Sülhün mənası - Paulo Koelyonun pritçası

Sülhün mənası - Paulo Koelyonun pritçası
24 avqust 2026
# 12:20

Bu gün tanınmış Braziliya yazıçısı Paulo Koelyonun doğum günüdür.

Kulis.az onun "Sülhün mənası" pritçasını Firidun Ağazadənin tərcüməsində təqdim edir.

Biri vardı, biri yoxdu, hər kəsin xoşbəxt yaşadığı bir krallıq vardı, amma bütün qonşu krallıqlar biri-biri ilə həmişə müharibə edirdi.

Bir gün Kral öz vəzirini yanına çağırıb soruşdu:

– Niyə təkcə bizim ölkəmiz sülh içində yaşayır?

– Çünki xalq sizdən razıdır, – vəzir cavaba verdi.

– Xalq niyə razıdır? – Kral yenə soruşdu.

– Çünki hər kəs sevdiyi işi görür.

“Qonşuluqda müharibə gedərkən sülh içində yaşamaq qorxuludur, – Kral təşvişlə düşündü. – Bir gün onlar apardıqları müharibədən yorulub bizə hücum edə bilərlər. Onlara sülhün vacibliyini necə öyrətmək olar?”

Bir gün Kral göl sahilində durub ətrafı seyr edirdi, yaxınlıqdan bir qayıqçı öz qayığı ilə keçirdi. Kral ondan soruşdu:

– Deyə bilərsənmi, qonşularımıza sülhün əhəmiyyətini necə öyrədə bilərik?

– Onların hərəsi bir dildə danışır, – qayıqçı dedi. – Bilmirəm, onlar bizi başa düşərlərmi?

Qayıqçı düz deyirdi. Amma bütün günü gölü seyr edəndən sonra axşama yaxın Kralın ağlına bir fikir gəldi.

Ertəsi gün Kral bütün camaatı bir yerə topladı.

– Sülh haqqında ən yaxşı şəkli kim çəksə, on qızıl pul alacaq, – o dedi.

Beləliklə, Kralın həyəcanlanmış təbəələri işləməyə başladılar.

İlin axırında şəkil çəkənlərin hamısı sülh haqqında çəkdiklərini Kralın yanına gətirdi, hər kəs qiymətli mükafata sahib olmaq istəyirdi.

Onların hər biri yaxşı tanıdığı materialla işləmişdi. Aralarında naxıştikən, çörəkbişirən, əsgər, hippi, rahib, cadugər, ən yaxşı şagird və ən pis şagird də vardı.

Şəkillər çox idi, amma sülh haqqında ən yaxşı rəsm hansıdır, seçmək çətin idi. Kral xeyli fikirləşəndən sonra, nəhayət, təbəələrini çağırdı ki, nəticələri elan etsin.

– Zəhmətiniz üçün hər birinizə təşəkkür edirəm, – Kral dedi. – Hər kəsin çəkdiyi rəsm gözəldir, çünki sevə-sevə çəkilib. Amma mən bir şəkli mükafata layiq hesab edirəm. Bu, ikinci yeri tutan şəkildir. O şəkildə dağların gücü, günəşin qüdrəti, evin rahatlığı, yeməyin dadı, göllərin sakitliyi, meşələrin rəngi, quşların sevinci və uşaqların məsumluğu var. Bu çox gözəl şəkildir. Mən mükafatı ona verərdim, əgər başqa bir şəkil olmasaydı. Mən inanıram ki, o başqa şəkil, həqiqətən, sülhün rəmzidir.

Adamlar Kralın seçdiyi şəkli görəndə dəhşətə gəldilər. Amma bu, Kralın seçdiyi şəkil idi.

“Məncə, Kral dəli olub”, – bir qadın deyindi.

“Doğrudanmı, o belə düşünür ki, belə eybəcər şəkil sülhün rəmzi ola bilər?” – çörəkbişirən dedi.

“Gərək elə bir adam tapaq ki, incəsənətdən başı çıxsın” – Kralın münəccimi təklif etdi.

– Siz hamınız düşünə bilərsiz ki, mən ya incəsənət haqqında heç nə bilmirəm, ya da sülhün nə olduğunu başa düşmürəm, – Kral dedi. – Bu şəkli ilk dəfə görəndə mən də dəhşətə gəldim. Elə bil bütün təbiət qəzəblidir. Amma əgər küləklərin hiddətlə az qala sındırdığı o tənha ağaca baxsanız, siz də mənim kimi görərsiz ki, orada bir budaq var, o budaqda bir yuva var, o yuvada balaca bir quş var, o quş cik-cik edib sevinir ki, indi anası ona yemək gətirəcək. Mənim üçün sülhün əsl mənası budur. Qəlbiniz sevinclə dolu olsa, sizin də ailəniz olsa və o ailə uğrunda döyüşsəniz, ətrafda nə baş verdiyinin əhəmiyyəti yoxdur, çünki sülh olsa, siz hər şeyə qalib gələrsiz.

O şəkil başqa krallıqlara da göndərildi, onlar da tədricən həmin Kralın nə demək istədiyini başa düşdülər, onların da qəlbi sülh istəyi ilə doldu.

# 97 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

11:40 24 avqust 2026
Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq

Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq

11:20 24 avqust 2026
Xalq artisti Şükufə Yusupova palataya köçürüldü - Vəziyyəti stabildir

Xalq artisti Şükufə Yusupova palataya köçürüldü - Vəziyyəti stabildir

11:00 24 avqust 2026
Azərbaycan nümayəndə heyəti Buxarada tarixi Ark qalasında

Azərbaycan nümayəndə heyəti Buxarada tarixi Ark qalasında

10:45 24 avqust 2026
"Əcəmi Naxçıvani” bədii-sənədli filminin çəkilişləri yekunlaşdı

"Əcəmi Naxçıvani” bədii-sənədli filminin çəkilişləri yekunlaşdı

10:20 24 avqust 2026
Xalq artisti Tofiq Bakıxanov vəfat etdi

Xalq artisti Tofiq Bakıxanov vəfat etdi

23:50 23 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər