“Onsuz da hamı aldadır...” – Bərbərxanadan REPORTAJ

“Onsuz da hamı aldadır...” – <span style="color:red;">Bərbərxanadan REPORTAJ
15 oktyabr 2017
# 16:35

Zahid Xəlilov küçəsindəki əzəmətli “navastroyka”nın altında arı yeşiyi boyda bir bərbərxana var. Doğrudur, qapısındakı qırmızı lövhədə iri və sarı hərflərlə “Kişi salonu” yazılıb. Amma, inanın mənə, bu kiçikliklə “salon” sözü heç cür uyğun gəlmir.

Ayda ən azı bir dəfə, bəzən iki dəfə yolumu burdan salıram. Saç ustam olduqca maraqlı adamdır. Çoxbilmiş, dilavər, zarafatcıl, ayıq-sayıq...

İnanın, hər dəfə gedəndə əhvalımdan asılı olmayaraq kefim açılır. Hər dəfə də düşünürəm ki, onunla bağlı bir yazı yazmaq lazımdır. Dünən qərara gəldim ki, artıq bu parlaq ideyamı gerçəkləşdirim. Əslində, bu adam məni zorla özü haqda yazmağa məcbur elədi. Rəftarını, danışığını, kitaba, oxumağa, həyata münasibətini görüb yazmaya bilmədim. Sizə deyim ki, bu o qədər də asan olmadı. Çünki ondan müsahibə almamışam. Amma ayrı-ayrı vaxtlarda dediklərini dəftərimin küncünə qeyd eləmişəm. Orxan Pamuk son romanı üçün bozaçılarla söhbətləşə bilir, biz bir məqalə üçün bərbərdən qeyd-filan götürə bilmirik?!

Beləliklə, ayrı-ayrı vaxtlarda saçımı düzəldə-düzəldə, bəzən əlini işdən saxlayıb sağa-sola ölçə-ölçə ağzındakı qoruyucu tənzifi çıxarmadan elədiyi söhbətləri şərti olaraq zamana və mövzulara bölürəm. Oxuyun, məmləkətin maraqlı adamlarından daha birini yaxından tanıyın.

A. günü. Özü barədə

- Adım Azər, familiyam İsgəndərovdu... 1968-ci ildə Cəlilabadda doğulmuşam. Ali təhsilliyəm. AZİ-ni bitirmişəm. Energetika fakültəsini... İnstitutu bitirən kimi “Azneftə” getdim, Suraxanıda Dalma qurğuların təmiri və istismarı idarəsində energetik kimi işə düzəldim. Necə başa salım səni... Zaqafqaziyada quruda neft çıxaran yeganə idarəydik. Tez bir vaxtda böyük usta vəzifəsinə qədər qalxdım. Amma 90-ların əvvəllərində maaşlarımızı vermədilər. Məcburən işimdən ayrılmalı oldum. İki-üç il bir qohumumun kafesində bufetçi işlədim. Sonra keçdim bu sənətə.

B. günü. Bufetdə

- Pis vaxtlar idi. Sanki həyatı alınmayan bütün ölkə ziyalıları Günəşlidəki bu kafeyə tapınmışdılar. Gəlib yüz-yüz içirdilər. Limonla... Almayla... Çox pis olurdum. Ağrıyırdım. Amma özümü araqdan qoruya bildim. Əvvəla, iş vaxtı içə bilməzdim. İkinci, bilirdim ki, içki çıxış yolu deyil. İndi də uzağam içkidən. Belə, olur arada-bir. Toyda, ad günündə... Onda da lap azca... Bir dəfə kafemizə bir Qarabağ veteranı gəldi. Deyəsən, kontuziya almışdı. Çox əsəbi idi. İçdikcə daha da aqressivləşirdi. Müştərilərin biriylə sözü çəpləşdi, cibindən “limonka” çıxartdı ki, dağıdacam buraları (gülür). Heç kimi eşitmədi. Axırda mən yalvar-yaxar eləyib birtəhər yola gətirdim.

C. günü. Sənətə gəliş

- Elə bərbərliyi də həmin kafedə öyrəndim. Füzulidən Tehran adlı oğlan vardı. O öyrətdi məni. Əvvəl-əvvəl kafenin yaxınlığında duran “pastavoylar”ın saçını düzəldirdim. Necə deyərlər, dəlləkliyi polislərin başında öyrəndim (gülür). Onlar saçlarını gödək vurdururlar axı. Həm də papaq qoyurlar deyə, bərbərin naşılığı o qədər də bilinmir (yenə gülür). Amma sənəti ciddi-ciddi öyrənmək üçün pul xərcləməli oldum. Özəlləşdirmə kartlarımızın dördünü də iki yüz dollara satdım, ustaya verdim ki, məni yaxşıca öyrətsin. İncəvara tez götürdüm.

Ç. günü. Kitablar

- Uşaqlıqdan manyak kimi kitab oxuyan olmuşam. Kimi deyim? Hüqo, Drayzer, Məmməd Səid Ordubadi, Axundov, Cəlil Məmədquluzadə, hətta Homerin “İliada”sı... Arada Leninin əsərlərinə də girişdim. Gördüm çoxu məktublardı, çıxışlardı mənə maraqsız gəldi. Atam qorxurdu ki, kitab oxumaqdan dəli olam. Çörək yemək də yadıma düşmürdü. Ona görə atam kitablarımı alıb qoydu “tumbuçka”ya, qapısını da bağladı. Hərdən birini verirdi ki, az oxuyum. Sonra dolanışıq çətinləşdi, kitab oxumağa vaxt tapa bilmədim. Vəziyyətim təzədən düzələndə bir də qayıtdım kitablara. Baxdım ki, müasir dövrün yazarlarını oxuya bilmirəm. Məncə yaxşı yaza bilmirlər. Bircə Elxan Elatlını bəyənirəm. Onun bütün kitablarını oxumuşam. Bilirəm, siz onu bəyənmirsiz o qədər, amma mən bəyənirəm. Elxan Elatlı hadisələri maraqlı yaza bilir. Sənin “Xanım T.” Kitabını da oxumuşam. Özün vermişdin mənə, yadında olar. O kitabı da bəyəndim. Sadəliyi xoşuma gəldi. Kitabı oxuyanda sənin səsini eşidirdim. Elə bil özün danışırdın əhvalatları.

D. günü. Dolanışıq

- Şükür Allaha, qazancımdan narazı deyiləm. Fəhlə babayam. Zəhmətimlə dolanıram. Məncə, heç kimin minnətində yaşamırsansa ən qoçaq adam sənsən. Bu sənətlə ev aldım, uşaq oxutdum. İki qızım var. Biri xarici dilləri bitirib, o biri Politexnikdə oxuyur. Düzdü, oxumaq mənə heç nə vermədi, amma övladlarımı kitabdan ayrı qoymadım. İnsana oxumaq qalacaq. Yadındadı, hər dəfə mənnən zarafatlaşırdın ki, bir sənsən, bir də Tağı Əhmədov – qiymətləri qaldırmırsız (gülür). Tağı Əhmədov qaldırdı metronun qiymətini, hətta vəzifədən də getdi, mən yenə qaldırmadım. Gözüm toxdur. Dolanıramsa, mənə bəsdir. Çoxlu varlı müştərilərim var. Bilirsən də, bu binada (qayçını altdan yuxarı dikəldir) babat adamlar qalır. Yanıma gələn çoxdur. Bəzən kasıblar varlılara qəzəbli olur, varlılar isə onlara üstdən aşağı baxır. Amma inan, çox sadə, mütaliəli, mədəni varlılar var müştərilərimin arasında. Mənə artıq pul da vermək istəyirlər, razı olmuram. Bircə maraqlı cəhətləri var: məndən sadə insanların vəziyyətini soruşurlar, nə düşündüklərini, nə danışdıqlarını öyrənmək istəyirlər... Məncə, ehtiyat edirlər onlardan.

E. günü. Musiqi. Kino. Efir.

- Mənimki klassik musiqidi. Şövkət, Rəşid. Akif İslamzadəni elə də xoşlamıram. Mirzə Babayev yaxşıdı. Mübariz Tağıyevi ona görə bəyənirəm ki, arada vətənpərvər mahnılar oxuyur. Yoxsa... Nə bilim? Röyadan zəndeyi-zəhləm gedir! Onun bir yiyəsi yoxdu? Azərbaycanın köhnə kinolarını sevirəm. Elə internetdən də ən çox buna görə istifadə edirəm. İndi kino çəkə bilmirlər. Gürcü kinolarından “Əsgər atası”, bir də “Küp” çox xoşuma gəlib. O, adam küpün içində yumalanır eee (ürəkdən gülür). Müsibətdi... Televizora baxa bilmirəm. Baxma ki, burda həmişə açıq olur (əlini küncdəki kubik-rubik boyda rəngli televizora uzadır). O şapaqat açan qadın nə idi? Ay Allah! Ona aparıcı demək olar? Tanıyırsan onu?

Dünən. Mənim haqqımda

- Saytınıza girirəm arada. O günü bir yazını oxudum. YouTube-un pis işləməsi barədə... Öldüm gülməkdən. Məndə də pis işləyir internet. Bezdirir. Halbuki, aylıq abunə haqqını vaxtı-vaxtında ödəyirəm. Maraqlı yazmışdın. Toyları boykot eləməyiniz də çox xoşuma gəldi. Ağını çıxarıblar tamam. Mənim özümü bəzən bir ayda 7-8 toya çağırırlar. Sizin kimi bəyanat verməsəm də, getmirəm. Amma bircə fikrinlə razı deyiləm. O nədi, demişdin ki, Fikrət Qoca niyə ölməyib? (Gülür). Biz də bir gün qocalacağıq. Məncə, incimə, kobudluq eləmişdin. Adam elə söz deməz. İllah da, yazı-pozu adamısansa... (Güzgüdə diqqətlə üzümə baxır) Sən bilirsən, sağ bakenbardın niyə çox ağarıb? Sağ tərəfin çox qocalıb guya? Qətiyyən! Sən beyninin sağ yarımkürəsiylə daha çox düşünürsən. Bir də bir şey deyim sənə, mənə gülmə. Bəzən bir xalq kimi natamamlığımızın səbəbini müştərilərimin başının quruluşunda axtarıram. Amma qeyri-adi bir şey tapmamışam hələ. Bizim başımız normal adam başıdır. İçində də nəsə var. Sadəcə müxtəlif səbəblərdən qafamızın içindəkiləri yaxşı tətbiq edə bilmirik. Sənə deyim, boş başa bir usta kimi bəzək-düzək verəndə özümü təhqir olunmuş sayıram.

Epiloq

- İstəyirsən, gedim, qonşu salondakı bərbər dostumu çağırım, guya onun saçını düzəldirəm, şəklimi elə çək. Düzdü saçları yoxdu onun... (gülür) Nə edək? Sən gəldin deyə müştəriləri qəbul eləmədim. Özün də tələsirsən. Amma güzgüdə elə götür ki, onun da üzü düşsün. Pis oğlan döyül... Gülmə... Onsuz da hamı aldadır oxucuları...

# 2865 dəfə oxunub

Oxşar xəbərlər

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

18:49 25 noyabr 2024
Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:35 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
# # #