Gürcü məmurun azərbaycanlı müğənniyə hörməti

Gürcü məmurun azərbaycanlı müğənniyə hörməti
18 may 2015
# 15:50

Mən Tovuza gedirəm

Uşaq yuxudan oyananda öncə yan-yörəsinə diqqətlə baxdı. Gözlərini ovxalayıb bir də baxdı; atası yox idi yanında. Yəqin yenə də motosikletinə minib harasa uzaqlara getmiş, yenə də onu özüylə aparmamışdı.

Uşaq, pəncərədən gülümsəyən səhər Günəşinin parlaq şəfəqlərinin təsirindən gözlərini qıydı, yuxudan tamam ayıldıqdan sonra paltarını geyinib həyətə qaçdı. Gözləri öncə eyvanın altını aradı. Atasının motosikleti həmişə burda dayanırdı və atası onun üstünə iri boz bir çadır salırdı. Diqqətlə baxdı; motosiklet yerində yox idi. Demək, atası, həqiqətən motosikletinə minib harasa getmişdi.

Uşaq doluxsunmuşdu. Dünyalarca sevdiyi atası onu özüylə aparmamış, xəlvət çıxıb getmişdi, harasa. Hönkürüb ağlamaq istəyən uşaq birdən anasını gördü. Anası həyətin bir küncündə yerləşən kürədə çörək bişirirdi. Kürənin istisindən yanaqları pörtüb qızarmış, alnında tər tumurcuqlanmışdı.

- Ana, atam hanı? - Yaxınlaşıb kövrək səslə soruşdu.

- Atan Tovuza gedib!-Anası arxaya dönmədən oğlunun sualını cavablandırdı və işinə davam etdi. Bu cavaba bəndmiş kimi uşaq toxtaqlıq tapdı və dinməz-söyləməz həyətin dəmir darvazasının açıq qapısından küçəyə çıxdı. Yolu əlinə alıb, fəhm ilə Tovuz rayonu istiqamətində xırda addımlarla irəliləməyə başladı. Guya bilirdi ki, Tovuz rayonu, məhz onun getdiyi istiqamətdədir və həqiqətən də atasının arxasınca gedib Tovuza yetişəcəkdi. Hansı ki, burdan-bu kənddən Tovuz rayonunacan, ən azı altımış-yetmiş kilometrlik bir məsafə vardı. Bunu düşünəcək ağılda, dərrakədə olmayan uşaq inamla irəliləyib kənddən çıxdı. Torpaq yol, qızmar Günəş, uzaq yol; uşaq gedirdi...

Ana handan-hana, elə bil yuxudan ayıldı. Uşağın sorğusu, ona verdiyi cavab və birdən-birə də həyət-bacada uşağın səs-səmirinin kəsilməsi yadına düşdü, ayıltdı onu. Qəfil həyəcan bütün varlığını dolayladı. Ağlar səslə: “Vaaay, evim yıxıldı, uşaq yoxa çıxdı!” Çox səslədi uşağı, amma cavab gəlmədi. Küçəyə çıxdı, yolda-izdə gözünə dəyən adamlardan soruşdu, “gördüm” deyən olmadı. Tər dabanından çıxa-çıxa torpaq yolda büdrəyə-büdrəyə, həyəcanla uşaq gedən istiqamətdə yürüdü. Elə bil ona deyirdilər ki, uşaq Tovuz rayonuna aparan yolla gedib. Bu ümidlə irəliləyirdi. Nəhayət rastlaşdığı başqa bir adam, uşağın bir az əvvəl kənddən çıxıb üzüaşağı qonşu kəndə yol aldığını söylədi. Ana sürətini bir az da artırdı və bir qədər sonra, arxaya baxmadan irəliləməkdə olan uşağını gördü. Səslədi: “Hara gedirsən, qayıt!”

Uşaq arxaya baxmadan dedi: “Mən Tovuza gedirəm!”

Ana sürətini bir az da artırdı və uşağa yetişib qəzəblə onun balaca əlindən tutdu və hələ beş yaşı olmayan bu uşağı, bilmədi söysün, bilmədi döysün, nəhayət yarıqəzəbli, yarıyumşaq bir səslə bir daha soruşdu: “Hara gedirsən? Demirsənmi, maşın vurar səni. Lap oğurlayarlar, lap it-pişik yeyər!”

Uşaq qurduğu maraqlı xəyal dünyasından ayrılmadan təkrarladı: “Mən Tovuza gedirəm!..”

Bu, bir qismətmi, alın yazısımı, dəqiq deyə bilmərəm; tez-tez yaxın-uzaq səfərlərə yollanıram. Ümumən səyahəti çox sevirəm. Bəzən də mənə elə gəlir ki, mənim ruhum hardasa uzaqlardadır, gedirəm onu axtarmağa, öz ruhuma qovuşmağa.

Gedirəm. Amma gözlərim arxada, qulaqlarım səsdə qalır. Sanki indicə anamın səsini eşidəcəm: Dayan, hara gedirsən?..”

Yenə gedirəm. Amma bu dəfə şəxsi arabamla (maşın və ya avtomobildənsə “araba” demək mənə daha xoş gəlir). Özü də xeyli uzaqlara. Yolumuz Türkiyənin Malatya şəhərinədir. Orda keçiriləcək “Azərbaycan Ədəbiyyatı Gecəsi”nə dəvətliyik. Əslində bu tədbir aprelin otuzuna təyin olunmuşdu, amma həmin vaxt mənim işlərim üçün münasib olmadığından, xahişim nəzərə alınaraq tədbir may ayının beşinə təyin olunmuşdu. Bu da mənim məsuliyyətimi ikiqat artırırdı.

Malatya İnönü Universitetinin azərbaycanlı tələbələrinin təşəbbüsü, təşkilatçılığı ilə təşkil olunmuş gecə, başda Türkiyə olmaqla dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı gənclərə dəstək olmaq, onların bilik və bacarıqlarının artırılması məqsədi ilə 2013-cü ildə Azərbaycan Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyi (AzeDer) olaraq təsis edilmiş təşkilat tərəfindən rəsmiləşdirilmişdi. Gecənin keçirilməsində, bir yazar kimi onlara yardımçı olacağımı düşünüb mənə etimad göstərmişdilər.

Bu uzaq səfərə uçaqla getməkdən arabayla getməyi üstün tuturuq. Məqsədimiz təbiət gözəlliklərini seyr etmək, bu gözəlliklərdən doyunca zövq almaqdır. Beləliklə tanınmış yazıçı dostumuz Elçin Hüseynbəyli, Azərbaycan Yazıçılar Birliyi Mətbuat Xidmətinin Rəhbəri, şair-publisist Xəyal Rza və mən-üçlükdə yola çıxdıq. Yol boyu maraqlı söhbətlər, tanınmış sənət adamlarının həyatından maraqlı olaylar uzaq yolumuzu xeyli qısaltdı. Qırmızı Körpüyə necə çatdığımızı bilmədik. Həmişə olduğu kimi sərnişinlər piyada keçidindən keçmək üçün arabanı tərk etdilər. Yalnız qaldım. Keçiddə arabada yoxlama işi aparan gömrükçü arabadakı kitabları bir-bir gözdən keçirdi. Sonra mənim “Şah ölüm” adlı kitabımı əlinə alıb maraqla o üz-bu üzünə baxdı, varaqladı, üzümə baxdı, nəsə demək istədi və demədi. Kitabı yerinə qoyub dedi:

- Mənim atam da şair idi... Həm də aşıq idi.

- Kim idi atanız?-maraqlandım.

-Azaflı Mikayıl, - dedi. Əllərini sıxdım, tanışlığımızdan məmnun olduğumu dilə gətirdim. Ustadın bir bənd şeirini də xatırlatdım. Sonra “Şah ölüm” kitabımdan birini ona bağışladım. Çox sevindi və “Doğrusu, bayaq istədim deyəm, bu kitabın birini verin mənə, utandım” - dedi. –Adım Hökmrandır. Telefon nömrəmi yazın, gərəyiniz olar. Nə vaxt burdan gəlib-keçərkən, bir çətinliyiniz olsa, mütləq mənə zəng edin...

Əsl həngamə gürcü gömrüyündə başladı. Növbədə dayandığım an bığıburma bir gürcü gömrükçüsü diqqətlə üzümə baxdı. Düşündüm ki, yəqin keçid zamanı nəsə xətaya yol vermişəm.

Gömrükçü bir qədər irəli gedib yenidən arxaya döndü və bu dəfə daha da diqqətlə üzümə baxdı.

Sənədlərin yoxlanışı zamanı yanındakı gürcüyə gürcü dilində nəsə dedi və qəfildən məndən türkcəmizdə soruşdu:

- Siz müğənnisiz?

- Bəli, - dedim.

- Zəkadır adınız?

- Bəli.

Təəccüblənmişdim. Bu necə gürcü idi, məni tanımağı qalsın bir yana, türkcəmizdə də çox səlis danışırdı. Amma özümü ələ aldım və düşündüm ki, bu adam, çox güman ki, Gürcüstan ərazisində yaşayan türklərimizdəndir və sadəcə gürcü gömrüyündə hansısa vəzifədə çalışır.

Sənədlərim tam yoxlandıqdan sonra keçib getmək istədim. Başqa bir gömrükçü dayandırdı arabanı. Öncə ötəri yoxlanışdan keçirdi və çıxıb getmək istədi. Birdən nə düşündüsə geri döndü və bütün kitab bağlamalarını kobudcasına bir-bir açıb yoxlamağa başladı. Burda mənim mahnılarımdan ibarət xeyli sayda CD də var idi. Hamısını yığıb içəri otağa daşımamı tapşırdı. İşə düşmüşdüm. Dostlar da səbirsizliklə gözləyirdilər. Nəhayət onlar da “harayıma” yetişdilər. Amma onlar gələnəcən gürcü mənim CD - lərimdən birini açıb bilgisayara yerləşdirdi. Tərs kimi Qarabağa aid bir mahnım səsləndi. Düşündüm ki, buna siyasi don geydirib bizi əməlli-başlı ləngidəcək, işi böyüdəcəklər. Xülasə çox aradılar. Şübhəli bir şey tapmayınca kitabları, diskləri kisələrə doldurub ağzını surqucladılar. Xəbərdarlıq da etdilər ki, əgər bu kisələrin ağzı Gürcüstan ərazisində açılsa, beş min lari cərimə olunacağıq.

Gedirdik. Rahat, geniş yol aparırdı bizi. Azərbaycandan fərqli olaraq Gürcüstan yollarında sürət problemi yoxdur. Sadəcə burda sürücü də, yanında əyləşmiş sərnişin də qoruyucu kəmərlərini taxmalıdırlar, əks halda hər ikisi cərimə olunur. Və bir də sürücü içkili olmamalıdır.

Hər yan yam-yaşıldır. Yollarda dincələ-dincələ, təbiəti seyr edə-edə yolumuza davam edirik. Harda yorulsaq, harda axşamlasaq orda da gecələməyə qərar veririk...

İkinci dəfə idi, arabamla Türkiyəyə səfər edirdim. Ona görə də yollara qismən bələd idim. Bələd olmasam belə, yol nişanları köməyimizə gəlirdi. Hərdən diqqətsizlik edirdim, dostların maraqlı söhbətləri diqqətimi yayındırır, əks istiqamətdə gedirdim. Bu da dostların zarafatına, gülüşlərinə səbəb olurdu.

Batum yaxınlığında böyük çayın üzərindəki körpüdən keçdik. Bu, Kür çayının bir qolu sayılan Rioni çayı idi. Azərbaycanın qəhrəman oğlu Rahib Məmmədov, Sovetlər Birliyi dönəmində, 20 yaşındaykən, 1987-ci ildə hərbi xidmətdə olduğu Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq və qəhrəmanlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edərək, qəhrəmanlıqla həlak olmuşdu. R.Məmmədov həlak olan gün kənddə doğulmuş oğlan uşağına, onun şərəfinə Rahib (Rahib Çanturiya) adı vermişdilər.

Rahib Məmmədovu bizə Xəyal Rza, illər sonra yenidən xatırlatdı və qərara aldıq ki, Türkiyə səfərindən dönərkən mütləq Çaladidiyə gedək və qəhrəmanımızın abidəsini ziyarət edək. Təəssüf ki, yollara yaxşı bələd olmamağımız və Çaladidi kəndinin də tamam əks istiqamətdə və uzaqda olması bu arzumuzu gerçəkləşdirməmizə imkan vermədi.

Gedirdik. Hərdən arxadan qulaqlarıma kövrək bir səs dəyirdi: “Hara gedirsən, dayan?..”

Gürcüstan-Türkiyə sərhədi yaxınlığında arabanı saxladım və düşüb Qara dəniz sularını seyr etdik, bir neçə foto çəkdik. Buraya ikinci gəlişim idi və bax, elə burdaca eyni həyəcanı yaşadım, ürəyim eyni duyğularla aramsız çırpındı; bir qədər aralıda, dağın sinəsində əzəmətlə dalğalanan böyük Türk bayrağı Türkün böyüklüyündən, yenilməzliyindən, ucalığından xəbər verirdi. Qara dənizdən əsən külək türklüyün, Türkiyənin ətrini yayırdı ətrafa. Bir sözlə özümü olduqca gözəl bir aləmdə hiss edirdim. Xoşbəxt idim.

Sərhəddə yüz əlli-iki yüz metr ancaq qalmış olardı. Arabaya əyləşincə qoruyucu kəmərimi taxmağa tənbəllik etdim. Tərs kimi gürcü yol polisinin arabası düz sərhəd keçid məntəqəsinin girişində dayanmışdı. Bizi həmən saxladılar və kəməri taxmadığımız üçün qırx lari cərimə yazdılar. Bu azmış kimi spirtli içki qəbul edib-etmədiyimi də bilmək üçün əlindəki cihazı mənə yaxınlaşdırdı və hovxurmağımı istədi. Əcəb işə düşmüşdük...

Qırx larini bir ay müddətində ödəməliydim. Məsələ qırx laridə deyildi. Gürcü qanununa görə bir aydan bircə gün ötsə və qırx larini ödəməsəm, qırx lari min lari olacaqdı, mini də bir ay müddətinə ödəməsəm, olacaqdı beş min lari. Nə zamansa, istər arabamla, istər başqa cür Gürcüstana səfər edəsi olsam, bu cəriməni mütləq ödəməli olacağam və Allah bilir hansı məbləğdə. Bir sözlə, kasıb gürcü hökuməti qazancın yolunu çox yaxşı tapıb...

Gürcü gömrüyünü keçdikdən sonra doğma türk dilini eşidincə ruhuma, canıma bir rahatlıq yayıldı. Burda çox ləngitmədilər məni. Yazar dostlarımız piyada keçidindən keçib qarşıda yenə məni gözləyirdilər. Məni ən çox sevindirən isə onların bu səfərdən məmnunluqları idi. Hər necə olsa, bütün məsuliyyət mənim üzərimdə idi. Bununçün də çalışırdım ki, dostlar narahat olmasınlar, inciməsinlər.

Əldə etdiyim məlumata görə, burdan Malatyayacan yeddi yüz əlli kilometrlik bir məsafə vardı. Bu, bizi elə də qorxutmurdu. Amma yolda rastladığımız bir kamyonçunun sözləri bizi ehtiyatlı davranmağa məcbur etdi. Malatyaya yolun Ərzurum yoluyla daha yaxın olmasına baxmayaraq, kamyonçu Ərzurum yollarının qar ola biləcəyini söylədi və bu üzdən də biz Samsun yolunu tutduq. Bu da yolumuzun, hardasa 300-350 km uzanmasına səbəb oldu.

Çox narahat idim; tez-tez dostlara xəlvəti göz qoyur, narahatlıq keçirib-keçirmədiklərini üzlərinin ifadəsindən bilmək istəyirdim. Yox, hələlik hər şey yolundadır; dostların kefləri sazdır.

Arabir səs-səsə verib retro mahnılarımızdan oxuyuruq. Hərdən Xəyal bəyin xoş səsində öz şeirlərinin audioyazısını dinləyirik. Yeri gəlmişkən qeyd edim ki, dostlarımızın hər ikisinin gözəl musiqi zövqü var.

Türkiyənin yolları çox rahat, çox da gözəldir. Mənimlə birgə, sanki arabam da sevinir. Hərdən ürəyimdə bu sadiq, üç illik dostumla danışır, ona sevgimi bildirirəm. On ay öncə də bu yolu biz birgə getmişdik və sağ-salamat geri dönmüşdük, heç bir problem yaşamadan. İndi də inanırdım ki, bu etibarlı dostum bizi mənzil başına problemsiz aparacaq və geriyə də problemsiz dönəcəyik...

...Malatya bir şəhər kimi çox xoşumuza gəldi. Məlumat üçün deyim ki, Malatya əhalisinin sayına görə Türkiyənin iyirmi səkkizinci şəhəridir. Şəhərin, təxminən səkkiz yüz min əhalisi var.

Malatya ərik-qaysı diyarı kimi tanınır və dünyada çox məşhurdur. 2014-cü ildə “Böyük şəhər” statusu almışdır.

Gecəmiz çox maraqlı keçdi. Gecənin təşkilatçısı, İnönü Universiteti, Xarici Tələbələr Təşkilatının Rəhbəri Ramal Şəmşədli bizi öncə İnönü Universitetinin tələbələrilə, Malatyanın bir çox ziyalılarıyla tanış etdi. Mənimçün maraqlı olan isə tədbirə, böyük qırğız türk yazıçısı Çingiz Aytmatovun oğlu Əsgər Aytmatovun da qatılması oldu. Bir neçə il öncə Bakıya gəlişi zamanı, çox istəsəm də mərhum Çingiz Aytmatovla olan görüşdə iştirak edə bilməmişdim. Həmin gecədə isə onun oğlu Əsgər Aytmatovla tanışlıq mənimçün böyük sürpriz oldu. Və Əsgər Aytmatovun çox aramla və səlist Türkiyə türkcəsində danışması da sevindirici idi. Gecənin sonunda tələbələr üçün kitablarımızı imzaladıq, fotolar çəkdirdik və xoş təəssüratla onlardan ayrıldıq. İki gün Malatyada qonaq olduqdan sonra getdiyimiz yolu geriyə döndük. Öncə bu uzaq yolu necə qayıdacağımı düşünsəm də, bu dəfə daha kəsə yolla gedəcəyimizi biləndə rahatlandım. Amma yenə də dostlarımızın heç də narahat olmadığını, yorulmadıqlarını duyunca əhvalım düzəldi.

Geriyə dönüşümüz xeyli rahat oldu. Hətta vapurla (gəmi) Ərzincandan Tunceli mahalına keçməyimiz yolumuzu, hardasa yüz kilometrəcən qısaltdı. Həm də bu yol Tokatın dolama dağ yollarına nisbətən olduqca rahat idi.

Yol boyu tez-tez kiçik və gözəl göllərə rast gəlirdik və gözlərimiz, ürəyimiz bu gözəlliklərdən doymurdu. Bu göllərdən biri də Ərzincanla Tunceli arasındakı göl idi. Sahildə nəhəng vapur dayanıb sərnişinləri gözləyirdi. Hər bir saatdan bir yola düşən vapura irili-xırdalı bir neçə araba mindirilmişdi.

Öncə bizə elə gəlirdi ki, arabamızla birgə vapura mindikdən sonra bir saata qədər yol gedəcəyik, amma bu, cəmisi beş – on dəqiqə çəkdi və gəmidən enərkən Elçin bəy dedi: “Əşi, bəlkə səhv gəlmişik, bir soruşun, görək. Ola bilməz axı. Ola bilməz, axı biz cəmi üç dəqiqə yol gəldik vapurla. Çox güman ki, səhv gəlmişik”.

Əslində vapurla sular qoynunda, azı bir saat üzmək hər birimizin ürəyindən idi. Elə belə də zənn etmişdik. Amma məsafənin belə qısa olduğunu görüncə, əhvalımız bir qədər dəyişdi. Elçin bəyin söylədiklərini də zarafat kimi qəbul etdik və arabamız quruya çıxınca sürətlə Tunceli istiqamətində irəlilədik.

Hər iki dostumuz Batumda gecələməyimizi istəyirdi. Öncə hardasa münasib bir yerdə şam yeməyinə əyləşməli, gərəkərsə, sonra yolumuza davam etməli idik. Qara dənizin dadlı balığından yemədən getmək olmazdı...

Şam yeməyimiz bir saatdan çox çəkdi. Elçin bəy, deyəsən yorulmuşdu. Rizədə gecələməyimizi istəyirdi. Xəyal bəy isə Batumda gecələməyi məsləhət bilirdi. Məncə də Batum yaxşı olardı. Çünki sərhədə, ən çoxu saat yarımlıq yolumuz qalmışdı. Gecə olmasına baxmayaraq yollar çox işıqlı idi, həm də birtərəfli yolda arabanı sürətlə idarə etmək asan idi. Amma nədən və hardan biləydik ki, sərhəddə düz üç saat gözləməli olacağıq.

Türk gömrüyündə sıxlıq idi. Tərpəniş belə yox idi. Elçin bəylə Xəyal bəy piyada keçidini çoxdan keçmişdilər. Mənsə hələ gözləyirdim. Ən pisi də o idi ki, arabada yanacaq çox az qalmışdı, məni yolda qoya bilərdi. Yolboyu yanacaqdoldurma məntəqəsinə rast gəlmədik ki, ehtiyatlı tərpənək. Çox həyəcanlı idim.

Gecə keçir, biz isə hələ də yerimizdən tərpənmirik. Saata baxdım, üçə işləmişdi. Bu an arabanın pəncərəsindən kimsə mənə “Salam” – dedi. Dönüb baxdım. Arıq, qaraşın bir gənc idi.

- Azerbeycana gidiyorsunuz?

- Evet, - dedim.

- Men orda çok oldim. Ali Bayramlı, Sabirabad bilirsiz? Orda bir il kadar çalıştım. Amma orda beni çok aldattılar. Çoku zaman paramı bile vermediler. Burası iyidir. Ben Batumide yaşıyorum. Biliyorsun, Batumide her şey çok ucuz, burdan alıyor, sınırı geçiyor, Türkiyede çok paha satıyorum. Bana böyle çok iyidir. Ama benim eniştemin, teyzelerimin Saatlida boş evleri var, hankisinde istersen yat, yaşa. Onlar da orada yaşayamadılar, şimdi geldiler Türkiyeye.

Bu qəfil peyda olan oğlan bir türkdən çox erməniyə də oxşayırdı. Bu cür qılıqlı olması məndə şübhələr doğururdu. Türkcə səlis danışmaması da şübhələnməyimə əsas verirdi. Onunçün də soruşdum:

- Sen türkmüsün?

- Benim annesi ahıska türkü, babam acar.

- Hımm. Olsun. Demək, Azərbaycanda olmusan, yaşamısan!

- Evet. Benim Batumide, Kabuletide evim var, istersiniz size vere bilirim, geceni orda kala bilirsiniz. İsmim de İraklidir. Otelde kalırsınız çok paha olur.

İrakli qırsaqqız olub yapışmışdı yaxamdan. Buna baxmayaraq o, mənə lazım idi. Qəfil arabamızın yanacağı tükənsəydi, İrakli dadımıza yetə bilərdi.

- Arabanın petrolu tükenmek üzredir!-dedim.

- Ooo, korkmayın, ben yardım ederim, - İrakli məni lap ürəkləndirdi.

Vaxt keçirdi. Hələ də yerimizdə donub qalmışdıq. İrakli Qara dənizdən əsən gecə küləyində üşüdüyündən məni tərk etdi və arxada saxladığı Mersedesə əyləşdi.

Çox narahat, nigaran idim, Elçin bəy və Xəyal bəy sarıdan. Yəqin ki, gecənin bu vaxtı məni gözləməkdən lap bezib-usanmış, hövsələdən çıxmışdılar...

Arabada necə yuxuladığımdan xəbərim olmadı. Yuxuda yenə yol gedirdim. Arxadan anam səslənirdi: “Eeey, dayan, hara gedirsən, a bala? Hara gedirsən? Demirsənmi, uzaq yoldur, yorular, yuxulayar, maşını aşırdarsan... Lap elə sən ayıq olsan da qarşıdan gələn yuxulu olar, qəza törədər, maşınına çarpar özünü... Demirsənmi, balalarının gözləri yolda qalar... Dayan bir, hara gedirsən?” Arxaya dönmədən, yenə də “Mən Tovuza gedirəm!” demək istəsəm də, aramsız səslənən siqnal səslərinə gözlərimi açdım və qarşıdakı arabaların çəkilib getdiyini, yolun tamam boşaldığını gördüm. Arxadan İraklinin arabasından eşidilən siqnal səsləri isə hələ də kəsmək bilmirdi...

# 1189 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #