Kulis.az prodüser və rejissor Orxan Mərdanın Lent.az-a müsahibəsini təqdim edir.
- Orxan bəy, bu günlərdə Kino Sənayesinin İnkişafı İctimai Birliyini (İB) yaratdınız, həm də bunu Kino İttifaqın qurultayının keçirildiyi gün elan elədiniz. Sizin birlik Kino İttifaqa rəqib və ya alternativ kimi meydana çıxıb?
- Düşünmürəm, biz rəqibik və onlardan daha çox iş görəcəyik. İttifaqlar iş görmürlər. İttifaq Sovet dövründən qalmış bir qurumdur. 2024-cü ildəyik. Dünya hər cür kosmopolitik hadisələrə açıqdır. Dünya dəyişib, amma Sovet təhsili almış və ittifaqdan bərk-bərk yapışmış bəzi yaşlı sənətkarların dəyişmək fikir yoxdur. Fikir verin, ittifaqda var olanların ən cavanının 65 yaşı var. Özünü müasir sayan adamın köhnə sovet sisteminin içində nə işi var, mən anlamıram.
- İttifaqların bir ad altında birləşməsinin hansısa effekti olacaq?
- Bayaqdan iki yerə pul ayrılırdı, indi bir yerə ayrılacaq. Vəssalam. Gülməli situasiyadır, bu adamların uşaqlıqları birlikdə keçib. Bir-birlərinin hər şeylərini bilirlər, amma başlayıblar ki, sənin ittifaqın döyər, yoxsa mənim ittifaqım? Nəticə etibarı ilə onların davası yuxarıdan gələn bir əmrlə səngidi, amma dəyişən nəsə olmayacaq. Ortada pul var. Hə ittifaq 200-300 min alır. Yaşı yetmişi keçmiş qocalar üçün bu yaxşı puldur. Evini alıb, hörmətli-hörmətli oturub isti ofisdə, qabağında da kimlərsə baş əyə-əyə fırlanır. İşlərinin də adı da sakit oturmaqdır. Orada iş görən bir adam varsa, o da Əli İsa Cabbarovdur. Mənim öz birliyimi açmaqda məqsədim real iş görməkdir.
- Maliyyəni haradan əldə edəcəksiniz bəs?
- Biz bunu daha fərqli formada, daha özəl yanaşmayla həll edəcəyik. İstəyirəm Azərbaycanda böyük, nüfuzlu, milli bir mükafat olsun. “Oskar” kimi. Bunun üçün İB olması şərtdir. Pul taparıq. Azərbaycanda belə möhtəşəm hadisədə adlarının hallanmasını istəyən böyük şirkətlər var. Bu birliyin vasitəsilə müəyyən müsabiqələr keçirmək istəyirəm. Bir qalib olacaq və onun filmini istehsal edəcəyik.
- Kino ilə bağlı bütün problemlərin həlli, kino işçilərinə dəstək, Azərbaycan kino işçilərinə hörmət olunmasını təmin etmək, fondlaşdırmaq və istehsalı müəyyən qurumların asılılığından azad etmək, istehsalçını güc sahibinə çevirmək - Qayəniz budur . Amma kinomuzun indiki reallığını nəzərə alsaq, bir az inandırıcı görünmür, fantaziya kimi çatır insana...
- Biz xəyal qurmaq bacarığımız sayəsində irəliləyirik. 10 il əvvəl ilk dəfə biz kino çəkmək istəyəndə də hamı bizə xəyalpərəst kimi yanaşırdı. BDU-nun tarix fakültəsini bitirmiş bir oğlan film çəkəcək və bu film uğurlu olacaq. Sonra özünü əsl kino fədaisi hesab edən ağsaqqallar əl-ayağa düşəcək, deyəcəklər bizim milyonlarla büdcəmiz var, amma bunlar ortaya real iş qoyurlar. Mən bu işlərə 30 min manat sələmlə girmişdim. Qorxurdum, indi də qorxuram. Amma risk eləməsən, ortaya iş çıxmaz. Zamanla təcrübə qazanırsan, işin yolunu-yöntəmini tutursan. İqtisadi cəhətdən düzgün yanaşa bilirəm və milli xüsusiyyətlərimizi yaxşı bilirəm. İşi də düzgün insanlarla qururam deyə problem yaranmır.
- Yaxşı kino çəkmək üçün ən birinci güclü maliyyə olmalıdır, yoxsa güclü yaradıcı heyət?
- Maliyyə. Hər təzə gələn film özündən sonrakına daha çox pul qazandırır və onun daha yaxşı alınmasına kömək edir. Çox işlədikcə çox öyrənir, çox öyrəndikcə çox qazanır, çox qazandıqca çox xərcləyirsən.
- Dövlət filmlərinə nə qədər xərclənir, sizin çəkdiyiniz filmlərə nə qədər maliyyə sərf olunur?
- Dövlətin çəkdiyi ən ucuz film 600-700 min manatdır, bizim çəkdiyimiz ən baha film 200-300 min manat. Bu günə qədər “kinomuz bərbad vəziyyətdədir” deyənlərin çoxu o vəsaiti alıb, o məsuliyyəti daşımalı olan, amma daşımayan insanlardır. Azərbaycan hökumətinin kinomuzun inkişafına ayırdığı diqqət və vəsaiti göz görə-görə itirənlər mədəniyyətimizə, hökumətimizə, xalqımıza qarşı satqınlıq edirlər. Hökumətin, dövlətin gördüyü işə kölgə salmaqla, bu qayğıya xəyanət edirlər. Hər il dövlət müntəzəm olaraq kinoya 6-7 milyon pul ayırır. Kəsir boğazından, deyir ki, gedin çəkin. Bizi bəyənməyən öz aralarında ad, vəzifə, status davası edən adamların hamısı 30 ildən çoxdur o milyonlara sahib olurlar. Və hələ də ortada layiqli bir film yoxdur. İndi bizə kino, mərifət dərsi keçməyə çalışanlar, biz kinonun düşməni, özlərini qayğıkeşi elan edən o ağsaqqallar hər il 6-7 milyon pulu zibil qabına atırlar.
- Zibil qabına atırlar deməzdim. İnanmıram ki, bizdə kimsə cibinə atmaq imkanı varkən onu zibil qabına atsın.
- Son 30 ildə 6 milyondan hesablayanda dövlətin ayırdığı pul 180 milyon edir. Dövlət tərəfindən çəkilmiş bir “Dolu” filminin adını hamı tanıyır. Başqa nə var ortalıqda? Yaradıcılıq xalqa xitab eləməlidir. Vaqif Mustafayev dövlət hesabına 1 milyon 200 manata “Həyat sən necə gözəlsən” filmini çəkdi, hanı? Heç kimin xəbəri yoxdur, baxılmadı. Adamı yandıran odur ki, “ölkəmizi xaricdə təbliğ edirik” desələr də, nəticə yoxdur. Xarici ölkələrə pulsuz biletlər, səfərlər, bahalı otellər... Hansı filmimiz dünyada tanınır, başqa ölkələrdə ondan danışılır? Pul var, amma film yoxdur. Hər il 6 milyon ayrılır. Xərclənibsə, hanı film? Nizami Kino Mərkəzi Azərbaycan filminin kino məbədidir, milyonlar ayrılıb, təmir olunub, hər şey var, amma film üçün vacib olan ən birinci, ən lazımlı aparat, proyektor yoxdur. Bu biabırçılıqdır. Təsəvvür edin, xaricdən hansısa bir filmi götürüb gətirirəm Azərbaycana ki, ən böyük kinoteatrımızda, Nizami Kino Mərkəzində nümayiş etdirim. Kimə desən proyektor yoxdur, gülməkdən ölər. Kreslo qırıq ola bilər, ayaq altına salınan xalılar köhnələr, amma kinoteatrda proyektor yoxdur... Bu olmaz. Rayonlarda çoxlu mədəniyyət mərkəzləri açıblar. Müasirdir, hər şey var. Amma qapısını bağlayıblar və onların da içində proyektor yoxdur. Kinoteatr olmağın təməli proyektordur.
- Söhbət hansı proyektorlardan gedir?
- Bunlar xüsusi yeni qurğulardır, onlarda təqdim edilən filmləri kopyalamaq, oğurlamaq olmur, onlar kodlaşdırılmış faylı göstərirlər.
- Maliyyə ayrıldı, pul var, amma tərpəniş hiss olunmadı. Azərbaycanda kinonun inkişafı üçün başqa nə iş görmək lazımdır?
- Birincisi kinoteatr olmalıdır. İkinci isə kino vergidən azad edilməlidir. Kino vergidən azad edilsə, istənilən rayonumuzda 5 şadlıq evindən 3-ü kinoteatr kimi fəaliyyətə başlayacaq. Kino prestijli sahədir. Bu həm də yüksək mədəniyyət, yeni iş yerləri deməkdir. Bir il film çəkməyək, bu işi görək. Kino vergidən azad edilsə, kinoteatrlar açılsa, dövlətin film istehsalına pul ayırmasına ehtiyac qalmayacaq. Bunu əminliklə deyirəm.
- Uzun müddətdir Bakıdakı kinoteatrlarla davadasınız. Nədir probleminiz?
- Kinonun beynəlxalq standartlarına əsasən, istehsalçı filminin yayımından əldə olunan qazancın 50 faizinə sahib olur, qalan 50 faiz kinoteatra qalır. Yəni film kinoteatra 50-50 prinsipi ilə daxil olur. Xarici filmləri bu qaydada nümayiş etdirib, yerli filmlərə 60-40 faiz şərti qoyuldu. Yəni qazancın 60 faizi kinoteatra, 40 faizi istehsalçıya çatır. Bu işi ilk mən başlatmışam deyə, ən çox davanı da mən eləmişəm. Təzə başlayanda təcrübəmiz yox idi, imkansız idik deyə razılaşdıq. Sonra bizim filmlərimiz zamanının ən çox satışını gətirdi. Qeyd edim ki, Azərbaycan blokbasteri bir mövsümdə bütün amerikan, türk filmlərindən çox pul yığa bilir. Bunu əminliklə deyirəm. 5 belə Azərbaycan filmi olsa, kinoteatr bütün xarici filmlərdən qazandığından daha çox qazanar. Çünki xalq özünü görməyə meyillidir.
- Bəs niyə yerli filmlərə belə haqsızlıq edilir?
- Kinoteatrlar görəndə ki, Azərbaycan filmi daha çox pul qazandırır işi eksklüzivə keçirməyə başladılar. Daha çox qazanmaq üçün bir-birləri ilə rəqabətə girdilər, bu rəqabətdə də istehsalçıdan istifadə etdilər. “CinemaPlus” konkret mafiya rolunu oynayır. “Güc məndədir, istədiyimi edərəm” deyir. Deyir ki, film mənim şəbəkəmdə yayımlanacaqsa, başqa yerdə getməyəcək və 60-40 faiz şərti ilə yayımlanacaq. 2016-cı ilə qədər aktiv dava elədim, gücüm çatmırdı. Bu şəbəkənin Gəncədə, Sumqayıtda kinoteatrı var. “Parkcinema” 50-50, Nizmai Kino Mərkəzi 50-50 şərti ilə razılaşır, “CinemaPlus” 3 faiz fərq qoyur, 53-47 deyir. Ən vacib şərti də budur ki, kim bileti məndən ucuz satsa, mən sənə qazancı o ucuz bilet qiymətləri ilə hesablayıb verəcəm. Məcburuq ki, gedib biz digər kinoteatrla dava edək ki, sən Allah, bileti ucuz satma.
- İlanı seyid Əhmədin əli ilə tuturlar deyirsiniz?
- Bəli. İstehsalçını araya salıb, bir-birləri ilə rəqabət aparırlar, istehsalçısının əli ilə başqa istehsalçıları vurmaq istəyirlər. Seyid Əhməd də dirənib ki, bütün ilanlarla dostam (gülür).
Türk filmini göstərmək üçün öncədən zəmanət pul ödəyirlər. Azərbaycan filminə bu edilmir. Bir manat pul istəmirəm, dəstək istəmirəm. Hazır materialı gətirib verirəm, haqqım olanı doğru dürüst ver. Öz aralarındakı davanı özləri həll eləməlidirlər, istehsalçını salırlar qabağa. Yerli istehsalçını monopolist qanunlarla sıxırlar. Bunlarınkı mafiya işinə daha çox oxşayır, deyir burda mənəm, Bağdadda kor xəlifə. Mənim şəbəkəm böyükdür, mən burada at oynadıram. İstəyirsən sənin kinonu göstərim? Get rəqiblərimə de ki, mən bileti neçəyə satıram, sən də o qiymətə sat. Çarəsizlikdən getdim danışdım. Amma o da deyir ki, hansısa şəbəkə mənim satış strategiyama qarışa bilməz. Haqlıdır.
- Filmləriniz öz xərcini nə qədər vaxta çıxarır?
- “Səma ilə görüş” son filmimizdir. Kinoteatrlar problem yaratmasa son 10 ilin ən böyük satışını 40-50 gündə çıxara bilərdi. Di gəl imkan vermirlər. Qalmışıq balaca-balaca adamların əlində.
- Bayaq dediniz sizin yaratdığınız İB kino istehsalı ilə məşğul olacaq. Real işi nə zaman görəcəyik?
- Bu il qələbəmizə həsr olunmuş bir müharibə filmi çəkəcəyik. Hollivud kinolarından geri qalmayacaq film çəkə bilərik. Nə rus, nə türk filmlərindəki döyüş səhnələrindən geri qalmayacağıq. Bu ayın sonunda ssenari müsabiqəsini elan eləməklə işə başlayacağıq. Bəyənilən ssenarini istehsal edəcəyik, əgər istədiyimiz ssenari olmasa, bəyəndiyimiz ssenaristləri toplayıb, yeni bir ssenari yazacağıq.
- Qalib ssenarist üçün hansı məbləğdə mükafat nəzərdə tutulub?
- İşin keyfiyyətindən asılı olaraq 5-10 min manat arasında mükafat olacaq.