"Agent 007" obrazı ilə kino sənayesini kökündən dəyişən yazıçı - Məşhur Ceyms Bondun yaradıcısı kim idi?

"Agent 007" obrazı ilə kino sənayesini kökündən dəyişən yazıçı - Məşhur Ceyms Bondun yaradıcısı kim idi?
12 avqust 2025
# 13:25

12 avqust dünyaca məşhur Ceyms Bond xarakterinin yaradıcısı və romanlarının müəllifi, ingilis yazıçı Yan Fleminqin anım günüdür.

Kulis.az bu münasibətlə yazıçının həyatı və yaradıcılığı haqqında maraqlı məlumatları təqdim edir.

İngilis yazıçı və jurnalist Yan Fleminq müasir populyar mədəniyyətin əvəzolunmaz simvollarından biri olan Ceyms Bond obrazını yaratmaqla təkcə casus ədəbiyyatını deyil, kino sənayesini də köklü şəkildə dəyişib.

Yan Lankaster Fleminq 28 may 1908-ci ildə Londonda dünyaya gəlib.

Atası Valentin Fleminq parlament üzvü, anası Evelyn St. Kroix Rosa isə evdar qadın idi. Yan dörduşaqlı ailənin ikinci övladı idi. Onun ailəsi nüfuzlu və mədəni çevrələrdə tanınırdı. Maraqlı faktdır ki, məşhur aktyor Kristofer Li onun ögey əmisi oğlu idi.

Təhsilinə Durnford Məktəbində başlayan Fleminq, daha sonra Eton Kolleci, Sandhurst Hərbi Akademiyası, eləcə də Cenevrə və Münhen universitetlərində oxuyub.

Akademik təhsilindən əlavə olaraq idman sahəsində də uğurlar qazanıb, Eton illərində məktəbin ən yaxşı idmançısına verilən Victor Ludorum mükafatına layiq görülüb. Lakin hərbi həyatın özünə uyğun olmadığını anlayaraq fərqli sahələrdə özünü sınamağa başlayıb.

Jurnalist kimi fəaliyyətə "Reuters" xəbər agentliyində başlayan Fleminq burada yazı bacarığını təkmilləşdirdi. İkinci Dünya Müharibəsi illərində isə həyatının gedişatını dəyişəcək təcrübələr qazandı. Britaniya Dəniz Qüvvələrinin kəşfiyyat bölməsində çalışdı, Admiral John Henry Godfreyin köməkçisi oldu.

Müharibənin ortasında, 1944-cü ildə "30 Commando" adlı elit hərbi birliyin yaradıcılarından biri oldu və ona birbaşa rəhbərlik etdi.

Bu illərdə əldə etdiyi real casusluq təcrübələri, sonradan yazacağı Ceyms Bond romanlarının bünövrəsini təşkil edib. Fleminq real həyatda gördüklərini və yaşadıqlarını bədii üslubla ustalıqla birləşdirərək, ədəbiyyatda yeni bir casus obrazı yaratdı – "Agent 007", Ceyms Bond.

1953-cü ildə nəşr olunan “Casino Royale” adlı ilk Ceyms Bond romanı ilə oxucu qarşısına çıxan Fleminq bu obrazla həm Böyük Britaniyada, həm də dünya miqyasında böyük uğur qazanıb.

1953–1966-cı illər arasında ümumilikdə 12 roman və 2 qısa hekayə kitabı yazdı. Son iki kitab – "The Man with the Golden Gun" və "Octopussy and The Living Daylights" onun ölümündən sonra nəşr olunub.

Bond sadəcə bir casus deyildi. O, intellektual, cəsarətli, cazibədar və soyuqqanlı bir qəhrəmandır. Dərin psixoloji qatları olan bu obraz həm oxucular, həm də rejissorlar üçün ilham mənbəyinə çevrilib. 1962-ci ildən etibarən Ceyms Bond obrazı əsasında filmlər çəkilməyə başlandı və bu günə qədər davam edən ən uzunömürlü kino seriyasına çevrildi.

Fleminq yalnız casus romanları ilə kifayətlənməyib. 1964-cü ildə yazdığı “Chitty Chitty Bang Bang” adlı uşaq kitabı, illər sonra film və teatr səhnələrində canlandırılaraq klassiklər arasında yer aldı. O, həmçinin “The Diamond Smugglers” (1957) və “Thrilling Cities” (1963) kimi qeyri-bədii əsərləri ilə də fərqli janrlarda qələmini sınayıb.

Ən maraqlı əsərlərindən biri isə İstanbulla bağlıdır. 1955-ci ildə baş verən 6-7 Sentyabr hadisələri haqqında yazdığı “İstanbulda böyük qarışıqlıq” onun regional siyasi hadisələrə nə qədər maraq göstərdiyini və araşdırmacı ruhunu da göstərir.

Yan Fleminq 1952-ci ildə Yamaykada Anne Karteris ilə ailə həyatı qurub, bu evlilikdən Kaspar Robert Fleminq adlı bir oğlu dünyaya gəldi. Yazıçı həyatının son illərində artıq məşhur bir ədib, eyni zamanda zəngin həyat tərzi sürən şəxs idi.

Lakin bu zəngin həyat tərzi onu sağlamlıq problemlərindən qoruya bilmədi. Siqaret və spirtli içkilərə olan asılılıq səbəbindən 1961-ci ildə ilk infarktını keçirdi.

Sağ qalsa da, 1964-cü ilin 12 avqustunda baş vermiş ikinci infarkt nəticəsində 56 yaşında Kent şəhərində dünyasını dəyişdi.

Yan Fleminqin ölümündən sonra da Ceyms Bond romanları yaşamağa davam etdi. Kinqsli Amis, Con Qardner, Raymond Benson və digər yazıçılar seriyanı davam etdirdilər. Hər yeni nəsil Ceyms Bond ilə öz casusunu tanıdı. Bu gün Bond obrazı ədəbiyyat, kino, moda və hətta musiqi sahəsində də təsir gücünü qorumaqdadır.

Fleminqin yaratdığı "Agent 007" sadəcə bir qəhrəman deyil – o, müasir Qərb mədəniyyətinin simvollarından birinə çevrilib. Yan Fleminq isə bu simvolun yaradıcısı kimi ədəbiyyat tarixində əbədi olaraq yerini alıb.

# 191 dəfə oxunub

Oxşar xəbərlər

Türk aktyor yenidən  İsmet İnönü  rolunda

Türk aktyor yenidən İsmet İnönü rolunda

15:30 12 avqust 2025
"Niyə hamı ilə mübarizə vəziyyətindəyəm?"  - Bir il ərzində kitabı milyon nüsxə satılan Nobelli yazıçı

"Niyə hamı ilə mübarizə vəziyyətindəyəm?" - Bir il ərzində kitabı milyon nüsxə satılan Nobelli yazıçı

15:00 12 avqust 2025
Tanınmış müğənnidən yeni albom

Tanınmış müğənnidən yeni albom

14:26 12 avqust 2025
2000 illik Roma papağı restavrasiya edildi

2000 illik Roma papağı restavrasiya edildi

13:54 12 avqust 2025
“Bir ehtimal da var, o da ölməkmi deyirsən?”  - Sərt xarakterli, qədim yunan dillərini mükəmməl bilən şair

“Bir ehtimal da var, o da ölməkmi deyirsən?” - Sərt xarakterli, qədim yunan dillərini mükəmməl bilən şair

13:00 12 avqust 2025
Məşhur müğənni Bülent Ersoydan sərt açıqlama

Məşhur müğənni Bülent Ersoydan sərt açıqlama

12:12 12 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər