Şəhid Xudayar Mirzə Cəlilə necə qalib gəldi? - Sevda Sultanova yazır...

Şəhid Xudayar Mirzə Cəlilə necə qalib gəldi? - Sevda Sultanova yazır...
15 iyul 2022
# 11:00

Bu gün II Qarabağ müharibəsində şəhid olmuş Xudayar Yusifzadənin doğum günüdür. Kulis.az bu münasibətlə Sevda Sultanovanın “Müharibənin dəyişdiyi Azərbaycan kişisi” yazısını təqdim edir.

İkinci Qarabağ savaşı, gedişatı və nəticələri bəzi fikirlərimi yenidən dəyərləndirməyə səbəb oldu və bir az düşüncə qarışıqlığı yaratdı. Yazımda bu baxımdan dramaturji nizamsızlıq ola biləcəyinə görə, bəri başdan oxuculardan üzr istəyirəm.

Lap yaxınlarda bir məqaləmdə fikrin kontekstinə uyğun olaraq Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” əsərindəki personajlarından biri Xudayarı örnək kimi (neqativ anlamda təbii ki) verdim. Əslində, bu, yeni bir şey deyil. Müxtəlif yazarlar da vaxtaşırı Sabirin, Əbddürrəhim bəy Haqverdiyevin, Mirzə Cəlilin əsərlərindən tənqidi mənada analoji bənzətmələr gətirirlər. Lakin həmin yazımda Xudayar adını bir qədər tərəddüdlə yazdım. Çünki, o anda fərq elədim ki, artıq Xudayar obrazı məndə Qarabağ savaşının simvollarından birinə çevrilmiş Xudayar Yusifzadə ilə assosiasiya olunur. Özümə söz verdim ki, Mirzə Cəlilin bu personajı ənənəvi tənqidi anlamda yazımda sonuncu dəfə xatırlanacaq. Və yəqin ki, Xudayar adı ilə bağlı diskurs da zamanla cəmiyyətdə dəyişəcək. Mənim üçün artıq Mirzə Cəlilin yozumundakı Xudayar yox, Qarabağ savaşının qəhərmanı Xudayar var. Bu vəziyyətin özü təsdiq edir ki, doğrudan da, adlara məna qazandıran məhz fərdin kimliyi, şəxsiyyəti və əməlləridir.

...Bir qayda olaraq, ictimaq nəqliyyatda kişilərin oturduğu yerlərə yaxın dayanmıram. Kişilərin başı üstündə dayanaraq, onların düz gözlərinə baxıb “mənə yer ver” mesajını ötürən, hətta yeri “alandan” sonra dilucu belə “sağ ol” deməyə ərinən bəzi, xüsusən yaşlı-başlı qadınların sırtıq davranışlarından qəzəblənirəm.

Müşahidə etmişəm, həmin cavan kişilərin əksəriyyəti ağır işdən qayıdanlardır: çox yoğrun, bitmiş görünürlər, məişət qayğları ilə yükəndikləri hiss olunur.

Müharibədə həlak olmuş, könüllü getmiş gənclərin fotolarına baxıram. Ordan tanış simalar boylanır - ictimai nəqliyyatda sırtıq qadınların yer tələb etdiyi yoğrun gənc kişilərə çox bənzəyirlər.

Savaşa könüllü gedənlərin arasında güman ki, Aydın Xırdalanlını, Üzeyir Mehdizadəni, Şəbnəm Tovuzlunu, dinləyən, sevənlər az deyil. Halbuki, ayrı-ayrı vaxtlarda bu qism insanı zövqsüzlüyünə - klassik musiqi dinləmədiyinə, Vitgenşteyni, Salman Rüşdini oxumadığına görə ünvanlarına təhqiramiz sözlər yazan, təkəbbürlü davranan, özünü snob kimi aparan, bir sözlə, intellektuallığı imitasiya edən adamlar isti yataqlarında xumarlananda, hər qələbəni bir parç pivə və bir neçə litr araqla qeyd edəndə, Aydın Xırdalanlını, Üzeyir Mehdizadəni sevənlər çətin şərtlərdə vuruşurdular.

Qarabağın işğalda olduğu 27 il müddətində tez-tez işlədilən ifadə o idi ki, indi Qarabağsız nəsil böyüyür. Halbuki, 1996-1998, 2000-2001-ci il təvəllüdlü gənclərin işitrakı müharibədə üstünlük təşkil edirdi. Təbii ki, vuruşmaq təkcə öhdəlik yox, daha çox emosiya, hiss idi. Təkcə bu faktın özü təsdiqlədi ki, biz heç vaxt Qarabağsız olmamışıq. Qarabağ həmişə hardasa lap yaxında olub. Ən çox isə qəlbimizin dərinliyində - sadəcə, uyğun şəraitə ehtiyac vardı ki, unudulmayan sevgi əməllə üzə çıxsın.

Doğrudan da unikal hadisədir: Saysız sosial problemin, məişət qayğılarının, sürətlə dəyişən cürbəcür trendlərin, telekanallardan gün uzunu əskik olmayan çal-çağırın içində Qarabağa yaşlı nəsildən daha yaxın olan gəncliyin yetişməsi...

...Məsələnin paradoksal olan daha bir tərəfi var. Yəqin ki, həlak olmuş gənclər arasında selektiv abort hesabına dünyaya gələnlər az olmayıb. Niyə bunu xatırlayıram?

Özüm də daxil olmaqla başqa müəlliflər də selektiv abortla bağlı çox yazıblar. Kulis-də mövzuyla bağlı çoxdan yayımlanmış bir məqaləmə nəzər yetirirəm. Fikir ondan ibarətdir ki, kişimərkəzçi cəmiyyətimizin əsrlərlə möhkəmləmiş və aktuallığını itirməyən təsəvvüründəoğlan uşağı ailəyə arxa və düşmən çəpəri kimi qavradığından qız uşaqlarınını haqları gözardı edilir. Hərçənd, Qarabağ savaşında oğulun doğrudan da düşmən çəpəri olması bir daha sözün fakt mənasında təsdiqləndi. Lakin hər halda oğlan uşağı arzulayan ailələr “düşmən çəpəri”, “arxa, dayaq” deyəndə güman ki, müharibəni nəzərdə tutmurdular. Çünki cəmiyyətimizdə kişi daha çox ailənin maddi, təhlükəsizliyinin təminatçısı, ağır problemlərin öhdəsindən gələn güc kimi qəbul edilir.

Bütün hallarda geosiyasi maraqlar dünyanın əzəli, əbədi mahiyyətini dəyişməyəcək və müharibə, hədə ritorikası həmişə olacaq. Misalçün, son günlər mediada Böyük Britaniya və Fransa arasında münasibətlərin gərginləşməsi haqda xəbərlər yer alır. Böyük Britaniyanın Avropa Birliyindən çıxması iqtisadi məsələlərdə Birliyin üzv ölkələri ilə problemlər yaradıb. Xüsusən də Fransa ilə Böyük Britaniya arasında münasibətlər pisləşib və tərəflər müahribədən danışırlar.

...Bizim ailələr oğlan uşağına xüsusi sevgi və qayğı göstərməklə, əslində onların üzərinə böyük yük qoyur. O, hər kəsə görə cavabdehlik daşımağa vadar olunur. Üstəlik, vətənə görə də məsuliyyət daşımalıdır. Ona görə, qadın mövzusunda problemlər (xüsusən, qadınların ayaqda dusrması üçün sosial məsələlər, qadına stereotip yanaşmalar dəyişilməlidir) həll olunmalıdır ki, kişilər bu öhdəliklərin altında əzilməsinlər.

# 7612 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #