Kamal Abdulla: “Kimi məni öyə-öyə oxuyur, kimi söyə-söyə” - Müsahibə

Kamal Abdulla: “Kimi məni öyə-öyə oxuyur, kimi söyə-söyə” - Müsahibə
23 iyul 2019
# 16:01

Kulis.az Xalq yazıçıs Kamal Abdulla ilə müsahibəni təqdim edir.

− Kamal müəllim, Xalq yazıçısı fəxri adı almağınız münasibətilə sizi bir daha təbrik edirəm.

− Təşəkkür edirəm.

− Amma adamlar Nobel gözləyirdi...

− Nobeli məndən gözləmək lazım deyil. Nobeli alan yazıçı bütövlükdə xalqı, cəmiyyəti təmsil edir. Cəmiyyət bütövlükdə elə bir səviyyədə olmalıdır ki, onun Nobel almağa potensial namizədləri olsun. Ümumiyyətlə, bu Nobel söhbətini bir kənara qoysaq, Xalq yazıçısı adını almağım, əlbəttə, məni sevindirdi. Buna görə ilk növbədə Azərbaycan Prezidentinə təşəkkür edirəm. Yazıçılar Birliyinə təşəkkür edirəm. Bu ad mənim üçün bir avansdır, bundan sonra da yazı-pozu sahəsində əlimdən gələni edəcəyəm.

− Kamal Abdullanı dünya oxuyur – sizin haqqınızda tez-tez deyilən bu fikrə münasibət birmənalı deyil. Doğrudanmı, Kamal Abdullanı dünya oxuyur?

− Kəramət, sən özün problem yaradırsan, sonra da o problemlə mübarizə aparırsan. Kim deyir, Kamal Abdullanı dünya oxuyur? Dünya oxuyur deyəndə aydın məsələdir, o nəzərdə tutulur ki, bu adamın əsəri dünyanın müxtəlif ölkələrində çap olunur. Əlbəttə, dünya işini-gücünü atıb Kamal Abdullanı oxumur. Mənim dünyanın 20-dən çox ölkəsində əsərim çap olunub. Deməli, hər ölkədə, heç olmasa, azından bir nəfər məni oxuyur, elə deyil?

– Aha...

– Buna dünyada oxunur, deyirlər, çap olunur, deyirlər, bilmirəm. Kimi Kamal Abdullanı heç oxumur, kimi sevə-sevə oxuyur, kimi öyə-öyə, kimi söyə-söyə oxuyur. Bu məni ilgiləndirmir. Bu barədə uzun-uzadı danışmaq olar. Amma gəl söhbətimizi bu istiqamətdə aparmayaq.

Bir vaxt məni oxumaq dəb idi, indi də oxumamaq dəbdir. Bir vaxt deyirdilər ki, gör, mən kimi oxuyuram?! İndi də deyirlər ki, gör, mən kimi oxumuram. Bu müstəvidə oxucu mənim üçün maraqlı deyil. Bəli, kitaba qədər beynimdə oxucu obrazı var və mən o obrazın varlığından yan keçə bilmirəm. Amma kitab yazılıb qurtarandan sonra oxucu məni daha maraqlandırmır.

Bir şeyi də deyim ki, deyəsən, səni ədəbiyyat yox, ədəbiyyatətrafı intriqalar maraqlandırır. Məni o intriqaların obyekti eləməsən, minnətdar olaram.

− Təkcə məni yox, cəmiyyəti ədəbiyyatətrafı intriqalar daha çox maraqlandırır.

− Cəmiyyət sənin oturub-durduğun, yeyib-içdiyin adamlardan ibarət deyil. Cəmiyyət qat-qat geniş və çoxşaxəlidir. Və mən burada özümə qarşı olan müsbət münasibəti, məni sevənləri daha çox görürəm ki, bu da qəlbimi iftixar hissi ilə doldurur.

− Azərbaycan Dillər Universitetinin keçmiş dekanı Vüsalə Ağabəyli ayrı-ayrı saytlarda, sosial şəbəkələrdə sizin haqqınızda sərt fikirlər yazır. O xanım nə istəyir?

− Bunu onun özündən soruşsan, daha yaxşı olar. Amma bu məsələ artıq mənim üçün mənəvi, etik, elmi və inzibati müstəvidən çıxıb. Mənim və həmkarlarım üçün, universitetin elmi şurası üçün, universitetdə çalışan minlərlə ləyaqətli ziyalı üçün məsələ artıq hüquqi müstəviyə keçib.

– Səhv eləmirəmsə, demisiniz ki, kim məni hansı məhkəməyə verir-versin, qalib gələcəyəm.

– Bəli, Elmi Şurada demişdim və bir daha təkrar edirəm. Bu, o demək deyil ki, naşı adamlar deyən kimi, mən məhkəmələrə təzyiq edirəm. Sadəcə, inanıram ki, Avropa Məhkəməsi olmur, hansı məhkəmə olur-olsun, bu məsələnin universitet tərəfindən uduzulası məqamı yoxdur. Yəni bizim işimiz haqq işidir və haqq işi qalib gələcək. Əgər o xanımın yüztonluq yalanlarının bir qramı həqiqətdirsə, mən o həqiqətin qarşısında cavab verməyə hazıram. Axı o yüztonluq yalanların, şərin, böhtanın bir qramı da həqiqət deyil. Nəyə cavab verməliyik - başdan-başa yalandır. Və son nöqtədə həqiqət həmişə yalana qalib gəlir. Mən də əvvəlcədən bunu deyirəm.

− Siz sinəsində yazıçı ürəyi gəzdirən bir adamsınız, böyük bir həyat yolu keçmisiniz. Sizdə başa düşməyən adamları yola vermək xüsusiyyəti də var, bilirəm. Bəs bu xanımla da məsələni bu yerə gətirib çıxarmamaq mümkün deyildimi?

− Məsələni bu yerə kim gətirib çıxardı? Həmin xanım! Bura universitetdir, Elmi Şura var, mən rektoram. Xanım tədris prosesində buraxdığı ciddi nöqsana görə töhmət alıb. Rektor dekana buraxdığı ciddi nöqsana görə töhmət verə bilməz? Bu töhmətdən sonra sən Elmi Şuranın üzvlərini, universiteti, universitetin sayseçmə müəllimlərini təhqir eləməlisən? Və bu məsələni ictimailəşdirməlisən? İctimailəşdirmə ilk növbədə qarşı tərəfdən gəldi. Yenə də yalandan deyilir ki, bunu biz başladıq. Xeyr! Tarix var, ardıcıllıq var. Yazılan yazılar var. Mən bununla bağlı heç bir mətbuat konfransı keçirməmişəm. Bunu press-konfrans sözünün mənasını anlamayan deyə bilər. Başqa məsələlərlə bağlı universitetə gələn jurnalist bu barədə soruşub, mən də cavab vermişəm.

− Niyə işləmək istəmirsiniz bu dekanla?!

− Bəli, mən bu dekanla işləmək istəmirəm. Zorla məni buna məcbur edəcəklər?! İlyarım onunla ona görə işləmişəm ki, baxım görüm, bu adamın iş üsulu mənim iş prinsipimə uyğun gəlir, ya yox. Onu mən bir il əvvəl işdən çıxarmaq istəyirdim, xeyli yalvardı, neylədi, neyləmədi... Və mən də bir qadının bu qədər yalvarmağı müqabilində işdən çıxarmağa ürəyim gəlmədi. Amma sonra gördüm ki, mümkün deyil.

− Konkret olaraq neylədi ki, gördünüz, daha mümkün deyil?

− Mən tədris və inzibati qayda-qanunları pis bilmirəm. Düzdür, mənim haqqımda deyirlər ki, Kamal Abdullanın tədrisdən xəbəri yoxdur. Gülməli sözdür. Artıq bu söhbət mənim üçün komik bir məsələyə çevrilib. Məgər cəmiyyət ağla qaranın fərqini bilmir? Gözəl bilir. Bir tələbə gəlib dedimi ki, Kamal müəllim, bizim dekanı niyə çıxarmısınız? Bir müəllim gəlib bu dekanın xahişini elədimi? Xeyr! Amma bizdə başqa bir dekan var idi, mən onu başqa bir fakültəyə dekan təyin etmək istəyirdim. Tələbələr, az qala, ayağa qalxdı ki, onu dəyişməyin. Bax, tələbə məhəbbəti budur!

− O xanım töhməti nəyə görə almışdı?

− Açıq dərs deyilən bir anlayış var. Müəllimlərin dərsinə vaxtaşırı kafedra müdiri, dekan girir və o dərsdə iştirak edir. Bu, müəllimin məsuliyyətini artırır, tələbə ilə münasibətinin formasını cilalayır və s. Bu məsələdə, sən necə düşünürsən, 80-90 dəqiqəlik dərsin 10 dəqiqəsində oturub dərsə qiymət vermək olar? Dərsin əvvəli var, ortası var, yekunlaşma hissəsi var. Cəmi 10 dəqiqə ilə sən açıq dərsə qiymət verə bilərsən?

− Əlbəttə, xeyr.

− Bu, açıq dərs ideyasının pozulması deməkdir. İkinci tərəfdən, de görüm, sən açıq dərsin müzakirəsini həmin müəllim olmadan keçirə bilərsən? Sənin iştirakın olmadan sənin hansısa hərəkətini müzakirə eləmək olar? Sən axı gərək bu müzakirədə iştirak edəsən. Bəlkə, nəsə deyəcəksən?! Bax, bu prinsiplər pozulduğuna görə həmin xanım dekan töhmət almışdı.

– Bəs işdən nə üçün çıxarıldı?

– Töhmətdən sonra hələ vəzifəsindən çıxarılmamışdı, dekan kimi fəaliyyətini bir müddət davam etdirdi. Daha sonra onun yaydığı böhtanlar, hədyanlar, feysbuk və saytlarda universitet haqqında dediyi alçaldıcı sözləri, tələbələrdən gələn şikayətləri, tədris işləri üzrə prorektorun, müdafiə şurasının bütün üzvlərinin, Həmkarlar ittifaqının təqdimatını və s. nəzərə alsaq məsələ aydın olar. Bunlar hamısı yığıldı, səbr kasası daşdı və məndən universitet cameəsi bu adamla bağlı ciddi tədbir görməyi tələb etdi. Bundan sonra o dekan vəzifəsindən azad edildi.

Bunların üstünə gəl müxtəlif vaxtlarda öz səlahiyyətlərini aşmasını, özünü iddialı aparmasını, doktoranturaya daxil olmuşdu mənim vaxtımda - heç bir hesabat verməməsini və dərslərə gəlməməsini və s. Dekanın səlahiyyəti yoxdur ki, tələbənin qaiblə bağlı ərizəsinə münasibət bildirsin. Bu səlahiyyət ancaq rektora aiddir. Bu, tədris qanununda yazılıb, bunu mən yazmamışam. Dekan necə yaza bilər ki, tələbə imtahana buraxılsın, ya yox. O isə bunu etdi və bununla səlahiyyətini aşdı.

Bu məktublar rektora ünvanlanmalı idi. Həmin xanımda rektora ünvanlanmalı olan, amma ünvanlanmayan neçə-neçə tələbə ərizəsi var. Tələbələr həmin dekanın səhlənkarlığı ucbatından imtahana girə bilməyəndən sonra, yəni, iş işdən keçəndən sonra rektora müraciət etməyə məcbur qalıblar. Onlarla belə ərizə var. Hansı jurnalisti maraqlandırır, gəlsin, göstərək baxsın.

Beləliklə, o mənim bir dekan kimi etimadımı itirdi və mən onunla işləmək istəmədim. Bu mənim haqqımdır, ya yox? Əgər nazir mənə desə ki, səninlə işləmək istəmirəm, necə deyim ki, yox, zorla işləməlisən?! Müəllim kimi onu işdən çıxardan olmadı ki... Doktoranturaya necə girdi - bunu yəqin özü xatırlayır. Dosent adını necə aldı, yəqin bilməmiş deyil.

− Vüsalə Ağabəyli hazırda Xarici Dillərdə müəllimdir? Gəlib dərs deyir?

− Bəli, o bizdə rəsmən müəllim olaraq qalıb. Amma son ayda bir dəfə işə gəlib, ona görə də ikinci töhmətini alıb. İndi isə deyir ki, kartım işləmirdi. Bu artıq əlaqədar şöbələrin işidir, bunu mən yoxlamıram, mən tənzimləmirəm.

− Əmək kitabçasının korlandığını da iddia edir...

− İndi hansı zəmanədə yaşayırıq? Sovet dövründə yaşamırıq ki... Əmək kitabçası anlayışı sovet dövründə qaldı. İndi kim bunun əsasında kimisə işə götürür... Mən səninlə müqavilə bağlamışam ki, filan saatda işə gəlib dərsini deyirsən və bunun müqabilində maaş alırsan. Sən işə gəlmirsənsə, o maaşı necə ala bilərsən? Mən ona işə vaxtlı-vaxtında gəlib-gedən başqa birisi ilə eyni maaşı verə bilərəm?

Naşı adamlar deyir ki, guya bir əmələ görə iki cəza vermək olmaz. Bu ikisi də eyni qiymət deyil axı. Biri maaşdan tutulmadır, bu, avtomatik olaraq müqaviləyə əsasən olur. Digəri də rektorun həmin hadisəyə münasibətidir, bu da töhmətlə ifadə olunur.

Bizim Elmi Şura qərar çıxarıb ki, üç günə qədər işə gəlməyənə xəbərdarlıq olunsun. Üç gündən çox işə gəlməyənə isə töhmət verilsin. Və o xanıma da ay ərzində cəmi bir dəfə işə gəldiyinə görə töhmət verilib. İndi hüquqşünaslar mənə deyirlər ki, Elmi Şura, Kamal müəllim qanunu pozub. Niyə? Çünki əmək məcəlləsinə, təhsil qanununa görə bir gün işə gəlməyəni işdən azad etmək zəruridir. Bu, qanunçuluqda var. Bundan sonra bilirsən, necə olacaq - bir gün işə gəlməyən işdən çıxarılacaq! Qanunu pozmaq olmaz.

− Kamal müəllim, sizin ədəbiyyatla yaşayan bir adam olduğunuzu bilirəm. Bütün bu kimi işlər sizi yaradıcılığınızdan ayırırmı?

− Sən oxuyurdun, ya yox, bilmirəm. Mənim “Ədəbiyyat qəzeti”ində hər həftə son romanımdan parçalar gedir. Bu romanı artıq bitirmişəm. Bu yaxınlarda oxuculara təqdim edəcəyəm. Ədəbiyyat adamını heç nə ədəbiyyatdan ayıra bilməz.

− Adı nədir?

− “Sirlərin sərgüzəşti”.

− Yenə sirr? Tapmadınız?

− Sirri tapırsansa, o sirr olmur axı. Məhz tapılmadığına görə sirdir.

− Maraqlıdır, universitetlə bağlı baş verən son hadisələr də sizin üçün sirr deyilmi?

− Bilirsən, əslində, sirr deyil. Çünki kimlər kimlərin arxasında gizlənib iş görürlər - hamısı bəllidir. Xoruzun quyruğu çoxdan görünür.

− Haradadır o quyruq?

− Quyruq həm universitetdədir, həm də qıraq yerlərdə. Çünki mən Universitetə gələndən sonra məsələləri kökündən həll etmək istəyəndə, əlbəttə, kimlərinsə marağına toxunmuş oldum. Amma universiteti düzəltmək başqa cür mümkün deyil.

Bu gün (yarım il əvvəl) universitetə böhtan atırlar ki (elə həmin köhnə dekan), buranı bitirən tələbələr ingilis dilini bilmir. Bilmirsə, məgər bunu Kamal Abdulla eləyib? Axı mən cəmi il yarımdır burda işləyirəm. Bir ilə, iki ilə universiteti ingilis dilindən mən təmizlədim? Əgər belədirsə, Universiteti bu hala əvvəldən gətiriblər axı. Onlar niyə unudulur. Universitetin tədris hissəsi var, elmi hissəsi var. Onların fəaliyyətinə də qiymət vermək lazımdır. Ən azından onlar bu ittihama özləri cavab verməlidir.

Bilirsinizmi, mən mənə qalmış bu ağır mirası təmizləmək, vəziyyəti düzəltmək istəyirəm. Mən istəyirəm ki, imtahandan kəsilən tələbələr gedib hökumətin rüsumunu verib yenidən imtahana girsinlər. Son vaxtlar Universitet büdcəsinə bunun nəticəsində xeyli vəsait daxil olub. Mən istəyirəm ki, imtahan zamanı müəllim cəllada dönməsin. Tələbənin yaddaşını təzələməsi üçün imtahan otağında bir lüğət, bir də proqram olsun. Mən istəyirəm ki, imtahanın müddəti 2 saatdan 3 saata qədər artırılsın. Bunu nə qədər tələbə xahiş edir. Və üzdəniraq müəllimlər bunun əleyhinə çıxmasınlar, bir saat işdən tez getməklə tələbənin zamanına qıymasınlar.

Mən istəyirəm ki, tələbə-müəllim, müəllim-müəllim münasibətləri şəffaf olsun. Nəhayət, mən istəyirəm ki, kənar adamlar dekanlıqda sərxoşluq edəndən sonra gəlib yatmasınlar. Mən istəyirəm ki, başqa kənar adamlar dekan olmayanda gəlib dekanlıqda tum çırtlayıb söhbət eləməsinlər. Mən istəyirəm ki, dekanlar və başqa vəzifəlilər vəzifə səlahiyyətlərini aşmasınlar, çünki bu hal birbaşa zəif üzərində zülmə gətirir. Mən başqa heç bir şey istəmirəm. Bunları istəyənlərin sayı bunları etməyimizi istəməyənlərdən qat-qat çoxdur.

− Yeni əsərinizdə nədən bəhs edilir?

− Məncə bizim və bizim ətrafımızda yaşayan hər kəsin qədim çağlarda bir prototipi olub. Bu əsərdə söhbət o prototiplə müasir adam arasında əlaqənin yaranmasından gedir. Məsələn, Həsən müəllim adlı bir alim var. Qədim zamanlarda da Hacı Mir Həsən Ağa Səyyah var. Əsər bunların arasındakı kontaktdan danışır.

− Oxumaq üçün zövqünə inandığınız adamlardan kimlərəsə vermisiniz?

− Bəli...

− Nə deyirlər?

− Bəziləri bəyənib, bəziləri də fikir söyləməyib. Ola bilsin ki, bəyənməyiblər və bu, onların romanı deyil.

− Nədənsə, mənə elə gəlirdi ki, “Unutmağa kimsə yox”dan sonra siz daha əsər yaza bilməyəcəksiniz. Çünki həm həcm, həm də sənətkarlıq baxımından o əsərdə sanki, bütün enerjinizi, gücünüzü sərf etmişdiniz. Necə deyərlər, sıxıb suyunuzu çıxarmışdınız...

− Sənə bir sirr açım, o mənə də elə gəlirdi. O əsərdən sonra məni, elə bil, bir fəzadan o biri fəzaya atdılar. Ona görə də bir müddət kiçik hekayələr yazdım, sonra elmi işlə məşğul oldum. “Dədə Qorqudun poetikasına giriş” əsəri yarandı ki, o da ictimaiyyət tərəfindən pis qarşılanmadı. Ümumiyyətlə, insan boş qalmır. Onun beynində hər zaman hansısa proseslər gedir və bu, nə zamansa üzə çıxır. Yenə deyirəm, mənə də elə gəlirdi ki, daha heç nə yaza bilməyəcəyəm. Amma görürsən ki, elə deyil, yazırsan.

− Kamal müəllim, “Yarımçıq əlyazma” yazdınız, müzakirə olundu, təqdir və tənqid eləyənlər oldu, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” da eləcə. Əminəm ki, yeni romanınız da böyük müzakirələrə səbəb olacaq. Bəs maraqlıdır, əvvəlki əsərləriniz hara getdi? Arxiv oldu? Yoxsa nə zamansa yenidən üzə çıxacaq?

− Hər şeyi ilə razılaşdığın əsər heç nəyi ilə razılaşmadığın əsərdir. Lotman deyib ki, yüz faiz anlaşıqlı əsər yüz faiz mahiyyətini itirmiş əsərdir. Əsərin harasındasa, nəyindəsə sirli bir yer mütləq qalmalıdır. Əsər bir müddət sonra öz səsi ilə yox, artıq öz əks-sədası ilə ortaya çıxmağa başlayır. Necə ki, milyon illər bundan əvvəl baş vermiş Möhtəşəm partlayışın əks-sədası bu gün də bizim fəzada fırlanır. Elə alətlər, elə dəqiq cihazlar var ki, o Möhtəşəm partlayışın əsk-sədasını tuta bilir, sadəcə, bizim qulaqlarımız onu eşitmir. Bir əsər də əgər partlayışdırsa, zaman keçdikcə onun əks-sədası kimisə maraqlandırır, kimisə maraqlandırmır...

− Maraqlıdır, niyə bəzi tənqidçilərimizin səviyyəsi daha çox məhz sizin yaradıcılığınıza münasibətdə üzə çıxır? Məsələn, İradə Musayeva sanki, sizi tənqid eləməyi, sizi bəyənməməyi ilə özünü tənqidçi kimi təsdiqlədi.

− Olsun! Burada pis nə var ki? Məni hamı bəyənməlidir? Amma mən öz oxuduqlarımdan və həyat təcrübəmdən bu qənaətə gəlmişəm ki, kiməsə bu, yazıçıdır, bu isə deyil ittihamını vermək olmaz! Sən deyə bilərsən ki, filankəs mənim yazıçım deyil. Yaxud, bu yazıçı mənim yazıçımdır.

Bu cür effemistik ibarələrlə danışmağa alışmaq lazımdır. Yoxsa bu yazıçı dili bilir, o biri yazıçı bilmir-filan, boş söhbətlərdir. Bizim tənqidçilərin də, yazıçıların da “məncə” sözünə böyük ehtiyacı var. Təəssüf ki, bu söz yavaş-yavaş leksikonumuzdan çıxır.

− Məsələn, məncə, Ramiz Rövşən yaxşı şair deyil deyəndə, elə bil, bu sözü heç kim eşitmir. Amma “məncə”ni çıxaranda hamı eşidir.

− O sizin xırda jurnalist bicliklərinizdir, onun mənə dəxili yoxdur. Camaatı yazılarınızın ətrafına necə gətirməyiniz sizin öz işinizdir. Mən insani etikadan, insani münasibətdən danışıram. Sənsə oxucunun sayını çox eləməkdən.

− Doğrudan, heç vecinizə deyil oxucu?

− Yox, vecimədir. Məni istəməyən adam belə gözümün qarşısında durursa, ona da oxucu kimi baxıram və əlbəttə, bu əsərin onun dünyagörüşünə necə dəyib qayıdacağını düşünürəm. Həyat hansı əsərdə olduğu kimidir? Bizim həyatımız söyüşləri, yaxud başqa qeyri-senzur müxtəlif şeyləri ehtiva edə bilər ki, o da bədii ədəbiyyatın içinə girmir. Nə qədər desən də ki, bu, demokratiyadır, ya nəyəsə uyğun deyil, istər-istəməz yazıçının daxilində senzor olur və son dərəcə sərbəst yazıçı olmaq mümkün deyil.

− Məncə, ədəbiyyatı idarəolunmaz adamlar yaradır. Siz necə düşünürsünüz?

− Baxır kim tərəfindən idarəolunmaz. Özünü bilə-bilə şıltaqlığa, ərköyünlüyə, dəcəlliyə vuran adamlar ədəbiyyat yaratmır, onlar ədəbiyyatətrafı söhbətlər yaradırlar. Borxes deyir ki, ədəbiyyat idarə edilən yuxudur. Yuxular axı idarə olunmur. Ədəbiyyat da yuxudur. Həyatda olmayan şeyin bir nöqtədən başqa nöqtəyə aparılmasıdır, təsviridir. Onu sən, müəllif idarə edir, bu da yuxudur.

Kim deyə bilər ki, kiminsə yazdığı yuxu deyil? Hamısı yuxudur, uydurmadır. Olmayandır, ya olandır, bunun dəxili yoxdur. Ola bilər, olan hadisəni realist, sərt cizgilərlə təsvir eləmisən. Yenə də yuxudur. Yenə də uydurmadır. Olan hadisəni yazanda yenə də uydurmadır. Ədəbiyyatın mahiyyəti budur, sən uydurma adlı bir qabın içinə girirsən. Əgər Don Kixot olubsa və bu cür hərəkətlər edibsə, hansı ki mənim buna böyük şübhəm var, bu da uydurmadır. Ən sərt realist kimdir? Ən sərt realist Allahdır. Balzak, Tolstoy, ya Dostoyevski... bu realizmin fonunda öz uydurmalarını yaradıblar. Uydurmanı pis mənada demirəm. Uydurma, yəni, təxəyyül məhsulu.

− Kamal müəllim, tez-tez deyirlər ki, bizdə dünya səviyyəli yazıçılar var. Tutaq ki, var. Bəs bunlar nə iş görür? Xalq yazıçısı Anar Şəhriyar Del Gerani ilə deyişir. Xalq yazıçısı Kamal Abdulla gənc bir dekana cavab vermək məcburiyyətində qalır. Sizcə, dünya səviyyəli yazıçılar bu işlərlə necə məşğul ola bilir?

− Mən heç kimə cavab vermək məcburiyyətində qalmamışam və hələ ki heç nə deməmişəm. Hələ ki mən özümün bəzi hərəkətlərimi şərh eləməyə çalışmışam. Mən hələ bu məsələyə - o adamın bu şəkildə hədyanlarına, böhtanlarına münasibətimi bildirməmişəm, yəni, əks-hücuma keçməmişəm. Sadəcə, mən bir rektor kimi icrasına imza atdığım məsələləri şərh etməklə məşğul olmuşam. Mən danışsam, yəqin ki, bir dastan yaranacaq. O dastanın adını mən əvvəlcədən bilirəm.

− Görəsən, niyə elə bir təəssürat yaratmağa çalışırlar ki, kim sizin yaradıcılığınız və ya şəxsiyyətiniz barədə xoş söz deyirsə, o sizə yaltaqlanır və yaxud bu münasibət təmənnalıdır.

− Bilirsənmi, mənə yaltaqlanmağın, mənə yarınmağın, sadəcə, mənası yoxdur. Çünki yarınan da, yarınmayan da məndən eyni diqqəti görür. Ona görə də yarınmağa ehtiyac yoxdur. Kimsə haqqımda müsbət nəsə deyəndə ola bilər, düşünür ki, mənə olan hansısa mənəvi vəfa borcunu ödəmiş olur. Belə qəlbi, ruhu təmiz adamlar var. Mən də o cür düşünürəm, çünki mən də kiminsə haqqında yazıramsa, bilirəm ki, bu, mənim borcumdur. Buna görə, kimisə yaltaqlıqda günahlandırırlarsa, mən hesab edirəm ki, kişilik anlayışı o qiyməti verənlərdən uzaqdır. Çünki yaltaqlanan yox, fikir söyləyən, müəyyən məqamda özünün lazımlılığını, vacibliyini ortaya qoyan adam kişi adamdır, qurtardı getdi. Sən bu dünyada ya kişisən, ya da kişi deyilsən. Yarımçıq hamiləlik olmadığı kimi yarımçıq kişilik də olmur.

− Bir dəfə status yazmışdım ki, insan ən çox yaltaqlandığı adama nifrət edir. Çünki daxilində bilir ki, o səni yaltaqlanmağa məcbur edir.

− Məcbur edəndə, hə, daxilən ona nifrət edə bilərsən. Mən heç kimi məcbur etməmişəm, heç kimdən xahiş etməmişəm ki, mənim əsərim haqqında söz desin, yaxud fikir bildirsin. Düzdür, umduğum, inandığım dostlarıma demişəm ki, yazmaq istəsən, yaz. Amma elə söhbət ömründə olmayıb ki, sən bunu eləməsən, mən də bunu eləməyəcəyəm.

− Dediniz ki, mən yaltaqlananlara da, yaltaqlanmayanlara da eyni diqqət göstərirəm. Sizcə, bu, yaltaqlananlara qarşı haqsızlıq deyilmi? Axı onların əziyyətini xüsusi qiymətləndirmək lazımdır.

− Mənim üçün yarınan, yarınmayan anlayışları yoxdur. Mənim haqqımda nəsə yazan adama o vaxt inanıram ki, doğrudan da, onun deməyə sözü var, söhbət ədəbiyyatdan gedir, mən o sözün möhtacı ola bilirəm. Amma deyilən sözün səmimi olduğuna inanmayanda artıq o mənim üçün yoxdur. Nə qədər yaltaqlanır, nə qədər gözəl sözlər deyirsə, desin. O yoxdur.

− Səmimi deyin, sizi əsəbiləşdirən tənqidlərə necə cavab vermək istərdiniz?

− Mənə bunu izah eləmək çətindir. Bəzən əsəbiləşmişəm, bəzən pəjmürdə olmuşam, bəzən ürəyimdə kimdənsə küsmüşəm. Özümü qorumağa çalışmışammı - çalışmışam. Bəzən isə dostlar məni qoruyub.

− Həmişə deyirsiniz ki, qoy, pensiyaya çıxım. Vəzifə sizi incidir? Camaat özünə vəzifə arzulayır ki, çapıb-talasın, siz də deyirsiniz, qoy, pensiyaya çıxım...

− Vəzifəni vəzifədən uzaq adamlar xoşlar. Vəzifədəkiləri isə, əlbəttə, bu, həm də incidir. Çünki vəzifə səni sanki qəfəsin içinə salır, o qəfəsin içində hərəkət etmək isə bəzən çətindir. Sənin üçün şərəf, namus, ləyaqət anlayışları boş sözlər deyilsə, sən o vəzifəni insan kimi yerinə yetirəcəksən. Vətən, millət, bayraq, himn, Prezident anlayışları, bunların bir-birinin içində qaynayıb qarışması varsa, sən öz yerindəsən. Amma onu da bilmək lazımdır ki, tam sərbəst, tam azad vəzifə yoxdur. Əlbəttə, sən bundan darıxacaqsan. Əlbəttə, sən azad olmaq istəyəcəksən. Amma görəndə ki, o vəzifədə olmağınla hansısa faydalı işlər görürsən, sənə göstərilən etimadı doğruldursan, kiməsə yaxşılıq edirsən, kiminsə işinə yarıyırsan, kiməsə xeyir, fayda verə bilirsən, bütün bunlar sənin qəlbini böyük bir könül xoşluğu ilə doldurur. Məndə belə bir könül xoşluğu var.

− Sizcə, vəzifədə olmayanda dostlarınızın sayı azalacaq, çoxalacaq, yoxsa elə olduğu kimi də qalacaq?

− Onu isə artıq zaman göstərəcək.

Kəramət Böyükçöl /oxu.az/

# 4184 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #