Ömrün mənası – ədalət və xeyirxahlıq – Mobil Şəfiyev yazır...

Ömrün mənası – ədalət və xeyirxahlıq – Mobil Şəfiyev yazır...
25 iyul 2022
# 10:30

Kulis.az Bakı şəhər prokurorunun müavini Mobil Şəfiyevin “Ömrün mənası – ədalət və xeyirxahlıq” yazısını təqdim edir.

Ədalətlilik və xeyirxahlıq, ilk növbədə, insanın özünün özünə verdiyi dəyərin ifadəsi, mənəvi rahatlığa, könül xoşluğuna səbəb olan ən vacib əməldir. Özün daxilən dinc və rahat deyilsənsə, ruhi müvazinətini itiribsənsə, bədbin fikir və duyğularla yüklənmisənsə, yaxşılığa, xeyirxahlığa doğru addım atmağın çətin işdir, mən deyərdim ki, hətta mümkünsüzdür. Düşüncə və mənəviyyatı işıqlı, daxili dünyası harmoniyalı olan, haqqı-ədaləti qorumağı bacaran insanın siması daim nur saçır, çöhrəsində sanki günəş bərq vurur. Belə insanlardan biri də təcrübəli və tanınmış hüquqşünas, çox dəyərli şəxsiyyət Mahir Cümşüd oğlu Muradovdur. Altmış altı yaşının tamam olduğu ərəfədə onun haqqında ürək sözümü deməyə, mənalı ömür yolu, insanlıq xüsusiyyətləri, peşəkarlığı, xeyirxahlığı barədə bu qeydləri yazmağa mənəvi bir ehtiyac hiss etdim.

Ədəb və əxlaqın, yetkin mənəviyyatın ailə ənənələrinə bağlı olması, kökdən, nəsil-nəcabətdən gəlməsi bəşər tarxinin təsdiqlədiyi həqiqətdir. Mahir müəllimin atası, ölkəmizin elmi-ədəbi ictimaiyyətinin yaxşı xatırladığı, AMEA-nın N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində uzun illər səmərəli fəaliyyət göstərmiş şərqşünas Cümşüd Muradov hamının yadında təkcə öz işinin əsl peşəkarı kimi deyil, həm də dostcanlı, xeyirxah, vətənpərvər bir insan, yüksək mənəvi-əxalqi məziyyətləri olan şəxsiyyət kimi qalıb. Uzun və mənalı ömür yaşayan Cümşüd müəllim haqqında həmkarı, görkəmli şərqşünas, akademik Rəfael Hüseynovun səmimi və maraqlı xatirələri onun nəcibliyini, alicənablığını, el-obaya bağlılığını, tarixi keçmişimizə göstərdiyi qayğıkeşliyi tam aydınlığı ilə əks etdirir. 93 yaşında dünyasını dəyişmiş Cümşüd müəllim, hörmətli akademikin sözləri ilə desək, Allahın əta etdiyi ömür illərini və taleyin yaratdığı imkanları daim yaxşılıq etmək fürsəti kimi dəyərləndirib və gümrah keçirdiyi qocalıq dövründə də millətəxeyir yeni əməllərə imza ata bilmək üçün əzmkarlıq göstərib.

Böyük qırğız yazıçısı Çingiz Aytmatov deyirdi: “Xeyirxahlıq yola tökülməyib ki, təsadüfən tapasan. Xeyirxahlığı insan insandan öyrənir”. Bu mənada, ailə ənənlərindən, ata-babadan ona miras qalan xeyirxahlıq, mərhəmət kimi yüksək insani xüsusiyyətləri Mahir müəllim öz həyat yolunda, əməllərində nümayiş etdirir. O əmək fəaliyyətinə on yeddi yaşında başlayıb və müxtəlif sahələrdə, o cümlədən ədliyyə sistemində çalışmaqla yanaşı, ali təhsil alıb, hüquqşünas ixtisasına yiyələnib və ömrünü haqqın, ədalətin qorunmasına, qanunçuluğun təmininə həsr edib. Prokurorluq orqanlarında stajorluqdan rayon prokuroru vəzifəsindək yüksəlib. Paytaxtımızın iri sənaye mərkəzlərindən olan Nizami rayonunda səkkiz il prokuror vəzifəsində işləyib. Prokurorluq sistemində öz peşəkarlığı ilə fərqlənib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2006-cı il tarixli Sərəncamına əsasən, qanunun aliliyinin təmin edilməsində, ağır və xüsusilə ağır cinayət işləri üzrə ibtidai istintaqın aparılmasında, cinayətlərin açılmasında və məhkəmədə dövlət ittihamının müdafiəsində yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə və prokurorluq orqanlarında xüsusi xidmətlərə görə təltif edilənlərdən biri də Mahir müəllim olub və “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb.

Bəzən hüquqşünas tutduğu vəzifənin tələblərinə uyğun olaraq, çox sərt, qətiyyətli və barışmaz mövqedə olmalı, qanunun aliliyini təmin etmək üçün ağır cəza tədbirlərinə əl atmalıdır. Mahir müəllim də vəzifə səlahiyyətləri çərçivəsində məhz belə prinsipiallıq göstərən, lakin heç vaxt haqqı nahaqqın ayağına verməyən, ədalət hissini qoruyub saxlayan, humanizm prinsiplərinə daim sadiq qalan, mərhəmət və xeyirxahlıq duyğusu ilə seçilən hüquqşünaslardandır. Həm də həmkarlarını, xüsusən, gənc iş yoldaşlarını öz nümunəsi ilə məhz vəzifə səlahiyyətləri və insanpərvərlik arasında ahəngdarlığı tapmağa sövq edən təcrübəli, dünyagörmüş hüquqşünasdır.

Mən birgə iş şəraitində bu gözəl məziyyəti onun əməlində, fəaliyyətində şəxsən görmüşəm, bu faydalı təcrübəni əxz etməyə çalışmışam. Gənc həmkarlarının təkcə kamil mütəxəssis, öz işinin peşəkarı kimi yetişməsinə deyil, həm də cəmiyyət qarşısında məsuliyyətini dərindən dərk edən ləyaqətli vətəndaş olmasına xüsusi diqqət yetirən Mahir müəllimin məsləhət və tövsiyələri həyat və karyera yollarında hər zaman bələdçim olub. Böyük ictimai nüfuzuna, vəzifə iyerarxiyasındakı yüksək mövqeyinə və statusuna rəğmən o hər zaman sadəliyi, təvazökarlığı, ünsiyyətcilliyi, əlçatanlığı ilə seçilib. Vətəndaşlarla münasibətində həm qanun keşikçisi və dövlət maraqlarının təmsilçisi, həm də ictimai mənafeyi qoruyan və fərdi xüsusiyyətlərə diqqətli olan vəzifə sahibi kimi tanınıb.

Mahir müəllim gənc həmkarlarına hər zaman, sözün həqiqi mənasında, atalıq qayğısı, valideyn münasibəti göstərib. Valideynlərimi erkən itiridiyim üçün mən bu münasibəti daha yaxından, daha aydın hiss etmişəm, onun köməyi, dəstəyi və nümunəsi prokurorluq kimi dərin bilik, fitri bacarıq və böyük məsuliyyət tələb edən bir qurumun tələblərinə uyğunlaşmağım, zəruri iş keyfiyyətləri qazanmağım üçün sanki işıqlı bir mayak, yolgöstərən olub. Prokurorluq orqanlarında stajor kimi fəaliyyətə məhz Mahir müəllimin rəhbərliyi altında başlamışam və bunu da taleyimin bir hədiyyəsi kimi dəyərləndirir, daim hörmət və ehtiramla xatırlayıram. Ümumiyyətlə, birgə iş şəraitində mən onun insan taleyinə nə qədər diqqətli və həssas yanaşdığının şahidi olmuşam. Münaqişə tərəfləri arasında qarşılıqlı güzəştə və barışığa nail olmaq, həm hüquqşünas, həm də geniş dünyagörüşlü, müdrik bir insan kimi hər kəsə doğru yol göstərmək, ən mürəkkəb situasiyalarda düzgün qərarlar qəbul etmək Mahir müəllimin xarakterik xüsusiyyətləridir. O, hətta cinayət törətmiş insanlarda belə, müsbət, işqılı cəhətlər axtarıb tapmağa çalışır, bizə də bunu tövsiyə edirdi. Hüquqazidd davranışına görə məsuliyyətə cəlb edilən şəxsin islah olunması, yenidən cəmiyyətə qaytarılması üçün onda şəxsi ləyaqət hissini oyatmaq vacibdir – Mahir müəllim bizə bunu öyrədib. O, sağlam ailə münasibətlərini cəmiyyətin inkişafı üçün mühüm amil kimi dəyərləndirərək, öz nüfuzu və ağsaqqal sözü ilə neçə-neçə ailənin dağılmasının qarşısını alıb. Mən bunun da şahidi olmuşam.

Hər bir sahədə peşəkar, etibarlı, tabelyindəki əməkdaşların inam və güvənc yeri ola bilən rəhbərlə işləmək insana mənəvi rahatlıq, yorulmazlıq, işgüzarlıq hissi bəxş edir. Məhz bu xüsisyyətləri ilə Mahir müəllim rəhbərlik etdiyi kollektivdə sağlam münasibətlər, qarşılıqlı hörmət və ehtiram mühiti yaradıb.

Möhtərəm Prezident cənab İlham Əliyevin təqdimatı əsasında, 16 oktyabr 2012-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi ilə Mahir Muradovun peşəkar karyerasında yeni və daha şərəfli bir mərhələ başlanıb. Artıq on ilə yaxındır ki, təcrübəli hüquqşünas ölkəmizin ali konstitusiya nəzarəti orqanında fəaliyyət göstərir, ölkəmizdə qanunlara hörmət və ehtiramının, ədalət, azadlıq və humanizm kimi prinsiplərin möhkəmləndirilməsində iştirak edir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və 1998-ci il iyulun 14-də fəaliyyətə başlamış Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ölkəmizin Əsas Qanununda təsbit olunmuş ali məqsədlərin gerçəkləşməsinə, cəmiyyətimizdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına mühüm töhfələr verir. Bu orqan hüquq elminin nəzəriyyə və təcrübəsinə, milli və müstəqil dövlətçilik irsimizə dərindən bələd olan hüquqşünaslardan ibarətdir. Dövlətimizin başçısının Mahir müəllimə göstərdiyi etimad onun da bu sahədəki bilk və təcrübəsinə verilən dəyərin ifadəsidir. Bu yüksək qiymətin daha bir parlaq təzahürü altmış illik yubileyi ərəfəsində, 2016-cı il iyulun 20-də möhtərəm Prezidentin Sərəncamı ilə, respublikamızın prokurorluq və məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə ona “Əməkdar hüquqşünas” fəxri adının verilməsi olub. Bundan başqa, müstəqil dövlətçilik ənənələrimizin qorunmasında və inkişaf etdirilməsindəki xidmətlərinə görə, Mahir müəllim “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 - 2018)” yubiley medalı ilə təltif edilib.

Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik ideyalarına, möhtərəm Prezident İlham Əliyevin bu ideyalara əsaslanan siyasətinə sədaqətlə xidmət etmək Mahir müəllimin həyat və fəaliyyətinin başlıca qayəsidir. O, hər zaman bir vətəndaş kimi cəmiyyət qarşısında, bir peşəkar hüquqşünas kimi dövlət qarşısında üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, ölkəmizin konstitusiya əsaslarının möhkəmləndirilməsi üçün məsuliyyət və əzmkarlıqla çalışır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindəki səmərəli fəaliyyəti ilə Mahir müəllim bu ali ədalət mühakiməsi orqanının apardığı olduqca mühüm və faydalı hüquqi tənzimləmə işində, hüquqi dövlətin ayrılmaz atributu olan insan hüquq və azadlıqlarının qorunmasında fəal iştirak edir.

Yaxşı bilirəm ki, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi və diplomatik fəaliyyəti, sərkərdəlik istedadı, rəşadətli ordumuzun hünəri, şücaəti sayəsində, qəhrəman şəhidlərimizin qanı bahasına, xalqımızın birliyi hesabına 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində qazanılan tarixi Qələbə, Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi Mahir müəllimi necə hədsiz dərəcədə, ürəkdən qürurlandırır, fərəhləndirir. Axı ərazi bütövlüyü məsələsi ölkəmizin Əsas Qanunda təsbit edilmiş ən mühüm müddəalardan biridir və möhtəşəm Zəfər Konstitusiyamızın tələbinin tam yerinə yetirilməsinı, eyni zamanda, doğma yurdundan didərgin düşmüş, otuz ilə yaxın məcburi köçkünlüyün əzab-əziyyətini yaşayan vətəndaşlarımızın konstitusiya hüquqlarının bərpasını təmin edir.

Mahir müəllim o şəxsiyyətlərdəndir ki, öz əməli, həyat prinsipləri ilə işinə, peşəsinə, vəzifəsinə hörmət və nüfuz qazandırmaqla, xüsusən, gənc həmkarlarına böyük bir stimul verir. Özümü çox şanslı adam hesab edirəm ki, uca Tanrı mənə həyat yolumda peşəkarlığı və xeyirxahlığı ilə nümunə olan belə bir insanla birgə işləmək, ondan öyrənmək və təcrübəsini əxz etmək fürsəti verib.

# 5146 dəfə oxunub

Oxşar xəbərlər

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
# # #