Gülbala Teymur
Sağ olsun, dediyi kimi elədi, xahişimi nəzərə alaraq, 2016-cı ildə çap olunmuş bu kitabını mənə gec də olsa, göndərə bildi Səhər xanım. Əyalətdə yaşamaq doğrudan da, balığın dəryadan uzaq çayda yaşamağından da betər imiş. Ədəbi məclislərdən, yaradıcı insanlardan uzaq düşmək yaşamaq deyilmiş. Nə yazdığın bilinir, nə də yazdığına münasibət, gərək bir ayağın elə şəhərdə ola ki, tanıya və tanına biləsən. Yazmaq fərdilikdir, təklik deyil, təklikdə sönüb gedirsən.
Səhər xanımın yaradıcılığı ilə Feysbukda tanış olmuşam. Ara-sıra paylaşdıqları şeirlər və hekayələr fəlsəfi orijinallıqları ilə diqqətimi tez çəkdi. Bu yaxınlarda qarşıma çıxan bir şeirini bir neçə dəfə oxudum və hər oxuduqca yeni bir fikrə düşdüm, sözü belə asanlıqla, aydınlıqla da demək olarmış....
Dibçək güllərini suladım öncə,
Saralıb büzüşmüş yarpağı üzdüm.
Təmasdan sevinən biçarələri
Açıq pəncərənin önünə düzdüm.
Beş yaşlı oğlumun yatmazdan qabaq,
Çəkib şifonerə yapışdırdığı
Mənə bənzəməyən rəsmimə baxdım,
Qəfildən oğlumçün yaman darıxdım.
Komodun tozlanmış güzgüsün sildim,
Orda da əksimə baxdım və güldüm.
Haçandı görmürdüm sanki üzümü,
Baxdım ki toz basmış təbəssümümü.
Həzin bir mahnıya başladım sonra,
Uşaqkən anamın xoşladığından.
Mahnı da sevindi dodaqlarımda
Şad oldu hələ də yaşadığına.
Yemək də bişirdim, çayı da süzdüm,
Yemiş də doğradım, qarpız da kəsdim.
Dəyişdim masanın boz örtüsünü,
Ən təzəsin seçdim, ən güllüsünü.
Bir azdan uşaqlar gələcək evə,
Dağıdıb tökməyə nəsə tapsınlar.
Sonralar mənsiz də yaddaşlarında
Şəklimi çəkməyə nəsə tapsınlar.
Bu şeir, qələmi kağızdan ayırmadan, birbaşa yazılan şeirdir bəlkə də...
Qəribə müqayisə olsa da, razılaşın mənimlə, bu gözəl şeir yadıma məşhur futbol ustası Dieqo Maradonanın topu stadion boyu yerə salmadan oynada-oynada aparması mənzərəsini saldı. Təəccüb, heyrət həmişə olmur, bu halı mən həyatda bir neçə dəfə keçirtmişəm, birinci dəfə müğənni Sabir Mirzəyevin səsini eşidəndə, ikinci dəfə B.Vahabzadənin “Şəbi-hicran” poemasını oxuyanda və üçüncü dəfə Səhər Əhmədin yaradıcılığı ilə tanış olanda. Mən heyrətlənəndə çox sevinirəm, təzələnir və var olduğumu hiss edirəm.
247 səhifəlik canı olan kitabda, şişirtmə olmasın, 247 kitabdan ala bilməyəcəyim zövqü-səfanı aldım desəm, inanın. Hər bir cümlə yetkin bir fikir, hər bir fikir mükəmməl bir mövzunun başlanğıcıdır. Etüdlər, Aforizmlər, Esselər, Hekayələr, Xatirələr, Fəlsəfi traktat və Povestdən ibarət olan bu kitabın fəlsəfi yükü böyükdür. Demək olar ki, burada hekayə də, esse də, aforizm də sərbəst şeir dili ilə yazılıb. Oxucu yorulmur və sona qədər müəllifin dinləyicisinə ( oxucusuna yox) çevrilir və ürəyindən keçir ki, arada bir müəllifə sual da verəsən, fəqət, bu mümkün olmur, çünki, sonrakı fikri əvvəlkinin izahını dəqiq verir. Kitab, qarşında dalğalı dənizə bənzəyir, intəhasız və dumduru.
Yazıçının gözəl yazı üslubu vardır və yazdıqları R.Taqorun “gündəliklər”i , J.Vernin “ Fəslin Çiçəkləri” əsərləri qədər canlı və dinamikdir. Səhər xanım azadlıq sözünü az işlətsə də bütün yazılarında, istər şeirdə, istərsə də nəsrdə o, tam azaddır, düşüncəsinə heç zaman xəyanət etmir. Bu azadlıq onun əsərlərindən qırmızı xətt kimi keçir. Hadisələri o qədər inandırıcı və bədii dillə qələmə alır ki, oxucu istər-istəməz üçüncü tərəfə çevrilir. Bu, əsil ustalıqdır.
Onu da qeyd etmək yerinə düşər ki, çağdaş ədəbiyyatımızda istedadlı, sözünü demiş xanım şair və yazıçılarımız kifayət qədərdir. Adlarını çəkə bilmədiklərim inciməsin, Esmira Məhiqızı, Könül Arif, Vəfa Mürsəlqızı, Gülşən Mustafa və digərləri əsil şeir nümunələri yaradırlar və oxunurlar. Bu şairlərin əsərlərinin leymotivini kədər, qəm və bəzən də plotonik eşq təşkil edir. Bu da təbiidir, yazarlarımızın çoxu itirdiyimiz Qarabağımızın övladlarıdır və dərdi "gözləri ilə" görüblər. Müqayisə üçün demirəm, Səhər Əhmədin yazılarında dərdin yumşaq şəkildə fəlsəfəsi var, dərdin özü varsa da gizlindədir.
Sevinirəm ki, min illərdir yaranaraq yol gələn şifahi, bədii ədəbiyyatımız Səhər xanım kimi qüdrətli şair və yazıçılarımızın qələmlərində bütün zamanlarda yaşayacaqdır. Ədəbiyyatın, sənətin yaşaması elə onun mənsub olduğu xalqın yaşamasıdır.