“Uşaqlara naharda su ilə çörək yedirən bağça” - Ailə mühiti, yoxsa uşaq həbsxanası?

“Uşaqlara naharda su ilə çörək yedirən bağça” - Ailə mühiti, yoxsa uşaq həbsxanası?
4 sentyabr 2025
# 16:40

Kulis.az Kamil Əlisoyun yeni yazısını təqdim edir.

Yenə gündəmdə bütün cəmiyyəti kifayət qədər sarsıdan bir mövzu: Uşaq bağçaları və ordakı faciəvi “tərbiyə”. Tərbiyə demək olarsa..

Bura bağçadır. Bağçada gül bitir. Ona qulluq edilir. O da böyüyür, öz gözəlliyi ilə sənin əziyyətinin bəhrəsini sənə qaytarır.

Uşaq bağçasında da uşaq yetişir. Yaxşı baxırsan, nəvaziş göstərirsən, gülün ətri yayılan misalı cəmiyyətin hər yerində onun xoş sədaları eşidilir. Pis baxırsan, suyunu az verirsən, ya vermirsən, qayğı göstərmirsən, o da solub gedir. Bu uşaqlar da eynən elədir. “Pis övlad bağı dağa döndərir, yaxşı övlad dağı bağa”.

Gül, sadəcə, solub gedir. O, daha artığına qadir deyil. Bəs uşaqlar? Onlar da sadəcə solub gedir, yoxsa başqa nəsə olur?

Əlbəttə, olur. O qayğısız uşaq böyüyür, ona nə veriblərsə, onu da özündən sonrakılara və yan-yörəsindəkilərə ötürür. Sonra da deyirik, ailəsini qətl edən Əhmədlər necə yarandı? Öz övladını öldürən adamlar necə yetişdi? Öz arvadını baltalayan, doğrayan adamlar hardan peyda oldu? Balaca uşaqlara meyil salanlar axı necə yarana bilər?

Bu sualların cavabı da elə burdan başlayır. J.J. Russo da uşaq tərbiyəsilə ciddi məşğul olub, araşdırma aparıb. “Uşaq da bir ağ kağızdır, nə yazsan, o da qalacaq, pozulmayacaq”- deyə yazıb. Çünki o vərəqə yazılan qələm onun dərisinin dərin qatlarına, beyninə, mənəviyyatına, varlığına yazılır. Xüsusən də, şüuraltına. İllər keçdikcə, şüuraltı üzə çıxmağa başlayır.

Xəbəri açırsan, “Uşaqlara toyuq dərisindən kotlet yedirdən bağça müdiri”, “Uşaqlara naharda su ilə çörək yedirən bağça”, uşaqları təhqir, fiziki zorakılıq, nə bilim, nə...

Bütün bunlar 5- 10 manat daha artıq qazana bilmək, əsəbini çıxarmaq, eqonu sakitləşdirmək üçündür. Bunu hamı çox gözəl bilir. Evdə həyat yoldaşına, öz uşağına, anasına, atasına, bacı- qardaşına edə bilmədiyini gəlib burda başqasının uşağına edir. “Başqa”sının uşağı. Heç bu da düzgün təfəkkür deyil, nəysə.

Kapitalizm elə bir quruluşdur ki, insanları bir-birindən pul qazanmağa vadar edir. Gəlin düşünək? Bu qədər vicdansızlıq olar ki, uşaqlara bunları rəva görələr? Hətta, ən qəddar adamların belə uşaq adı gələndə vicdanı, heç olmasa, sızlayır. Görünür, belə bağça müdirlərinin heç vicdanı da qalmayıb, sızıldamaq o yana qalsın.

Qəribədir, onlar, görəsən, necə seçilir bu vəzifəyə? Axı, burada bir standart var?

Bu psixologiya bir az Sovet dövründən qalıb. Belə düşüncə tərzini “Əti sənin, sümüyü mənim”, “uşağımı adam et” deyə-deyə bu kütlə özü-özünə aşılayıb. Ona görədir ki, döymək də bir tərbiyə üsulu hesab olunub.

Uşağa bəzən bir şillə çəkmək onu döymək deyil. Əlbəttə, müasir psixologiya bəzən valideynin dominantlığı üçün, çox nadir hallar kimi olsa da, bunu istisna etmir.

Görünür, digər məsələlərdə olduğu kimi, bunu da yanlış anlamışıq, və ya anlamamamışıq. Çünki, uşağa zorakılıq, yeməyini kəsmək, təhqir etmək, sadəcə, bağçanın üstünə atılası şey deyil. Bu, elə uşağın evinin içində də olur, təəssüf ki.

Xəbərə baxın, xalası uşağı döyüb. Əmanətə xəyanətin məişət versiyası.

Və ya, çox da uzaq olmayan keçmişdə, qəbul imtahanında yaxşı bal toplamayıb deyə özünü binadan atanları, asanları da unutmayaq. Bu hardan qaynaqlanır? Əlbəttə ki, maddi-mənəvi istismar. “Məni biabır etdin, adımızı batırdın” təfəkkürü.

Bugünkü gündə uşaq hüquqları, həqiqətən, ciddi istismar altındadır. Hamısı təhlükədədir. Heç biri heç nədən sığortalanmayıb. Övladını məktəbə, bağçaya yazdıranlar günlərlə araşdırma edir, tikan üstündədir.

Gələcəyimizin körpə fidanları bizim üçün ən dəyərlilərdir. Onlardan daha vacib heç nəyimiz yoxdur və nəyin bahasına olursa, olsun, onları qorumalıyıq.

Bütün bu qazanclarımız, itkilərimiz, həyat yarışımız da ancaq onlar üçündür.

Hə, bir də... Hamının evində bir uşaq var. Kim başqasına nəyi rəva bilirsə, onunla da sınanacaq.

# 130 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan yazıçısının dünyaya çıxa bilməməsi nədən qaynaqlanır? - Mətanət Vahid

Azərbaycan yazıçısının dünyaya çıxa bilməməsi nədən qaynaqlanır? - Mətanət Vahid

18:20 4 sentyabr 2025
Corco Armani vəfat etdi

Corco Armani vəfat etdi

18:00 4 sentyabr 2025
Sofi Törner "Tomb Raider" serialında Lara Croft rolunda

Sofi Törner "Tomb Raider" serialında Lara Croft rolunda

17:40 4 sentyabr 2025
Sinəsi açıq, qısa ətəklə... -  Deputatdan müəllimlərlə bağlı çağırış

Sinəsi açıq, qısa ətəklə... - Deputatdan müəllimlərlə bağlı çağırış

17:00 4 sentyabr 2025
Enriko Makiasın Türkiyə konserti ləğv edildi

Enriko Makiasın Türkiyə konserti ləğv edildi

16:30 4 sentyabr 2025
Keramika muzeyində böyük soyğun baş verdi

Keramika muzeyində böyük soyğun baş verdi

16:10 4 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər