Seyid Şuşinski: Muğam İslahatçısı - Xanəli Quliyev

Seyid Şuşinski:  Muğam İslahatçısı - Xanəli Quliyev
12 aprel 2024
# 11:00

Bu gün görkəmli xanəndə Seyid Şuşinskinin doğum günüdür.

Kulis.az Xanəli Quliyevin "Muğam islahatçısı - Seyid Şuşinski" yazısını təqdim edir.

Muğam olduqca çoxcəhətli, heyrətamiz xüsusiyyətlərə malikdir. O, xalqın tükənməz mənəvi qüdrəti, dərin düşüncələr aləmi, bütöv fəlsəfi konsepsiyasıdır. Bu əvəzsiz sərvətin qondarma və naqis təsirlərdən qorunması hər bir musiqi xadiminin mənəvi borcudur. Bunun üçün də kifayət qədər zəruri praktiki və nəzəri hazırlıqla klassik xanəndə və sazəndə sənətini mütləq musiqi elminin müasir yüksək nailiyyətləri zəminində araşdırmaq tələb olunur. Çünki muğamın taleyində tarix boyu ən başlıca rolu ifaçılıq sənəti oynamışdır. Bədii kamillik, yüksək sənətkarlıq timsalı kimi muğam həmişə qüdrətli sənətkarların ifasında heyrət doğurmuşdur. Azərbaycan muğam ifaçılığı sənətində misilsiz xidmətləri olan məşhur xanəndə Seyid Şuşinski fitri istedadı və müstəsna məharəti ilə bunu bir daha təsdiq etmişdir.

Seyid Şuşinski xüsusi yaradıcılıq fərdiyyətinə malik böyük sənətkar idi. O, muğam ifaçılığı sənətinin yeni inkişaf mərhələsini səciyyələndirən güclü və zəngin ənənə yaratmışdır. Həmin klassik ənənə nəinki xanənədə-sazəndə fəaliyyətində, həm də müasir Azərbaycan professional musiqi yaradıcılığında dərin kök salmışdır. Belə ki, ustadın ölməz sənəti ən qiymətli milli mənbələrdir. Lakin təəssüflə etiraf etməliyik ki, hələ bu günə kimi Seyid Şuşinski sənətinin həqiqi mahiyyətini və əsas xarakterini şərtləndirən ümdə xüsusiyyətlər hərtərəfli araşdırılmamışdır. Böyük xanəndənin yaradıcılığının səciyyəvi cəhətlərindən danışmağı daha zəruri hesab etdiyimiz üçün, onun bioqrafiyasına aid məlum faktları xatırlamağı lazım bilmirik.

S.Şuşinskiyə muğamın bütün tərkib hissələrini və bədii forma ünsürlərini tam, sintez halında birləşdirmək şərəfi nəsib olmuşdur. Yetkin, uğurlu traktovkasında dinlədiyimiz muğamların dərin dramatik və mürəkkəb psixoloji köklərə malik olması, onlardakı müxtəlifliyin daxili spesifik vəhdəti, çoxcəhətli assosiasiyalar axını, qeyri-adi fəlsəfi ümumiləşdirmə qüdrəti, kompozisiyanın sabit və qeyri-sabit faktorlarını səciyyələndirən qanunauyğunluqlar sənətkarın adı ilə qırılmaz surətdə bağlıdır. O, bütün imkanlarını muğamın ümumi məzmununun dialektik mahiyyətinin açılmasına, muğamda zirvə səviyyəsinə qalxan duyğu və düşüncələrin təcəssümünə səfərbər edir. Ümumiləşdirmə, emosional dolğunluq, mütənasiblik, plastiklik, sərrast səs həmləsi, aydın tələffüz, əla frazirovka, səs palitrasının müstəsna zənginliyi - bütün bunlar Seyid Şuşinski ifaçılığının ən əsas xüsusiyyətləridir. Təfərrüata aludəçilik, lüzumsuz effekt, sərt ahəng, çılğınlıq, ümumiyyətlə, formal əlamətlər onun sənətinə tamamilə yaddır. Onun təfsirində muğamdakı daxili dinamika, xüsusi ifadəlilik (ekspressiya) olduqca qüvvətlidir. Burada fikirlə ifadə arasında bir əlaqə vardır. Çünki S.Şuşinski yaradıcılıq fəaliyyəti bütünlüklə idrak qaydalarına tabe olan sənətkar idi. O, muğamdakı fikrin dolğun, dəqiq ifadəsi üçün xalqın təfəkkür tərzinə, muğamın spesifikasına istinadən əsl cilalama işi aparmışdır.

Görkəmli sənətkar muğam şöbələrinin məzmun və xarakterinin düzgün verilməsi üçün onlardan hər birinin səs tərkiblərini - tematizmini ən incə bədii "rənglərinə" qədər diqqətlə nəzərə çarpdırırdı. Hər şöbəni daha çox səciyyələndirən intonasiya və kadans dönümünü mümkün qədər dəqiq və aydın səsləndirməyə çalışırdı. Elə buna görə də hər şöbə özünün parlaq obrazlılığı, formaca yetkinliyi, orijinal ifadəliliyi ilə fərqlənirdi.

S.Şuşinskinin sənətkarlıq zirvəsinə doğru inkişafında xüsusi diqqət yetirdiyi yaradıcılıq məsələlərindən biri də "Bərdaşt" deyilən giriş epizodunu işləyib təkmilləşdirməsi olmuşdur. Sənətkar bu maraqlı hissəsini vokal ifaçılığı imkanları ilə zənginləşdirmiş, onun rolunu, dramaturji əhəmiyyətini artırmışdır. Bu mənada "Çahargah" muğamının "Bərdaşt"ı bədii kamillik nümunəsidir. Onun xüsusi ifadəliliyə malik mövzusu, dramatik məzmunu vardır: o, mayə şöbəsinin ideya-məna məzmununu qabaqlasa da, özünün səslənmə tərzi, xarakteri, ifadəliliyi, lad çərçivəsi, inkişaf miqyası ilə ondan çox fərqlənir. Ümumiyyətlə, S.Şuşinski muğam ifaçılığında əsaslı islahat etməklə şöbələr arasındakı təzadlığı artırmış, beləliklə də, muğamın dramaturji prinsiplərinin daha da zənginləşməsinə, ideya-fəlsəfi məzmunun çoxcəhətli və dolğun bir şəkildə ifadəsinə nail olmuşdur.

Böyük sənətkar epik melodiyalılığa, lirik-dramatik obrazlılığa, təzadlı səs-ahəng qarşılaşdırmalarının parlaqlığına və dərin əhəmiyyət kəsb edən incəliklərə həmişə xüsusi diqqət yetirmişdir. Sənətkarın ifasından tam şəkildə aydın olur ki, yalnız muğamın öz təbiətindən doğan əlavələr onu zənginləşdirən keyfiyyətlər sayıla bilər. Eyni zamanda, həmin əlavələr muğama böyük canlılıq, həyatilik, ifadəlilik gətirir. Məsələn, "Çahargah" muğamının "Bər-daşt"ında S.Şuşinski "Mənsuriyyə" intonasiyaları, gəzişləri ilə "Müxalif"in lirik-dramatik melodiyasını elə üslubda qarşılaşdırır ki, ondan yaranan dramaturji xüsusiyyət muğamın xarakterini dinləyiciyə daha qabarıq şəkildə çatdırır. Bunu həyata keçirmək üçün sənətkarın geniş vokal imkanlarından istifadəsini xatırlatmalı olsaq, onun uzun, son dərəcə ifadəli "nəfəs"lərini, coşğun, uyarlı zəngulələrini, heyrətamiz "xırdalıq"larını və başqa yüksək sənətkarlıq məziyyətlərini ayrıca qeyd etməliyik. S.Şuşinski bir daha sübuta yetirmişdir ki, muğam ifaçılığında xanəndə və sazəndənin yaradıcılıq bacarığı olduqca mühüm, həlledici rol oynayır. Təsadüfi deyildir ki, onun ifasında səslənən muğamlarda simfonizm inkişaf dialektikası, emosional dolğunluq, psixoloji dərinlik keyfiyyətində aşkara çıxır.

Müasirləri olan görkəmli xanəndə və tarzənlərdən eləsini təsəvvürə gətirmək mümkün deyildir ki, o, Seyid Şuşinski sənətinin güclü təsirindən faydalanmasın. Onlardan biri - A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin xanəndəlik sinfində 23 il ərzində böyük sənətkarın özünü və şagirdlərini müşayiət etmiş mahir tarzən Kamil Əhmədov S.Şuşinskinin yaradıcılıq prinsiplərini, zəngin pedaqoji təcrübəsini gənc ifaçılara bu gün də öyrədir. Bu da maraqlıdır ki, şair Bəxtiyar Vahabzadə "Muğam" poemasını yazarkən S.Şuşinski sənətinə ehtiram əlaməti olaraq onun muğama gətirdiyi misilsiz nailiyyətlər barədə K.Əhmədovun məsləhətlərindən bəhrələnmişdir.

S.Şuşinskinin bənzərsiz xanəndəlik və pedaqoji ustalığından ətraflı söhbət açmaq xüsusi tədqiqatın işidir. Böyük xanəndə müstəsna istedadının gücü və son dərəcə geniş sənət vüsəti sayəsində musiqi ifaçılığı tarixində xüsusi mərhələyə çevrilmişdir.

# 754 dəfə oxunub

Oxşar xəbərlər

“Sandıq”  Milli Geyimlər Studiyasının açılış mərasimi keçirildi

“Sandıq” Milli Geyimlər Studiyasının açılış mərasimi keçirildi

17:37 26 noyabr 2024
“YARAT” “Özüm ilə təklikdə”  plastik tamaşasını təqdim edir

“YARAT” “Özüm ilə təklikdə” plastik tamaşasını təqdim edir

16:48 26 noyabr 2024
Noyabrda... Cəbrayıla yaz gəlib! - 31 il uzanan səfər

Noyabrda... Cəbrayıla yaz gəlib! - 31 il uzanan səfər

15:16 26 noyabr 2024
74 yaşlı Xalq artisti sağalmaz xəstəlikdən əziyyət çəkir

74 yaşlı Xalq artisti sağalmaz xəstəlikdən əziyyət çəkir

15:04 26 noyabr 2024
Filippinli qonaq Ədəbiyyat Muzeyində

Filippinli qonaq Ədəbiyyat Muzeyində

13:47 26 noyabr 2024
Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda

Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda

12:54 26 noyabr 2024
# # #