“Qətl günü”ndə kim öldürüldü? – Hüseyn Cavid, yoxsa Səməd Vurğun?

“Qətl günü”ndə kim öldürüldü? – Hüseyn Cavid, yoxsa Səməd Vurğun?
17 yanvar 2026
# 12:00

Kulis.az filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözovanın "Yusif Səmədoğlu yaradıcılığında avtobioqrafik məqamlar" yazısını təqdim edir.

Azərbaycan ədəbiyyatında, mədəniyyətində, ictimai-siyasi tarixində məşhur Vəkilovlar nəslinin imzası öz parlaqlığı və unikallığı ilə diqqəti cəlb edir. Bu nəslin Azərbaycan ədəbiyyatına ən möhtəşəm tövhəsi şübhəsiz ki, Xalq şairi Səməd Vurğun olmuşdur. Dövrünün ən seçilən, sayılan imzası olan Səməd Vurğun XX əsr Azərbaycan ədəbiyyatının zirvə şəxsiyyətlərindən biri olmaqla yanaşı ədəbiyyatımıza, mədəniyyətimizə iki böyük imzanı – Yusif Səmədoğlunu və Vaqif Səmədoğlunu bəxş edərək “Səmədoğlular” məfhumunun əsasını qoymuşdur. Böyük şair Səməd Vurğunun ocağından pöhrələnən Səmədoğlular ədəbiyyatımızda və mədəniyyətimizdə atalarının adını qorumaqla yanaşı tam fərqli üslub və yol yarada bilmək qüdrətinə malik olduqlarını sübut etdilər. Onların yaradıcılığı XX-XXI əsr milli ədəbiyyatımızın təlatümlərlə dolu dönəminin fərqli inikası ilə diqqəti cəlb edir. Şübhəsiz ki, Vaqif və Yusif Səmədoğlunun yaradıcılığı Səməd Vurğun geninin poetik qüvvəsi ilə formalaşmışdı. Vaqif Səmədoğlu poeziyanı yaradıcılığının prioritetinə çevirərək Səməd Vurğun zirvəsinə tay olacaq bir zirvə, yeni bir imza kimi var olmağı bacardı. Yusif Səmədoğlunun yolu isə bir qədər fərqli idi. Onun yaradıcılıq xətti kimi seçdiyi nəsr Azərbaycan ədəbiyyatında poeziyadan daha az tarixə malik olması ilə fərqlənir, doğulduğu XX əsr isə Azərbaycan nəsrinin yüksəliş dövrü kimi səciyyələnirdi. Yusif Səmədoğlu ənənəvi klassik Azərbaycan nəsri, şüarçı sosialist realizmi nəsri və 60-cılar nəsri kəsişməsində unikal, tam yeni nəsr nümunələri meydan qoymağa nail olan söz sənətkarı kimi nəinki Azərbaycan, habelə dünya ədəbiyyatında öz imzasını qoymağa nail oldu.

Yusif Səmədoğlu yaradıcılığında maraq doğuran məqamlardan biri də avtobioqrafik elementlərin təzahür formalarıdır. Xalq yazıçısının yaradıcılığında xüsusilə atası – Xalq şairi Səməd Vurğunla bağlı xatirələrdən doğan obraz və hadisələrin yazıçı təxəyyülü ilə simbioz şəkildə təqdimi ədibin yaradıcılığının araşdırılması üçün yeni üfüqlər açır.

Səməd Vurğunun şairliyi qədər ovçuluğu da dillər əzbəri idi. Xalq arasında təbiəti sevən və ovçuluğunu çox zaman şairliyinə qurban verən sevimli şairin bu məşğuliyyəti ilə bağlı maraqlı, dadlı-duzlu sonsuz sayda əhvalatlar bu gün də dolaşmaqdadır. Şair ovçunun obrazı bir sıra bədii əsərlərdə də işlənmişdir. Xalq yazıçısı İlyas Əfəndiyevin “Şəhərdən gələn ovçu” hekayəsi bu mövzuda qələmə alınmış bədii əsərlərin ən gözəl nümunələrindən biridir. Əsərdə birbaşa ad çəkilməsə də təsvirlərdən və əsərin sonluğundakı işarədən bu obrazın məhz Səməd Vurğunun prototipi olması aşkardır: “Bu hadisədən xeyli keçmişdi. Sərin bir yay axşamı ovçu Piri öz zağlı qoşalüləsini onun otuz ildən qalma köhnə tüfəngi ilə dəyişib xəbərsiz gedən o qəribə ovçunun əhvalatını klubun qabağına toplaşmış kəndlilərə yenicə nağıl edib qurtarmışdı ki, radioda böyük Azərbaycan şairi Səməd Vurğunun “Ceyran” şeirini oxudular. Xeyli müddət kimsə dinmədi. Hərənin nəzəri bir nöqtəyə dikilmişdi.

– Bah! – deyə xəyala getmiş ovçu Piri birdən səsləndi. – Elə bil kişi hamısını öz gözü ilə görüb yazıb…” (1, səh. 143)

Yusif Səmədoğlunun “Gözlər” hekayəsində Səməd Vurğunun məhz ovçu şair obrazı yaradılmışdır. Bu hekayə Səməd Vurğunun ədəbiyyatımızda yaradılmış obrazına tam fərqli rakursdan baxmağa imkan verir. Şairin obrazı bu dəfə onun geninin daşıyıcısı olan və onun ən mübhəm yaşantılarına vaqif olan bir şəxs tərəfindən yaradılır. Yusif Səmədoğlunun yaratdığı bu Səməd Vurğun obrazında hansı məqamın fakt, hansının təxəyyül olduğunu seçmək çox çətindir. Çünki, Yusif Səmədoğlu hamının tanıdığı Səməd Vurğundan daha başqa, daha mübhəm bir Səməd Vurğunu tanıyırdı.

Yusif Səmədoğlunun əfsanə adlandırdığı “Qartal” hekayəsində də ovçu obrazı var. Lakin bu ovçu obrazı Səməd Vurğun obrazı ilə səsləşmir. Hekayənin alt qatına nəzər saldıqda buradakı ovçunun qartalı – yəni Azərbaycanı ovlamağa, əldə etməyə, məhv etməyə çalışan düşmən obrazının simvolu olduğu anlaşılır. Lakin Yusif Səmədoğlu qartala – vətənə təslimiyyəti yaraşdırmır, onun ölüsünü belə düşmənə təslim etmir, cəsədini belə yad əlində təsvir etmir: “Birdən qartal səmtini dəyişib uzaqda görünən dik bir qayaya tərəf uçmağa başladı. Ora çatan tək ağır bir daş kimi qayanın zirvəsinə düşdü. Qanadları gərildi, son dəfə təbiətə baxıb gözlərini yumdu. Qartal öldü. Ovçu zirvəsi buludların içində görünməyən qayaya baxdı. Ora insan qalxa bilməzdi. Ora quş quşluğuyla uçsaydı qanad salardı. Ovçunun əlacsızlıqdan dizləri büküldü, üzüqoylu torpağın üstünə sərildi... Qartalın ölüsünə də ovçunun əli çatmadı... ” (5, səh. 201)

Yusif Səmədoğlunun “Güllər” hekayəsi də avtobioqrafik səciyyəlidir. Hekayədəki Tahirin yataqdan qalxa bilməyən, qələmini əlinə almağa həsrət qalmış,əlacsız xəstəliyə düçar şair atası müəllifin öz atasının – Səməd Vurğunun prototipidir. Yazıçı labüd ata itkisinin ağrısını, əlacsızlığın namümid əlacını bir gül dəstəsinin gözəlliyi, təravəti ilə paralel verir: “İndi onun düşüncəsi, gizli mülahizələri yalnız bu kiçik gül dəstəsinə tabe olmuşdu. Bu güllər Tahirə ürək dolusu nəfəs almağa imkan verdi. “Yaxşı yadımdadır, deyə Tahir düşünürdü, həmişə dədəm şeir gecələrindən evə qayıdanda özü ilə çoxlu gül dəstələri gətirərdi. Onda biz hamımız anam, bacım, mən, qardaşım hamımız sevinərdik. Mən də gərək onu sevindirəm. Can ata, bu saat, bu dəqiqə!..” ” (5, səh. 230) Əsərdəki gül dəstəsi ölüm arxetipi ilə həyat arxetipinin ortaq simvoluna, toxunma, toqquşma nöqtəsinə çevrilir.

Yusif Səmədoğlunun “Gözlər” və “Güllər” hekayələrində Səməd Vurğunun bədii obrazını “ovçu şair”, “xəstə şair ata” kimi yaradıldığını qeyd etmişdik. Lakin Yusif Səmədoğlu yaradıcılığında Səməd Vurğun obrazının bədii təzahürü bu hekayələrlə məhdudlaşmır. Yusif Səmədoğlunun “Qətl günü” romanı ilə bağlı tədqiqlərin, araşdırmaların cavab tapmağa çalışdığı əsas suallardan biri də məhz romandakı itmiş əlyazmanın müəllifi Sədi Əfəndinin kimliyi ilə bağlıdır. Bir sıra tədqiqatçıların fikrincə, Sədi Əfəndi obrazı Hüseyn Cavidin prototipi kimi yaradılmışdır. Vaqif Yusifli “ “Qətl günü” niyə birinci oldu?” başlıqlı məqaləsində bu tendensiyaya aydınlıq gətirərək yazır: "Qətl günü"ndə hər bir obrazın təqdimində həm ictimai-sosial, həm milli-etnik, həm də fərdi insani xüsusiyyətlər, əlamətlər qabarıq nəzərə çarpdırılır. Təbii ki, üç tarixi dövrdən söhbət açılarsa, hər bir dövrün öz tarixi koloriti nəzərə alınır. Bir sıra müəlliflər "Qətl günü"ndəki hökmdarı Ağa Məhəmməd şah Qacara, edam olunan şairi Molla Pənah Vaqifə, Sədi Əfəndini Hüseyn Cavidə bənzədirlər. Bu müqayisəyə səbəb heç şübhəsiz, təsvir olunan hadisələrlə həmin tarixi dövrdə baş vermiş hadisələrin müəyyən oxşarlığıdır.(6, səh. 7)

Akademik Nizami Cəfərov 2015-ci ildə “Elm və Təhsil” nəşriyyatında çap olunan “Səməd Vurğun... və Səmədoğlular” kitabında yazır: «Qətl günü» romanını da təsadüfən yazmadı… Doğrudur, normativ (və kanonik) ədəbi-ictimai təfəkkür bu romanın baş qəhrəmanı kimi dahi Hüseyn Cavidi gördü, ancaq Sədi əfəndi yalnız Cavid deyildi. Və bəlkə də, daha çox Səməd Vurğun idi… Yusif Səmədoğlu «Qətl günü»ndə təsvir (və təhlil) etdiyi hadisələri ilk növbədə atasının tərcümeyi-halında görməyə, yaşamaya, analiz etməyə bilməzdi.(3, səh. 78)

Akademik İsa Həbibbəyli də Yusif Səmədoğlunun “Qətl günü” romanında Səməd Vurğunun prototipinin yaradılmasının mümkünlüyünü bildirir: “Fikrimizcə, Xalq yazıçısı Yusif Səmədoğlunun “Qətl günü” romanında Azərbaycan xalqının Molla Pənah Vaqifdən Səməd Vurğunadək mürəkkəb və kəşməkeşli taleyi ədəbi-tarixi baxımdan məharətlə ümumiləşdirilmişdir. Hətta bu baxımdan yanaşmaqla “Qətl günü” romanında Molla Pənah Vaqifin və Səməd Vurğunun prototipi ola biləcək obrazlar da müəyyən etmək mümkündür. Romanın uğurlu çıxmasının, ədəbiyyatımızda ədəbi hadisə səviyyəsində qəbul edilməsinin əsas səbəblərindən biri də əsərdə əks etdirilən mətləblərin, bəzi analoji məqamların, Yusif Səmədoğlu tərəfindən atası Səməd Vurğunun tərcümeyi halında və yaradıcılıq taleyində dərindən və əsaslı şəkildə görünən və görünməyən tərəflərilə müşahidə edilməsi ilə əlaqədardır”(2, səh. 3.)

Məti Osmanoğlu isə Yusif Səmədoğlunun “Qətl günü” ilə bağlı qələmə aldığı ssenaridən bəhs edərkən yazır: Kino estetikasının tələbləri baxımından fikir söyləmək çətin gəlir, ancaq mətn son dərəcə maraqlı idi. “Qətl günü” romanından film üçün şair və hökmdar xətti əsas leytmotiv kimi götürülmüşdü. Şair obrazı daha çox Səməd Vurğunun şəxsiyyəti və tərcümeyi-halı ilə səsləşirdi.(4, səh.7)

Beləliklə, tədqiqatçılar Sədi Əfəndi obrazının Səməd Vurğunun prototipi olması ehtimalının mümkünlüyünü irəli sürürlər. Bizim fikrimizcə isə Sədi Əfəndi obrazında həm Səməd Vurğuna, həm də Hüseyn Cavidə xas avtobioqrafik cizgilər öz əksini tapmışdır. Bu səbəbdən Sədi Əfəndini həmin dövr milli ziyalılarımızı simvollaşdıran bir obraz kimi qəbul etmək daha düzgün olar.

Vaqif Səmədoğlunun da yaradıcılığında atası Səməd Vurğunun obrazının bədii təzahürləri ilə qarşılaşırıq. Vaqif Səmədoğlunu atasına Yusif Səmədoğludan bir addım daha yaxın edən məqam onun da poeziyanı seçməsidir. Lakin Səməd Vurğun kimi poeziyanı seçsə də Vaqif Səmədoğlu heç bir zaman Səməd Vurğunun kölgəsində qalmadı, məhz öz fərqli dəsti-xətti ilə ədəbiyyatda tanındı.

Vaqif Səmədoğlunun atasına həsr etdiyi ilk şeirlərdən biri “Günün baxtı” (1972) adlı kitabında işıq üzü görmüş 1968-ci il möhürlü “Atamın məktublarına cavab” adlı kiçik poema idi:

Yanından keçənlər,

ayaq saxlayıb bir an

baxırlar sənə,

Səməd Vurğuna.

Mən də baxıram.

Baxıram

cavan ölmüş Məhbub nənəmin

Salahlıdan gedib

heykəl olmuş

qarayanız oğluna... (7)

Bu poemada ata həsrətini özünəməxsus şəkildə ifadə edən Vaqif Səmədoğlunun qələmində Səməd Vurğunun tam fərqli qiyafəli obrazı ilə qarşılaşırıq. Bu atasını 17 yaşında itirən bir gəncin gözlərindən boylanan bir obrazdır. Ata ilə oğulun ünsiyyəti, oğulun atadan öyrənməli olduğu məqamlar üçün bu 17 il çox kiçik bir müddətdir. Vaqif Səmədoğlunun həyat boyu yanında olmasını istədiyi, axtardığı atasını qardaşı Yusif əvəz etdi. Lakin oğul üçün atanın yeri başqadır. Buna görə də Səməd Vurğun Vaqif Səmədoğlunun bir ömür boyu məktub yazıb məsləhət alacağı, öyrənəcəyi həsrət ünvanıdır.

Vaqif Səmədoğlunun Səməd Vurğunun ata obrazını yaratdığı məşhur poetik nümunələrdən biri “Salam, ata...” şeiridir:

Salam, ata, salam.

Bilirəm,

arxamdasan.

Məzarından cəmi əlli-altmış

addım bu yanda dayanıb

trolleybus gözləyirəm.

Trolleybusa minib,

sənin yanına

gələnə qədər

yaşamağa gedəcəyəm.

Ömür bu imiş, ata?

Gəldi...

Salam trolleybus,

əlvida ata... (7)

Bu qısa şeirdə bütöv bir ömrün həsrəti, ağrısı çox mükəmməl ifadə olunub. Vaqif Səmədoğlu üçün atasının qəbri burulğanları içində öz yolunu tapmağa çatdığı həyat dənizində bir adadır. Bu ada sabit şəkildə onu səbrə və həsrətə dözməyə çağırır. “Yaşamağa gedən” oğulun əlvidası da müvəqqətidir. Bəlkə də insanı həsrətə dözməyə, ölümü qəbul etməyə razı salan tək ümid elə budur. Vaqif Səmədoğlunun şeirlərindən süzülən sarı rəngli həsrət yağışları da məhz həmin mübhəm ümiddən söz açır:

Ayrılma o sarı,

Yox sapsarı yağışa açılmış pəncərədən.

Gözlərini yumma islanmış yolun qarşısında.

Tutma

əllərinlə qulaqlarını,

eşit, eşit.

xəfif yarpaqlara dəyən

ağır damlaların səsini.

Bir uzaq ümidin

üzünə baxırsan bəlkə,

bəlkə sarı yağışa dönmüş

bir yuxulu həsrətlə göz-gözə,

üz-üzə dayanmısan. (7)

Taleyin qəribə təsadüfləri, həyatın çıxılmaz, sirri çözülməz oyunları var. Səməd Vurğun adlı poeziya zirvəsi bu dünyaya xərçəngin amansız hökmü ilə əlvida dedi. Onun övladları da həmin xəstəliklə cəngləşib ömrü başa vurdular. Atalarının qalib gələ bilmədiyi düşmənlə savaşda onlar da məğlub oldular. Amma “ölüm sevinməsin qoy..”. Bu gün Səməd Vurğun isimli nəhəng çinarın hər iki pöhrəsi ataları ilə bir sırada ədəbiyyatımızın qübbəsini çiyinlərində saxlayır və ədəbi irsimizi gələcəyə daşıyırlar.

İstifadə edilmiş ədəbiyyat siyahısı :

  1. Əfəndiyev İ. Qırçı və qırmızı çiçək (hekayələr). Bakı, Gənclik, 1981, səh. 143.
  2. Həbibbəyli İ. Azərbaycan ədəbiyyatında Səməd Vurğun məktəbi və Səmədoğlular //Ədəbiyyat qəzeti, 2008, 1 fevral, səh. 3.
  3. Nizami Cəfərov. Səməd Vurğun... və Səmədoğlular.Bakı, “Elm və təhsil”, 2015, səh.78.
  4. Osmanoğlu M. Biz gəldi gedərik, sən yaşa Yusif Səmədoğlu // Ədəbiyyat qəzeti, 2015, 5 sentyabr, səh. 7.
  5. Səmədoğlu Y. Seçilmiş əsərləri. Bakı : Şərq-Qərb, 2005, səh. 201.
  6. Yusifli V. Vaqif Yusifli “ “Qətl günü” niyə birinci oldu?”// Ədalət qəzeti, 2014, 12 mart, səh. 7.
  7. https://vagifsamedoglu.az/az/category/seirler/
# 137 dəfə oxunub

Oxşar xəbərlər

İnsanlar yaratdıqları obrazların içində yaşayırlar... - Cim Kerridən sitatlar

İnsanlar yaratdıqları obrazların içində yaşayırlar... - Cim Kerridən sitatlar

13:20 17 yanvar 2026
Kölgə - Rüstəm Dastanoğlunun hekayəsi

Kölgə - Rüstəm Dastanoğlunun hekayəsi

12:40 17 yanvar 2026
Öpüşlərini əsla unutmayacağam... - Günün mahnısı

Öpüşlərini əsla unutmayacağam... - Günün mahnısı

12:30 17 yanvar 2026
Nobel Komitəsi: "Tarixdə mükafatın sahibi kimi məhz laureat qalır..."

Nobel Komitəsi: "Tarixdə mükafatın sahibi kimi məhz laureat qalır..."

11:40 17 yanvar 2026
Məşhur amerikalı heykəltaraş-rəssamın Bakıda sərgisi açıldı

Məşhur amerikalı heykəltaraş-rəssamın Bakıda sərgisi açıldı

10:20 17 yanvar 2026
Şəhriyardan Xameneiyə ustad dərsi: "Gördün işin əyildi, durma, əkil..."

Şəhriyardan Xameneiyə ustad dərsi: "Gördün işin əyildi, durma, əkil..."

18:30 16 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər