Sevda Ələkbərzadə: “Sazı dinləyəndə gözlərimdən yaş axır” – Müsahibə

Sevda Ələkbərzadə: “Sazı dinləyəndə gözlərimdən yaş axır” – Müsahibə
26 noyabr 2021
# 21:50

Kulis.az tanınmış müğənni, əməkdar artist Sevda Ələkbərzadə ilə müsahibəni təqdim edir.

- Sevda xanım, yeni klipinizi təqdim etdiniz. Uğurlu olsun. Rejissorunuz gürcüdür. Azərbaycanlı rejissorlardan, klipmeykerlərdən razı deyilsiniz?

- Təşəkkür edirəm. Bu addımı müxtəliflik olsun deyə atdım. Biz Zaza Oraşvili ilə illər əvvəl də işləmişdik. Mən onun işlədiyi ilk Azərbaycan müğənnisi idim.

- Bir neçə ay öncə türkiyəli musiqişünas Emre Yücelen “Yutub”dakı “Səs analizi” proqramında sizin ifanız qarşısında heyrətini gizləmədi. Müğənni Murad Boz da bir müddət əvvəl sizin heyranınız olduğunu açıqladı. Bu fikirləri eşitmək necə hiss idi?

- Təbii ki, başqa bir dövlətin superstarının haqqımda xoş söz deməsi, “heyranıyam” deməsi mənə xoşdur. Bu qədər. Bu xoşdur, amma Müslüm Maqomayevin haqqımda dedikləri mənim üçün qürurvericidir. Bunlar fərqli hisslərdir. Xoş olan həm də odur ki, başqa ölkələrdə məni öyrənirlər, mənim kimi oxumaq istəyirlər, müraciətlər edirlər.

- Bu müraciətlər Azərbaycandan daha çox olur, yoxsa xaricdən?

- Həm Azərbaycanda, həm də xaricdən. Məsələn, bir müddət əvvəl İngiltərədən bir qız müraciət eləmişdi, Musiqi Akademiyasına daxil olmaq istəyirdi. “Minisovka” göndərdim, akademiyaya daxil oldu. Belə müraciətlər çox olur. Həm də mənim illər öncə yeni nəfəs verdiyim köhnə musiqilərə müraciət eləyən cavanlar çoxdur. Bu, mənim üçün şərəfli bir işdir.

- Sami Yusifin “Nəsimi” kompozisiyasına cəmiyyətdə birmənalı münasibət olmadı. Əksər şəxslər ifaçının Nəsimi adının haqqını vermədiyini dedi. Sizcə həmin musiqi necə alınmışdı?

- Vallah, mən ümumilikdə o layihəni bəyənirəm. UNESCO-nun 43-cü sessiyasının açılışına hazırlanan bu proyekt mənim üçün bir “Şərq nağılı” idi. Bu layihəyə qədər Azərbaycanda belə səhnə tərtibatı görməmişdim. O proyektin tərtibatçısı Boltenko idi, Soçi Olimpiadasının səhnə rejissoru. Prodüser də “Peach line” şirkətinin rəhbəri Elruz Fatiyev. Beynəlxalq layihə idi. O layihə məncə “Mezzo TV”də də yayımlanacaq. Təkcə buna görə yox, ümumilikdə oradakı musiqilər də çox peşəkar işlənmişdi.

- “Nəsimi” kompozisiyası ilə yanaşı orada daha bir əsər var idi: “Şirvanşahlar sarayı”. Bu, sanki daha rəngarəng və həmin dönəmi əks etdirəm kompozisiya idi.

- Hər kəsin xoşuna bir kompozisiya gələ bilər: “Nəsimi”, mənimlə olan dueti və s. Orada bir kompozisiya var idi, Feysbukda da paylaşmışdım, mən o nömrənin vurğunuyam.

- Bəlkə də eyni kompozisiyadan – “Şirvanşahlar sarayı”ndan danışırıq.

- Bəlkə də. Ola bilər.

- Çağdaş musiqimizin ən önəmli simalarından biri – Alim Qasımovun yaradıcılığına münasibətiniz necədir? Böyük bir gözlənti var, siz və Alim Qasımovun ortaq ifası... Belə bir layihə ola bilərmi?

- O barədə heç nə deyə bilmərəm. Alim Qasımov Azərbaycanın görkəmli sənətkarlarından biridir, xanəndəmizdir, uşaqlıqda mən onun dərslərinə də gedirdim. Sənətkardır. Başqa nə deyə bilərəm?

Gallery

- Belə layihələr üçün təklif adətən haradan, kimdən gəlir?

- Olur ki, kimsə təklif eləyir, olur ki, layihəni düşünən şəxs müraciət edir. Məsələn, Sami Yusiflə duetimdə mənə Elruz Fatiyevdən təklif gəldi. Başqa bir duetdə müğənni özü təklif eləyir. Yaxud mənim çox xoşuma gəlməlidir ki, özüm təklif eləyim. Düzdür, hələ heç kimə təklif eləməmişəm, amma çox istəsəm, niyə də təklif eləməyim?

- Atanız Çingiz Ələkbərzadənin ”Zindan” kitabının təqdimatında ifa zamanı Akif İslamzadə qarşısında əyildiniz, yüksək ehtiramınızı göstərdiniz.

- Akif müəllim mənim ən çox sevdiyim sənətkarlardandır. İllərdir oxumur, ancaq artıq tarixdir. Adam da var yüz il oxuyur, fərq eləmir. Akif müəllim böyük sənətkardır, ondan da böyük insandır. O, klassikadır. Kimsə bir mahnının klassik formasını öyrənmək istəyirsə, nümunə Akif İslamzadədir. Necə ki, mən ondan dinləyib öyrənmişəm. Təqdimatda ona elədiyim jest ürəyimdən gəlirdi. O zaman biz göz-gözə gəldik. O anı mən anlada bilmirəm. Biz bir-birimizin gözündən lazım olanı oxuduq.

- Ramiz Rövşən Çingiz Ələkbərzadəni “azadlıq yazıçısı” adlandırdı. Yazıçı azadlığı bizə tanışdı. Bəs musiqiçinin azadlığı necə olur?

- Mənim kimi. Kütlənin arxasınca getməyən, özü sevdiyi musiqini ifa edən və bu zaman pul haqqında düşünməyən bir musiqiçi, düşünürəm ki, azad musiqiçidir. Bu zaman müğənni artıq heç nədən, heç kimdən asılı olmur. Mənim azad mahnılarım çox, çox, çox, çoxdur...

- Deyəsən, atanız müğənni olmağınızı istəmirdi...

- Bəli. Atamın özünün çox gözəl səsi var idi. “Laçın” atamın ən çox sevdiyi mahnılardan idi, hər zaman onu oxuyurdu. Musiqiyə sevgim də oradan gəlir. Özü də musiqiçi olmaq istəyib, valideynləri icazə verməyib. Mən də müğənni olmaq istəyəndə o icazə vermirdi. 1991-ci ildə başlamışam yaradıcılığa. O vaxt müğənniliyə yaxşı baxmırdılar. Ona görə atam deyirdi ki, yox, mənim qızım səhnəyə çıxa bilməz. Sonra gördü, mənim dərdim səhnə deyil, mən musiqini, oxumağı sevirəm, mən bunun dəlisiyəm! Günlərin bir günü otaqda özüm üçün oxuyurdum, atam qapını açıb məni gördü. Dedi, Allah qızıma istedad verib, onun əlindən ala bilmərəm. O gün, bu gün... Heç vaxt məni tərifləməzdi. Amma bir dəfə gördüm ki, maqnitofonu yandırıb, “Dəli ceyran”a qulaq asır, gözləri də yaşarıb. Atam mənə qulaq asa-asa ağlayırdı. Onda başa düşdüm ki, çox xoşuna gəlir. Xoşuna gəlməsəydi, oxumağıma heç vaxt icazə verməzdi.

- Əbülhəsən, Çingiz Ələkbərzadə soyundan olan bir adam kimi bədii mətn yazmısınız?

- Hə, yazmışam. Əvvəllər daha çox yazırdım, balaca hekayələr yazırdım. Arada şeir də yazırdım. Çoxdandır yazmıram. Müğənni olmasaydım, yəqin ki, jurnalist olardım.

Gallery

- Yazdıqlarınız haradadır? Haradasa çap olunub?

- Yox. Evdədir. Heç kimə göstərmirəm. Bu sahədə peşəkar deyiləm, ona görə utanıram.

- Hansı dildə yazırdınız?

- Rus dilində. Atam da çox əsəbiləşirdi. Bu istiqamətdə məni dəstəkləmədi. Ona görə də sonralar yazmadım. Düşünürdü ki, Azərbaycanca yazmalıyam.

- Nə zamansa Azərbaycanca yazarsınızmı?

- Dərin yaza bilməyəcəyəm. Çünki rus dili bölməsini bitirmişəm. Yazsam, professional olmayacaq. Digər tərəfdən də düşünürəm ki, əsas mövzudur, sənin fikrindir, əsərin dərinliyidir, hansı dildə olması önəmli deyil.

- Mütaliəni hansı dildə edirsiniz?

- Rus dilində.

- Deyəsən, qardaşınızın qızı da yazır.

- Bəli. Çox gözəl hekayələr yazır. Çox dərin bir qızdır, çox dərin yazır. Həm çox gözəl səsi var, həm çox gözəl rəsm çəkir, həm də çox gözəl yazır. Amma mənim üçün yazısı hər şeydən üstündür. Çox istərdim ki, yazıçı olsun.

- Sizin üçün fəxri ad nə qədər önəmli məsələdir və son təltiflərlə bağlı fikriniz necədir?

- Təbii ki, hər bir musiqiçiyə fəxri ad almaq xoşdur. Yalandan “mənim üçün önəmli deyil”, deməklə olmur. Amma bunu heç vaxt ön planda tutmamışam. Mənim üçün əsas olan insanın sənətidir. Beynəlxalq aləmdə də belə şeylər yoxdur. Hansı bir ulduzun fəxri adı var ki?

Fəxri ad alanlara uğur arzulayıram, nailiyyətləri bundan da çox olsun.

- Musiqimizdə populyarlıq qazanan gənc isimlərdən kimləri dinləyirsiniz?

- Növbəti nəsildə istedadlı gənclər az deyil. Mən yeni gələnləri artıq görürəm. Bir neçə səs var ki, yenidir, çox bəyənirəm, amma çox gəncdirlər.

Populyarlıq qazanmış müğənnilərimizdən, popçulardan bəyəndikləriniz varmı?

- Desəm ki, kiməsə qulaq asıram, yalan olar. Daha çox xarici pop musiqisini dinləyirəm və ümumiyyətlə popu az dinləyirəm. Daha çox caz dinləyirəm.

Gallery

- On-on beş il əvvəl ikinizin adı da qoşa çəkilirdi: Sevda Ələkbərzadə, Emma Ələkbərzadə... Amma indi Emma gözə dəymir.

- Mən daha əvvəldən səhnədə idim, “Rast” qrupunda artıq tanınırdım. Emma səhnəyə çıxmaq istəmirdi. Biz deyirdik ki, səsin var, oxumalısan. O da “Tənhayam” adlı mahnı yazdı, o zaman mahnı partlayış elədi, hər kəs sevirdi bu mahnını. Emma həmişə deyir ki, bu sahə onun üçün, daha çox, hobbidir. Mənim üçünsə musiqi həyatdır. Emma ara-sıra oxuyur, əsasən övladı ilə məşğuldur.

- Qalmaqalla deyil, sənətlə məşhurlaşmağın mümkün olduğunu sübut edən barmaqsayı müğənnilərdənsiniz. Son dövrlər, hətta ən böyük sənətkarların belə əlavə qalmaqala ehtiyac duyduğu bir vaxtda hələ də əlavə qığılcım etmədən, qalmaqalsız müğənni olmaq olurmu? Olursa, bunun menyusu nədir?

- Mən bacarıramsa, demək mümkündür. Hər kəs özünə borc bilirdi ki, mənim adımı çəkib nəsə desin. Amma mən fikir vermirdim. Bir adamın musiqi ilə deməyə sözü varsa, qalmaqala ehtiyacı yoxdur. Bir də mən o tərbiyənin yiyəsi deyiləm ki, kiminləsə dava edim, qalmaqal yaradım. Həm də mənim üçün belə rahatdır. Kimlər üçünsə qalmaqalla sənətə gəlmək rahatdır, mənim üçün bu, çox çətindir.

- Mən son romanımın bir paraqrafına görə sizə, daha doğrusu “İntro” albomundan “İldırımlı yollarla” ifanıza borcluyam. O hissəni yazarkən, sanki ifanıza mətn yazırdım. Sizin səsinizdə insanı yerdən üzən bir güc var.

- Nə gözəldir. Xoş oldu. Mən onu yaşamasam, yəqin bəxş edə bilmərəm. Atam yazıq həbsxanaya düşdü, o həyatı yaşadı, ona görə dərin yazdı. Düşünürəm ki, onu yaşamasaydı, yaza bilməzdi. Musiqidə də sən hansısa ağrıları yaşamalısan ki, oxuyanda səsinin rəngi dəyişsin. İnsan dərin olmalıdır ki, oxuduqları da dərin olsun.

Qara Qarayevin “İldırımlı yollarla” əsəri oxunmamışdı, düşündüm ki, onu vokaliz edək. Sanki, hansısa filmin soundtreki alınıb.

Bəli, məncə ən böyük sevgi Allaha, bəşəriyyətə olan sevgidir. Mənim musiqimdəki eşq Əhmədə, Məmmədə olan sevgi deyil. İnsanın dərinliyi nə zaman yaranır? Bəşəriyyətlə bir olanda. Düzdür, mən kiməm ki, özümü bu səviyyəyə layiq bilim. Amma məni də ağrıdan nələrsə var. Mən də nələrsə hiss edirəm. Bu Allaha, insana, bəşəriyyətə olan sevgidən yaranır.

- İyirmi-otuz il əvvəl Azərbaycan musiqisində janr müxtəlifliyi var idi, daha doğrusu bu, müxtəliflik funksional idi. Xeyli sayda fərqli, keyfiyyətli musiqilər yazılırdı. Son illər isə estrada, pop - ümumilikdə incəsənət böyük bir bayağılıq içində boğulur. Sizcə, nə oldu ki, mənzərə dəyişdi?

- Mən birbaşa televiziyaları günahlandırıram. Televiziyalara çox baxılan vaxtlarda efirə o qədər bayağı mahnılar və bayağı adamlar çıxardılar ki, uşaqlar o mahnıları dinləyə-dinləyə böyüdü. Mən bir vaxtlar İncəsənət Universitetində dərs deyirdim. İncəsənət Universitetindəki tələbələrin zövqünü görüb dəhşətə gəldim. Məncə, vətənini sevən insan heç vaxt belə şey eləməz. Sən öz insanlarını zəhərləyirsənsə, heç nədən danışmağa haqqın yoxdur. Bu epidemiyanı cəmiyyətə televiziya kanalları yaydı. Çünki uşaqlı, böyüklü hamımız televiziyalara inanırdıq.

Gallery

İndi-indi anlamağa başlayırlar. Artıq “İctimai Televiziya”, “Azərbaycan Televiziyası” dəyişməyə başlayıb. Ümid edirəm ki, digərləri də dəyişər. Təəssüf ki, hələ də efirdə epidemiya yayan verilişlər var. Bayağı musiqini yayanlar bu işi “yutub”da da görə bilər. Heç olmasa, efir fərqli olmalıdır. Qoy insanlar bayağı mahnını ayıra bilsin. Kim bayağı mahnı dinləmək istəyirsə, sosial mediada dinləsin. Efir bir nümunə göstərməlidir. Hərçənd bayağının bayağısı olan adamları efirə çıxarıb tərifləyirlər. Bəs, adi dinləyici bu musiqini necə analiz eləsin, necə seçsin yaxşısını? Bu kimin işidir? Təbii ki, televiziyanın.

- Sosial medianın təsiri, “yutub” hər kəsə oxumaq şansı qazandırır. Bu, həm də seçim genişliyi və bayağılığa meydan yaradır. Bu şərtlər altında keyfiyyətli musiqini tanıtmaq və sanballı musiqiçi kimi diqqət çəkmək, yetişmək mümkündürmü?

- Məncə bu, pis deyil. Başqa imkanları ola bilməyən istedadlı insanlar internet yolu ilə populyarlaşa bilir.

- Amma seçim imkanları çətinləşir.

- Qoy olsun. Məncə, bu rəqabət daha yaxşısının seçilməsinə imkan yaradacaq.

- Klassik musiqilərlə yanaşı etnik musiqilərə də maraq göstərdiyinizi bilirik. Sizcə, ifaçının təkmilləşməsi üçün etnik musiqilərlə tanışlıq nə qədər vacibdir?

- Baxır oxuduğu janra. İnsan bir janrda da oxuya bilər, yetər ki, o istiqamətdə professional olsun. Məndə bir çox janrlar alındığı üçün sintez edirəm. Başlayanda sintez yalnız instrumental musiqidə mövcud idi, vokalda yox idi. “Şəbi hicran”da bir çox dünya musiqilərini sintez etmişdim; Latın Amerikası, Afrika, Avropa və s. Azərbaycan xalq mahnıları ilk dəfə idi ki, belə ifa olunurdu. Bu layihəni almanlar məndən aldılar. Beləliklə, “Şəbi-hicran” albomu dünyanın bir çox ölkələrində satışa çıxdı. Ardınca caz və etnik musiqidən ibarət “Sevdalı dünya” albomum da Almaniyada çıxdı. Siz dediyiniz “İntro” albomumda isə klassik musiqiləri yenidən işlədik.

Amma bunlar üçün mən öz üzərimdə çox işləmişəm. Allahın verdiyi səslə iş bitmir. İnsan gərək öz üzərində çox işləsin.

- Mallarme demişkən, şairlər yalnız ilk misralarına görə tanrıya borcludurlar.

- Eynən.

- Muğamla və digər qədim musiqi janrları ilə bağlı mübahisələri nəzərə alsaq, bizim etnik, qədim, şəriksiz musiqimizin saz olduğunu görürük. Sizin saz musiqisinə münasibətiniz necədir?

- Nənəm tovuzludur. Məclislərimizdə saz həmişə olub. Uşaqlıqdan sazı eşitmişəm. Düzdür, uşaqlıda sazı heç sevmirdim, saz gələndə başqa otağa qaçırdım. İllər keçdi, münasibətim dəyişdi. Sazı dinləyəndə gözlərimdən yaş axır. Ciddi bir instrumentdir. İfaçıdan ifaçıya fərq var. Ciddi janrdır, çox rəngləri var. Hər insan onu bilməz.

- Sevdiyiniz saz ifaçıları varmı?

- Var. “Almanı atdım xarala” mahnısında birlikdə işləmişdik. Nemət Qasımlı.

- Son ifalarınızda əfsanəvi filmlərin soundtrekinə bənzər çalarlar var. Ceyms Hornerin, Hans Zimmerin müxtəlif alətlərlə, effektlərlə çıxardığı səsi canlı ifa zamanı səsləndirirsiniz. Film musiqisi yazmaq, ifa etmək təklifi gəlibmi?

- Təkliflər olub. Amma elə filmlərdən təklif gəlib ki, mən musiqimi o filmlərə layiq bilməmişəm. Mənim musiqim necə beynəlxalq standartlara cavab verirsə, həmin film də eyni standartlara cavab verməlidir. Belə bir təklif olarsa, təbii ki, razılaşaram.

Noyabr 2019

# 12684 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #