Xatirələrinlə sevişirəm gecələr... – Tural Turandan yeni şeirlər...

Tural Turan, şair

Tural Turan, şair

25 yanvar 2022
# 17:20

Kulis.az Tural Turanın yeni şeirlərini təqdim edir.

İndi

İndi xatirələrinlə sevişirəm gecələr,
İndi göz yaşlarımı qucaqlayıb yatıram.
Yuxularımın xonçalı tabutusan indi,
Hər gecə başdaşı qoyuram gülüşlərinə.
Hər gecə alın yazımı
önümə qoyub satıram,
Ayağımın ucundan keçənlərə,
Göydən 10 qəpiklik işıq atır Günəş...
Hər gecə ayrılığımızın nigah günüdür,
Hər gecə tanrı özü kəsir kəbinimizi!
Bağışla, özünü kölgəndən çox sevirəm indi,
Çünki orada nə üzün var, nə də gülüşlərin...

23 yanvar, 2022.

Qəlpə döyüntüsü

...Pəncərələr həbs edər bütün ayrılıqları,
yollar əfv eyləyər, açıb buraxar...
Gözlər ömürlük "yatar" bulaq başında,
Ümidlərin ayaqları burxular...
Döyüşdən çəkmələr qayıdar,
Hörmələr, tikmələr qayıdar...
Savaşdan adam qayıtmaz, ay qız...
Döyüşdən,
bir ömür döndərmək üçün döyüşdüyün
Gözləri zəhərli, dili zəhərli,
Döymüş ya döyülmüş
bir döyüşçü qayıdar...
Döyüşdən əvvəlki adam qayıtmaz...
Hamı yarımçıq qayıdar,
Bir kimsə tam qayıtmaz.
Qayıtmaz, atam, qayıtmaz...
...Ölənlər canın qoyub qayıdar,
Dönənlər hər şeyini...
İndi hər dönənin baxışlarında,
Bir qəlpə döyünür, mərmi döyünür...
O qayıtdı - üç ay, beş ay döyüşdü,
Bir ömür siz döyüşün indi onunla;
Yaddaşıyla döyüşün, baxışıyla döyüşün...
Savaşdan gətirdiyi
ilməsiylə döyüşün, naxışıyla döyüşün.
Bir imzayla müharibə bitmir deyir bu dönüş...
Hətta qalib ölkəni də yıxıb döyür bu dönüş...

15 yaşlı Vətən

15 yaşlı Vətən ölür bir nikahda,
15 yaşın boynu vurulur
bir nişan üzüyündə...
15 yaşında işğal edilir
bir uşağın bədəni...
Bir üzüyün çevrəsində
dilini udmuş ömür yorulur.
Tanrı da düşür uşaqların gözündən...
Bəs kimdir xoşbəxtlik axtaran bu günahda?...
O... O... O...
Övladını öyrənmədiyi hərflərə
qurban kəsən bir ata...
O... O... O...
Qızından öz gəncliyinin

gəlinciyinin heyfini çıxan ana!...
O... O... O...
Tanrısına alın yazısı yazan "cəmiyyət"!
Daha bəsdir!
Bütün erkən nikahları
əbədilik buraxın,
buraxın ehtiyata...
Daha bəsdir!
Qurtarın işğallardan
evinizdəki Vətəni!

İlahi

İlahi, ovcumu yumuram sənə,
İlahi, duamın başını bağla.
İlahi, bu gecə doğuldum yenə,
İlahi, yuxumun huşunu bağla.

Mən öz qorxusuna vurulan adam,
Mən öz nəfəsini asan qatiləm.
Mən öz günahında durulan adam,
Mən öz günahından küsən qatiləm...

Mən qanlı üzündə gülüş böyüdən,
Can verən kölgənin məzar daşıyam.
Mən dar ağacında öpüş böyüdən,
Son nəfəs əlində tumar daşıyam.

İlahi, ovcumu yumuram sənə,
Üşüməsin deyə körpəcə duam...
İlahi, özün yağ yağış yerinə,
Yağ ki, kirli andı yenidən yuyam...

Mən öz günahından kiçik adamam,
Bu böyük yazını kim yazıb mənə?!
Mən uşaq əlində evcik adamam,
Tanrının özü də uduzub mənə...

5 dekabr, 2021.

# 4958 dəfə oxunub

Oxşar xəbərlər

Humay Qədimova solo konserti baş tutdu

Humay Qədimova solo konserti baş tutdu

17:41 8 aprel 2026
Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin yeni nəşri təqdim edildi

Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin yeni nəşri təqdim edildi

16:35 8 aprel 2026
Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirildi

Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirildi

16:31 8 aprel 2026
Mədəniyyət Nazirliyi "Kulis"i  15 illik yubileyi münasibətilə təbrik etdi

Mədəniyyət Nazirliyi "Kulis"i 15 illik yubileyi münasibətilə təbrik etdi

16:04 8 aprel 2026
"Tərk etməyi öyrən, xoşbəxtliyin açarı budur..." - Buddadan hikmətli kəlamlar

"Tərk etməyi öyrən, xoşbəxtliyin açarı budur..." - Buddadan hikmətli kəlamlar

14:50 8 aprel 2026
Ankarada azərbaycanlı rəssamların sərgisi açıldı

Ankarada azərbaycanlı rəssamların sərgisi açıldı

14:00 8 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər