Tıxaclar, bahalaşmış taksilər və tər iylənən sərnişinlər

Tıxaclar, bahalaşmış taksilər və tər iylənən sərnişinlər
25 iyun 2024
# 14:55

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Bakının dərdi var...
Özü də qurtarmaq bilmir. "Fairy" kimi.
Son illərin ən böyük problemlərindən biri, şübhəsiz, yol və nəqliyyat problemidir.

Müasir Bakı əhalisinin gününün az qala yarısı yollarda keçir.
Səhər işə (dərsə) getmək, axşam işdən (dərsdən) çıxmaq vaxtları yollarda tıxaclar, metroda basabas artıq öyrəşdiyimiz şeydir. Bəzi istiqamətlərdə isə bütün günü tıxac olur. Buna da öyrəşmişik.

Bir yandan da yay gələn kimi ictimai nəqliyyatın sayı azalır, interval çoxalır. Guya dərs olmadığı üçün ictimai nəqliyyata tələbat azalırmış. Tələbələr doğma el-obalarına, şəhər əhli isə istirahətə yollanırmış...

Birincisi, tələbələrin heç də hamısı şəhərdən getmir. Burda yaşayanlar heç, ətraf bölgələrdən təhsil almağa gələnləri deyirəm. Yayı şəhərdə qalıb işləyən, növbəti tədris ili üçün pul yığan tələbələr az deyil.

Qaldı şəhər əhlinin istirahətə getməyinə, bizim istirahət anlayışımız Xəzər sahilində yana-yana qarpız-pendir yeməkdən və qarpız qabıqlarını sahildə atıb getməkdən o yana keçmir (istirahət haqqında gələn dəfə danışacağıq). Bir də güc-bəla bir az pul yığıb iki-üç günlük hansısa rayona gedənlər olur ki, bu da olsun dəryada damla qədər.

Hə, yollarda qalmışdıq. Və yeri gəlmişkən, sözün əsl mənasında yollarda qalmışıq.

Maşının varsa, bir dərd, yoxdursa, başqa dərd.

Maşının varsa, bir neçə saatın tıxaclarda keçəcək.

Maşının yoxdursa, bir neçə saatın avtobusda tıxaclarda keçəcək.
O da əgər avtobus gəlsə.

Çıxırsan dayanacağa, isti bir yandan, toz-torpaq bir yandan, gözlə ki gözləyəsən.

Beş dəqiqə, on dəqiqə, yarım saat...

Avtobus gəlmir? Ağabala, vallah gələcək.

Bir azca da döz.

Gözləyirsən, gözləyirsən, arada dayanacaqdakı başqa adamlara baxırsan. Hamı qaraqabaq, hamı əsəbi.

Gələndə də minmək məsələsi. O qədər adam var ki, tez tərpənməsən, qalacaqsan o biri avtobusun ümidinə.
Minmək də bir ayrı bəla. Köhnə avtobuslarda onsuz da kondisioner yoxdur, təzələrdəkilər də ya işləmir, işləyirsə də, bir-birinə yapışmış adamların hərarətindən hiss eləmirsən soyuğunu.

Bir yandan da tər iyi.

Şəhəri təmiz saxlamırıq, küçəmizi təmiz saxlamırıq, təbiəti təmiz saxlamırıq, heç olmasa özümüzü təmiz saxlayaq. O da pulla deyil ki. Ey qılınc müsəlmanları, axı İmam Əli də buyurub, təmizlik imandandır.

Hər dəfə (yəni, gündə azı iki dəfə) avtobusa, metroya minəndə camaatdan soruşmaq istəyirəm ki, sizin evinizdə su gəlmir?

Çarəsizlikdən deyirsən. taksiylə gedim. Tərs kimi, onların da qiymətini qaldırıblar. Bu heç. Amma taksilər də gəlmək bilmir. Onlar da tıxacda ilişib qalır. Hələ günahkarsan taksiyə Hövsan, Masazır deyəsən. Sifəti necə dönür sürücünün! Sumqayıtı dilinə də gətirmə.
Qısası, hara fırladırsan fırlat, əsəb və vaxt itkisi. Çalış, yola çıxma. Çıxdınsa, daha özün bilərsən.


# 2510 dəfə oxunub

Oxşar xəbərlər

Qədim Roma dövrünə aid şura binası   üzə çıxarıldı

Qədim Roma dövrünə aid şura binası üzə çıxarıldı

18:15 11 avqust 2025
Xalq artisti Röyaya ağır itki

Xalq artisti Röyaya ağır itki

17:00 11 avqust 2025
1 milyon illik alətlər: Hobbitlərin qonşuları ortaya çıxdı

1 milyon illik alətlər: Hobbitlərin qonşuları ortaya çıxdı

15:40 11 avqust 2025
K-Pop ulduzlarından  "Sigma Boy" ifaçılarına maraqlı təklif

K-Pop ulduzlarından "Sigma Boy" ifaçılarına maraqlı təklif

15:05 11 avqust 2025
2000 illik mumiyada döymə izləri aşkarlandı

2000 illik mumiyada döymə izləri aşkarlandı

14:55 11 avqust 2025
Qüdsdə nadir tapıntı: 2600 illik...

Qüdsdə nadir tapıntı: 2600 illik...

14:00 11 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər