Sevilən sənətçi - Nazim Ağayev

Sevilən sənətçi - Nazim Ağayev
2 yanvar 2024
# 11:00

Bu gün tanınmış müğənni Nazim Ağayevin doğum günüdür.

Kulis.az "Nazim Ağayev - sevilən sənətçi" yazısını təqdim edir.

Lənkəranda o ev, o küçə yenə qalır. Yaşlı adamların bəziləri bura “köhnə bağça”, bəziləri “çörəkçi Asiyənin evi” deyirdilər. İndi həmin ünvanda başqaları yaşayır. Qapıya isə Demokratik Azərbaycanın ilk hərbi naziri, artilleriyanın atası sayılan general leytenant Səməd bəy Mehmandarovun portreti vurulub. Yəni, Səməd bəy də bu ünvanda yaşayıb nə vaxtsa. Nazim Ağayev Bakıda doğulsa da, çörəkçi Asiyənin oğlu kimi hamı lənkəranlı sayır onu. Bu gün hamımıza doğma olan nəğmələrin səsi o evin daşlarına, divarlarına hopub.
Nazim Ağayev 1939-cu ilin yanvarın ikisində Bakıda dünyaya göz açıb. Atası əslən Cənubi Azərbaycandan olan Maşallah Neftçala Balıq zavodunda texnoloq işləyirmiş. Asiyənin atası İmaməli balıqçı olduğundan tanıyırmışlar bir-birlərini. Maşallah Asiyəyə vurulur, elçi göndərir,bir qədər sonra toyları olur. Evlənib Bakıda yaşayırlar.

Bakıda fabrik direktoru işləyən Maşallah ailəsini götürüb Lənkərana köçür. Nazimin daddığı ağrıların ilk acısı olur bu köçhaköç. Zamanın boz sifətini onda görür ilk dəfə. Müxtəlif məhəllələrdə kirayədə qaldıqlarından az qala bütün Lənkəran tanıyır bu şən, zarafatçıl, bir az da dəli-dolu, dəcəl oğlanı. Yeddillik təhsilini 5, orta təhsilini 3 saylı məktəbdə başa vurur. Bütün fənlərdən əla və yaxşı qiymətlər alsa da, meyli incəsənətdir. Səsindən, səhnə məharətindən başqa, gözəl əl qabiliyyəti də var. Çəkdiyi rəsmlər hətta müxtəlif müsabiqələrdə sərgilənir. Amma müğənnilik, xalq mahnılarına məhəbbət üstün gəlir bütün istəklərinə. Və taleyini əbədi bu sənətə bağlayır.

Ötən illərdən yadigar qalan, qatı kəsilmiş, yazıları güclə oxunan qəzetlərdən sətirlər: “Rayon pionerlər evində, mədəniyyət evində göstərilən tamaşalarda Nazim Ağayev səhnədə görünən kimi alqışlar qopur. “Göz həkimi”ndəki Həsənağası əvəzsizdir. Aktyor oyunuyla yanaşı Həsənağanın mahnısı tamaşaçıların zövqünü oxşayır və s.” Bakıda xalq teatrında həvəskar kimi çalışdığı dövrdə görkəmli rejissor Lütfi Məmmədbəyovun hazırladığı Altay Məmmədovun “Həmyerlilər” tamaşasında baş rolu ifa edir. Və bu rolun ifasına görə Nazim Ağayev respublika müsabiqəsinin I dərəcəli diplomuna layiq görülür. Müsabiqəyə teatr korifeyi Rza Təhmasib sədrlik edirmiş.

Sənədlərini Teatr İnstitutuna verir. Teatr İnstitutunun musiqili-komediya fakültəsinin ilk buraxılışı olur onların qrupu. Hələ tələbə ikən institutda müğənni kimi daha məşhur olan Nazim kurs tapşırıqlarının birində rolunu necə ifa edirsə, teatr nəhəngi Şəmsi Bədəlbəylinin diqqətini cəlb edir. Tələbə Nazimi teatrda işə götürür. Həmin illər Musiqili Komediya Teatrının intibah dövrüydü. SSRİ teatrları arasında öz yeri olan zamanıydı. Və teatrda Nəsibə Zeynalova vardı, Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, İmamverdi Bağırov, Məmmədsadıq Nuriyev... vardı. İlk dəfə “Məşədi İbad”da intilligent Həsən rolunda çıxır səhnəyə. O vaxta qədər bu rolun məşhur ifaçıları olmuşdu. Nazim də uğurla oynayır bu rolu. Tamaşaçı alqışları, ən başlıcası Şəmsi müəllimin diqqət və qayğısı onu başqa rolları hazırlamağa sövq edir. Fəqət ailə qurduğundan teatrda aldığı maaş onu təmin etmir. Müğənniliyə, toylara üstünlük verir. Ərizəsini yazıb teatrdan gedərkən Şəmsi müəllimin dediyi sözlər indi də yadındadır: “Nazim, nə vaxt teatra qayıtmaq istəsən, qapılar üzünə açıqdır. Sənin yerin vardır”.

Təəssüf ki, Nazim bir daha qayıtmır teatra. Onun aktyorluq məharətini duyub qiymətləndirən rejissorlar 5-6 filmdə əbədiləşdiriblər Nazim Ağayevi. “Bir cənub şəhərində” və “Yaramaz” da sürücülük edir. “ Kişi sözü”ndə icra başçısı, “Qarabağ şikəstəsi”ndə professordur. “Sahilsiz gecə”də alverçi, “Ən vacib müsahibə” də bufetçi Salehdir.
Bir kiçik film də var – “Balıqçı”. Rejissor Arif Qazıyev ekranlaşdırıb bu filmi.

Balıqçıyıq, balıqçı.
Ürəyimiz dənizdir.
Xəyalımız, eşqimiz
Sular kimi təmizdir.

Təbiətindəki şuxluğuna uyğun mahnı və bugünkü deyimlə desək, uğurlu klip. Mahnının yazılmasının maraqlı tarixçəsi varmış. Ötən əsrin yetmişinci illərinin ortalarında Lənkəran Dövlət Dram Teatrında Şəkər Aslanın “Sən kimsən, ata” pyesi tamaşaya qoyulurmuş.

Musiqisini gözəl mahnılar müəllifi Oqtay Kazımi yazırmış. Bəstəkar mahnının ifası üçün Nazim Ağayevi nəzərdə tutubmuş. Filarmoniyanın qarşısında rastlaşırlar.
- Sənə mahnı yazmışam, gəl “ayaqüstü” məşq edək, - Oqtay Kazımi deyir.
- O nə mahnıdır? Ayaqüstü də məşq olar? – Nazim Ağayev soruşur.
“Ayaqüstü” məşq edirlər. İfa bəstəkarın ürəyinə yatır, mahnı müğənninin.

İllər sonra mahnı filmə çəkilir. Film Nazim Ağayevə hər izi, hər ləpiri, az qala qumları da tanış olan Xəzərin Kiçik bazar sahillərində lentə alınır. Tanış sahillər, balıqçıların tanış simaları, Məşədi Heybətin vətəgəsi. Həmin günün qəribə hadisəsi çəkiliş iştirakçılarının indi də xatirindədir. Balıqçılar iki dəfə ova çıxırlar. İkisində də əliboş qayıdırlar. Həmin ziyafətdə balıq olmur süfrədə.
Bu təsnifi neçənci dəfəydi eşidirdim?! Görən ovqatının hansı vaxtında lentə yazdırıb? Təsnifi dinlədikcə dinləmək istəyirsən. Xalq mahnılarının mahir ifaçısıdır, buna şübhə yoxdur. Amma “Çahargah” təsnifi bütün oxumalarını üstələyir. Şirin, yapışıqlı səsinin bütün imkanlarından istifadə edərək səs möcüzə göstərir sanki. Şirinliyi və rəng çalarlarıyla, əlvan xallarıyla. Bir də ki, “Çahargah” təsnifi kiçik dram əsərini xatırladır mənə. Süjeti, kompozisiyası olan lirik dram əsərini. Təsnifin əvvəlində Vahiddən seçdiyi qəzəli “Segah” üstə oxuyur:

Vahid, heç olmasa, dərd yarıdır
aləmdə yenə,
Bizə rəhm eyləsə aləmdə mindən
biri cananələrin.

Bir qəzəllik muğamda səs nələr etmir?! Düşündürür, haray çəkir, rəngdən rəngə düşür, duyğuları sığallayır. Təsnifi dinlədikcə Nazim Ağayevin sevgi dolu gənclik illəri gəlir gözlərimin önünə.

Yəqin elə ülvi məhəbbətlə sevdiyindəndir ki, təsnif də son dərəcə uğurla alınıb. Seçdiyi bayatılara diqqət edək:

Bağçamızda gül-çiçək
Ay oraq gətir, gül biçək.
Mən səni çoxdan sevirəm,
Gəl bu sevdadan əl çək.

Nazim hələ gəncliyindən anasının qohumu olan göyçək Şərəbanını sevir. Amma Şərəbanı biganədir bu sevgiyə. Çünki atası Qüdrət kişinin zəhmi-zabitəsi qorxudur onu. Nazimsə oxuyur:

Narınca bax, narınca
Saxladım saralınca.
Məndə ürək qalmadı day
Səndən bir cavab alınca.

Nazim tələbədir artıq. Teatr İnstitutunda oxuyur. Şərəbanı da Lənkərandakı Pedaqoji Texnikuma daxil olub. Yetkinlik yaşlarındadır. Tətilə gələn tələbə oğlan illər uzunu sevdiyi qızdan razılıq alır nəhayət.

Mixək əkdim ləyəndə,
Ay mixək boynun əyəndə.
O günə qurban demişəm,
Yarım qapıdan girəndə.

Səsindəki nisgilə bir şirinlik qatılıb, adam dinlədikcə doymur.

(Maestro Emin Sabitoğlu bir dəfə Nazim Ağayevə söyləyib ki, evdən çıxırdım, sən “Mixək əkdim” oxumağa başladın. Elə ləzzətlə oxuyurdun, işə gecikdim, amma “Mixək əkməyini” axıradək dinlədim)

Nəhayət, Lənkəranın sayılıb-seçilən ağsaqqalları işə qarışır. Qüdrət kişi qızını Nazimə verir. Nazim bu ailəyə layiqli yeznə olur. İndi ailə qurmalarından 50 il keçir. Şərəbanı xanım böyük sevgini layiqincə qiymətləndirir. Bakıda yaşadığı illərdə Pedaqoji İnstitutda qiyabi təhsil alıb. 30 ildən artıq 132 saylı orta məktəbdə dərs deyib. Yaxın illərdə təqaüdə çıxmışdır. Balaları – Vüsal, Vüqar, Eltəkindən, gəlini Təranə və Aytəndən nəvələri Humay və Südabədən ayırmır ömür-gün yoldaşını. Deyərdim ki, bəlkə də ailənin ən şıltağı Şərəbanı xanım üçün elə Nazim müəllimin özüdür.

Nazim Ağayevin ifasında digər doyulmaz təsnifləri də var.

Lənkəran yolları üstü qovaqdı,
Küçələr hamısı ayna daraqdı
Bir gözəl sevmişəm, məndən
iraqdı.
Ay anam, bu yarım niyə gəlməz oldu,
Aşdıqca dağları görünməz oldu.

Mənim yarım gözəllərin xasıdır.
Əyninə geydiyi toy libasıdır,
Qulağıma gələn yarın səsidir.
Ay anam, bu yarım niyə gəlməz oldu,
Aşdıqca dağları görünməz oldu.

Tanıyanlar deyir ki, bunları da sevgilisinə həsr edib. Gözəl ifa tərzi, səs şirinliyi öz yerində. Sözlərdəki “s” və “t” samitlərinin yanaşı səslənməsindən yaranan ahəng duyğulara xoş ovqat gətirir.

Qəlb oxşayan, ruhu qidalandıran səsinin gözəlliyiylə kifayətlənmir heç vaxt. Xalq və bəstəkar mahnılarına avazına uyğun olaraq öz rənglərini, öz xallarını, öz güllərini vurur. Bir “Şur” dəstgahı var Azərbaycan radiosunun “Qızıl Fond”unda. Nə vaxt lentə alındığını dəqiq bilmirəm. Onu bilirəm ki, ötən əsrin 80-90-cı illərində tez-tez səsləndirirdilər radioda. Hər dəfə də ilk dəfə eşidirmişəm kimi heyranlıqla dinlərdim dəstgahı. Ölməz Fikrət Əmirovun “Şur” simfonik muğamıyla başlayır. Əbülfət Əliyev, Əlibaba Məmmədov, İslam Rzayev, Arif Babayevin səslərinin bütün imkanları açılır o muğamda. Dəstgah Nazim Ağayevin ifasıyla yekunlaşır.:

Ay aşıq, təriflə bizim gəlini,
Qaynına deyin bağlasın belini.
El-oba desin, bəy toyun mübarək.


Dinlədikcə düşünürsən: Bunu yalnız Nazim Ağayev oxumalıdır. Sadəcə oxumur, səsin şirinliyindən bal süzülür sanki. Və ya başqa bir təsnifdə oxuyur:

Dəryadan keçdim gəldim,
Suyundan içdim gəldim.
Gözəllərin içindən
Tək səni seçdim gəldim.

Hansı ovqatda olursan ol, bu təsnifi dinləsən, toy ovqatı, şənlik əhval-ruhiyyəsi yaranar qəlbində.

Xalq mahnılarının mahir ifaçısından olan, “Segah”a öz xallarını vurmaqla muğamlar sırasına öz adıyla bağlı “Həşim segahı”nı əlavə edən Həşim Kələntərli Bakıda da, Lənkəranda da çox yaxın olub Nazim Ağayevə. Ömrünün sonunadək “dayday” deyə, müraciət edib ona. Daydayın məsləhəti ilə vaxtilə onun oxuduğu unudulmuş el havalarına, xalq mahnılarına öz xallarını vurmaqla yenidən xalqa qaytarıb. Xüsusilə, “Ay lolo”, “Ləli qurbanın olum” daha uğurlu alınıb.

Filarmoniyada Ağası Məşədibəyovun ansamblında işlədiyi 8 il müddətində Azərbaycanın bütün rayonlarında, xarici ölkələrdən Polşada, İtaliyada, Almaniyada, Maltada, Misirdə, Vyetnamda... qastrol səfərlərində olur. O səfərlərin unudulmaz təəssüratı indi də yaşayır yaddaşımda.

Misirdə SSRİ dostluğuna həsr olunmuş konsertdə 15 respublikanın tanınmış incəsənət adamları konsert verir. Qazaxıstanın opera solisti Jenya İsakov, Ukraynadan Yuri Boqatikov və s. tanınmışlar iştirak edirlər həmin konsertdə. Dəstəyə SSRİ komsomolunun katibi Tyajelnikov başçılıq edir. Qahirənin 5 min nəfərlik konsert salonunda konsert olur. Proqramda hərəyə üç nömrə veribmişlər. Rusiya, Ukrayna, Moldova, Qazaxıstandan gələn musiqiçilər çıxış edirlər. Növbə Azərbaycana çatır. Azərbaycandan trio - tar, kaman, qoşa nağara gedibmiş. Özü də səsgücləndiricisiz. Nazim Ağayevin ifası dinləyicilərə necə xoş gəlirsə, alqışlardan müğənninin və trionun səsi eşildilməz olur.

Nazim Ağayev Azərbaycan dilində “Sənə qurban”la yanaşı, bir Livan mahnısı, bir də o vaxt dəbdə olan “Şələbiyyə” ərəb mahnısını oxuyur. Şirin, yapışıqlı səsiylə sanki möcüzə göstərir. Bütün salon ayaq üstə alqışlayır müğənnini. Konsertdən sonra Tyajelnikov müğənniyə yaxınlaşıb zarafatla deyir ki, Ağayev, səni burda saxlayacağıq, ərəblər səni yaman xoşladı. Ertəsi gün Tyajelnikov kollektivə bildirir ki, konserti alqışlarla bitirmək üçün təkrarən Nazim Ağayevi oxudaq. Həmin vaxt çoxları, xüsusən Yuri Boqatikov narazılıq etsə də, konserti trionun müşayiətiylə Nazim Ağayev yekunlaşdırır. Yenə kəsilmək bilməyən alqışlar salonu titrədir. Həmin səfərdən sonra Yusi Boqatikov “SSRİ xalq artisti” adı alır.

Nazim Ağayev heç bir təltifə layiq görülmür. Həyatında dəfələrlə üzləşib belə hallarla. Adı fəxri ada layiq görülənlərin siyahısına salınsa da həmin siyahı çatmayıb lazımi ünvanlara. Kiməsə sözün düzünü deməsi, kiminsə üzünə “ağ” olması baha başa gəlib ona. Sənət dostları, ümumiyyətlə, onu tanıyanlar söyləyirlər ki, hamının bildiyi, lakin dilə gətirmədiyi həqiqətləri yalnız Nazim söyləməlidir. Uzunömürlü mahnılar müəllifi, unudulmaz bəstəkar Ələkbər Tağıyevin söylədiklərini həmişə xatırlayır: “Nazim, yaxşı sənətkarsan. Amma heç bir siyasətin yoxdur. Düşündüyün dilindədir”.

Toylardan söz düşəndə gileyini də gizlətmir. “Əvvəllər toylarda mikrofon-zad yox idi. Odur ki, toy aparmaq hər oxuyanın işi deyildi. Vaxtilə toyxanalar ifaçıların meydan yeriydi.İfaçıya bir növ meydan verilərdi ki, məharətini göstərsin. Az qala səhərəcən davam edən muğamlı, təsnifli toy gecələrindən özümüz də zövq alardıq, dinləyənlər də. Bu gün toylarda fonoqramla oxuyurlar. Bayağı mahnıları xalqa fonoqramla elə “sırıyırlar”, adam məəttəl qalır” (Nazim Ağayev haqqında yazını yazdığım ərəfədə müğənni “Space” kanalının qonağı idi. Təəssüf ki, yarıdan baxdım. Söhbət toylardan gedirdi. Sevimli xalq artisti Yaşar Nuri verilişin aparıcısı idi. Yaşar Nuri dedi ki, biz çox zaman istirahət vaxtlarımızda “Ceyran” kafesinə yığışardıq. Orda Nazim Ağayevi toya çağırmaq üstə az qala dava düşərdi. Bəzən bir gecəyə beş-altı toy düşərdi.

Hamı da deyərdi ki, mənim oğlumun və ya qızımın toyunu mütləq sən aparmalısan. Bu arzunu reallaşdırmaqdan ötrü toy yiyələri çox zaman toylarının vaxtını dəyişməli olurdular.)

Vaxtilə Moskvanın “Melodiya” firması əsasən xalq mahnıları yazılmış beş valını yüksək tirajla satışa çıxarır. Qısa müddətdə o vallardan biri də qalmır satışda. Sonralar da dəfə-dəfə valları buraxılıb. Amma özü onları satışda görməyib heç vaxt. Buraxılmağı ilə satılmağı bir olurmuş. Ötən illərin birində İtaliyaya gedirmiş. Hədiyyə aparmaq üçün vallarını axtarır. Tapılmır heç yerdə. Rəhmətlik Süleyman Ələsgərov evindəki vallardan ikisini Nazim Ağayevə verir.

Təkcə el havaları, xalq mahnılarıyla bitmir Nazim Ağayevin müğənnilik fəaliyyəti. Təsadüfi deyil ki, ilk dəfə Tofiq Quliyevin “Sən mənimsən, mən sənin” mahnısıyla çıxıb televiziyaya. Sonra Səid Rüstəmovun, Şəfiqə Axundovanın, Ələkbər Tağıyevin, Hacı Xanməmmədovun, Oqtay Kazıminin mahnılarını ifa edib. Süleyman Ələsgərovun “Vağzalı çalınır” mahnısını Şövkət xanım da, İslam Rzayev də özlərinə məxsus şövqlə oxuyublar. Günlərin birində şeirin müəllifi Tofiq Bayramla Nazim Ağayev toyda rastlaşırlar. Şair deyir ki, “Vağzalı çalınır” sözlərimə yazılan mahnılarından ən sevimlisidir. İstərdim bu mahnı sənin ifanda da səslənsin. Sənin ifanı ona görə sevirəm ki, səsinlə, ifanla sanki portret yaradırsan.
Teatr institutunda Soltan Dadaşovun kursunu bitirir. Bu gün xalq artistləri olan Şəfiqə Məmmədova və Səyavuş Aslanla kurs yoldaşı olublar. İnstitutda müxtəlif sənət korifeylərindən dərs alır. Həyatda dərs almadığı, fəqət özünə müəllim saydığı korifeylər də çoxdur. Rəşid Behbudovu, Gülağa Məmmədovu, Əbülfət Əliyevi heyranlıqla dinləyib. Həşim Kələntərliylə Xan Şuşinskini ustad sayıb özünə. Şövkət xanımla Zeynəb Xanlarovanın diqqətcilliyindən ürəkdolusu danışır. Əlibaba Məmmədovla, İslam Rzayevlə, Arif Babayevlə sənət yoldaşlığından başqa ailəvi yaxınlıq da birləşdirir onları.
Həyatda təəssüflə xatırladıqları da çoxdur. Azkonsertin dağılmasını isə musiqiçilərə diqqətsizliyin ən bariz nümunəsi sayır. Vaxtilə o, diplomlara, mükafatlara layiq görüləndə çoxları yox idi sənətdə. Amma onlar adlı-sanlı sənətçilərdir indi. Səsindəki səmimiyyət kimi həyatda da səmimi, saf insandır Nazim müəllim. Söhbətimiz zamanı təəssüflərdən, gileylərdən, etiraflardan da yan keçmir. Və onu da deyir ki, xalqın məhəbbətini bütün mükafatlardan üstün tutur. Sənətdə onu unudulmağa imkan verməyəcək iz qoyduğuna əmindir. Bu məqamda zümzüməsindən də qalmır.

Yarım gəlir asta-asta,
Əldə çiçək dəstə-dəstə.
Gəlib keçər məni görməz,
Gedim durum yolu üstə.

Canlı ifası daha gözəldir. Avazına uyğun elə xallar, elə bəzəklər vurur, ruhumuza dinclik gəlir. Bir az da özündən razılıq duyulur səsində: “Pis ömür yaşamamışam. Unudulmuş el havalarına, xalq mahnılarına yeni həyat verməklə Azərbaycan xalqına xidmət etmişəm.”

Yüz faizli bir həqiqət. Yüzlərlə el havasını, xalq mahnısını – xalqımızın əbədiyaşar incilərini xalqa çatdıran belə müğənnilərimiz çoxdurmu?

# 882 dəfə oxunub

Oxşar xəbərlər

Canlı yayımda halı pisləşən müğənni verilişi tərk etdi

Canlı yayımda halı pisləşən müğənni verilişi tərk etdi

17:22 29 noyabr 2024
Şair Cəlil Cavanşir Sivva ilə klipə çəkildi

Şair Cəlil Cavanşir Sivva ilə klipə çəkildi

16:28 29 noyabr 2024
Rusiyada Yeni ildə ən çox onları səhnədə görmək istəyirlər

Rusiyada Yeni ildə ən çox onları səhnədə görmək istəyirlər

16:20 29 noyabr 2024
6.2 milyon dollarlıq "Divara yapışdırılmış banan" mətbuat konfransında yeyildi

6.2 milyon dollarlıq "Divara yapışdırılmış banan" mətbuat konfransında yeyildi

15:30 29 noyabr 2024
"Bizi telefon pozmayıb, əvvəldən belə olmuşuq" - Ulucay Akif

"Bizi telefon pozmayıb, əvvəldən belə olmuşuq" - Ulucay Akif

15:00 29 noyabr 2024
Bi­zi sonsuz xəyallara qərq edən qüvvə - Sərgərdan və məzəli həyatın sonu

Bi­zi sonsuz xəyallara qərq edən qüvvə - Sərgərdan və məzəli həyatın sonu

13:30 29 noyabr 2024
# # #