"Özümüz yazıb, özümüz oxuyuruq..." - Kitab təqdimatları niyə urvatsız olur?

"Özümüz yazıb, özümüz oxuyuruq..." - Kitab təqdimatları niyə urvatsız olur?
2 dekabr 2024
# 17:00

Kulis.az Həmid Piriyevin "Urvatsız təqdimatlar" köşəsini təqdim edir.

On-on beş ilin söhbətidi.

O vaxtlar kitab təqdimatları təzə-təzə dəbə düşürdü. Bizim üçün təzə idi. Maraqlı idi. Camaat da gəlirdi. Hər kitab təqdimatı, az qala, bayrama dönürdü. Qətiyyən şişirtmirəm, həqiqətən, elə idi.

İllərlə görüşməyən ədəbiyyatçılar təqdimatlarda görüşürdü. Oxucular həvəslə gəlib təqdimatlarda iştirak edirdi, kitablarını oxuduğu müəllifləri kənardan müşahidə edirdi. Hələ bir neçə təqdimat olmuşdu ki, kitabın tirajı elə həmin gün qurtarmışdı.

Sonra təqdimatlar adiləşməyə başladı. Bir az da keçəndən sonra lağ obyektinə çevrildi, gənc yazarların özü kimi… Pandemiyadan sonra isə, ümumiyyətlə, mənasız tədbirə dönüb.

Artıq təqdimatlara oxucular gəlmir.

Son iki ildə keçirilən təqdimatları yadımıza salaq, nadirən oxucu görmüşük. Qalan hamısında on-on beş qələm adamı gəlib.

Açığını desək, onlar da müəllifə, ədəbiyyata dəstək olmağa-zada gəlmir. Daha çox, “üz üzdən utanar” prinsipinə görə gəlir. Hə də, sabah hardasa rastlaşacaqlar axı. Bəs müəllif soruşmaz ki, o vaxt mən sənin tədbirinə gəlmişdim, sən nə üçün gəlmədin? Haqlı sual olar. Çünki özümüz belə zəmin yaratmışıq.

Təqdimatları sünnət toyuna döndərmişik. Mən sənin toyuna gəlib pul salıram ki, sabah sən də mənim toyuma gəlib pul salasan. Təxminən, belə…

Ümumiyyətlə, kitabın vəziyyətini hamımız görürük. Amma hələ də inadla yazmağa, kitab çap etdirməyə davam edirik. Kitab sərgilərinin vəziyyəti də göz qabağındadır. İl-ildən ziyarətçilərin sayı azalır.

Əksər nəşriyyatlar sərgilərdən ziyanla çıxır. Amma yenə də kitab çap etməyə davam edirlər. İnadla. Üstəlik, təzə nəşriyyatlar da açılır. Ədəbiyyata gələn gənclər də öz yerində. Az qala, hər gün bir təzə imza çıxır rastımıza.

Əvvəllər şair ruhlu xalq idik, indi əsl şair xalq olmuşuq. Əli qələm tutan hamı yazır. Demirəm, bu pisdir. Əslində, qanunauyğunluqdur. İki yüz il qabaq ancaq imkanlıların uşaqları təhsil ala bilirdi, əksəri də yazırdı. Şərqdə qəzəldən-məsnəvidən, Qərbdə romandan-hekayədən – kim nə bacarsa.

Bu gün isə natamam orta təhsil icbaridir. Hamıya. Həm də pulsuzdur. Təhsil alanların da yazmaq istəməsi normal qarşılanmalıdı, zənnimcə.

Söhbətdən yayınmayım. Yazan yazsın, oxuyan oxusun. Bu öz yerində. Amma bu təqdimatlara əncam çəkmək lazımdı. Əslində, ümumilikdə kitabçılığa əncam çəkmək lazımdı. Xüsusən də, təqdimatlara.

Bu işin qaydası belə olmalıdı ki, müəllif əsəri yazıb nəşriyyata təqdim etsin. Nəşriyyat bəyəndiyi təqdirdə çap edib satışa buraxsın, reklamını aparsın. Və səviyyəli imza mərasimi təşkil etsin.

Məncə, bunu fikirləşməliyik. Yoxsa ki, hər şey düşür yazıçının boynuna – yazmaq da, çap etdirmək də, satmaq da. Zənnimcə, kitabın reklamı yaxşı aparılsa, heç təqdimata-zada ehtiyac qalmaz. Amma lap təqdimat eləsələr də, hər halda, belə urvatsız eləməsinlər.

Bir az hörmətimiz var, onu da itirməyək…

# 507 dəfə oxunub

Oxşar xəbərlər

“Ulduz” jurnalının xüsusi nömrəsi işıq üzü gördü

“Ulduz” jurnalının xüsusi nömrəsi işıq üzü gördü

12:30 4 dekabr 2024
Şəhriyar del Gerani:  "AzTv-dən 500 manat istədim, incidilər..."

Şəhriyar del Gerani: "AzTv-dən 500 manat istədim, incidilər..."

12:17 4 dekabr 2024
Həmidə Ömərovanın adından istifadə edib 871 nəfərdən pul aldılar

Həmidə Ömərovanın adından istifadə edib 871 nəfərdən pul aldılar

11:48 4 dekabr 2024
III Gəncə Kitab Sərgisi keçiriləcək

III Gəncə Kitab Sərgisi keçiriləcək

11:39 4 dekabr 2024
Şəkidə ustad dərsləri keçiriləcək

Şəkidə ustad dərsləri keçiriləcək

11:31 4 dekabr 2024
“Şuşa Yaradıcılıq Emalatxanası” çərçivəsində təlim keçirilir

“Şuşa Yaradıcılıq Emalatxanası” çərçivəsində təlim keçirilir

11:20 4 dekabr 2024
# # #