Ayxan Ayvazdan ƏSGƏR MƏKTUBU

 <b>Ayxan Ayvazdan <span style="color:red;">ƏSGƏR MƏKTUBU </b>
19 iyun 2017
# 16:36

Salam, Azərbaycan əsgəri. Bu cümləni sıra düzülüşündə çox eşitmisən yəqin. Elə mən də bir il bu cümləni eşitmişəm. Açığı, sənə deyim ki, bu cümlə mənə həmişə xoş gəlib, özümü ciddi və lazımlı hesab etmişəm.

Əsgərliyə ilk getdiyimdə mənə kazarmalar, silahlar, yeməkxana cazibədar gəlmişdi. Özümü hansısa müharibə filminin qəhrəmanı hesab etmişdim. Kənardan döyüş həmişə asan gəlir.

Öz aramız, bir az romantik əsgər olmuşam. Çox darıxırdım. Bəzən əsgərlikdəki darıxmalarım üçün darıxmıram desəm, yalan olar. Soyuqda titrəyə-titrəyə postda durub gözləyəndə öz-özümlə söhbətləşirdim. Bəlkə də ən çox əsgərlikdə özümlə danışmışam. O zaman özümü daha yaxşı tanımışam. Hərdən tək-tük görünən mülkü adamları görəndə düşünürdüm ki, mən soyuqda onlara görə titrəyirəm, üşüyürəm. Vətən üçün üşüməyin ləzzətini yaşamışdım o günlər. Sonra qəribə şeylər düşünürdüm.

Düşünürdüm ki, o mülkü adamların birinin evinə qonaq getmişəm, qabağıma çay qoyublar.İsti çay e, əsgər. Yanında da konfet, şokolad, keks. Hərdən də ağlımdan keçirirdim ki, indi mənə görə rahatca yerinə girib yatanlar var. Uşaqları düşünürdüm. İlahi! Uşaqlar mənə görə ağlamır. Postda əsgər dayanıb axı. Əli silahlı əsgər. Qulağıma səslər gəlirdi: "Mama qurban, qorxma yat, əsgər balamız qoruyur bizi". İnan ki, bu cümlə mənə bir stəkan çay qədər isti və doğma gəlirdi. Məni alıb uzaqlara aparırdı. Hə, gözlərim dolurdu.

Bir də Vətənin nə olduğunu təsadüfən siyirmədə tapdığım bayrağı əlimə götürəndə hiss eləmişdim. Balaca bir bayraq idi. Bunu kim qoymuşdu bura? Çox baş sındırmışdım onda. Ancaq bayrağı qoxulamışdım, torpaq iyi dolmuşdu burnuma. İnanırsan? Əsl torpaq iyi. Göy, qırmızı, yaşıl rəng qarışmışdı bir-birinə. Götürüb bir yerə sərdim. Aypara və səkkizguşəli ulduz qaranlıqdan sıyrılıb çıxdı sanki. Yerinə qoyanda qəfil hönkürtü tutdu məni. Bəlkə də bu hönkürtünün səbəbi bir də uzaqdan eşitdiyim himnimiz idi. Mən o zaman bayrağın necə müqəddəs olduğuna inanmışdım. Bir az torpaq vardı o bayraqda, bir az da himnimiz.

Hə, əsgər, indi sənin olduğun yer də, mənim yazdığım yer də vətəndi. İndi sənə məktub yazanda bir vaxtlar mənə yazan məktəbli uşaqlar gəlib gözümün qabağında durdu. Kağızda tələsik yazılmış, səhv dolu o məktub məni necə sevindirmişdi, bir bilsən. "Əsgər, bizi qoruduğun üçün çox sağ ol" yazılmışdı. 4-cü sinif şagirdi idi, təəssüf ki, adı yadımdan çıxıb. Məktubun içində bir də hədiyyə vardı: bir dənə güzgü və bir ayaqqabı mazı.

Yadıma düşmüşkən onu da deyim ki, əsgərlikdə uşaqlar darıxmasın deyə hərdən onlara şeir deyirdim. Əzbərə... Əsas da Nazim Hikmətdən. Onları yaşamağa və mübarizəyə səsləyirdim. Hər kefi pozulan əsgərə oxuduğum Nazim Hikmət şeiri onu vəziyyətdən çıxarırdı. Bu şeirlər çıxış yolunu intiharda görən əsgərlər üçün ümid yeriydi. Sənə də deyirəm, qulağında sırğa elə: "Yaşamak şakaya gelmez". Düşün ki, səni gözləyənlər var və o gözləyənlər səni ən azı Vətən qədər sevirlər. Sənin onları sevinc göz yaşlarına boğmaq haqqın var. Ancaq onları kədərləndirmə, kövrəltmə! Əsgər bütün ağrıları dəf etməlidir. Möhkəm olmalısan. Balaca, arı pətəyi boyda evlərin işıq saçması sənə bağlıdır. O evlərdə uşaqlar sənə görə rahat yatmalıdır. İnsanlar sənə görə rahat çay içib söhbət etməlidir. Bu gün sən orda dayanmalısan ki, sabah o arı pətəyi boyda evlərdə çay içəsən.

Darıxma, əsgər. Səhərlər qalx komandasına çıxanda vaxt eləyib günəşə bax. Günəşin çıxmağı o qədər gözəl mənzərədi ki... Hələ bunun arxası var: idmandan sonra səhər yeməyi. Gözəl səhər yeməyi. Həmişə beynində gözəl mənzərələr yaratmağa çalış. O gözəl mənzərələr səni bütün pisliklərdən qoruyacaq.

Əsgər, farağat!

Azad!

Qeyd: Siz də Azərbaycan əsgərinə ürək sözlərinizi yazmaq istəyirsinizsə, esgeremektub.com saytına daxil olun və məktubuzu yazın. Məktublarınız 26 iyun – Silahlı Qüvvələr Günündə əsgər və zabitlərimizə çatdırılacaq.

# 5950 dəfə oxunub

Oxşar xəbərlər

Bu sənətçilərin fəxri adları əllərindən alındı

Bu sənətçilərin fəxri adları əllərindən alındı

10:38 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

10:29 23 noyabr 2024
Xankəndi şəhərində ilk solo konsert keçirilib

Xankəndi şəhərində ilk solo konsert keçirilib

10:25 23 noyabr 2024
Bəstəkarlar İttifaqının 90 illiyi münasibətilə konsert proqramı

Bəstəkarlar İttifaqının 90 illiyi münasibətilə konsert proqramı

10:19 23 noyabr 2024
"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
# # #