Kafka, şübhəsiz, dünyanın ən çox müzakirə olunan yazıçısıdır. Onun haqqında saysız-hesabsız kitablar yazılıb, fikirlər səslənib. Bəs Kafkayla görüşsək, ondan nə soruşardıq? Nə deyərdik ona?
Kulis.az bu barədə yazarlar arasında sorğu keçirib. Cavabları təqdim edirik.
İradə Tuncay
- Deyərdim ki, Qəsrə gedib çıxa bilmədim.
Salam Sarvan
- Əla yazıçıdı e, amma məndən betər maraqsız adam təəssüratı bağışlayır. Söhbətə can atmazdım yəqin ki, eləcə salamlaşıb keçərdim. O cür adamlarla ünsiyyət adamın ürəyini sıxır.
Mahir Qarayev
- Salam verib, keçərdim.
Vilayət Hacıyev
- Onsuz da mən Kafkayla xəyalən tez-tez görüşürəm. Yəni ondan nəsə oxuyanda, ya da tərcümə eləyəndə istər-istəməz görüşməli oluram. Məlum məsələdir ki, ona çoxlu suallar verirəm. Və mən onlara bu xəyali görüşdə cavab axtarıram. Ancaq bunların hamısı subyektiv olur. Şübhəsiz ki, onunla görüşsəm, suallarım çox olardı. O qədər çox ki, hansından başlayacağımı bilməzdim. Ona görə heç nə soruşmazdım, sadəcə ona deyərdim: “Sağ ol ki, həyatı insanlara olduğu kimi göstərdin. Onları özünə tanıtdın”.
Murad Köhnəqala
- Deyərdim, sən Allah, öskürəndə üzünü o tərəfə çevir, ağzını yaylıqla tut, vərəmin mənə yoluxmasın, yazığam, evimdə körpə uşaq var.
Pərviz Cəbrayıl
- Bu sorğu mәndә o fikri oyatdı ki, әdәbiyyat xәyalpәrvәr uşağın tәxәyyülündәn başqa bir şey deyil, onu yaradanlar da böyüyә bilmәmiş bığlı-saqqalı kişilәr, ağbirçәk qadınlardı. Uşaqlıqda bir-birimizә o qәdәr belә suallar verәrdik ki... O mәntiqlә, hә, görüşsәydik... Deyәrdim, atışaq, gedәk vuraq, Kәramәti dә çağırıb tәriflәyәk, onsuz da hamımızın son mәqsәdi öz gәrәkliliyini hiss etmәkdi.
Kənan Hacı
- Kafka o qədər mürəkkəb xarakterli yazıçıdır ki, ona sual vermək də çox çətindir. Soruşardım ki, niyə əsərlərinizdə oxucu üçün çıxış yolu qoymamısınız?
Fərid Hüseyn
- Sizcə, sizin gördüyünüz, dərk etdiyiniz aləm, bizim sizin əsərləri oxuyanda qavradığımız dünyadır, yoxsa biz illərdir yanlış dərketmənin absurdunun labirintlərindəyik?
Əsəd Qaraqaplan
- Frans Kafkaya Solçuluq Dərsi
bunların axırı necə olacaq, Frans Kafka?
bu – Qəsrin həndəvərindəkilərin
Qəsrdən xəbərsizlərin – yəni bizlərin...
mənə elə gəlir ki, hamımız bir az solçuyuq
onlar – Qəsrdəkilər daha çox solçu...
şəxsən mən, Frans Kafka
səndən yaxşı olmayım
solçu olmamaqçün bir az solçuyam
onlar – Qəsrdəkilər
solçu olduqlarıyçün daha çox solçudular...
atamın Qəsrdə doğulduğu olmayıb
anamın heç
şəxsən mən, Frans Kafka
səndən tez yorulmayım
Qəsr pilləkənlərində yoruluram
Qəsrdə yaşamaqla Qəsrin arzusuyla yaşamağın fərqi ayrı...
şəxsən mən torpaq döşəli
birmərtəbəli kənd evində doğulmuşam
səndən yaxşı olmasın, Frans Kafka
qəzəbli atam vardı
xəstə anam
şəhərə gəlməmişdən çıxdığım ən hündür yer
evimizin önündəki palıd ağacının başıydı...
mən daş nədi beton nədi Qəsr nədi bilmirdim
hətta uşaqlığımın beş-altı ili keçən
Sovet Sosialist Respublikasında belə
bildiyim tək şey TORPAQdı, Frans Kafka...
bunların axırı necə olacaq?
bu – Qəsrin həndəvərindəkilərin
Qəsrdən xəbərsizlərin...
şəxsən mənim, Frans Kafka
səndən yaxşı olmasın
axırım çoxdan çatıb
böyrəyimdəki daşın düşmə ehtimalı
mənim yenidən bu həyatın
ritminə düşməyimdən daha çoxdu
səndən yaxşı olmasın, Frans Kafka
daha mənim solçu olmaq ehtimalım da yoxdu...
Aqşin Evrən
- Ötən əsrdə Kafka insan tənhalığını, kimsəsizliyini, təkliyini heyvan tənhalığı vasitəsi ilə göstərdi. Bizim əsrdə bu çevrilmə daha təhlükəli hal alıb: insan başqa bir canlıya, məsələn, heyvana yox, cansız robota çevrilir və bir qismimizdə artıq bu çevrilmə başa çatıb, tam şəkildə reallaşıb. Kafkaya məhz bu texnoloji çevrilmə ilə bağlı sual verərdim. Mənə maraqlıdır, bəşəriyyət bu labüd çevrilmədə nələri itirəcək?
Ayxan Ayvaz
- Bizim Müşfiq Şükürlü var. Sənə oxşayır. Amma özü bunu qəbul etmir və səni bəyənmir. Özünə bənzəyəni tanımaq istəyərdin?
Mübariz Örən
- Qreqor Zamzanı xəbər alardım, soruşardım ki, “Çevrilmə”ni yazmazdan qabaq Ramiz Rövşənin “Soyuyur” şerini oxumuşdumu?
İlqar Rəsul
- Deyərdim, xəbərin var, camaatı dəli eləmisən? Əlinə qələm, klaviatura alanın bir qismi sənə oxşamağa cəhd edir. Nəticədə heç özləri də ola bilməyib gül kimi ömrü zay edirlər.
Mirmehdi Ağaoğlu
- Soruşardım ki, sən niyə bankdan çıxdın?
Rəbiqə Nazimqızı
- Deyərdim, yekə yazıçısan, səndən təsirlənib, süni kədər selinə düşəcək, bir ömür ağlaşma quracaq, neqativizmi ilə boğazınıza çöküb, ömrümüzü yeyəcək adamları düşünmədinmi?
Ramil Əhməd
- Kafkanı görsəydim, onu narahat etməmək üçün yanına yaxınlaşmazdım. O, tanımadığı birinin onunla söhbət etməsini heç istəməzdi. Düzdür, çex yazıçısı Qustav Yanuçun “Kafka ilə müsahibə” kitabını həyəcanla oxumuşdum. Dönəmin tarix, sosiologiya kitabları və digər müəlliflərlə paralel oxunduğunda Kafkaya veriləcək sualların cavabının mətnlərində olduğunu düşünürəm. Sadəcə şəxsi həyatıyla bağlı suallar vermək olar, mənimsə belə bir sualım və gözlədiyim bir cavab yoxdur.
Müşfiq Şükürlü
- Soruşardım ki, bu dərəcədə yad, anlaşılmaz və itələyici olub bu qədər sevilməyinizin səbəbi nədir? Ədəbiyyatı yaxşı bilməyiniz, yoxsa acı çəkməyiniz?