Tiktok Bilal Əliyevi necə dəyişdi?

Bilal Əliyev, Xalq artisti

Bilal Əliyev, Xalq artisti

8 sentyabr 2022
# 17:00

Kulis.az Nihat Pirin “Bilal Əliyevi Tiktok necə dəyişdi?” adlı yazısını təqdim edir.

Bu bir Allahın cəzası olmalı ki, Bilal Əliyev bəndəsinə bu boyda yazı həsr eləmək məcburiyyəti hiss edirəm. Amma məsələ təkcə Bilal deyil. Odur ki mövzumuzun elə ikinci tərəfindən başlayaq.

Tiktok platforması günümüzün ən çox danışılan, az qala, ən çox istinad edilən mərkəzinə çevrilib. Tiktok həm də üzdə olan simaları bizlərə daha yaxşı və daha açıq, olduğu kimi təqdim edir. Bu, həmin adamların özlərindən asılı olan bir şey deyil. Onlar sadəcə axına düşürlər və axının – Tiktokun amansız reallıqlarına təslim olurlar. Beləcə tamaşaçı üçün sevdiyi adamlar bircə həftənin içində, az qala, nifrət edəcəyi şəxsə çevrilir.

Adamların böyük bir qismi isə Tiktoku, loru dillə desək, sığallamaqla məşğuldur. Platformanın sənin zövq və istəyinə uyğun videoları qarşına çıxarmağı arqument kimi təqdim edib problemi özümüzdə axtarmağı tələb edirlər. Tələbi cidd-cəhdlə qəbul edir və haqlı sayıram. Amma və lakin Tiktok sosial platforması heç bir vəchlə ciddi platforma deyil və ola da bilməz. Bu məsələ mənim üçün müzakirə mövzusu deyil.

Bilal Əliyev də hazırda bəhs elədiyim həmin axına düşmüş adamdır. Və belə görünür ki, Bilalın düşdüyü bu axın bizə çox-çox yeni mövzular verəcək. Çünki illərdir, heç nəyi olmadan sənətdə və səhnədə olan Bilal tamaşaçı üçün, bir növ, bağlı qutu idi. Bilal hər zaman kostyum geyinib qalstuk taxan və vəsfedici mahnılar oxuyan, arabir həmin mahnıları ingilis dilinə çevirmə cəhdində bulunan biri idi. Bilal o qədər pafoslu rəsmiyyət daşıyırdı ki, onun yatanda belə kostyumda yatdığını düşünürdük.

Keçən dəfə yazıların birində Bilal Əliyevin Tiktok platformasındakı özfəaliyyətindən az da olsa, danışmışdım. Və o yazıda qeyd eləmişdim ki, Bilal Əliyevi müəyyən mənada sındırmaq istəyənləri birinci şəxs əlində yellədiyi bir qom marqanes rəngli yüzlüklə çoxdan sındırmışdı.

Zaman keçdikcə, Bilal Əliyev platformanın qayda-qanunları və leksikonu ilə tanış olduqca indi başqa bir sındırma metodu tapıb: açıq-aşkar təhqirlə, açıq-aşkar söyüşlə.

Yazının başında qeyd eləmişdim, məsələnin bu səviyyəyə ulaşmasında təkcə Bilal günahkar deyil. Günahkar həm də Bilala o şəraiti sunanlardır.

Bilal cəmiyyət üçün nə yararlı fiqurdur, nə müğənni, nə də ki, sənətkar. Bu üç ciddi və əsaslı arqumenti ovcumun içində büküb açdıqdan sonra havaya üfləyirəm və ilk sualı verirəm: Yaxşı, bəs necə olur ki, Bilalin cibindən bir qom yüzlük çıxır?

Bilalı toylara aparan, məclislərində başda oturdan adamlar Bilalı sənəti və sənətkarlığı olmadan elə bir səviyyədə cızıqdan çıxarıb ki, artıq Bilal üçün heç nəyin fərqi yoxdur. Bilal “Geyim almaq üçün Londona gedəcəyəm” deyəndə də səmimidir. Bəli, o, özünə “futbolka” almaq üçün Londona gedəcək qədər imkanlıdır.

Allah üçünü, qeyd eləmək gərək ki, burada Bilalın heç bir günahı da yoxdur. Çünki Bilal özüdür. 15 il qabaq da, 10 il qabaq da, bu gün də, sabah da.

Bilal mənasız-mənasız mahnıları ilə, mənasız şadyanalığı ilə də Bilaldır, bu gün platformadakı söyüşləri ilə də. Amma bir şeyi əsaslı şəkildə qeyd eləmək lazımdır ki, bu otuz-qırx ildə Bilalı heç bir qüvvə dəyişə bilməsə də, “Tiktok” dəyişə bildi. Daha doğrusu, özünə, öz leksikon çərçivəsində danışmağa məcbur eləyə bildi.

Elə adamlar var ki, onlar, həqiqətən də, obrazdır. Yəni bu adama baxırsan və görürsən ki, özü deyil, oynayır. Məsələn, Elza Seyidcahan. Elzanın bugünkü gülünc durumu onun gündəmi zəbt eləmək üçün uydurduğu obrazdır. Elza başına ananas və söyüd budağı keçirib efirə çıxacaq, “Tikim sənin bığını” vurğusunda şeir yazacaq dərəcədə qeyri-ciddi biri deyil. Elzanın sənəti kifayət qədər və kifayətdən də artıq dərəcədə böyük və ciddidir. Elza "Bu gecə", "Gözəllik", "Mən aktyoram" və digər onlarla bu səpkidə olan şedevri bəstələyən və oxuyan adamdır. Amma o, nədənsə (Bu nədəni heç cür çözə bilmirəm) belə bir obraz olmağı seçib. Yəni özü.

Amma Bilal nədirsə, odur. Bilal ətrafında olub-bitəni götür-qoy etmək, təhlil aparmaq və nəticə çıxarmaq potensialında biri deyil. Bilal obraz deyil, özüdür. Bilalın davranışı, hərəkətləri, məzmunsuz və gülüş doğuran pafosu başdan-başa təbiidir.

Bilal xoşbəxtdir. Bilal hər zaman xoşbəxtdir. Bilal hər şeyi ilə xoşbəxtdir. Özünün ultrabənövşəyi ingiliscəsi ilə də, yatanda da geyindiyi kostyum-qalstuku ilə də, olmayan sənəti ilə də və olmayan sənətkarlığı ilə də.

Bilal üçün o, xalqın sevimlisi, sevilən səsi və sənətçisidir. Və burada o, heç də haqsız deyil. Çünki Bilal xalqın toyunda-düyünündə kostyumunu geyinib ağzına gələni ağlına gələn formada oxuyur. Və buna görə pul alır. Nəticədə öz saf düşüncəsinə görə, o, Xalq artisti adını sonuna qədər haqq edir və sevilir.

Bəs, görəsən, Bilal Əliyev “Mən niyə Xalq artistiyəm?” sualını özü özünə verirmi? Verə bilərmi?

Əlbət ki, yox. Çünki Bilal bunu düşünmür. Düşünmək istəmir yox, sadəcə düşünmür. Və xoşbəxtdir. Hər zaman xoşbəxtdir.

İndi Bilal gecənin on ikisində "Tiktok" platformasında canlı yayım edib "Lalələr" oxuyur və yenə də özünü xoşbəxt hiss edir. Çünki Bilal elə bilir ki, xalqın ona hər yerdə və hər zaman ehtiyacı var. Xalq onu toyda görüb sevdiyi kimi, Tiktokda da görüb sevmək istəyir.

Ona görə də ilkin canlı yayımlarda ağına-bozuna baxmadan hamıya mahnı oxuyur, hamıya təşəkkür edirdi. Amma zaman keçdikcə Bilal xalqın sevimlisi yox, məzə obyekti olduğunu qəddarcasına və aşkarcasına gördü. Bu qəddarlığı ona izləyiciləri etdi. Hansı izləyiciləri? Bilala görə onu sevən, onu xalqın sevimlisi hesab edən izləyiciləri.

Bilal bundan məyus oldu. Həm də xoşbəxtcəsinə məyus oldu. Məyus olub onun canlı yayım və oxu mədəniyyətinin olmamasından istifadə edib öz profil adları ilə onu ələ salanları olduğu platformanın qayda və qanunları, eyni zamanda, leksikonu çərçivəsində cavabladı. Onları söydü, onları aşağıladı, onları alçaltdı.

Niyə? Çünki Bilal əlinə mikrofon alıb şadyanalıq elədiyi bu otuz-qırx ildə ilk dəfə idi ki, həqiqətə bu qədər yaxın olurdu. İlk dəfə idi ki, sevimlisi olduğunu düşündüyü tamaşaçıdan, izləyicidən təhqir eşidirdi. Həm də davamlı formada.

Və saytların birinə bu təhqirlər barədə bu formada açıqlama verdi: “Hazırda bunun üzərində iş gedir, siyahı hazırlanır. Həmin videoları yayanların ümumi siyahısı məhkəməyə veriləcək. Məhkəmədə uduzanların hər biri cərimə olunacaq, bir hesab açacağıq və pul həmin hesaba ödəniləcək. Mənə elə sözlər yazırdılar ki... Ona görə də həmin izləyicilərə elə cavab vermişəm”.

Mənim Bilal haqqında maksimum deyəcəklərim bunlar idi. Amma siz açıqlamadakı bu hissəni bir də oxuyun və düşünün: Məhkəmədə uduzanların hər biri cərimə olunacaq, bir hesab açacağıq və pul həmin hesaba ödəniləcək.

# 9427 dəfə oxunub

Oxşar xəbərlər

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:05 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

14:38 25 noyabr 2024
# # #