Sevgi ailə səviyyəsinə düşəndə - Loğman yazır...

Loğman, yazar

Loğman, yazar

28 dekabr 2021
# 10:10

Kulis.az Loğmanın “Həyatın fövqündə” essesini təqdim edir.

İlk sevgi dünya ilə, dünyanın xas, xalis üzüylə ilk tanışlıqdır.


Dünyanın mələk üzüylə ilk görüşdür.


Kəpənək üzüylə, çiçək üzüylə ilk görüşdür.

Hələ kəpənəyin çiçəkdən-çiçəyə qonan, çiçəkdən-çiçəyə xəbər aparan, sevgi daşıyan vaxtıdır.


Çiçəyin – çəmənə, çəmənin yağışa inanan vaxtıdır.


Yağışın – buluda, dağın dumana inanan vaxtıdır.


İnsanın insana inanan vaxtıdır...

Hələ tumurcuğun bar vədəsi deyil.


Hələ qızılgülün xar vədəsi deyil.


Ömür yollarının tar vədəsi deyil.


Hələ axşam düşüb toran çalmayıb...

Hələ çiçəklərin günəşə boylanan, çəmənə sığmayan vaxtıdır.


Çayların sellənən, daşan vaxtıdır.


Körpə quzuların otuxan, oynaşan vaxtıdır.


Hələ budaqların göz qoyan, puçur bağlayan çağıdır.


Hələ bulaqların çağlayan çağıdır.

Hələ qönçələrin şehləyən, ağlayan çağıdır.


Sözün – şeiriyyətə, səsin – nəğməyə, yanaqların laləyə dönən çağıdır...

İlk sevgi ilk dəfə oxunan duadır, yalvarışdır.


Nağıl şirinliyində uzaqlıqdır. Uzaqdan məftunluqdur, uzaqdan oxşamaqdır.


Hər şey uzaqdan daha gözəldir.


Uzaqlıq ilk sevgini soldurmur, öldürmür, güdaza vermir, tər saxlayır.
Adiləşməyə, bəsitləşməyə, həyatiləşməyə, məişət səviyyəsinə enməyə qoymur.


İlk sevgi – insan təbiətinin, insan ruhunun sirli-sehrli mövsümüdür.
Görünməz gözəlliyə açılan gizli pəncərədir.


O pəncərədən dünyanın sevdiyin insan üzündə hər şeyi şirinləşir, daha ecazkar görünür.


İlk sevgi bir adamın xətrinə bütün dünyanın qədrini bilməkdir.
Bir adamın xətrinə bütün dünyanı qorumaqdır.


Bir adamın xətrinə yaşamaqdır.


Ürəyini bir yuvaya əmanət qoymaqdır, bir ürəyə etibar eləmək, tapşırmaqdır.


Bir ürəyin qapısında keşikçi saxlamaqdır.


Qovuşmaq üçün deyil, eləcə sevmək üçündür.


İnsanda mələk yaratmaq, insanda insan oyatmaq üçündür.


İnsanda yeni keyfiyyətlər doğurmaq, onu həyatla ilk görüşə hazırlamaq üçündür.


Ona görə ilk sevgidən nəsə ummaq naşılıqdır, nadanlıqdır, cahillikdir.
Tacirlik psixologiyasıdır.


Onun varlığı elə hər şey deyilmi?


İlk sevgi əlimizdən tutub uşaq kimi bizi təmizliyimizə aparır – dəniz kənarına, çay sahilinə, ağac kölgəsinə, bulaq başına, yol qırağına, bənövşə dərməyə, göbələk yığmağa aparan kimi...


Sonra ömrün sonunadək uzaqdan bizə əl eləyir – solmur, qocalmır, şuxluğunu itirmir.


İnsan özünü ilk sevgisində qoyub gəlir.


İlk sevgisindən ayrıldığı yerdə bitir.


Ayrılıq insanı daha çox əzizləşdirir.


Uzaqlıq daha çox müqəddəsləşdirir.


Həsrət daha çox ülviləşdirir.


Ölüm heç nəyə baxmadan eyniləşdirir.


Amma ilk sevgi əvəzsiz edir...


Bizdə ilk sevgi oyadan insan ilk baharı xatırladır.


Sevgi oyatmaq bəxşişdir, hədiyyədir, qiymətli ərməğandır.


Təmənnasız paydır, sovqatdır, əvəzsiz töhfədir.


İki qəlbin çırpıntılarından himn düzəltməkdir.


Doğum günüdür.


Çünki insan ilk sevgisindən doğulur.


İlk sevgisinə qovuşanların ailəni ilk sevginin zirvəsinə qaldırmaqdan özgə çarələri qalmır.


Çünki ilk sevgi ailə səviyyəsinə düşəndə hər şey bəsitləşir.
Əlçatmaz ucalıqlar gözdən düşür, bayağılaşır.


Dünya nağıllığını, ülviyyətini itirir, adiləşir.

İlk sevgini göydən yerə endirəndə ailə onun yarpaqları ilə “qaçanı qovur”, budaqları ilə qayğıları yola verir, gövdəsi ilə məişəti kiridir.
Çiçəklərini isə qoxulayıb təsəlli tapır...


Çünki ailə həyatın məhsuludur.


İlk sevgi isə bayramdır, ilahi nemətdir, həyatın fövqündədir...

# 18040 dəfə oxunub

Oxşar xəbərlər

Bağırovun səhvən həbs etdirdiyi "xalq düşməni" - Onu niyə iki dəfə sürgün etmişdilər?

Bağırovun səhvən həbs etdirdiyi "xalq düşməni" - Onu niyə iki dəfə sürgün etmişdilər?

12:00 1 dekabr 2025
Ənənəvi psixologiyanı sarsıdan alim

Ənənəvi psixologiyanı sarsıdan alim

12:00 1 dekabr 2025
Bəhruz Niftəliyevin "Tanrıya məktublar"ı

Bəhruz Niftəliyevin "Tanrıya məktublar"ı

11:54 1 dekabr 2025
Alman ədəbiyyatının son nəhəngi - Krista Volfun əsərləri bu gün niyə aktualdır?

Alman ədəbiyyatının son nəhəngi - Krista Volfun əsərləri bu gün niyə aktualdır?

11:00 1 dekabr 2025
Qocalar evində yaşayan aktyordan açıqlama

Qocalar evində yaşayan aktyordan açıqlama

10:40 1 dekabr 2025
"Oğul da görəydim gərək yuxuda" - Sevgi məktublarını xanımından gizlədən Xalq şairi

"Oğul da görəydim gərək yuxuda" - Sevgi məktublarını xanımından gizlədən Xalq şairi

10:20 1 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər