Bu gün müğənni, pedaqoq, Xalq artisti Həqiqət Rzayevanın anım günüdür.
Həqiqət Rzayeva 1907-ci il mayın 20-də Lənkəranın Darquba kəndində anadan olub. O, körpə ikən atası Əli kişi vəfat edir. Ailənin vəziyyəti daha da ağırlaşır. Üç uşaq - iki oğlan və bir qız anaları Zinyət xanımın ümidinə qalır. Ana dərzilik etməklə balalarını güclə dolandırır. Bir müddət sonra Zinyət xanım Kərim adlı bir kişi ilə ailə qurur. Bu evlilikdən Əntiqə adlı qız övladı doğulur.
***
Anası Zinyət xanımın ən böyü arzusu qızını savadlı görmək idi. Ancaq maddi ehtiyac və mühafizəkar mühit böyük əngələ çevrilmişdi. Zinyət xanım on bir yaşlı Həqiqəti Məryəm Bayraməlibəyovanın 1918-ci ildə təşkil etdiyi birinci qız məktəbinə aparır: “Allah eşqinə, qızıma da yazı-pozu öyrədin, bəlkə, o, ağ günə çıxdı”. Bir neçə il sonra ailə Bakıya köçür.
Operaya, səhnəyə marağı olan gənc Həqiqət ailəsindən gizlin həvəskar teatr dərnəyinə gedir. Hamı elə bilir ki, o, gecə kursunda dərs deyir. Həqiqət anasından, atalığından, özündən yaşca böyük qardaşlarından çəkinir, evdən çadrayla çıxır. Teatra çatanda isə çadranı açıb içəri girir, məşqlərdə, tamaşalarda iştirak edir.
***
“Damğa” satirik teatrındakı fəaliyyəti teatr xadimlərinin nəzərindən yayınmır. 1917-ci ildə bəstəkar Müslüm Maqomayev səsini yoxlayandan sonra onu Azərbaycan Opera Teatrında işə götürür. Ailəsinin narazılıqlarına baxmayaraq, Həqiqət xanım opera teatrında işləməyə başlayır.
Deyilənə görə çox sadə qadın olub. Bəzək-düzəyi, rəngarəng paltarları sevməyib. Səhnəyə hər zaman qara məxməri paltarda çıxar, təkcə saat taxarmış.
"Mənim daş-qaşım, brilyantlarım balalarımdı" - deyərmiş.
***
1928-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində oxuyub, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Qurban Pirimovdan dərs alıb. 1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi tanınıb. Ərəbzəngi, Leyli, Əsli, Telli, Əsli, Şahsənəm kimi əsas səhnə obrazlarını canlandırıb.
***
Həqiqət Rzayeva çox az filmə çəkilib. Tamaşaçılar onu daha çox "Ögey ana" filmində İsmayılın nənəsi - Qəmər xala obrazı ilə xatırlayırlar.
***
Həqiqət Rzayeva 1927-ci ildə rejissor Hüseyn Rzayevlə ailə qurur. 1928-ci ildə ilk övladları Həsən, 1930-cu ildə Azər, ondan on il sonra isə qızları Sədaqət dünyaya gəlir.
Qızı Sədaqət Rzayeva anası haqqında xatirələrində deyir: “Atamla anam bir-birini çox gözəl başa düşürdülər, mehriban idilər. Ailənin kiçiyi olduğumdan atamla anam qastrol səfərlərinə gedəndə həmişə məni də özləri ilə aparardılar. Anamın səhnə çıxışlarına əsasən səhnə arxasında qulaq asardım. Bir dəfə anam hansısa rayonda açıq səhnədə çıxış edirdi. Birdən görür ki, səhnədə bir əqrəb onun ayağına tərəf sürünür. Onu müşayiət edən musiqiçilər özlərini itirirlər. Ancaq anam oxuya-oxuya əqrəbi öldürür. O, çox cürətli, cəsarətli, mərd qadın idi. Bizim Buzovnada bir bağımız var idi. Orda anamın ilan öldürməyinin şahidi olmuşam”.
1939-cu ildə Moskvada Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyü keçirilir. "Arşın mal alan" tamaşasında səssiz səhnə var: Telli səhəngi doldurub yavaş-yavaş səhnəni tərk edir. Moskvanın tanınmış tənqidçiləri, sənət adamları "Arşın mal alan"dan yazanda bu səhnəni xüsusi qeyd ediblər. Üstəlik, Stalin o tamaşadan sonra deyib: "Bax, budur aktrisa!".
Üzeyir bəyə təklif edir ki, Leyli xəstələnib yorğan-döşəkdə, orta segah oxuya-oxuya can verməlidir, ayaqüstə ölməməlidir. Üzeyir bəy əvvəlcə onunla razılaşmasa da, Həqiqət xanımın inandırıcı ifasını görəndən sonra mizanlarda dəyişililk etməyə qərar verir. Bu günə qədər həmin səhnə Həqiqət Rzayevanın təklif etdiyi mizanla təqdim olunur.
Həqiqət Rzayevanın ən yaxın dostlarından biri Hüseynqulu Sarabski olub. Hüseynqulu Sarabski xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Aktyor bir gün Həqiqət xanımı evinə çağırır. Həqiqət Rzayeva həyat yoldaşı ilə onlara gedir. Görür ki, Qurban Pirimov tarını kökləyib əyləşib. Hüseynqulu Həqiqət xanımdan xahiş edir ki, "Leyli və Məcnun" operasının dördüncü partiyasını oxusun. Həqiqət xanım tarın müşayiəti ilə oxumağa başlayır. Hüseynqulu Sarabski ağlaya-ağlaya deyir: “Get, ey Leyli, ey Pərizad”. Həqiqət xanım hönkürərək otaqdan çıxır. O otaqdan çıxan kimi Hüseynqulu Sarabski dünyasını dəyişir.
***
Həqiqət Rzayeva bütün zinyət əşyalarını 1936-cı ildə İspaniyadakı vətəndaş müharibəsindən sonra analara, uşaqlara kömək məqsədilə yaradılan fonda göndərib. Həmin il “Komunist” qəzetinə müsahibə verən xanəndə öz sənət dostlarını da köməyə səsləyib.
Səməd Vurğun Həqiqət Rzayevaya iki qəzəl həsr edib. Onlardan biri “Aləmin seyrinə gəl, gör, nə gözəl fitrəti var”, digəri isə “Ey könül, min namə yaz, bir gülzarın eşqinə” misrası ilə başlanan qəzəllərdir. Səməd Vurğun bu qəzəlləri cəbhə səfərindən qayıdandan sonra Həqiqət xanıma göndərir. Qəzəllərin əvvəlinə isə belə yazır: "Bu qəzəlləri əziz bacım Həqiqət xanıma bağışlayıram." Bu qəzəllərin əlyazması bu günə qədər Səməd Vurğunun ev muzeyində saxlanılır.
***
Azər Rzayev xatırlayır: “Yeddi, səkkiz yaşımız vardı. “Şah İsmayıl” operasında şahın Ərəbzəngini, yəni anamızı yıxması nə mənim, nə də qardaşımın xoşuna gəlirdi. Ərəbzənginin basılmasını anamızın şəxsi məğlubiyyəti kimi qəbul edirdik. 36-cı ildə, tamaşa vaxtı qardaşım Həsən yoxa çıxdı. Anam mənə dedi ki, get, qardaşını tap. Elə bu zaman Şah İsmayıl rolunu ifa edən Hüseynağa Hacıbababəyov əlinin qanı axa-axa, qəzəblə anamın üstünə gəldi: “Həqiqət, sənin oğlun xuliqandı. Bax, əlimi kəsdi”.
Həyat yoldaşı Hüseyn Rzayev1966-cı ildə vəfat edir. Üç il sonra Həqiqət Rzayeva kor bağırsağından əməliyyat olunur. Əməliyyatdan üç gün sonra, 1969-cu il avqustun 2-də dünyasını dəyişir.