Şükriyyə Əhməd Cavaddan niyə boşanmaq istəmirdi? - Cavidin “Şükriyyə”si"

Şükriyyə Əhməd Cavaddan niyə boşanmaq istəmirdi? - Cavidin “Şükriyyə”si"
2 iyul 2023
# 17:57

Kulis.az Sərraf Balaxanın "Cavadın Şükriyyəsi - Cavidin “Şükriyyə”si" yazısını təqdim edir.

“Azərbaycan! Azərbaycan!...” nidasıyla dünya insanını qəhrəman övladın şanlı Vətəni üçün sayğı duruşuna dəvət edən Əhməd Cavadın Şükriyyəsi də öz ləyaqəti və qeyrəti ilə bizləri Azərbaycan qadını, türk xanımı qarşısında sayğıyla əyilməyə vadar edir.

Bəy qızı Şükriyyə Axundzadənin vətəni Əhməd Cavad uğrunda yaşadığı dəhşətlər və bütün bu zülmlərdən qalibiyyətlə çıxması o dəhşəti bilənlərin deyil, daha çox onu görmək imkanı olanların katarsisinə səbəb olur.

Azərbaycan Akademik Milli Dram Teatrı 30 iyunda yazıçı Cavid Zeynallının “Şükriyyə” dramının səhnə göstərisi ilə öz ağuşuna ala bildiyi qədər insana katarsis yaşatdı.

Əməkdar incəsənət xadimi rejissor Bəhram Osmanovun ustalıqla səhnə həyatı bəxş etdiyi məşəqqətli insan taleləri ilə dolu göstəri tamaşaçının düşüncəsində və qəlbində olduqca önəmli izlər qoydu. Tamaşanın gedişində baş verən qəfil alqış səsləri tamaşaçının aktyorlarla çiyin-çiyinə bu dramı yaşadığını göstərirdi.

Vətən xaini damğası vurularaq həbs edilən, dəhşətli işgəncələrə məruz qalan Əhməd Cavada ən böyük zərbəni Şükriyyəni ondan boşanmaq istəməsi ilə bağlı hazır ərizəyə imza atdırmaqla nail olmaq istəyi qəddar hakimiyyətin gözündə qalır. Şükriyyənin imzadan imtina etməsi onun övladlarından ayrı düşməsinə, tək-tənha Qazaxıstanın çöllərinə sürgün edilməsinə səbəb olur.

Sürgün əzabı, övladlarının intizarı, Cavadın taleyindən nigarançılıq, hər gün şahidi olduğu dəhşətlər Şükriyyəni sanki daha mübariz edir. O, həyatda olduğu kimi, elə tamaşada da günəşin doğacağına inanır.

Rejissor Bəhram Osmanov tamaşanın əsas motivini yol və taxt arxetipləri üzərində qurub. Burada yol həm insanları ayıran, bir-birindən uzaq salan, həm də qovuşduran, intizara son qoyan detaldır. Səhnənin qarşısında çəkilən dəmir yolu xətti ayrılıqla bərabər, həm də ümidi ifadə edir. Yol varsa, gedən də var, gələn də, yolun bir yerində dayanıb böyük ümidlə gözləyən də var.

Bu dəmir yolu həm də səhnədə baş verən həyatla, tamaşaçı - əhali, insanlar arasında qırmızı xəttdir. Təsadüfi deyil ki, məhz Zöhrə o yolun üzərində dayanaraq insanlara səslənir, onları səhnədəki dəhşətlərdən xəbərdar edir.

İkinci arxetip olan taxt tamaşada böyük stolla əvəz edilib. Bu stol həm hakimiyyəti və gücü, həm də eyni zamanda məkanı və zamanı özündə ehtiva edir. İnsan taleləri ilə bağlı qərarlar bu stolun üzərində verilir, əsas dramatik vəziyyətlər bu stolun üzərində yaşanır.

Bu stol hakimiyyətin rəmzi olan güc təmsilçiləri tərəfindən səhnədə zaman çarxı kimi fırladılır, stolun səhnədə bir dəfə dövr etməsi ilə uzun bir il keçir. Stol onun üstündə gəzənlərin faciəsinin səbəbi, onun altına sığınan qızcığazın isə qoruyucusudur.

Əsər xristianlıq fəlsəfəsi ilə yoğrulduğundan buradakı yol Qodo (Samuel Bekketin "Qodonu gözlərkən" əsəri) gözlənilən yolla, stol isə Da Vinçinin “Sonuncu şam yeməyi” təblosundakı masa ilə assosiasiya olunur.

Ən başından əsərin qəddar mənfi qəhrəmanı Fyodor Alekseyeviçin tatar ola-ola xristian fəsləfəsinə əsaslanan davranışı - öz günahlarını etiraf edib dəfələrlə bağışlanmaq istəməsi, çəkdiyi əzablardan saflaşması, düşdüyü dəhşətlərin sona çatacağına inanaraq Kiyevin faşistlərdən azad olunduğu gündə (buna zamanımızla səsləşən mətnaltı mesaj da deyə bilərik) doğulan övladına İsa adını verməsi, günah edərək ilk evliliyini yaşadığı rahibə qadından övladının olmaması, xarakterinin qəddar atalığı tərəfindən formalaşdırılması və b. məsələlər mənfi qəhrəmanın da uzun bir mənəvi yol keçərək saflaşdığını və tamaşaçının nəzərində ucaldığını göstərir.

Tamaşadakı bütün obrazlar nəinki sözlü səhnələri ilə, hətta sözsüz vəziyyətləri ilə belə səhnəni doldururlar. Onların tamaşanı necə yaşayaraq oynamalarını sözsüz anlarını izləməklə daha yaxşı hiss etmək mümkündür. Səhnədəki balaca qızcığazın sözsüz hərəkətləri, balaca qızcığazla anasının görüş məqamında Şükriyyənin (Əməkdar artist Münəvvər Əliyeva) qeyri-iradi jestləri, tamaşanın əvvəlindən sonuna qədər əzab və işgəncə çəkən qadınların bərəlmiş gözləri tamaşanın oynanmadığını, məhz yaşandığını tamaşaçıya yansıdır.

Cavid Zeynallının düşüncəsi və Bəhram Osmanovun səhnə yozumu ilə ərsəyə gələn “Şükriyyə” əmin ola bilərik ki, Azərbaycan ailəsinin qorunmasına, gənclərin ailə dəyərlərinə sədaqət ruhunda tərbiyə olunmasına, bu yolda gənc nəslin katarsisinə səbəb olacaq və uzun illər öz uğurlu səhnə həyatını yaşayacaqdır...

# 2708 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər