olmaq olmaz?
– Alim olan şəxs ən çətin anda gedib xaricdə işləyə bilir. İnsanın cəmiyyətə borcu olduğu kimi, cəmiyyətin də insana borcu var. Əgər bir ixtisas açmısınızsa, cəmiyyət bu ixtisası öyrənən vətəndaşın yaşayışını təmin eləməyi də fikirləşməlidir. Elm oxumalarını ona görə tövsiyə edirəm ki, ən pis halda gedib xaricdə işləyə bilərlər. Bir gün başa düşəndə ki, səhv qərar veriblər, onda çox gec olmasın. Bir alim xaricdə nailiyyət qazana bilər, amma öz ölkəsində uğur qazana bilməyən ədəbiyyatçı xaricdə də uğur qazan bilməyəcək.
Burda bir nüans var. Reallığı yazanda, bir çox oxucu elə bilir ki, sən də o reallığın tərəfindəsən, sən də istəyirsən ki, elə olsun. Yox, mən elə olmağını istəmirəm, sadəcə elə olduğunu deyirəm. Nəyə görə elə düşündüyümü deyim.
Birincisi, bizdə şair olmaq xüsusi imtiyaz hesab olunur. Gənclərdə belə bir təəssürat yaradılıb ki, əgər şeir yazırsınızsa, təkcə buna görə çox möhtərəm insansınız, siz bütün problemlərdən danışa bilərsiniz və sırf buna görə cəmiyyət sizi təmin etməlidir, sizdən gözlənən isə bəzi sözləri bir yerə yığıb oxucuda kiçicik təəssüratlar oyatmaqdır.
Əslində şeirin intellektual tutumu, analitik gücü yoxdur. Şeir şüarı ifadə edə bilər, təbliğatı ifadə edə bilər, bir çağırış ola bilər. Amma şeir bizə problemi təhlil edib, onun qaynağını göstərə bilməz. Dünyanın heç bir ölkəsində heç kim heç kimə qarantiya vermir ki, siz şeir yazın, biz sizin haqqınızı verəcəyik. Ona görə tövsiyə edirəm ki, ilk növbədə həyatda qalmaq, minimum ehtiyacları qarşılamaq üçün bir sənət öyrənsinlər. Mən çox misallar gətirə bilərəm ki, yaradıcı insanlar ancaq özlərini təsdiq edəndən sonra əsas işlərindən ayrılıblar. Reallıq budur. Bunu onlara kimsə deməlidir. Şairlik bir ixtisas deyil. Bütün şairlərə də ev vermirlər.
Məsələn, bir gənc təsəvvür edin. O qədər də istedadı yoxdur, amma onu tərifləyirlər. “Yazmağa davam elə, səndə potensial var, yazacaqsan” və s. O da iki il, üç il, beş il ömrünü bu işə sərf edir və axırda görür ki, zəhməti hədər gedib. Çətin vəziyyətə düşür, cəmiyyəti ittiham etməyə başlayır. Onsuz da, əgər bir insanın daxilindən gəlirsə, istedadı varsa, gec-tez nəsə yazacaq. Onlara “yazma” deməklə qələmi yerə qoymayacaqlar. Mən sadəcə illüziyaya qapılan gənclərə xəbərdarlıq edirəm.
Bizim cəmiyyət bir tərəfdən görürsünüz ki, çox sual verir. Çox vaxt şikayət edirik ki, tanımadığımız insanlar bizdən şəxsi suallar soruşurlar. Haralısan, nə qədər maaş alırsan, kimin qohumusan, harada işləyirsən və s.
Gedib qələbəlik bir yerdə dayanın. İnsanların nə danışdığına qulaq asın. Onlar hansı məhsul harada satılır, hansı malın qiyməti nə qədərdir, hansı bankın kredit şərtləri daha uyğundur, şadlıq evlərində qiymət necədir, hansı iş yerində maaşlar necədir, bazarda hansı maşın neçəyədir, ev kirayələri hansı intervaldadır, əsasən, belə suallar soruşurlar və hər kəsin belə suallara cavabı var. Çünki bütün bunlar cəmiyyətin minimal zərurətidir. Daha çox sağ qalmaq və nəsli artırmağa dair bioloji instinkt suallarıdır.
Digər tərəfdən, yeni, fərqli suallar soruşanlar yox dərəcəsindədir. Yaradıcı, yenilikçi, konstruktiv, cəmiyyəti və fərdi transformasiya edəcək suallar bizdə soruşulmur, insanlar yenilik axtarmır. Belə sualların olmadığı cəmiyyətdə yaradıcılıq eşqinə düşməyin sonu məyusluqdur. Elmin və yaradıcılığın çətin vəziyyətini bununla izah etmək olar.
Ədəbiyyatda müəyyən mövzular var ki, məyusluq yaratmır. Yeni təcrübələr yox, mövcud, yerləşmiş dəyərlərin tərənnümü. Ona görə işi bilən şairlər daima nakam məhəbbətdən, ana sevgisindən, dünyanın bivəfa olmasından şerlər yazırlar. Ya da insanların həyatlarını yaxşılaşdırmaq istəyindən yaranan fərdi inkişaf mövzusu. Bu mövzu hələ də gündəmdədir, əsas ideyası da çox bəsitdir, “özünə inan”. Özünə inana bilirsə sənin kitabını niyə oxusun? “İçə səyahət” –içəridə nə var, nə tapacaq?
Ya da, möhtəşəm tariximizə dair romanlar, poemalar, şeirlər. Keçmişin tərənnümü. İnsanlar tarixi determinizmə inanır, sanki keçmişimiz möhtəşəm olubsa, gələcəyimiz də möhtəşəm olacaq, bir şərtlə ki, biz keçmişimizin möhtəşəmliyi hissini dərindən təcrübə edək. Belə deyil, möhtəşəm keçmiş möhtəşəm gələcəyə zəmanət deyil. Gələcək üçün indi, bu gün, həmişə çalışmaq lazımdır. Hər gün yaratmaq lazımdır. Möhtəşəm keçmişi olan və olmayan, möhtəşəm bu günü olan və olmayan ölkələr var, burda səbəb-nəticə əlaqəsi yoxdur.
– Başqa cür həyatda qalmaq olmaz da?
– Yox, olmaz. Çox dərinə gedəndə elm insanın sağ qalma və yaşadığı mühitə məna vermə instinktindən yaranıb. Canlı uyğunlaşa bilmədiyi, tanımadığı, özü ilə arasında mənalı əlaqə qura bilmədiyi mühitdə sağ qala, nəsil artıra bilməz. Bu gün cəmiyyət olaraq sağ qalmaq üçün sənət və elm ruhunu canlı tutmaq şərtdir.
– AYB-nin fəaliyyəti haqqında nə düşünürsünüz?
– Yaradıcılığın mərkəzləşdirilmiş qaydada təşkil olunacağına inanmıram. Bu köhnə sovet praktikasıdır, siz sosrealizmi tərənnüm edin, biz də sizin maddi ehtiyaclarınızı, rahat yaşayışınızı təmin edək. İnsanları bir yerə yığıb onlara vəsiqə verməklə yazıçı olduqlarını təsdiq etmək olmaz.
Küçələrdə satılan kitablara, məsələn, BDU-nun girişində düzülmüş kitablara baxın. Dağın zirvəsinə montaj olunmuş şair şəkli, ya da əlləri gicgahında dərin təfəkkürə dalmış yazar şəkli görəcəksiniz. Qeyd olunur ki, “yazıçı, publisist, AYB üzvü”dür. Mövzularda çiçək-böcək tərənnümü, bəsit təbiət təsvirləri, ya da nəvəsinin ad günündə yazdığı şer. Məncə AYB yaradıcılıq ətrafında təşkilatlanmayıb, status simvolu kimi “yazıçı vəsiqəsi, AYB üzvlüyü” arzulayanların tələblərinə cavab verir.
Təxminən Türkiyədəki konspirasiya nəzəriyyəçilərinin “araştırmacı gazeteçi yazar, şair” etiketi kimi.
– Əlisa Nicatın da 100 dən çox kitabı var.
– Açığı, “qadınlar ancaq doğmaq üçün yaradılıb, faşizm yəhudilərə münasibətdə haqlı idi, ağdərililər qaradərililərdən zəka baxımından üstündür” deyən birinə mən yazıçı deyə bilmirəm. İstəyir 1000 kitab yazsın, nəyə, kimə lazımdır? Mən məlum hadisədən sonra onun müsahibələrini də oxudum və düşüncələrinin faşizanlığı və bəsitliyi məni heyrətləndirdi.
Daha çox heyrətləndiyim isə, onun nə yazdığını, hansı fikirlərə sahib olduğunu bilməyənlərin dəstək üçün növbəyə durması oldu. Hətta xaricdə yaşayan bir xanım onun kitablarının nəşrinə dəstək olacağını yazmışdı. Sanki bütün vacib kitablar tərcümə olunub, qalıb Əlisa Nicatı təkrar nəşr etmək.
Burdan hansı nəticəyə gəlirik? Oxucu standartlarının çox aşağı olmasına. Bir insan yazıçı kimi ad çıxarıbsa, onu oxumadan da yazıçı kimi qəbul edirlər. Deməli, bizdə yaradıcılıq hələ də yeni axtarışlar yox, status və pafos məsələsidir.
Yaşlı bir yazıçı tanışım var. Ümid edirəm, bu müsahibəni oxumaz. Özüylə çox fəxr edir. Deyir ki, imtahanda bir cümlə yazmışdım Koroğlu dastanı haqqında, hamı bəyənmişdi, “Gör necə tapıntıdır!”. Cümlə belədir:
“Koroğlunun Qıratının nallarından çıxan qığılcım məşəl kimi xalqının gələcəyini işıqlandırırdı”.
Yəni bir insan belə pafosu necə fikirləşə bilər? (gülür)
Yazıçılıq da bizdə alim adı kimi status simvoludur. Bir ildə 158 nəfər filologiya sahəsində doktorluq müdafiə edib, bəs niyə dilimiz lazımınca inkişaf etmir?
Deməli bu adların böyük hissəsi sadəcə bəzək üçün alınır.
– Deyirsiniz ki, cəmiyyətdə yazıçı olmaq bir status simvoludur. Amma yazıçı olmaqla da dolanmaq olmur.
– Hər kəs sahib olduğu status simvolunu ticari uğura çevirə bilmir. Bunun ustaları var, maddi güclə status alırlar, o statusla daha çox qazanırlar.
– Ədəbiyyat əyləndirməlidirmi?
– Belə yanaşsaq, gərək “Bu şəhərdə”ni böyük teatr sayaq. Hərdən baxıram, qəşş edən insanlar arasında tanınmış bir çox sima görürəm və deyirəm ki, onlar necə xoşbəxt insanlardır. Müğənnilərin, ya da yerli şivələrin təqlid edilməsinə cəmiyyət hələ də gülə bilir. Təqlid yumor deyil axı, mexaniki təkrardır. Yumorun intellektual tərkibi olmalıdır, bir an düşünüb incəliyi tutanda aydınlanmalısan.
Bu mənada, əgər desək ki, yazıçı oxucunu əyləndirməlidir, onda “Bu şəhərdə”ni Pantomima teatrı eyni səviyyəyə qoymalıyıq.
Ümumiyyətlə bizdə insanlar istirahətə və əylənməyə ciddi əhəmiyyət verirlər, komfort zonasını çox sevirlər. Bu düşüncə mövzusunda da belədir. Ümid edirəm ki, bu yaradıcı və ya keyfiyyətli və məhsuldar fəaliyyətdən sonra zehnin dincəlməsi prosesidir. Yoxsa insan bu qədər əylənməkdən bezməzmi?
Mən ədəbiyyata dair fikir bildirəndə, ədəbiyyatın insanın ədəbli olmasına, insan-primatın əhliləşməsinə, oxuyub-anlama bacarığının və tənqidi təfəkkürün inkişafına kömək etməli olduğunu nəzərdə tuturam. Kimsə ədəbiyyatın funksiyası haqqında fərqli düşünürsə, mənimlə razılaşmayacaq.
– Ziyalı kimdir?
– Ziyalı dünyada baş verən hadisələri oxucuları üçün şərh edən müəllifdir.
Şərhi ilə oxucuların baş verənləri doğru anlamalarına və doğru qərar vermələrinə kömək etməlidir, sağlam cəmiyyət keşikçisidir, bir növ cəmiyyətin immunitet sistemidir.
– Yalçın müəllim, müasir Azərbaycan ədəbiyyatını izləyirsinizmi?
– Açığı, əvvəlki qədər izləyə bilmirəm. Həm çox gözləntilərim qalmayıb, həm də vaxtım yoxdur.
– Bəs oxuduğunuz, sevdiyiniz müəlliflər kimlərdir?
– Uzun yazılar oxuya bilmirəm. Daha çox təhsil sahəsinə dair, təhsil mövzusunda yazılan məqalələri oxuyuram. Düşünürəm ki, spesifik, seçici olmaq lazımdır.
Marağı çox geniş sahəyə yaymaq olmur. Bilgi və informasiya həddindən çoxdur. Son dövrlərdə ədəbiyyatda haqqı tanınmamış Asimova və elm tarixində və psixologiyada lazımınca əhəmiyyət verilməmiş çox dəyərli müəllif olan Piajenin əsərlərinə diqqət ayırmağa çalışıram. Tərcümə ilə də məşğul olduğum üçün, o da mütaliə sayılar. Ən yaxşı mütaliə, əslində, tərcümə etməkdir.
– Oxu prosesinizi necə qurursuz? Necə oxumalıyıq? Nə oxumalıyıq?
– Yuxarıda dediyim işlə əlaqədar ancaq müvafiq pedaqoji ədəbiyyatı oxuya bilirəm. Gündəlik norma kimi minimum 20 səhifə başqa sahələrdən oxuyuram. Bu da uzun illərin vərdişidir.
Nə oxumalıyıq sualının cavabı, məncə bələdir, insan özünü və yaşadığı mühiti anlamalıdır ilk növbədə. Bunun üçün psixologiya və sosiologiya kimi elmi disiplinləri, fizika və biologiya kimi təbiət fənlərini mütləq oxumalıdır. Həm də oxumağın əhatə dairəsini genişləndirməliyik, sənədli filmlərə baxmaq da oxumaq sayılmalıdır.
– Bizə ən sevdiyiniz beş kitab və beş film deyin.
– Ən çox sevdiyim kino “Pis, yaxşı, zalım”dır. Mən onu ən yaxşı epik drama hesab edirəm. Düşünəndə ki, italyanlar vestern janrında belə uğurlu ssenari yazıb film çəkiblər, bu insan yaradıcılığının və təxəyyülünün gücünü göstərir.
Belə siyahı təqdim etmək, əslində, çaşdırıcı ola bilər. Filmin təsiri yaşa, əhvala, o anda dünyada baş verən proseslərə görə dəyişə bilər. O qədər yaxşı film var ki, onların sayını ən yaxşı beşə qədər azaltmaq mümkün deyil. “Yeddi samuray” bir baxımdan şahəsərdir, Kusturitsanın “Yer altı” filmi başqa baxımdan şah əsərdir.
Sosial şəbəkələrin insanın tənqidi təfəkkürünü necə korşaltdığını və bunu siyasi sistemin səviyyəsini necə aşağı saldığını “Yuxarı baxma” filmində görmək olar.
İnsanın içində olduğu daha qlobal problemi, onun əlacsızlığını kosmik miqyasda görmək üçün “İnterstellar” ideal filmdir.
Kitab mütaliəsi kimi film izləmə zövqünü də formalaşdırmaq uzun illər tələb edir.
Mən düşünürəm ki, insanlar artıq sənədli filmləri də siyahıya əlavə etməlidirlər. Çünki bədii kinolardan heç də geri qalmayan sənədli filmlər var ki, bizim təbiətə təsirimizdən tutmuş digər cəmiyyətlərin həyat tərzinə qədər geniş spektrdə insanın üfüqlərini genişləndirir. Başqa növ canlıların həyat tərzindən bəhs edən sənədli filmlər isə insan fəaliyyəti üzərində refleksiya etmək üçün çox faydalı ola bilər. Onları elmin yığcam şəkildə təqdim olunan məhsuludur.
Ukrayna istehsalı olan “Veşdok” serialını çox bəyənirəm. Yüksək professionallıqla çəkilmiş sənədli-detektivlərdir. “Qara vəzir” və ya “Orion qurşağı” heç bir detektiv filmindən və əsərindən kəm deyil, ki artıqdır, üstəlik, reallıqdır.
Kitablar məsələsində də siyahı yazmağın yanıldıcı olacağını düşünürəm. Məncə, hər kəs uşaq və yeniyetmə psixologiyası və idrakı prosesin mərhələlərinə dair kitablar oxumalıdır. Mütləq şəkildə sosiologiya, psixologiya, fəlsəfə oxumaq lazımdır. Bu sahədə Rassel, Piaje, Saqan, Hokinq kimi müəlliflər var. Sənaye inqilabı, Renessans, Modernizm kimi dövrlər haqqında oxumaq da haradan hara gəldiyimizi görməyimizə və gələcəyə dair refleksiya etməyimizə kömək edər.