Son illərin maraqlı sosial və psixoloji fenomenlərindən biri "gənc şair" fenomenidir. Ümumiyyətlə, bu qədər çox sayda gənc niyə şer yazır ki? Nə üçün o şerlərin mövzusu üç-dörd hissin əhatə dairəsindən kənara çıxmır? Bir gəncin həyat təcrübəsi nə qədərdir ki, çoxluğun hisslərinə tərcüman olmaq istəyir? Emosiyaların yaratdığı problemləri psixologiyanın köməyi ilə daha yaxşı müəyyən edib çıxış yolu tapmaq varkən.
Tipik bir gənc şair "yaradıcılıq böhranları"ndan sonra bir fraza, bədii ifadə "kəşf edir" və qəlbiqırıq romantiklər bir anda fərq edirlər ki, illərdir əzabın çəkib adını qoya bilmədikləri bu hala şair ad qoymuşdur. Oxucu özünü epik-dramatik hadisələrin mərkəzində görür, böyük hisslərin insanı olduğuna inanır, şair məşhurlaşır, sonra isə məşhurluğunu qorumaq üçün ya aydınlanma hərəkətimizin nümayəndələrini qaralayır ya da əcaib bəyanatlar verir. Şair, bir status əldə etmək istəyir və bunun asan yolu olaraq şər və skandalı görür. Problem həmin şairi dəstəkləyən və uzun-uzun ona yazdıqlarının səhvini izah etmək istəyən, elə ya da belə yenə şairlə hesablaşan oxuculardadır. Oxucunun həyat təcrübəsi və mütaliəsi kafi olmadığı üçün tələbkar olmur. Ona görə də əsərləri, tərcümələri, əcaib bəyanatları müəyyən standartlara görə qiymətləndirə bilmir. Oxucu tələbkarlığı olmadığı üçün ədəbi əsərlərin mövzularının əhatə dairəsi, tərcümələrin keyfiyyəti, fərqli mövzulara dair kitabların yayılması prosesi baş vermir.
Bugünkü bir xəbərdə rayonlardan birində, bir gündə erkən nikahın qurbanı olmuş 4 şəxsin xəstəxanaya gətirildiyi yazılıb. Bəşəriyyətin çoxdan üzərində razılaşdığı məsələləri biz hələ müzakirə edirik. Müzakirə nə zamansa bitsə, problemin həlli yollarını düşünəcəyik. Dünyanın düz olduğunu iddia edənlərlə uzun-uzun mübahisəyə girən, müxtəlif dəlillər gətirən insanlar oldu yaxınlarda. Yunanların 2500 il əvvəl həll etdiyi, elm və texnologiyanın dəfələrlə təsdiq etdiyi bir məsələni özünü bilməzliyə vuran insanlara sıfırdan izah etmək vaxt itkisidir.
Mən şairlərin əcaib bəyanatlarına yox, etiraz və dəstəkləriylə bu bəyanatların yayılmasını doğru hesab etmirəm. Erkən nikah haqqındakı şair statusunu dəstəkləyən fb dostlarını, aralarında şəxsən tanıdıqlarım olanları da dostluqdan çıxardım. Fəlsəfi biliyinə çox ümid etdiyimiz bir şəxs də "mənə inanın, mən ancaq mənə inananlara nəsə öyrədə bilmişəm" deyərək şübhə və marağın fəlsəfəsinə inamı gətirirsə, bizdə bir az tanınan kimi nədən lazımsız mübahisələr yaradır, qədimliyə gedir, mistikanı, sufizmi, quruları təbliğ edir, sınanmış yollardan çıxırlar deyə anlamaq olmur.