“Qeyri-səlis məntiq və dil-nitq” kitabının müzakirəsi keçirildi

“Qeyri-səlis məntiq və dil-nitq”  kitabının müzakirəsi keçirildi
24 dekabr 2024
# 17:30

Dekabrın 24-də Azərbaycan Dillər Universitetində Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin müəllifi olduqları “Qeyri-səlis məntiq və nitq-dil” kitabının müzakirəsi keçirilib.

Kulis.az xəbər verir ki, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayaraq, həmmüəllifi olduğu “Qeyri-səlis məntiq və dil-nitq” kitabının elmi əhəmiyyətindən söz açıb.

Tədbirin aparıcısı, professor Qorxmaz İmanov bildirib ki, akademik Kamal Abdulla və professor Rafiq Əliyev dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsinin dərinliklərinə enərək, bu nəzəriyyəni ictimai elm sahələrinə uğurla tətbiq etməkdədirlər. Müəlliflərin “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabından sonra qeyri-səlis məntiq nəzəriyyəsini sosial elmlərə tətbiq edən yeni nəşri – “Qeyri-səlis məntiq və nitq-dil” kitabı elmi ictimaiyyət və ziyalılar tərəfindən böyük maraqla qarşılanıb. Müəlliflər kitabda qeyri-səlis məntiqi dil və nitqə tətbiq edərək, müxtəlif fərqli yanaşmaları irəli sürərək intellektual bir araşdırma ortaya qoyublar.

AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev qeyri-səlis məntiq nəzəriyyəsinin sosial elmlərə tətbiqinin əhəmiyyətindən söz açıb, bu nəzəriyyənin dilin çoxqatlı məzmununu daha dəqiq ifadə etməyə imkan verdiyini bildirib. Qeyd olunub ki, “Qeyri-səlis məntiq və nitq-dil” kitabı qeyri-səlis məntiqin klassik məntiq çərçivəsindən çıxaraq, dilin təbii axarında necə təzahür etdiyini göstərir. Tədqiqatda dilin çoxmənalılığını araşdırılarkən, onun yalnız tək anlamlı deyil, həm də geniş perspektivlər yaratdığı göstərilir ki, bu yanaşma Azərbaycan elmi üçün yenilikdir.

Kitabın yazılma prosesindən bəhs edən akademik Kamal Abdulla son illər professor Rafiq Əliyev ilə birlikdə qeyri-səlis məntiq nəzəriyyəsini Azərbaycan ədəbi və elmi sahələrinə uğurla tətbiq etdiklərindən danışıb. Bildirilib ki, onlar dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsini Dədə Qorqud boylarına tətbiq etməklə diqqətəlayiq nəticələr əldə etmiş, hər iki alimin birgə yazdıqları “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı Azərbaycan (üç dəfə), Almaniya və Türkiyədə çap olunaraq, oxucular tərəfindən rəğbətlə qarşılanıb.

“Qeyri-səlis məntiq və nitq-dil” kitabının yazılma məramından bəhs edən Kamal Abdulla bildirilib ki, qeyri-səlis məntiqin dil-nitq müstəvisində özünü göstərməsi indiyə qədər hərtərəfli şəkildə öyrənilməmişdir. Mövzunun indiyə qədər sistemli öyrənilməməsi isə onun bu günümüz üçün kifayət dərəcədə perspektivli və dərin olmasından xəbər verir. Qeyri-səlis məntiq nəzəriyyəsinin dilin özünəməxsus çoxmənalılıq və qeyri-xətti xüsusiyyətləri ilə uzlaşdırılması müasir dilçilik elmi üçün yeni üfüqlər açır: “Biz bu kitabda qeyri-səlis məntiq nəzəriyyəsini dilə tətbiqi ilə onun qeyri-xətti məqamlarını, çoxmənalılıq xüsusiyyətlərini əhatəli şəkildə izah etməyə çalışmışıq. Bu kitab sosial elmlərdə yeni bir dövr açmaq potensialına malikdir”.

Qeyd olunub ki, “Sim-Sim” nəşriyyatında işıq üzü görən yeni kitabda qeyri-səlis məntiq nəzəriyyəsi, ilk dəfə olaraq, dilçilik obyekti olan dilə-nitqə tətbiq edilir. Kitabın “Ön söz”ünün müəllifi Türkiyə Cümhuriyyəti Dil və Sistem Fondunun sədri Rüştü Burak Ekedir. Nəşrin elmi redaktorları – professorlar Lətafət Qardaşova, Azad Məmmədov, Burak Eke, rəyçiləri isə Xalq şairi Ramiz Rövşən, İsmayıl Məmmədov və professor Hacan Hacıyevdir.

Tədbirdə çıxış edən akademik Əli Abbasov bildirib ki, qeyri-səlis məntiq nəzəriyyəsinin dilə tətbiqi Azərbaycan elmi tarixində unikal bir hadisədir. Dil və nitq arasındakı əlaqələrin belə incəliklə öyrənilməsi dilçiliyin gələcək inkişafında mühüm rol oynayacaq. Bu kitab elmi ictimaiyyətə geniş imkanlar, yeni tədqiqat sahələri, perspektivlər açır. Məhz buna görə də bu fundamental tədqiqat təkcə elmi dairələrdə deyil, həm də geniş oxucu kütləsi tərəfindən böyük rəğbətlə qarşılanır.

“Qeyri-səlis məntiq və nitq-dil” kitabının aktual məzmunu və novatorluğu ilə diqqət çəkdiyini bildirən akademik Nizami Cəfərov çıxışında qeyd edib ki, təqdim olunan yeni kitab həm Azərbaycan dilçiliyi, həm də digər elm sahələri üçün mühüm töhfədir. Hər iki müəllifin elmi yaradıcılığının zirvəsi olan bu unikal əsər Azərbaycan dilçiliyində məntiq və dil arasındakı əlaqələrin təhlilində yeni istiqamətlərə yol açır. Kitabın müasir dilçilik və məntiq sahələrində açdığı yeni üfüqlər qeyri-səlis məntiqin sosial elmlərə geniş şəkildə tətbiq olunmasının vacibliyini ön plana çıxarır. “Qeyri-səlis məntiq və nitq-dil” kitabı Azərbaycanın elm tarixində bir çox intellektual başlanğıcların mənbəyi ola bilər.

Akademik Vaqif Abbasov bildirib ki, Lütfi Zadənin məşhur nəzəriyyəsindən bəhrələnən Kamal Abdulla və Rafiq Əliyev yeni nəşrdə qeyri-səlis məntiqin nitqdə necə təzahür etdiyini, dilin özünəməxsus xüsusiyyətlərini izah etməyə çalışıblar. “Qeyri-səlis məntiq və nitq-dil” kitabının elmi əhəmiyyəti yalnız bu nəzəriyyənin tətbiqi ilə məhdudlaşmır, eyni zamanda, yeni geniş tədqiqat sahələrini işıqlandırır, dilçilik və məntiqi sintez edən yeni üfüqlər formalaşdırır. Bu fundamental tədqiqat L.Zadə tərəfindən təməli qoyulan qeyri-səlis məntiqin gələcəkdə dilçilik və digər sosial elmlərdə daha geniş tətbiq olunacağını işarələyir. “Qeyri-səlis məntiq və nitq-dil” kitabı bu nəzəriyyənin sosial elmlərdəki potensialını daha dərindən anlamaq üçün mükəmməl platforma təqdim edir.

Tədbirdə akademik Muxtar İmanov, professor Məsud Əfəndiyev, professor İsmayıl Məmmədov, dosent Fəridə Hüseynova, professor Adil Babayev çıxış edərək bildiriblər ki, “Qeyri-səlis məntiq və dil-nitq” kitabı müəlliflərin dərin fəlsəfi düşüncələrinin və qeyri-səlis məntiqə söykənən yaradıcılıq axtarışlarının bəhrəsidir. Bu fundamental tədqiqat həm elmi cameələr, həm də geniş oxucu kütləsi üçün intellektual fəlsəfi təcrübə təqdim edir. Kitabda qeyri-səlis məntiq nəzəriyyəsini dilçilikdə yeni bir istiqamət kimi təqdim edən müəlliflər bu nəzəriyyənin dilin təbii çoxmənalılığı necə izah etdiyini əhatəli şəkildə təhlil edirlər. Bu yanaşma həm dilçilik, həm də informasiya nəzəriyyəsi sahələrində yeni perspektivlərə yol açır, Azərbaycan dilçilik elminə mühüm töhfə verir.

# 391 dəfə oxunub

Oxşar xəbərlər

Azadlığın dövlətə və millətə heç bir faydası yoxdur - Aqşin Yenisey

Azadlığın dövlətə və millətə heç bir faydası yoxdur - Aqşin Yenisey

10:18 25 dekabr 2024
IV Azərbaycan Vokalçıları Festivalı başa çatdı

IV Azərbaycan Vokalçıları Festivalı başa çatdı

09:37 25 dekabr 2024
Şuşada oxuyan ruh - Onun ən böyük arzusu nə idi?

Şuşada oxuyan ruh - Onun ən böyük arzusu nə idi?

09:24 25 dekabr 2024
Ofeliya Sənani xəstəxanadan evə buraxıldı

Ofeliya Sənani xəstəxanadan evə buraxıldı

18:40 24 dekabr 2024
Dələduzlar Fərqanə Qasımovanın 400 manatını aldılar

Dələduzlar Fərqanə Qasımovanın 400 manatını aldılar

18:00 24 dekabr 2024
Mətn kameradan güclü olanda... - Rəvan Cavid

Mətn kameradan güclü olanda... - Rəvan Cavid

16:50 24 dekabr 2024
#
#
# # #