Xan qayıdıb öz payi-taxtında oturdu

Xan qayıdıb öz payi-taxtında oturdu
21 dekabr 2023
# 13:19

Kulis.az Ulucay Akifin "Xan qayıdıb öz payi-taxtında oturdu" adlı yeni yazısını təqdim edir.

- Alo! Rasim, hardasan? Çatmısan işə?

- Yox e, nə iş? İşdə deyiləm bu gün. Dünən demədim, sabah oyuna gedəcəm? Xankəndidəyəm.

Yadına düşür ki, hə, dostların Xankəndidədir.

Pəncərəni açıb dekabr günəşini otağına dəvət edirsən.

Kənddə əlüzyuyanlar olur e... Uzun dəmir sallanır içindən, o dəmiri yuxarı itələyirsən, ovuclarına su dolur...

İndi kəndimizdə olsaydım, o suyu şappıltıyla üzümə çırpardım...

Özümə çay süzüb süfrəyə keçirəm. Pəncərələri taybatay açmışam. Qışdı. Çöldən bir çiçək qoxusu da, bir quş səsi də girmir evə, amma mən baharın qoxusunu duyuram, səsini eşidirəm.
Xankəndidə deyib-gülən dostlarımızın səsi bura kimi gəlir.

Feysbuka girirəm. Çayımdan qurtumlaya-qurtumlaya paylaşımlara baxıram.

Xankəndidən şəkillər, statuslar, videolar paylaşılır.

Orxan Məmmədlinin paylaşdığı videoya baxıram.
Videoya belə başlıq yazıb: “Bu gün Xankəndidə hava günəşlidir”.

Öz-özümə fikirləşirəm ki, bu nə sirri-xudadırsa, belə möhtəşəm günlərdə hava həmişə günəşli olur.

İstəyirəm, Orxana zəng eləyib deyəm ki, Bakıda da hava günəşlidir, bu gün bütün Azərbaycanda hava günəşlidir.

Xankəndi stadionunda “Qarabağ” ilə “MOİK” komandalarının oyunu var bu gün.

Rasim şəkil paylaşıb Xankəndi stadionunun qarşısından.

Tahir Hümbətov da şəklə şərh yazıb:

“12-ci sinif – ƏN YENİ TARİX”.

Bəli, Azərbaycanın ən yeni tarixinin səhifələrini birgə vərəqləyirik.

Birgə ayaq basırıq bizdən uzun illər ayrı düşmüş torpaqlarımıza.

Şuşada şeir deyirik, Laçında rəqs edirik, Ağdamda namaz qılırıq.

Hər daşına, hər ağacına yenidən salam veririk.

Əyilib öpürük torpağını.

Əyilib öpürük axan sularını.

“Qardaşım ağaclar, bacım çiçəklər”ə qovuşuruq.

Adamın içindəki səma böyüdükcə böyüyür.

Adamın içi axar sular kimi durulur.

Bu gün Xankəndidəyik.

O Xankəndidə ki, illərlə onu Stepanakert kimi təqdim etməyə çalışdılar dünyaya.

O Xankəndidə ki, özlərinə “paytaxt” seçdilər.

Xankəndi paytaxt olmadı heç kimə.

Xan qayıdıb öz payi-taxtında oturdu.

Bundan sonra hər şey daha gözəl olacaq!

Mən buna bütün qəlbimlə inanıram!

Biz daha azad, daha məğrur, daha məsud yaşayacağıq!

Çünki biz buna layiqik!

Çingiz Özgürün yazısı da çıxdı qarşıma, başlığı belə idi:

“Qarabağ” - “MOİK” oyununa "bal kimi" proqnoz: qalib indidən bəllidir”

Bəli, qalib indidən bəllidir.

Qalib dünəndən bəllidir.

Bu gün Xanın övladları Xankəndidə ayağını ayağının üstünə aşırıb “Qarabağ” və “MOİK” oyununu izləyəcək.

Bu oyunun qalibi çoxdan bəllidir.

Biz qollarımızı stadiondan kənarda - çoxdan vurmuşuq.

# 3718 dəfə oxunub

Oxşar xəbərlər

Atasının cənazəsinə tələsən övlad

Atasının cənazəsinə tələsən övlad

21:03 10 fevral 2026
“Vienna Charity Ball Baku” xeyriyyə balının ikinci mövsümü keçiriləcək

“Vienna Charity Ball Baku” xeyriyyə balının ikinci mövsümü keçiriləcək

17:23 10 fevral 2026
Şagirdin müəllimini güllələməsinin əsl səbəbləri üzə çıxdı - VİDEO

Şagirdin müəllimini güllələməsinin əsl səbəbləri üzə çıxdı - VİDEO

15:54 10 fevral 2026
Sevgilisinə görə Nobeldən imtina etdi - Dahi şairin son günlərindəki dəhşətli etirafları

Sevgilisinə görə Nobeldən imtina etdi - Dahi şairin son günlərindəki dəhşətli etirafları

15:30 10 fevral 2026
İnsanı nə xoşbəxt edir? - Ömər Xəyyamın min il əvvəl söylədikləri

İnsanı nə xoşbəxt edir? - Ömər Xəyyamın min il əvvəl söylədikləri

15:00 10 fevral 2026
Professor Tofiq Hacıyev:  "Ortaq türk dilini yaratmaq olar, amma..." - Müsahibə

Professor Tofiq Hacıyev: "Ortaq türk dilini yaratmaq olar, amma..." - Müsahibə

14:40 10 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər