Kulis.az Sərdar Aminin yeni yazısını təqdim edir.
Şəhərin ən mərkəzi küçəsində göyərçinləri hürküdüb fon yaradan, şəkil çəkdirən qızların ətrafına baxdım, gördüm hamı ədəbiyyat adamıdır, düz qarşımda “Nizami”... Bir addım o yanda “Rəsul Rza” ömür gün yoldaşı “Nigar Rəfibəyli” ilə görüşür, arxada yekəpər şir – “Lev Tolstoy” dirsəklənib. Təbii, söhbət küçələrdən gedir.
Şəhərin, demək olar, bütün mərkəzi küçələri ədəbiyyatçıların adınadır. Bu, sovetin ədəbiyyata verdiyi dəyərdir. Bir də baxaq, soveti söyə-söyə ondan qopan ətrafımızın şairlərə münasibətinə: bu gün “gənc şair”, “gənc yazar” ifadəsi lağ mənasında işlənir. “Körpücük sümüyü”, “şərab qadın” və başqa ifadələrlə şəbədə qoşulan körpə-körpə uşaqlar, əslində, kiməsə pislik etmir, bacardığından şeir yazır, sonra daş daşıyıb, taxta yonub qazandıqları pulla həmin kitabı nəşr edirlər. Nə zülmdürsə, toplumun bu kəsimə kəsikin nifrəti var. Səbəb isə...
Zümzümə elə, deyim kimsən! İnsan zümzüməsindən də tanınır. Oxuya bilməyənlərin də nəğməsi var, dişini dişinə sürtüb içinə oxuyur. Bir də var, nəğməsi olmayanlar. Nəğməsi olmayanların köksündə bayquş yuva qurur. Nəğmə təkcə mahnı, musiqi deyil. Nəğmə şeirdi, bir əhvalatdı, hekayətdi, etdiyin yaxşılıqların ilığıdır, göyərçinlərə dən verməkdir. Hekayət adamı hər cür əzabdan xilas edir, hətta vicdan əzabından da. Nəğməsi olmayanların başı nəğmə götürmür. Kimsə bənna, həkim, mühasib, geoloqun işində səhv axtarmır, ancaq Azərbaycanda hər kəs azından bir dəfə şeir yazır, azından bir hekayə qaralamağa çalışır, alınmayanda da əksəriyyəti düşür şairlərin canına, uğursuzluqlarının heyfini onlardan çıxır. Ta ki, şair əldən düşür, içki düşkünü olur... Ondan sonra da haray salır ki, burda bir şair ölür, bəs dövlət hara baxır? İnsanların həkimin, bənnanın, komersantın işində səhv axtarmamasının, şairin hər misrasını kabus kimi izləməsinin əsas səbəbi şairin materialına görədir. Çünki şair öz “ev”ini hər kəsin, hər gün istifadə etdiyi materialdan – sözdən tikir. Söz də hamının ağzında var, o üzdən əksəriyyət elə düşünür ki, ağzından gələni ardıcıl, qafiyə üstündə düzsə, olacaq şeir. Olmur. Həmən-həmən düşünür, demək, problem məndə yox, şairlərdədir, onlar nəsə fırıldaq eləyir.
Ancaq məsələ şairin özündə yox, sözündədir. Şairin sözü hər gün istifadə etdiyimiz söz deyil. Unutmayaq, bu dünyada çox şey sözdəndir: söyüş də, layla da, sirr də. “E”, “Ş”, “Q” hərflərini yan-yana düzəndə eşq olur, ancaq hamıda eşq olmur... Bu gün bizim nicatımız öz içmizdəki mirvariləri görməkdədir. Görək, götürək, xərcləyək. Mirvari elə nəsnədir ki, özündən başqa hər kəsə lazımdır. Mirvarini buraxın, pişik balası kimi Günəşlə oynasın, şəfəqlərinə sarmanıb gözünüzə işıq salsın. Azərbaycan cəmiyyəti öz sənətkarlarını yetişdirməkdə acizlik çəkir. Cəmiyyət anlayışını ümumiləşdirərək hökm verməyin nə qədər məsuliyyətli iş olduğunu yaxşı anlayıram, lakin insan reallıqla üz-üzə qaldıqda həqiqət nə qədər sərt olsa da, Musa fironun qarşısında durduqda pəltək diliylə həqiqətləri şeydacasına ötdüyü kimi monoloq deməkdən ziyadə yolu qalmır. Biz öz şəxsiyyətlərimizi yetişdirə bilmirik, xüsusən də incəsənət xadimlərimizi. Sovetin təyin edib bizə verdiyi 3-5 şəxsi kənara qoysaq, müstəqillik illərində ortaya çıxardığımız ədəbiyyat, incəsənət adamını göstərə bilmirik. Ona görə də, illər əvvəl əzəmətini itirmiş olsa da, həmin sovet təyinatlılarını kənara qoya bilmirik.
Şəxsiyyət yetişdirmək üçün isə xüsusi bilgiyə sahib olmaq, tər tökmək lazım deyil; öz müəlliflərimizi oxumalı, öz filmlərimizə baxmalıyıq. Snayperin nişangahından düşmənə baxdığımız kimi yox, bilet alaraq, kitab alaraq. Biz öz rejissorlarımızı, onların çəkdiyi filmləri izləyərək gündəmin simasını dəyişməliyik, yoxsa gündəmimiz cinayətdən, narkotikdən və bizə nimçədə gətirilən yad təyinlərdən xali olmayacaq. Abırına bükülüb işi ilə məşğul olan soydaşım, sən başını aşağı salıb yalnız öz işini gördükcə, ictimai yükün altına azca da olsa, çiynini vermədikcə, əsl vətəndaş olmağın ipini boşladıqca, “Səni axtarıram” teletamaşasından “Səni axtarıram” verilişinə enən Azərbaycan televiziyasının yetişdirdiyi qəhrəmanlar gəlib uşaqlarına dərs deyəcək. Dur! Hara qaçırsan? Dön! Həqiqət səni qovanın üzündədir. Sən heç vaxt geri dönməyəcəksən deyə, elə ordaca gizlənib. Göz-gözə gəl onunla! Bu vətən sənindir! Onu sən qurmalı, sən böyütməli, nəvələrinin firəvan yaşayacağı bir bağçaya çevirməlisən. Qəbrin də bu bağçanın həyətində olacaq, nəvələrinin top-top oynadığı bağçada. Bu gün şairlərimizi, bəstəkarlarımızı yetişdirməliyik ki, bir gün nəvələrimizin onların adını daşıyan küçələrdə göyərçin dənləməyə paytaxtları olsun.
qafqazinfo.az