Kulis.Az APA Holdinq-in prezidenti Vüsalə Mahirqızının rəhbəri olduğu Azəri Press Agentliyinin (APA) 12 yaşının tamam olması münasibəti ilə Unikal.orga verdiyi müsahibəni təqdim edir.
- Vüsalə xanım, yəqin ki, APA-nı yaradarkən qarşınızda müəyyən hədəfləriniz olub. O hədəflərə çatmısınızmı?
- Deyərdim 90 faiz nail olmuşuq. Çünki mənim hədəfim APA-nın Müstəqil Dövlətlər Birliyinin ən yaxşı, ən böyük agentliklərindən biri olmasıdır. Əlbəttə, APA artıq MDB-də tanınan, istinad olunan bir agentlikdir. Qərbi Avropa mediası da bizə istinad edir. Qonşu ölkələrlə sıx təmaslarımız qurulub. Hesab edirəm ki, APA-nın hələ də böyümək imkanları var. Daha bir neçə dildə yayımlanmaq mümkündür. Bir az daha analitik agentliyə çevrilmək olar. İnternet texnologiyalarının inkişafı, yeni imkanların ortaya çıxması, sosial şəbəkələrin yaranması yeni hədəflərin müəyyən olunmasını tələb edir. Biz APA-nı yaradarkən sosial şəbəkələr yox idi. Amma indi tamamilə fərqli tendensiya var. Bilmirik sabah hansı sürprizlə üzləşəcəyik. Yeni internet alətləri gəldikcə biz APA-nın onlara inteqrasiyasını təşkil edirik. Daha çox işlər görmək olar. Təbii ki, bunların bir hissəsi maliyyə, digər hissəsi kadr potensialı ilə bağlıdır. Başqa bir hissəsi ofis təminatı ilə bağlıdır. Baxmayaraq ki, bu ofis çox böyükdür, amma, hazırda yeni işçilər götürmək üçün yer yoxdur. Müəyyən işlər var ki, onların görülməsində abyektiv və subyektiv amillərin rol oynayır.
-Yəqin, qarşıda yeni layihləriniz də var...
-Əlbəttə var. Mən layihələri əvvəlcədən açıqlamağı xoşlamıram. Bu barədə danışanda həmin layihələrin oxşarlarını yaradırlar. Azərbaycan mediasında yeni layihələrin yaranmasına hər zaman sevinirəm. Hesab edirəm ki, onlar bizə heç də mane olmurlar. Bəzən təəssüflər olsun ki, layihələri elə vəziyyətdə yaradırlar ki, sonra adamın yaratmaq istədiyi də gözündən düşür. Biz hazırda işimizi ən çox internet biznesin üzərində qurmuşuq. Daha çox xəbər şirkətindən internet şirkətinə çevrilməyi istəyirik. Yeni layihələrimiz də bu istiqamətdə olacaq.
- Pul qazanmaqdan söz düşmüşkən, ölkədə medianın reklam bazarında vəziyyət necədir?
-Çox təəssüf ki, indiki durum zəifdir. Digər sahələrdən o qədər də məlumatlı deyiləm. Böhran vəziyyəti keçsə, internet media şirkəti olaraq bizim bu sahədə kifayət qədər pul qazanmaq imkanlarımız olacaq. Bütün biznes vasitələri sürətlə internetin üzərinə gəlir. Əhalinin də informasiya əldə etməsində əsas rolu internetdəki media qurumları, sosial şəbəkələr oynayırlar. İndiki vəziyyətdə xəbər saytlarının, agentliklərin durumunu çətinləşdirən amillərdən biri sosial şəbəkələrin önə çıxmasıdır. İnternet saytına aylıq 1000-1500 manat xərcləyib götürüləcək reklam effektini bəzi sahibkarlar hesab edirlər ki, 100-150 manata sosial mediada əldə edə bilərlər. Əlbəttə, sosial media heç bir halda internet saytların verdiyi effekti vermir. Təəssüflər olsun ki, bu cür düşüncə var. Mən hesab edirəm ki, burada biz dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən istifadə etməliyik. Azərbaycandakı reklam və araşdırma şirkətləri ilə biz belə əməkdaşlıq edirik. Saytların yeni reklam strategiyasını qurmaq, reklam bazarının yenidən araşdırılması və müştəriyə yeni xidmətlər təklif olunması əsas prioritetdir. İnternetin, o cümlədən saytların hədsiz imkanları var. Burada söhbət təkcə nəyisə göstərməkdən, yaxud hansısa alınacaq malın reklamından getmir. Burada PR və digər imkanlar mümkündür. Hesab edirəm ki, internetdə sənayeləşmiş, marketinqini quran şirkətlər yaransa, yaxın gələcəkdə rahat reklam almaq mümkün olacaq. Ümumiyyətlə, dünyada internet bazarı cəlbedici bazara çevrilib. Ona görə də internetdə reklam vermək istəyən yerli və xarici şirkətlərin sayı artacaq. Bizim reklam bazarlarımız çox kiçikdir və büdcələr aşağıdır. İndiki halda reklam bazarı ilə bağlı problemlər var. Ancaq nikbinəm. Çünki, istehsalçı da, istehlakçı da internetdədir. Bizim o mühitdən müsbət yararlanmağımız üçün bir az işləməyimiz lazımdır.
-Dövlətin elektron mediaya dəstək verməsi ilə bağlı Milli Məclisdə təkliflər səsləndirilib. Siz media holdinq rəhbəri olaraq bu barədə nə düşünürsünüz?
-Bu gün əsas informasiya siyasəti ilə bağlı ağırlıq internet medianın üzərinə düşür. Bir müddət əvvəl mən deyirdim ki, elektron KİV-lərə dövlət tərəfindən dəstəyə ehtiyac yoxdur. Sağlam rəqabət olsa, internet media şirkətləri yaranaraq normal fəaliyyət göstərəcəklər. Baş vermiş devalvasiyalar və bir çox proseslər dövlət tərəfindən internet mediaya dəstəyin əhəmiyyətini artırır. Mən jurnalistlərə maaş verilməsini nəzərdə tutmuram. İnternet medianın maddi-texniki bazasının gücləndirilməsi bu gün əsas prioritetlərdən olmalıdır. Bəzən bizdə bu işlə məşğul olmayan insanlarda belə təsəvvür yaranır ki, bir domen alıb sayt açmaq və fəaliyyət göstərmək çox rahat işdir. Biz internet media ilə bağlı dünyadakı tendensiyanı, irəliləməni izləsək internet media şirkəti qurmağın televiziya yaratmaqdan daha çətin olduğunu görərik. Maddi texniki bazanın yradılması çoxlu vəsait tələb edir. Bu, eyni zamanda informasiya təhlükəsizliyi məsələsidir. Dünyanın bir çox ölkələri özlərinin virtual ordularını yaradıblar. Çünki artıq real cəmiyyətlə yanaşı virtual cəmiyyət də var. İstənilən məsələ virtual cəmiyyətdə müzakirə olunur və ölkənin ictimai həyatına nüfuz edir. Artıq virtual cəmiyyətin real cəmiyyətə təsiri artıb. Onu da nəzərə almaq lazımdır ki, biz müharibə şəraitində olan bir ölkəyik. Cəbhədə müxtəlif vaxtlarda bir neçə dəfə gərginlik yaşandı. Aprel ayında baş verən hadisələrdə bizim saytlar daha az təhlükə ilə üzləşdi. Çünki maddi texniki bazamız əvvəlkinə nisbətən daha güclü idi. Düşmənin kiberhücumlarına tab gətirən resurslarımız sayəsində vəziyyətdən alnıaçıq çıxa bildik. Bütün hallarda internet media resurslarına dövlət dəstəyinin olmasının tərəfdarıyam.
-Qeyd etdiniz ki, müxtəlif ölkələrdə müxbir bürolarınız fəaliyyət göstərir. Həmin postlarda çalışmaq üçün xarici dil bilən jurnalistlərə ehtiyac var. Bununla bağlı APA-da vəziyyət necədir? Bu cür kadrları tapmaqda çətinlik çəkmirsiniz?
- Bu sahədə vəziyyət ürəkaçan deyil. Ümumiyyətlə, Azərbaycanda xarici dilli jurnalistlərin tapılması, onların işə götürülməsi üçün ciddi əmək sərf olunur. Biz jurnalistlərimizi dil kurslarına göndəririk. Səfirliklər və müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək onların peşəkarlığının artırılması istiqamətində iş görürük. Tez-tez səfirlərlə görüşlərim olur. Bütün görüşlərdə demək olar ki, əsas müzakirə mövzularımızdan biri məhz jurnalistlərin xarici təcrübəni öyrənməsi məsələsidir. Jurnalistlərimizin peşəkarlığının artırılması üçün xarici ölkələrin təcrübəsinin öyrənilməsi çox vacibdir. Bizim üçün hazırda əsas məsələlərdən biri də budur ki, xarici dilli saytlar yaradaq. Xaricdə olan jurnalistlərimizin olduqları ölkənin dilini bilməsi əsas standartdır. Çünki belə olmadığı təqdirdə həmin ölkələrdə işləmək mümkün deyil. Bir müddət öncə bu problemin aradan qaldırılması üçün Dillər Universitetini bitirmiş şəxslərin bu işə cəlb edilməsini təklif etmişdim. Onlara jurnalistika fakültəsində altı aylıq, yaxud, bir illik kurslar da təşkil etməyin mümkünlüyünü qeyd etmişdim. Bu məsələdə yenə də gəlirik maliyyənin üzərinə. Ən azı bir əcnəbi dil bilən adam hansısa xarici şirkətdə yüksək maaşı qoyub aylıq 600-700 manata jurnalist işləmək istəməz. Həmin insan ən azı 1000 manat maaş tələb edəcək. Azərbaycanda bu pulu əməkdaşına verə biləcək az sayda media qurumu var. Göründüyü kimi, məsələnin mahiyyətində maddiyyat dayanır. Mən hesab edirəm ki, bu problem Azərbaycanda xarici dillilərin sayının çoxalması ilə öz həllini tapacaq. Azərbaycan mediasının daha çox pulu olacağına və xarici dil bilənlərin məhz medianı seçəcəklərinə ümid edirəm.
-Hazırda bu istiqamətdə universitetlərlə əməkdaşlıq edirsinizmi?
-Bizim Bakı Slavyan və Bakı Dövlət Universitetləri ilə rəsmi müqavilələrimiz var. Bu universitetlərin həm tərcümə, həm də jurnalistika fakültəsinin tələbələri hər il təcrübələrini bizdə keçirlər. Bizim əməkdaşlarımızdan bir neçəsi həmin təcrübəyə gələnlərdən seçiliblər. Məsələn, Rusiya büromuzun əməkdaşı bu formada işə qəbul olunub. Adlarını çəkdiyim universitetlərlə biz qarşılıqlı şəkildə bəhrələnirik. Mən və bizim holdinqin əməkdaşları həmin universitetlərdə tez-tez "Master-klas”lara dəvət olunuruq.
-APA-nın yaxın gələcək üçün başqa hansı ölkələrdə müxbir postları yaradıla bilər?
-Bizim Amerikada müxbir postumuz var idi. Sonradan müəyyən səbəblərdən bu büronun fəaliyyətini dayandırdıq. Azərbaycan və Qafqazı tanıyan, ingilis dilli peşəkar işçi tapa bilmədik. Bu istiqamətdə müəyyən işlər görülür. Çox güman ki, yaxın aylarda Amerikadakı müxbir postumuzu bərpa edəcəyik. Hazırda bizim üçün əsas prioritet bu büronu bərpa etməkdir. Bundan başqa dünyanın müxtəlif qaynar bölgələrinə əməkdaşlarınızı ezam edirik. Böyük səviyyəli tədbirlər olanda Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar və onların mərkəzi ofisi Cənubi Qafqazla bağlı məsələlərin müzakirə olunduğu beynəlxalq tədbirlərə maliyyə hissəsini üzərlərinə götürməklə əməkdaşlarımızı dəvət edirlər. Biz həmin tədbirləri işıqlandırırıq.
-APA-nın şinelindən çıxan bir çox jurnalistlər oldu ki, özləri ölkədə ictimai fikrə təsir edəcək qüvvədə olan layihələrə rəhbərlik edirlər. Onlara qarşı qısqanclıq yoxdur?
- APA-nı qurmağa başlayanda Nurşən Quliyevlə ilk müzakirələrimizdə məqsədlərimizdən biri də bu idi. Qarşımıza belə bir məqsəd qoyduq ki, sonradan Azərbaycanda internet medianın formalaşmasında rol oynayacaq əməkdaşlar cəlb edək. Sevinirəm ki, bizim bu sahədə yaxşı uğurumuz var. Azərbaycanda bir çox media qurumlarının rəhbərləri, rəhbərliyində təmsil olunan şəxslər, mətbuat xidmətlərində çalışan insanların böyük bir hissəsinin yolu APA-dan keçib. Mən buna yalnız sevinirəm. Ona görə sevinirəm ki, onlar harada olmaqlarından asılı olmayaraq APA məktəbini və onun ənənələrini yüksək tuturlar. Heç olmasa, 95 faizi APA-ya sadiqliklərini qoruyub saxlayırlar.
-Onların getməyinə təəssüfləndiyiniz zamanlar olurmu?
- Qətiyyən təəssüflənmirəm. Yaxın günlərdə bizim redaktor heyyəti ilə söhbət edəndə onlar maraqlı fikir səsləndirdilər. İstənilən media qurumuna baxdıqda onun qızıl və səngimə dövrlərini yaşadığını görərik. Mən şadam ki, APA-da qızıl dövr hələ də bitməyib. İndinin özündə də APA-da işləyən əməkdaşlar kifayət qədər tanınmış insanlardırlar. APA bu gün də yaxşı imzalarla işləyir. O zaman təəəsüf hissi keçirərdik ki, fəaliyyətimizdə bir eniş olardı. Ancaq ötən zamanlarda olduğu kimi APA bu gün də özünün qızıl dövrünü yaşayır. Gedən əməkdaşların hər birinə sadəcə uğur arzulayıram.
-İstinad məsələsində saytların ciddiliyi nəzərə alınır, yoxsa...
-APA agentliyinin siyasəti bundan ibarətdir ki, heç bir quruma istinad etmirik. Çalışırıq ki, xəbəri özümüz tapaq. Ola bilər ki, hansısa əməkdaşın səhlənkarlığı olsun. Oğurluq hallarının şahidi olduğumuzda o xəbəri dərhal yığışdırırıq. Reallıq budur ki, ölkədə xəbərlərin böyük əksəriyyətinin gəldiyi mənbə APA-dır. Amma bizim digər saytlarımız və televiziyamızda xəbərin götürüldüyü mənbəyə istinadın olmaması mümkünsüzdür. Mən və qurum rəhbərləri bunu bilsə, həmin əməkdaşlar ciddi cəzalandırılır. Hətta bizdə buna görə işdən çıxarılan əməkdaş olub. Xəbər götürülübsə istinad edilməlidir.
-APA agentliyinin əziyyətini çox çəkimisiniz. Yəni, məhz bu agentlik Sizi tanıdıb. Hiss olunur ki, agentliyə daha həssaslıqla yanaşırsınız. Digər layihə rəhbərləi bunu qısqanclıqla qarşılamırlar?
-O birilərinə bir az xoş gəlmir. Hər kəs bilir ki, mənim jurnalist olaraq imzam APA ilə tanınır. O biri brendlərin arxasında başqa imzalar dayanır. Mənim adım daha çox APA ilə assosiasiya olunur. Mən bununla fəxr edirəm. Bir işin fəhləliyini edəndə o iş sənin üçün daha doğma olur. APA üçün xəbər yazmışam, tapmışam. İndi şirkət böyüyüb. 200–dən çox əməkdaş var. Ayrı-ayrı qurumlar və onların rəhbərləri fəaliyyət göstərir. Onların yaranma prosesində mən yalnız menecer kimi iştirak etmişəm. Amma APA üçün mən müxbirlik etmişəm. Ona görə agentliyin mənim üçün yeri başqadı.
-Azərbaycanda devalvasiyanın yaratdığı bir çox problemlər müxtəlif sahələrdə özünü biruzə verdi. Sizin şirkət bunu necə hiss etdi?
-Bizdə də çətinliklər hiss olunur. Əməkdaşlarımızı ixtisar etmədik. Müəyyən xərclərdə xeyli ixtisar etməli olduq. Yeni bürolar yaratmaq istəyirdik. Onları müvəqqəti olaraq təxirə saldıq. Təbii ki, bütün qurumlar kimi biz də öz xərclərimizə baxdıq. İqtisadi çətinlik ciddi reklamçı itkisinə səbəb oldu. Azərbaycanda son bir il ərzində 10 bank bağlandı. Həmin bankın 10-nu da bizim abunəçimiz idi. Təkcə bu göstərir ki, bizim büdcəmizdən nə qədər vəsait getdi. Bu da normal idi. Çalışırq ki, əlimizdə olan imkanlardan istifadə etməklə əməkdaşlarımızı ixtisar etməyək. Bizim əsas konsepsiyamız minimal heyyətlə çalışmaq olub. Bir işi iki nəfər görə bilərsə, orada beş ştat yaratmamışıq. Ona görə də bizdə ixtisarın baş verməsi iş prosesində ciddi problemə səbəb ola bilərdi. Əmək haqlarını nə azaltdıq, nə də artırdıq.
- Müsahibələrinizin birində belə bir fikir səsləndirmidiniz ki, "APA-dan gedən geri qayıtmır”....
-Bəli. Bu bizim şirkətin qaydasıdır. İşə gələn hər kəsə bu deyilir. Biz çalışırıq ki, əməkdaşlarımızla uzun müddət bir yerdə işləyək. Burada yəqin ki rəhbər olaraq mənim xarakterimin də rolu var. Mən insanlarla uzun müddət işləməyi sevirəm. Tanıdığın insanlarla işləmək daha uğurlu olur. İlk gündən işə başladığımız insanların böyük əksəriyyəti hələ də burada çalışır. Rəhbər işlərdə 10 ildən aşağı stajla işləyən yoxdur. Əgər kimsə bizim və ya özünün verdiyi qərardan gedirsə, yollarımız ayrılırsa, bu o deməkdir ki, həmin insanın şirkətə verəcəyi, bizim də ondan alacağımız bitib. Ona görə də getməmişdən öncə ciddi şəkildə düşünmək lazımdır.
-Uzun müddət Sizinlə işləyib və özünün istəyi ilə gedən əməkdaşınız olubmu ki, onun gedişinə təəssüflənəsiniz?
- Əlbəttə. Təəssüfləndiyim əməkdaş olub. İş prosesində mənim qəbul etdiyim qayda belədir: "Menecer lazım olanı edəndir, istədiyini edən yox”. Mən şəxsi xarakterim və istəklərimlə bağlı heç vaxt qadağalar tətbiq etməmişəm. Burada mənim istəyimin rolu yoxdur. Bu şirkətin prinsipidir. Bu prinsipi də şirkətin rəhbərliyində təmsil olunan insanlarla birgə qəbul etmişəm. Gedən jurnalistlər olub ki, mən istəmişəm onlar burada davam etsin. Heç zaman əməkdaşlara gələn böyük təkliflərin qaşrısını kəsməmişəm. Təəssüf ki, o jurnalistlərin bəzilərini buradan aparandan sonra arxa plana keçiriblər, buradakı məşhurluqlarını itiriblər, bir müddət sonra işsiz qalıblar və.s. Onlara verilən vədlərin doğrulmadığı məqamlar da olub. Bu məni incidir. Amma edə biləcəyim bir şey var. Mən onların əksəriyyəti ilə yaxşı dostam, bunun işgüzar münasibətlərə bir dəxli yoxdur. Bu şirkət üçün bir cümlə belə yazmış hər kəsə minnətdaram.