Pul qarşılığında insanlara meymunluq etdirən Rafinsh

Rafinsh, video-bloger

Rafinsh, video-bloger

6 dekabr 2021
# 15:20

Kulis.az Vüqar Babazadənin tanınmış video-bloger Rafinsh (Rəfin) haqqında yazısını təqdim edir.


Əgər bir qarı tumanbağısını bərk bağlamasa, başına gələn qəzavü-qədərdən heç kim günahkar deyil. Günahkar yalnız qarıdır. Sözgəlişi, Allah da deyir ki, dəvəni səhrada bağlamayıb dua etməkdənsə, bağla, dua eləmə. Hətta, belə də deyirlər ki, lotoreya da cek-pot udmaq istəyirsənsə, dua eləmə, get lotoreya al.

Bunları elə-belə yazdım ki, yazının ümumi mənzərəsi görünsün. Son zamanlar yazı yazanda, istəyirəm ki, özümün sərhədlərimi zorlayım. Tam azad olum. Əziz oxucular, gördüyünüz kimi, aşağıdakı yazının eskizi beynimdə bayaq çəkdiyim misallarla formalaşdı. Gələk əsas məsələyə.

Bu yazını yazmazdım. Ta ki, oturduğum yerdə Rəfin adlı bir qaqaşın "Niyə də ala?" başlıqlı videosu gəlib məni tapmasaydı. İndi ki, vəziyyət belədir, daha durduq yerə zibilə düşmüşəm, durduq yerə bu video gəlib çıxıb qabağıma, gərək yazım. Şair başqa cür deyib, hər halda, belə də olar:

"Yazsam söhbətə çağıracaqlar, yazmasam ölləm".

Hamımızın bildiyi kimi artıq böyük bir televiziya əsrini geridə qoyuruq. Daha adamlar video-ehtiyaclarını Yutubdan, Instaqramdan, Feysbukdan, mən nə bilim, Tik-tok üzərindən qarşılayırlar. Amma televiziya dövrünün problemləri hələ də aktualdır. Texnoloji dillə desəm, "update" olmayıb.

Əgər bir valideyn 21-ci əsrin ilk on-illiyində uşağının televiziya vasitəsilə pozulmasından narahat olurdusa, indi Yutub vasitəsilə pozulmasından nəinki narahat olmur, ona qoşulub özü də pozulur.

Lirik geriləmə: deməli, əziz oxucular, Yutubda Rəfin adlı bir qaqaş var. Əslində, çoxdan var. Sadəcə bayaq dediyim kimi, onun "Niyə də ala?" adlı videosu qarşıma çıxıb, bir daş olub düz gəlib düşüb mənim başıma, ona görə indi yazıram. Lirik geriləmənin sonu.

Bu Rəfin adlı qaqaş, təxminlərimə görə, pulunu sudan çıxardır. Nə qədər qəribə olsa da, məncə bu təxmin, doğurdur. Çünki Rəfin adlı qaqaşın, deyəsən, nə vaxt pulu qurtarır, ya kreditinin vaxtı çatır, götürüb bir video çəkir. Əlində də hansısa energetik içki bankası ilə.

Videolar da adətən xüsusi maraq kəsb edən, üstündə əziyyət çəkilən, zəhmət tələb edən videolar olmur. Mən onun əvvəllər bir neçə videosuna baxmışdım, elə əvvəllər necə düşünürdümsə, indi də elə düşünürəm. Bu yazı da isə söhbət "Niyə də ala?" adlı seriya-videolarından gedir.

Rəfin əlində energetik içki bankası tutub, az qala gözümüzə soxaraq, Tik-tokdan ona atılan, yaxud özünün tapıb-seçdiyi videoları izləyib, şərh edir. Ümumiyyətlə, sizə bir söz deyim, məşhur olmağın ən kəsə yolu kimisə təndiq etmək, lağa qoymaqdır. Bu hər sahədə belədir. Rəfin adlı qaqaş da, söhbəti tutub, onu-bunu tənqid edə-edə məşhur olub.

Ölkəmizdəki insanlar hər bir sahədə günəşi küləş kimi başa düşdükləri üçün, Tik-tokdan da öz növbəsində düzgün istifadə etmirlər. Düzgün istifadə etmirlər deyəndə ki, mənə görə düzgün istifadə etmirlər. Kimsə durub deyər ki, mənə görə düzgün istifadə edirlər. Ona da bir şeyə demək olmaz. Heç bir açıqlaması, izahı olmayan, artıq bayağı və səviyyəsiz cizgisini keçib, absurda tərəf yön alıblar. Bu, heç. Bunu beynində bir-iki qırışı olan istənilən Azərbaycan vətəndaşı başa düşür. Qayıdaq Rəfinə.

Əvvəlcə, onu demək istəyirəm ki, verilişin adından səviyyəsizlik, bayağılıq fışqırır. "Niyə də ala?". Doğrudan da, adam axı niyə bir verilişə belə ad qoysun?


"Niyə?" sualı fəlsəfədə ən ümdə suallardan biridir. Hər bir cavabı zəncirvari olaraq başqa bir sualla cavablandırılır. Beləcə, sonu olmayan, düz xətt kimi uzanıb, hara desən gedir. Rəfinə, demək istəyirəm ki, məncə "niyə?" sualının başını buraxıb, özünü belə çətin suallarla yormasın, getsin camaatla məzələnsin, öz balaca dünyasında psevdo-intellektuallığının dadını çıxarsın.

Bu Rəfin adlı dostumuz Tik-tok videolarını şərh edib, oradakı video çəkən insanları nümayişkaranə şəkildə lağa qoyub, izləyicilərinə mənəvi orqazm yaşadır. Nə gözəl, adam ilk baxışdan düşünür ki, ya rəbb, bu ki əladır! Hər sahədə tənqid olmalıdır, xüsusən, biabırçılıq olan Tik-tok bayağılığı tənqid hədəflərinə tuş gəlməlidir, ictimaiyyət səsini çıxarıb, belə şeyləri pisləməlidir. Əmma ki...

Amma ki, hər şey həmişəki kimi göründüyü formada deyil. Mən videonun ilk 3-4 dəqiqəsini izlədim və sizi inandırım ki, Rəfinin lağa qoyduğu adamlar, mənə Rəfindən daha səmimi gəldi. Onsuz da, hər saniyədə gözümə girən energetik

içki bankası da əsəblərimi korlayırdı. Adama vur deyiblər, öldürüb.

Rəfinin aşiqi olan xüsusi bir psevdointellektual, qəbilə təfəkkürlü insanlar var. Onlar elə bilir ki, Rəfin reform edir. Bu reform necə baş verir? Heç nə, çox sadə. Türklərin də çox istifadə etdiyi bir mövzunu özümüzünküləşdirib, camaatı ələ salmaqla.

Dahi bir mütəfəkkirin yaxşı bir sözü var. Deyir ki, insan o vaxt mərhəmətli hesab olunur ki, əlində gücü var və o gücdən istifadə etmir. Öldürməyə imkanı var öldürmür, pislik etməyə şəraiti var etmir və s.

Bəs Rəfin nə edir?

Onsuz da, özünü ələ salan, özünü biabır edən, öz təlxəkliklərini heç nə olmamış kimi sərgiləyən Tik-tok insanlarını bir daha ələ salır, bir daha lağa qoyur. Və onun özlərinə qarşı yalançı olan, qeyri-səmimi kontingenti də bundan orqazm olur. Allah sənə rəhmət eləsin, eeeeyyy Martin Lüter King. Necə deyərlər Veni, Vidi, Vici.

Amma Rəfin “Veni, Vidi, Vici”ni, “Verdim, Vurdum, Aldım” kimi başa düşüb. Veni, Vucu, Vudu – bu da “Leyla ile Mecnun” fanatlarına məndən.

İkinci lirik geriləmə: çoxdanın söhbətidir, o vaxt Rəfinin bir videosuna baxmışdım. Deməli, əlində 100 manatlıq əsginas tutmuş Rəfin, tarqovuda adamlara yaxınlaşır və onlara belə bir təklif edir. Əgər müsahibi olan adam Rəfini 1 dəqiqə ərzində (yanıla bilərəm, 2 dəqiqə də ola bilər) güldürə bilsə, 100 manatı qazanacaq.

"Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım" təfəkkürlü camaat da kameranın qabağında özünü mincür təlxəyliyə qoyaraq, Rəfini güldürməyə və bu sayədə 100 manat qazanmağa başlayırlar. Bu artıq qara camaata hörmətsizlikdən başqa bir şey deyil.

Rəfin bilirdi kimə yaxınlaşmaq lazımdır, üz-gözündən 100 manata ehtiyacı olan adamları tutur, onları təlxəklik etməyə sövq edirdi. Yazıq camaat da fikirləşirdi ki, bir dəqiqənin içində 100 manat qazana bilərəm, başlayırdılar hər cür şit və səviyyəsiz hərəkət etməyə.

Bir adam da Rəfinə durub demədi ki, insanları ehtiyacları ilə vurub, onları sirk heyvanı kimi oynatmaq və bunun üzərindən məşhurluq və “hype” pilləkənlərini qalxmaq, yumşaq dillə desək, düzgün hərəkət deyil, vicdansızlıqdır.

Mən ona üzülürəm ki, ehtiyac içində yaşayan xalq Rəfin kimi adamların əlinə düşüb, istifadə edilməyə hazırdılar. Təki qarşılığında bir az pul qazansınlar. Lirik geriləmənin sonu.

İnsan bir şeyi müəyyən dövr ərzində davamlı surətdə etdikdə və xoş reaksiyalar aldıqda avtomatik olaraq elə fikirləşir ki, "özüdür ki, var!". Buna çox misallar çəkə bilərəm, amma bircə misalla ümumi mənzərəni anlayacaqsız.

Bir gənc şair bir-iki sevgi şeiri yazır, xoş təsirləri gördükdə, elə bilir ki, o, həqiqətən, şairdir və ədəbiyyat barəsində istənilən fikri səsləndirə bilər. Həmçinin, Rəfin də elə.

Necə ki, Əlixan tənqid etdiyi "qaqa" tipindən qurtula bilmir və çevrilib özü də qaqa olub. Rəfin də çevrilib olub lağa qoyduğu, əla saldığı adamlardan biri.

Mən o videonun 5-6 dəqiqəsinə ancaq baxa bildim və anladım ki, Rəfinin o təndiq etiyi adamlardan zərrəcə bir fərqi yoxdur. Bu dostumuz, bəlkə də, əvvəllər elə olmayıb, amma artıq özünü bu işə elə həsr edib ki, çevrilib olub tik-toker.

Həə, qaldı ki, məsələnin intellektual və cəmiyyəti narahat edən məsələsinə. Elə bir arqument gətirərəm ki, bütün o tik-tokçuları ve tik-toku ələ salıb, onların çörəyini yeyənlər cırıq-cırıq olar. Gətirim? Gətirim də.

Dünya deyilən şey uzlaşma ilə əlaqəlidir. Nə qədər çox adam bir mövzuda uzlaşırsa, deməli normal olan şey odur. Beləliklə, Rəfin və rəfinkimilər təhlükəli bir pozisiyaya düşürlər. Əgər cəmiyyətin böyük bir qismi (buna şərti olaraq kütlə deyək) nəyisə normal qarşılayıb, həmin şeyi ictimai şəkildə, utanmadan, çəkinmədən edirsə, bəlkə, problem sizdədir?

Mən nə qədər əmin ola bilərəm ki, Rəfinin o tik-tokçulardan fərqi yoxdur? Bəlkə də, Rəfin "yalançı təndiq"ləri ilə, onlardan geridə qalıb? Zaman tələb edir ki, onunla ayaqlaşasan. Zamanla ayaqlaşmayanda, karikatura kimi görünürsən, gülməli vəziyyətə düşürsən. Necə ki, sovetin dövründə yaşayıb, həmin dövrdə ilişib qalan yaşlılar indi o vəziyyətdədir.

Tarixə baxanda da hər şey iki hissəyə bölünür. Yenilikçilər və mühafizəkarlar. Bəzi yeniliklər çox mənasızdır, bəli. Üstəlik, bunu tarix müəyyənləşdirir. Amma bəzi yeniliklərin qarşısını necə almaq olar?

Rəfinin hazırda Tik-tok çəkən camaatı lağa qoyması, təxminən buna bənzəyir: bir qoca kişi narazılıq edir ki, dünyadakı bütün problemlər cavanların qudurduğuna və telefonun çıxdığına görədir. Arifə bir işarə bəsdir. Nə demək istədiyimi, göydə tutun.

Rəfin artıq o qədər Tik-tok videosu "tənqid edib" ki, özü də həmin personajlara çevrilib. Qeyri-səmimi danışığı, süni mimika və jestləri, əsassız iddiaları və kibir, nifrətlə, söyüşlə qidalanan kütləsi ilə birgə.

Ən təsirli isə odur ki, bunun fərqində deyil və elə bilir ki, həqiqətən də, yaxşı iş görür, camaatı maarifləndirir.

Kefli İsgəndər də öz mübarizəsini bu üsulla edirdi. Amma o bunu əzab çəkərək, hissə-hissə məhv olaraq, sonunu hazırlayaraq edirdi. Amma Rəfin? Rəfinin gözlərində mən o əzabı, cəmiyyətimizin bu günə, bu hala düşməyinin əzabını görmədim.

O, bundan xüsusi bir zövq alır. Camaat lağa qoyaraq, elə salaraq, energetik içki bankasını gözümüzə soxaraq, ləzzətlə beyinləri bir daha korlayır.

Ayıbdır. Ayıbı qoyaq bir qırağa, bu məsuliyyətsizlikdir.

Sənin böyük bir kütlən var. Belə bir gücün yiyəsisənsə, üstəlik sənə peyğəmbər kimi münasibət göstərib, inanırlarsa, şit-bayağı, ha-ha-hi-hi şeylərdən çəkinməlisən.

Elmi, ədəbi, şeylərdən danışmalısan, faktlarla belə şeylərin mənasız olduğunu isbatlamalısan, o enerji içki bankasını açıb yerə tökməlisən və deməlisən ki, bu içkilərin yerinə su için.

Kitabdan danışmalısan. Təbii ki, əgər insanların avamlığı, “tənqid etdiyin” problemləri səni doğrudan narahat edirsə, onları həqiqətən düzəltmək, marifləndirmək istəyirsənsə, potensialından bu cür istifadə etməlisən.

# 7240 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #