Seksist, irqçi nağıllarımız - Vüqar yazır...

Vüqar Babazadə, yazar

Vüqar Babazadə, yazar

29 iyul 2022
# 17:00

Kulis.az Vüqar Babazadənin “Nağılların fabulası ətrafında” adlı yazısını təqdim edir.


Hamam hamam içində,
Xəlbir saman içində,
Dəvə dəlləklik eylər,
Köhnə hamam içində,
Hamamçının tası yox,
Baltaçının baltası yox,
Orda bir tazı gördüm,
Onun da xaltası yox.
Nağıl-mağıl bilmərəm,
Bilsəm də söyləmərəm,
Xandan gəlmiş nökərəm,
Dinmə böyrünü sökərəm"

Qaravəlli


Bir neçə gün əvvəl Azərbaycan xalq nağıllarını oxuyurdum. Xalq nağıllarımızı oxuyarkən ətim tökülür, üregim bulanırdı. Bir dəfə uşaq vaxtı saf-çürük etmişdim, bir də son günlər qayıtdım, dedim görüm, nədir-nə deyil? Bir daha oxuduqdan sonra belə qərara gəldim, həqiqətən, bizim hazırkı problemlərimizin kökündə nağıllardakı simvolik mənalar, ordakı düşük söhbətlər dayanır.

Bizdə nağılların bu qədər məşhur olması, bu qədər sevilməsinin, nağıllarımıza qarşı bu qədər mühafizəkar davranılmasının səbəbi odur ki, camaat bilir ki, nağılla qazanc əldə etmək olur. Nağıla inanmağa nə var ki? Nağıldan danış, camaatı ver yuxuya, özün də kef elə. Nağıl eşitməyə, nağıl danışmağa bizdə maraq həm də burdan yaranıb. Bütün həyatımız boyu nağıllarla yaşamışıq deyə, indi hansısa nağılı ifşa edəndə, nağılları yox, həqiqətləri danışanda camaat hirslənir, əsəbiləşir.

Mövzumuzdan çox uzaqlaşmadan bir-iki abzas da müasir nağıllarımız haqqında yazım, sonra xalq nağıllarımızın niyə pis olduğundan danışarıq.

Bizdə araşdırılmadan, düşünülmədən inanılan çoxlu müasir nağıllar var. Bu nağılları yan-yana qoysan, Xudafərin körpüsü boyda körpü yaranar. Bu nağıllardan biri Qarabağ atlarının dünyanın ən yaxşı, ən sürətli at olması, Skandinav xalqlarının intihara meylli olması, bizim iqlimimiz, bizim qonaqpərvərliyimiz, bizim dolmamız, bizim xalçamız. Bunlar hamısı araşdırılmadan inanılan nağıllardır. Camaata nağıl sərf eləyir, ahəstə-ahəstə nağıl eşidərək yuxuya getməyi kim istəməz ki?

Nağıllardan danışırıq, yeri gəlmişkən, əvvəllər məşhur söz ustadı, meyxanaçı olmuş, sonradan təqvalanan və özünü dərviş toyları tərəfə verən, Hüseyndən, Həsəndən yalandan ağlaya-ağlaya bir-iki kəlimə oxuyub yaxşı şabaş alan, ağ saqqal Hacı Elşən Xəzər Zırtullayi dünən bir müsahibəsində görün nə deyir: (olduğu kimi, nə deyibsə, yazıram. Heç nəyə toxunmadan)

“Biri var “mey”, biri də var “may”. Düzdü indi “əlif” var onlarda, məsəlçün çəkirəm, olsun “moy”, “miy” olsun. Onlarda “ə“, yaxud “i” görsənmir. Amma ərəb o sözü görəndə bilir ki, bu “mey”dir. Hərəkələrdə, saitlərdə yarandı sonra, biz oxuya bilək. İki hərfdən ibarətdir. “Mi”, “miyəy”. Bu “mi”, “miyəy” əbcət əlifbasına çönəndə biri 10-dur, biri 40. Rəqəmə çönür. Hərflər, əbcət əlifbası budur. Hərflər rəqəmə çönür. 1,2,3,4,5,6,7,8,9,10,20,30,40,60,80,100, 200,500,600 bax belə. Bu hərflərin biri 10-dur, biri 40. Sıfırlar atılır kənara. 1 və 4-ü yan-yana qoyanda neçə görsənir? 14.
Həə, “mey” irfanda 14 məsuma işarədir. Peyqəmbər, xanım Zəhra salamullah və 12 imam. Meyxana deyiləndə isə 14 məsumun evi, xanəsi deməkdir”.

Hə, indi siz Hacı Elşən Xəzər Lənkəranın danışığını gördünüz? Elə bilirsiz ki, buna inanan olmayacaq? Adamlar ölür belə şeydən ötəri. Əla materialdır. Otur çayxanada hüdülə-tök. Ki, bəs meyxana 14 məsumun evi deməkdir. Daha bundan o tərəfi maraqlı deyil. Bax, əziz oxucu, nağıl belə şeydir. Cahili dərhal yatızdırar. Hər gün deyirəm ki, ay Allah, bəsdir daha. Heç nə görmək istəmirəm. Gördüyümü gördüm bu dünyada. Amma yox, hər gün daha da təəccüblü şeylər baş verir.

Hacı Elşən kimi şarlatanlar o qədər nağıl danışdılar ki, bu millətə, daha nağıl eşitməyəndə, kimsə həqiqətləri pıçıldayanda dərhal onu məhv edirlər.

Dovlatov “Çamadan” romanında yazır: “Hamı oğurlayırdı. Kim əlinə nə keçdisə, oğurlayıb aparırdı”. İndi onun sözü olmasın, bizim cəmiyyətdə hər kəs bir-birini aldadır. Həkim xəstəni, xəstə həkimi, məmur vətəndaşı, vətəndaş dövləti, satıcı alıcını, alıcı satıcını, sürücü sərnişini, jurnalist xalqı, molla camaatı, siyasətçi kütləni, yazıçı oxucunu, hər kəs bir-birini aldadır, a kişi.

Hətta mən bir dəfə 40 manat verib masajxanaya getmişdim. Orda da aldatdılar məni. İşimi görüb qurtarandan sonra dedim ki, adın nədir? Dedi, onsuz da, yalan deyəcəm, soruşma. Dəhşətdir. Hamı hamını aldatmaqla məşğuldur. Özü də hər kəs bu həqiqəti çox yaxşı bilir, sadəcə afiristlik edib həyatlarına davam edirlər.

Qəribədir, həm də maraqlı.

Qayıdaq bütün bu problemlərin kökü olan Azərbaycan xalq nağıllarına.

Nağıllarımızda “Keçəl” deyə bir obraz var. Bu keçəlin adı-filan əksərən olmur. Hamı buna Keçəl deyir. Birincisi, burda dayanaq. Bir adama keçəl olduğu üçün Keçəl kimi müraciət etmək tərbiyəsizliyin bilmem kaçıncı səviyyəsidir. Adam niyə adama Keçəl kimi müraciət eləsin? Tutaq ki, bir adam kordur. Onu da “Kor, ay kor” kimi çağıraq? Bu birbaşa rasizmidir, irqçilikdir. Keçəlin adının olmaması, keçəlin hiyləgər, arvadbaz, bicok adam olmasına görə indiki dövrdə saçı tökülən adamlarda kompleks əmələ gətirir. Keçələ yaxşı baxmayan bir alt şüurumuz var. Və həqiqətən keçəl görən kimi adam ilk növbədə nə fikirləşir? Arvadbaz, hiyləgər, min oyundan çıxa bilən adam. Bu da birbaşa nağılların günahıdır. Uşaq ordan nə öyrənəcək, başa düşə bilmirəm.

Bildiyiniz kimi, azərbaycanlıların ən gözəgəlimli hissəsi qarındır. “Qarınqulu” kimi koloritli sözümüz var. Qarnın parametrləri tipik müsbət, yaxud mənfi nüfuzun əldə olunmasında mühüm rol oynayır. Bir qayda olaraq qarnın miqyası, həcmi şəxsin yemək ayinlərində tez-tez iştirak etməsindən xəbər verir. Bu isə onun hörmətə layiq olmasına dəlalət edir. Azərbaycanlılar qonağı, yad adamı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar ha. Bu ifadə birbaşa saxtakarlıqdır, yalançılıqdır. Azərbaycanlılar qonağı qarnına görə qarşılayıb, qarnına uyğun yola salırlar. Qarnın varsa, demək imkanın da var. Ağlın olmasa da, olar. Yemək-içmək məclisi azərbaycanlıya kosmik kef verir.

Nağıllarda da fərasətsiz, bivec, uğursuz, hambal adamlar arıq kimi təsvir olunur. Sizcə bu bir təsadüfdürmü, yoxsa nağıllar bizim təfəkkürümüzü formalaşdıran şeylərdən biridirmi?

Nağıllar müsbət sonluqla bitir. Necəsə pis padşah ölür, əjdaha məhv olur, div canını verir, fağırlar padşah olur, fərasətsiz hesab olunanlar gözəl qızlarla evlənir, qırx gün-qırx gecə toy olur (büüööö) və s.

Uşaqların da alt şüurunda o yerləşir ki, həyatda hər şey nağıllardakı kimi yaxşı bitəcək. Gərək sonu pis bitən nağıllar da olsun. Məsələn, Məlikməmməd ölsəydi, əla olardı, div Cırtdanı öldürsəydi, onda əsl həqiqət olardı. Bu məqamda xatırlatmaq istəyirəm ki, Cırtdan sözü də gördüyünüz kimi irqçi bir ifadədir. Kiminsə boyu balacadır deyə, onu Cırtdan çağırmaq düzgün deyil, qətiyyən deyil.


Nağıllardakı qadınlar əsasən pis obrazda verilir. Qarılar ifritə olur, gözəl qızların ya hansısa xəstəliyi olur, ya hansısa divin arvadı olurlar, ya da saçlarından divara asılaraq xilas olmağı gözləyirlər. Sivil cəmiyyətlərdə bu mövzuları çoxdan, lap çoxdan həll ediblər. Bizim nağıllarımızda seksistlik desən var, irqçilik desən var, nə bilim, sosial-iqtisadi bərabərsizlik desən var.

Cəllad, loğman, vəzir-filan, bunlar artıq müasir dövrün tələblərinə cavab vermir. Müasir dövrün tələblərinə cavab verməyən, zamanın sınağından keçməyən şeylər məhv olmağa məhkumdur.

Ona görə də uşaqlarınıza sülhdən, sevgidən, bərabərlikdən bəhs edən, öyrədici, düşündürücü nağıllar, kitablar alın. Əgər dediklərimi inkar edirsinizsə, gedin nağılları bir daha oxuyun.

# 2822 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #