Tanrının lənət ağacı - Mintac Elsevər yazır...

Tanrının lənət ağacı - <span style="color:red;">Mintac Elsevər yazır.. .
20 iyul 2018
# 16:51

Son vaxtlar ya da elə lap son günlər qəlbimi dələn, beynimi cırmaqlayan dəhşətli bir fikir intihar hörüyü kimi boynuma sarılıb. Hər şey yalan imiş... Boğuluram. Nə yalan deyim, göz yaşımı boğazımda düyünləyib içimə yola salıram. İnana bilmirəm ya da inanmaq istəmirəm öz gözümün gördüklərinə, öz qulağımın eşitdiklərinə, bir sözlə insan oğlunun əcaib halətinə. Əslində olanlar çoxdanın olanlarıdı. Sadəcə davamiyyət daha da artıb, davam edir, nə təəssüf ki. Sadəcə adamam də, mən də hamı kimi...

Bura qədər dözə bildim. Yaranışına lənət bu insan oğlunun. Getdikcə daha da çirkinləşir. Nə qədər qəddar səslənsə də, bu həqiqətdi. İnsana xas olan hisslər, bütün yaxşı olan yaxşı nəsnələr yalana dönür. Lənət olsun, inandığım nəsə qalmayıb ki, ona and içim. Amma nə hacət? Siz də görürsüz, ya da görüb də görməmiş kimi edirsiz. Guya yer üzündə nəsə müqəddəslik qalıb...

Yalanmış ən müqəddəs bildikləriniz. Yoxsa hər şey bu qədər satılıq, dəyərsiz, iyrənc ola bilməzdi axı!.. O nə ali insanlıqmış, la ilahə illallah deyib adamlar bir-birini öldürür? Qadını zorlanır, kişisi zorlayır, körpəsi qundaqda güllələnir, ahılı qanına bələnir, əllərinin, üzünün qırışlarında qanı quruyur.

Nə sevgiymiş, nə dostluqmuş ki, harda gəldi bitir, şəxsi mənfəətə, çıxarlara qurban gedir.

Nə insanlıqmış ki, mənə min tövbə yalan görünür. Amallar, inandığım inanclar, boylandığım sabahlar, dostlar, tanışlar, yoldaşlar, sevgililər, doğmalar, yaxınlar, uzaqlar, istəklər, arzular, ümidlər, hər şey yalan görünür. Nə qədər güclüymüş bu yalan itin balası!.. Nə zəifmiş bu adam oğlu adamın balası?.. Yoxsa on yeddi yaşında qızı nə məcbur edə bilər ki, özünü elə yaşı ucalıqda mərtəbədən yerə atsın? Mövlud da özünü hündürdən atmışdı. Ey dadi-bidad, o da yadıma düşdü... Hamısı hündürdən atır özünü. Uca olmaq istəyən adam niyə özünü yerə çırpsın ki?

Doğurdanmı bir yalandı insanlıq? Sanki payızın lüt üryan elədiyi ağaca dönüb. Elə bil bir də heç vaxt yarpaqlamayacaq, çiçəkləməyəcək, bar verməyəcək. Eləcə kaftarlamış, qol-budağı sallaq görkəmdə qalacaq. Ən acısı da bu ki, bu ağacı kəsib atmaq mümkün olmayacaq. Heç olmaya göz dağı olmasın. Amma o elə göz dağı kimi də qalacaq. Tanrının lənəti ağac. Əkilməsəydin kaş ki...

Və.

Son ricam.

Qalxıb da kimsə bu nə pessimizm, bu nə qaramatlıq deməsin mənə. Lütfən siz əksini yaşayır, görür ya da düşünürsünüzsə, nə xoş halınıza. Sizin adınıza çox şadam. Mənim duyğularımı cəfəng təsəllilər, ya da bəsit pozitivliyinizlə daha da incitməyin. Şikayət-filan, sitəm zad də deyil mənimki. Eləcə nəsə yazmaq keçdi könlümdən yazdım. Hərçənd bu da bir yalandı...

P.S. Yazım bitsə də tam olaraq halımı dilə gətirə bilmədim. Və nöqtələdim. Gecənin bir aləmində əziz Xəzər Süleymanlıdan diksindirən bir status gəldi feysbuka: “Mən yoruldum, gedirəm. Əlvida.” Nə isə ki, əlaqə yaradıb danışa bildim: “Çox yorğunam, Mintac, feysbuku bağlayıram” - dedi. Sanki bu da yazıma son nöqtə oldu.

# 1624 dəfə oxunub

Oxşar xəbərlər

Nizami Cəfərov:  "Bu sözlərdən imtina edə bilmərik" - Açıqlama

Nizami Cəfərov: "Bu sözlərdən imtina edə bilmərik" - Açıqlama

18:47 19 may 2025
Osmanlı sultanının qızı onu niyə sevmədi? - Atatürk haqqında bilmədiklərimiz

Osmanlı sultanının qızı onu niyə sevmədi? - Atatürk haqqında bilmədiklərimiz

17:55 19 may 2025
"Adile"  filminde Ayşen Qrudanı o oynayacaq

"Adile" filminde Ayşen Qrudanı o oynayacaq

17:00 19 may 2025
Özbəkistan universitetində Şirvani adına  auditoriya açılıb

Özbəkistan universitetində Şirvani adına auditoriya açılıb

16:35 19 may 2025
ARKA Kann Film Festivalında

ARKA Kann Film Festivalında

15:35 19 may 2025
"Süni intellektlə valideyn olmaq şansı 25-30 dəfə daha yüksəkdir" - APAMED

"Süni intellektlə valideyn olmaq şansı 25-30 dəfə daha yüksəkdir" - APAMED

15:08 19 may 2025
#
#
# # #