Ömrümün bir ilini Bakı-Ağdam qatarında keçirmişəm... - Gecikmiş reportaj

Ömrümün bir ilini Bakı-Ağdam qatarında keçirmişəm... - Gecikmiş reportaj
18 dekabr 2023
# 10:21

Kulis.az Ülvi Bahadırın Elçin Mirzəbəylinin "Anamın duası" kitabının imza günündən reportajını təqdim edir.

- Bu hava da bir yandan...

Maşından düşən kimi eşitdiyim ilk cümlə...

Bu gün nəsə çox poetik başladı.

Cümlənin müəllifi - ortayaşlı, saçlarının qabaq hissəsi tökülmüş, qarnı azca qabağa çıxmış dayı siqaretin kötüyünü ayağının altında şairənə əzib yanımdan şəstlə keçdi.

Asta addımla yuxarı çıxdım.

Tədbir bir az var başlayıb. Yer tapıb əyləşirəm.

Rəşad Məcid sözə Elçin Mirzəbəylinin məşhur şeirlərindən biri ilə başlayır:

Sən böyük Qələbəyə bir nəfəs qədər yaxın,
Uçuq minarələrdən qopan səs qədər yaxın...
Müqəddəs kədər bitir, müqəddəs zəfər yaxın!
Sonu çatıb zülmətin – işıqlı səhər yaxın...
Əl çatmayan arzular, uzaq üfiqlər yaxın,
Atdığın hər addımda qürurumuz yüksəlir,
Azərbaycan əsgəri!

Daha sonra o, müəlliflə bağlı xatirələrini bölüşür:

“Mən istədim bu şeirlə başlayım. Bu şeir Şuşanın azad olunmasının – zəfərimizin ilk xəbərçisi oldu. Elçin mənə çox şeir həsr eləyib, ancaq bu şeirin məndəki yeri bir başqadır”.

Ətrafa göz gəzdirirəm. Xeyli xanım oxucu var. Aralarında Aybəniz Haşımova, Xanım İsmayılqızı kimi sənətçilər də var.

Rəşad müəllim də sanki düşüncəmi oxuyur:

“Sizə deyim ki, burda belə qələbəlik həmişə olmur. Xüsusilə də xanımlar üstünlük təşkil elədiyi tədbirlər çox az olur”.

O, müəllifin əsərlərinin oxuculara təsirindən də danışır:

“2011-ci ildə Gəncədə mətbuatla bağlı tədbir keçirilirdi. Elə oldu ki, həmkarlarımız avtobusla getdilər, mən qatarla. Mən ömrümün, bəlkə, bir ilini Bakı-Ağdam qatarında keçirmişəm. Beşinci gün Bakıdan qatarla gedirdim Ağdama, bazar günü axşam qayıdırdım. Həmin hissiyyat gəldi mənə, elə bildim Ağdama gedirəm. Qatardan düşəndə Elçini gördüm, dedim ki, elə bildim bu qatarla Ağdama gəlmişəm. Dedim, mən bu qaçaqaçda yaza bilmirəm, sənə ötürürəm, sən yaz. O da “Kabus qatar” adlı gözəl bir şeir yazdı. Çox məşhur şeirdi. Zəfərimizə qədər o şeiri nisgillə dinləyirdik. Ancaq Elçin 2021-ci ildə o şeirin ardını yazdı”.

Elə təzəcə telefonuma gələn müsaja baxmaq istəyirdim ki, Kəmalə Abıyevanın səsi asıldı qulaqlarımdan:

“Kirpiyinin ucundan

yıxılanda

Tut məni…

Bir damla göz yaşıyam

Ovcunda ovut məni.

Baxışlarım soyuq, lal,

Ömrüm – cavabsız sual…

Yatağım buz tutub,

Al…

Qəlbində uyut məni.

…İllərim əsir düşüb

Bu sevda qəfəsində…

Bir ömür cəzalıyam

Ayrılıq məhbəsində…

Şeirlər müxtəlifdir. Bir var, oxuyursan, deyirsən ki, bu nə yazıb? Niyə yazıb bu şeiri? Bir də var, oxuyursan, deyirsən ki, necə ürəkdən, ruhdan yazıb. Elçin Mirzəbəyli mənim üçün elə imzalardandır”.

Daha sonar söz aktrisa, qiraətçi Zülfiyyə Eldarqızına verilib:

Elə darıxasan

Sözün dilindən
Asıla...
Dilinin ucu göynəyə.
Gözünə çəkəsən bütün yolları,
Çəkəsən...
Gözünün içi göynəyə.
Elə darıxasan...
Bir udum suya
Təşnətək
bir sözə təşnə olasan.
Yollar ayrıcında daşa dönəsən -
Heç kimin olmayan
Heç nə olasan...
Dönüb künc olasan, bucaq olasan
İllərlə üstünə ayaq dəyməyə...
Min yerdən çat verən dodaq olasan -
Bir əl toxunmaya, dodaq dəyməyə.
Elə darıxasan...
Nəfəsin çıxa
Yarı tüstü kimi, yarı od kimi.
Şərqi oxuyasan Ay işığına
Yarı adam kimi, yarı qurd kimi...
Elə darıxasan...
Tanrı özü də
Baxıb təkliyindən üşüyə sənin.
Tutub əllərindən çəkib apara,
Apara bir isti köşəyə səni...

Şeirn təsirindən məni qarşıdakı fotoaparatın işığı çıxardı. Ümid eləyirəm ki, şəkildə yaxşı düşdüm. Tez üst-başıma əl gəzdirib yan-yörəmə baxıram.

Adamlar əllərində kitab yavaş-yavaş çıxırlar. Sonra başqaları gəlir. Belə təqdimat hələm-hələm olmur.

Arabir paltomu qoyduğum stula baxıram. Qışın günündə itirərəm biyabırçılıq olar. Maaşa da hələ neçə gün var ee…

Həmişə efirdən rəsmi danışıqlarını eşitdiyim adamın şeirlərini eşitdikcə qəribə hisslər keçirirəm. Düzdü, onun şeirlərini çox oxumuşam, eşitmişəm, ancaq bu dəfə daha yaxından, beşaddımlıqdan eşitməyin effekti başqa olur.

Söz qiraətçi Müşfiqə Baləddinqızına verilir:

Bitdisə…

Bir andı…

Nə fərqi var ki…

Ya payız bitəcək, ya qış bitəcək.

Mənim bulud-bulud dualarımdan

Enində-sonunda yağış bitəcək.

Bu mənəm…

İllərin dolanbacında –

Nə dərddən doyuram, nə əlacından.

Kölgəm çəkilərsə yol ayrıcından,

Ya göz yorulacaq, ya yaş bitəcək.

Sıyrılıb çıxacaq ömrün son fəsli,

Bu qara sevdadan qaranəfəsli.

Qorxma,

Təslim oldum özümə, təslim,

Qorxma,

Gözlərimdə

Savaş bitəcək.

İçimə toxum tək ələsin külək…

Bir ovuc göz yaşı…

Bir ovuc çiçək…

Dəli ürəyimə nə əkirsən, ək…

Ya sevda bitəcək, ya daş bitəcək.

Bu şeiri əvvəllər də çox eşitmişəm. Ancaq ilk dəfə başqa bir səsdə, nəfəsdə eşidəndə qəribə oldum. Hiss elədim ki, başqalarına da çox təsir elədi bu misralar.

Elə bu duyğular içində bir də gördüm ki, qapının arasında bir buket boylandı. Nəhayət, qapıdan keçirib stulardan birinin üstünə qoydular.

Xanım İsmayılqızının narın səsi buketi unutdurur:

“Hələ ilk dəfə mahnılar yazdığım dövrlərdən insanlar o mahnılara fanatlıq eləyirdilər, ancaq mən bu insanın fanatı idim. Onun bir misrası məni həmişə incidir. Deyir ki, sən mənim arzularımda yaşayan, dünyaya gətirə bilmədiyim oğlumsan”.

Bu dəmdə Rəşad müəllim tədbirin üzərindən qara buludları götürməyə çalışır:

“Kitabın redaktoru da Elçinin həyat yoldaşıdır. Təsəvvür eləyin ki, şeir kitabı hazırlayasan, redaktoru da xanımın ola…”.

Sonda isə söz müəllifə verilir. O poeziyanın işığına yığışan hər kəsə təşəkkür eləyəndən sonra çox təsirli bir anı bölüşür:

“Kitabımın adı “Anamın duası”dır. Bu gün həm də anamın ad günüdür. Tamamilə təsadüfən alındı bu gün. Hamıya çox təşəkkür eləyirəm”.

İnsanlar yavaş-yavaş dağılışmağa başlayır. Mən də təlaşla paltomu axtarıram. Hər stula böyük ümidlə yaxınlaşıram. Tapmadıqca daha da narahat oluram. Aha… Burdadı. Bir təhər əynə keçirib bayıra çıxıram.

Hamı yenə narazıdır.

Yollar tıxac… Adamlar, maşınlar çox… Ağaclar az…

Bu hava da bir yandan…

# 2828 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #