Kulis.az Günel Natiqin "Yağış olmaq istəyən qadın" yazısını təqdim edir.
O, çox orijinal qadındır. Bir gün külək olur, bir gün yarpaq, bir gün çiçək, bir gün ləçək.. “Bir gün isə yağış kimiyəm”,- deyir.
Ürəyinə yazılanlar alnına yazılmayıb. Yazılanlar da pozulmayıb. Ona görə dizini qucaqlayan o qadın qar günəşinə isinmir. “Çılpaq budaqlar sərçə səsinə belə diksinməz”,- deyir o qadın.
“Hərdən xoşbəxtliyin qoxusu gəlir burnuma”,- deyir qəhrəmanımız. Ürəyi sığmır dünyaya. Ürəyinin gülləri naxış-naxış olur. Qış da bu zaman yaza bənzəyir. Amma sevdası vədəsiz solur, yenə bir ovuc xəzələ dönür dünya. O da güllü yaylığını yazın ləçəklərinə çevirib sözlə üns tutur. Sözlə ünsiyyətdə olmaq asan gəlməsin sizə. Burda həm hikmət var, həm dərinlik var, həm sevinc, həm əzab, həm sevgi, həm də göz yaşı var. Burda poeziyaya çevrilən rənglər var... Qəhrəmanımın kitablarından birinin adı olan “Yaşıl pıçıltılar”ı xatırlayıram. Özüdür ki, var. Bu, Nazilə Gültacın - “yaşıl pıçıltılar”ını dua kimi ruhumuza oxuyan söz adamının poetik rəngləridir...
sevgidən yarımasan da,
Hər zaman sevgi səni qarabaqara izləyir,
Bəlkə də yol ayrıcında səni gözləyir.
Səndən uzaq düşəli, onun da üzü gülmədi.
Sənin yerin ürəyin dərinliyində,
Sən özün bir dəryasan, qadın.
Əllərini hərdən üzünə çək,
sevincini içinə.
Nazilə Gültacın elə təsvirləri var ki, insanı məst edir. “Çobanyastığı gülü gözəl-gözəl gülürdü”. Bu metaforada təbiətin bəni-adama bəlli olmayan gizlinləri var. Bu gizlinləri söz bilər ancaq.
“Döşənir ayağına gecənin ulduzları”,- deyir şair. Sözün ruhani məqamıdı. Elə bir məqam ki, səmavi dünyanın səslərinə özünü yaxın hiss edirsən.
Başqa bir şeirində yağışı qırmızı, günəşi yaşıl, dənizi bənövşəyi, düzəni gömgöydür. Təbiətin təbiiliyini ancaq avanqard bir rəssam tablosu dəyişə bilər. Ya da usta bir şair qələmi. Nazilə Gültacın qələmi təbiəti öz ruhuna uyğunlaşdırır. Özünü təbiətin bir parçası kimi hiss edir. Və bu dəyişmədə yerin- göyün qanunları bir anlıq öz kəsərini itirir.
Təbiətə qırmızı yağışlar yağır.
Dərələrə zülm eyləyib
duman dağlarda toxtayır.
Dağlar üşüməsin deyə,
düymə-düymə yağışlar
dumanın yaxasını bağlayır.
Bu gün yağışlar kimiyəm.
Ədəbi tənqidçi Vaqif Yusifli yazır ki, Nazilə Gültacın şeirlərində fikrin, hissin təzadları xüsusilə diqqəti cəlb edir. “Onun lirik qəhrəmanı üçün səciyyəvi olan keyfiyyətlərdən biri də məhz budur... Lirik qəhrəmanın getdiyi yollarda "bir yolun adamları" çox tezliklə ayrılırlar: hərəsi bir səkidə. Birisinin gözlərində çən. O birisinin saçlarında dən, duyğularında intihar, baxışlarında qubar”.
Yarpaqları saplaq-saplaq
bozarır.
Budaqları yarpaq-yarpaq
Qocalır
Payızı düşən ağacların.
Üzülən yarpaqları
soyuq torpaqlar öpür.
Yarpaqsız budaqları
boz dumanlar dalayır.
ürəyinə girərək.
Daş səkidə oturan,
dizini qucaqlayan
qadın da –
çılpaq budaq tək
payız heykəli.
Qış günəşinə isinməz,
Quş səsinə diksinməz.
Yəqin ki, qəhrəmanımız şair olmasaydı, rəssam olardı. Əslində rəssamlıq özəlliyi sözlə təmasından bəllidir. Rənglər də öz ilahi missiyasından fərqli öz yerini alır. Sarı başqa cür görünür, qırmızı tamam ayrı sehrə bürünür, göyün rəngi torpağın rənginə qarışır.
Rəsul Rzanın ağ rəng haqqında şeirini xatırlayıram. Xüsusilə bir ifadə yadımdan çıxmır. Təxminən belə ifadə olunub: “Ağ rəng- həkimin “sizdə xərçəng yoxdur”,-sözləridir. Onu da xatırlayıram ki, Nazilə Gültac özü ixtisasca həkimdir və sözün ağrısını həm də bu mənada duyub hiss edir.
Solanda ağ gül də saralır.
Hər rəngin içində
bir sarı rəng var.
İstədiyinə vermədilər
Sarı gəlini.
Dərddən
teli ağardı.
Sazın sarı simində
Yandı “Yanıq Kərəmi”.
Və “Yanıq Kərəmi”nin nakam arzuları sarı çiçəklərin həsrətinə qarışır...
Ağappaq arzularım
Daş üstündə çiçəkləri-
sapsarı.
Ürəyimdə su içir
sarı- sarı çiçəklər.
Dəli sevdam
üzünü qoyub
çiçəklərə, hönkürür.
Nazilə Gültacın türk poeziyasından, nəsrindən gözəl tərcümələri var. Türk ədəbiyyatının müasir yazıçı və şairlərinin nümunələrini dilimizə uyğunlaşdırıb. Coşğun Qarabulud, Səbri Quşqonmaz, Səfər Aşır Ərarslan, Şahsənəm Camizin və daha bir neçə türkiyəli müəllifin kitabı Nazilə Gültacın çevirməsində ədəbiyyatsevərlərə təqdim olunub.
Coşğun Qarabulud Nazilə xanımın dilimizə uyğunlaşdırdığı şeirlərinin birində deyir ki:
Gəncliyim keçdi
Tənha yollardan
Kimsəsiz qaranlıqlardan
Çatdığım yerdəsə,
Çox qələbəlikdi,
Indi
Ara ki, özünü tapasan.
Coşğun bəy 1956-cı ildə Qarsın Sarıqamış elində doğulub. Ana tərəfi əsln Şəkidəndir. Onillər öncə ulu babası ailəsi ilə Şəkidən Sarıqamışa köçüb, orda yurd salıblar. Şeirlərində ara-sıra yurd özləmi özünü biruzə verir:
Eşqləri, sevdaları,
Gülüşləri, baxışları,
Hopubmu hər bir yana..?
O torpaqdan gələrmi
Babalarımın ətri..?
Hüzün yağarmı göydən..?
Dolaşan ölməz ruhları,
“Xoş gəldin” deyərmi görən?
Səbri Quşqonmazın şeirləri də Nazilə Gültacın çevirməsində oxucuya doğmadır, məhrəmdir:
Günlər qısaldı, zamanı rüzgara səpən qardaşım.
Hansı soyuq daşda böyüyər
Bu səssiz saatlar?
Xatirələr daşmaqda dolu yaddaşlardan.
Zamanı əyib bükən güc, əyər insanı da.
Üyütmək gərək pis əlləri
Qədərin dəyirman daşında.
Bəlkə əritmək lazımdı
Mürəkkəbin tünd rəngində.
Elə bir cihaz varmı, xatirələri əzən?
Dəyirmanların üyütdüyü daşdan tabut çıxır,
çörək əvəzinə.
Nazilə Gültac türk poeziyasının gözəlim söz incilərinin istiliyini, zərifliyini tərcümədə məharətlə qoruyub saxlayıb.
Bu il Nazilə xanım üçün xüsusilə yaddaqalan olub. “Sevgi yağmuru” adlı şeirlər kitabı İstanbulda, Türkiyə türkcəsində işıq üzü görüb. Orijinal dəst-xətti, özünəməxsus deyim tərzi olan azərbaycanlı şairəni türkiyəli sənətsevərlər sevgiylə, coşğuyla qarşılayıblar. Bu şeirlər Türkiyə türkcəsinin poetik ahəngində yeni bir gözəllik əxz edib, sanki həyatının yeni mərhələsinə qədəm qoyub.
“Hərdən xoşbəxtliyin qoxusu gəlir burnuma” deyən şair ən böyük xoşbəxtliyi şeir yazanda hiss edir. Onda hər şeyi- dünyanın qışını, şaxta-sazağını unudur, söz əbədi bahara çevrilib onu öz aləminə çəkib aparır. Sevinc də bir başqa cür olur onda:
Yüksəklikdən yıxıldım,
Dərəyə yox
buludların üstünə-
göy üzünün taxçası,
arzularımın boxçası
olan buludların.
Ah! Nə gözəl!
Yenə də yüksəkdəyəm.