"Qonorar tələb edirəm" - Telekanallar pul ödəməlidirmi?

"Qonorar tələb edirəm" -  Telekanallar pul ödəməlidirmi?
3 mart 2022
# 16:30

2021-ci ildə müəlliflərin əmlak hüquqlarının idarəçiliyini təmin etmək nəticəsində 19275.24 manat müəllif qonorarı yığılıb və təyinatı üzrə bölgüsü aparılıb.

Əqli Mülkiyyət Agentliyinin 2021-ci ilin yekunları üzrə görülmüş işlər barədə hesabatında əksini tapan bu rəqəm Azərbaycanda qonorar verilməsi prosesindəki irəliləyişdən xəbər verir.


Həmçinin son dövrlərdə mediada bəzi sənətçilərin efirə çıxmaq üçün qonorar istəməsi ilə bağlı tələbləri müzakirələrə səbəb olub. Onları haqlı sayanlar da var, haqsız sayanlar da.

Məsələnin aktuallığını nəzərə alaraq sənətçilər də daxil olmaqla digər sahə nümayəndələrinin qonorar tələbində nə qədər haqlı olduğunu araşdırmışıq.

Media eksperti Müşfiq Ələsgərli APA-ya açıqlamasında bildirib ki, ekspertin qonorar istəməsindən daha vacib məsələ ekspert adlandırılan şəxsin kimliyidir: “İlk növbədə “Ekspert kimdir?” sualının cavabını tapmalıyıq. İstənilən adam bu gün bir siyasi məsələdə açıqlama verir, sabah media eksperti kimi, o biri gün isə təhlükəsizlik eksperti kimi çıxış edir. Ekspert olmaq o deməkdir ki, sən həmin sahəyə əmək sərf edirsən, ilboyu monitorinq aparırsan, aid olduğun sahə üzrə məsələləri təhlil edirsən, proqnozlar verirsən və sair”.

Efirdə çıxışa görə, qonorar tələb etməsi məsələsinə də toxunan Müşfiq Ələsgərli burada qarşılıqlı maraqların olduğunu vurğulayıb: “Əgər efirə çıxan adamın auditoriyası varsa, gəlir, divident gətirirsə, artıq o eksperti efirə çıxarmaqda televiziya da maraqlı olur. Əgər ekspertin verdiyi proqnozlar özünü doğruldursa, bir sözlə, o peşəkardırsa, niyə də qonorar verilməsin? Dünyada belə bir praktika var ki, xüsusi institutlaşmış ekspert qruplarına çıxışlar və sorğulara görə qonorar ödənilir. Ancaq düşünmürəm ki, indi Azərbaycanda belə ekspertlər çoxdur”.

Efirə çıxmaq müqabilində qonorar tələb edənlər biri də tanınmış reper Elşad Xosedir.

Reper bildirib ki, qonorar aldığı təqdirdə vergi verməyə hazırdır: “Məni efirdə görmək istəyən zəhmət çəksin, pulunu ödəsin. Çünki bizim başqa qazanc yerimiz yoxdur. Maaş aldığımız aylıq bir iş yerimiz yoxdur. Mən vergi verməyə də hazıram. Mənim heç vaxt televiziyaya ehtiyacım olmayıb. Çıxışlar zamanı da televiziya daha çox qazanıb, nəinki biz”.

Bu gün televiziyada çıxışı qarşılığında qonorar tələb edənlər siyahısında iqtisadçı ekspertlər də var. Onlardan biri də iqtisad elmləri doktoru, professor Zahid Məmmədovdur.

Professor bildirib ki, ekspert verəcəyi informasiyanı qazanmaq üçün müəyyən vəsait xərcləyir: “Əgər o adam peşəkardırsa, deməli, informasiya qazanmaq üçün müəyyən bir vəsait xərcləyib. Çünki informasiyanı qazanmaq üçün kitab oxuyur, biliklər əldə edir, vaxt sərf edir. Bir sözlə, birinci bazarda qazandığını ikinci bazarda satır. Mən özüm də çıxışlar qarşılığında qonorar tələb edirəm, ancaq təəssüflər olsun ki, verən yoxdur”.

Hüquqşünas Fərhad Mehdiyev deyib ki, ekspert yaxud sənətçinin göstərdiyi xidmət qarşılığında qonorar istəməsinin hüquqi əsası var: “İnsan nəsə bir xidmət göstərirsə, qarşılığında pul istəməsi təbiidir. Bu xidmət müqabilində müəyyən bir ödəniş istəməsinin əsası var. Artıq bu zaman şifahi, yaxud da yazılı xidmət müqaviləsi formalaşır. Telekanal razı olarsa, qonorar verə bilər, yəni məcburiyyət yoxdur. Qanunvericiliyin tək tələbi odur ki, alınan qonorardan vergi ödənilsin”.

Əqli Mülkiyyət Agentliyi məsələ ilə bağlı sorğumuza cavab olaraq bildirib ki, beynəlxalq təcrübədə olduğu kimi, ölkəmizdə də qonorarın yığılması ifaçılar (müğənnilər və s.) və istifadəçi təşkilatlar (TV və s.) arasında bağlanan müqavilə əsasında həyata keçirilir: “Verilişdə müğənninin ifa edəcəyi mahnıya görə qonorar istəməsi isə müəllif-hüquq qanunvericiliyi ilə tənzimlənir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən, ifaçının, yəni müğənninin öz ifasından istifadə edilməsinin hər növünə görə qonorar almaq hüququ da daxil olmaqla, hər hansı formada istifadəyə müstəsna hüququ vardır.

İfadan istifadəyə müstəsna hüquq dedikdə aşağıdakıların həyata keçirilməsi, həyata keçirilməsinə icazə verilməsi və ya qadağa qoyulması başa düşülür:

ifanın efirlə və ya kabellə kütləvi bildirişi;

əvvəllər yazılmamış ifanın yazılması;

ifanın yazılmasının surətinin çıxarılması;

fonoqrama yazılmış ifanın orijinalının və ya nüsxələrinin satışı və ya yayılması;

fonoqrama yazılmış ifanın orijinalının və ya nüsxələrinin kirayəyə verilməsi;

fonoqrama yazılmış ifanın interaktiv istifadə üçün kütləyə çatdırılması (interaktiv kütləvi bildiriş).

Qanunvericiliyə görə, ifaçının müstəsna hüquqları ilk ifa edilən tarixdən 50 il müddətində qüvvədə olur”.

Nəticədə məlum olur ki, sənətçi, yaxud ekspert olmasından asılı olmayaraq, həmin şəxslərin göstərdikləri xidmət müqabilində qonorar tələb etməkləri üçün hər hansı əngəl yoxdur.


# 2631 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #