Oğlanın darıxmağı mənə də keçdi – Sevinc Elsevərdən yeni şeirlər

Sevinc Elsevər, şair

Sevinc Elsevər, şair

19 iyul 2022
# 11:20

Kulis.az Sevinc Elsevərin yeni şeirlərini təqdim edir.


Görüş

Yaz gəldi
köhnə sevgililər
quşla budaq
çiçəklə arı
görüşdü bağda
ayrılığın hesabını sormadan bir-birinə...

Şəfəq və qürub

Günəş ya doğurdu,
ya batırdı dənizin üzərində
divardakı rəsmdə
nə vaxt ki, əhvalı şəndi
doğurdu günəş qıpqırmızı üfüqdə.
Qəmə batdısa
batırdı günəş
axşam düşürdü
evində.

***

Borclarımın siyahısını yazdığım dəftərin
səhifələrində
şeirlərimin qaralamaları...
Şeir yazmaq da borcumdur mənim.

***

"Allah xatirinə verirsən", - deyə
minnət qoyur
ovcuna pul basdığım dilənçi
qırılan qürurunu
xilas eləməyə çalışır beləcə...
Rüşvət vermiş,
nəyisə satın almış kimi hiss edirəm
sözlərinin qarşılığında
əl tuturmuş kimi yox...

***

Çobanaldadan yağış
qızı da aldatdı
qaçıb mindi avtobusa
bir az da tez ayrıldı sevgilisindən.

Dalınca baxdıq dayanacaqda
cavan oğlanla mən
qız getdi
darıxdırıcı oldu dayanacaq.
Oğlanın darıxmağı mənə də keçdi
indi
mən durduğum yerdən baxanda
gənclik nə gözəldi!

Kiçiklik

Nəhəng və qədim
çinar ağacıyla durmuşam yanaşı
çox balacayam, xırdayam yanında.
Onun əlçatmazlığı
mənim kiçikliyim incitmir əsla.
Əksinə, sevgi duyuram
sırmaşıram ağaca
necə ki, anasının ətəyinin dibində
arxayın dayanır bir uşaq.
Necə ki, anasının qıçlarına sarılır
boylanır altdan yuxarı sonsuz bir sevgiylə...

Azər Nəsiboğlu

Mart ayıdır,
soyuqdur
söykənmişəm heykəlinin daşına
İncəsənət Gimnaziyasının önündə
gözləyirəm.
Yorğun və səbirsizəm...
qorunuram həm soyuq,
həm şıltaq küləkdən
qəfil içimi isidir kövrək bir duyğu

canlı divar olmuşdun
milyonların qabağında illər öncə
beləcə,
Azər Nəsiboğlu!

O Gülbahar

Dəbdir
klassiklərin şəkillərini vururlar
dəftərlərin üzünə
ya diqqət çəkməyə,
ya ehtiram xətrinə.

Cavid Əfəndinin şəkli olan dəftəri
bilmir əlindən hara qoysun
gənc tələbə qız.
Ən pak yeri axtarır nəzərləriylə
Masasında.

Şəkli qorumaq üçün
şəffaf üz çəkir dəftərə.
Mürəkkəb ləkəli,
mürəkkəb qoxulu gül əlləriylə
sığal çəkir şəklin üzünə sonra
salavat çəkən kimi öz üzünə
təzə ayın qənşərində.

Ürəyində pıçıldayır tez-tez:
"Cavid Əfəndinin ruhu köməyim olsun!".
Sonra... sonra
hər dəfə daha ürəklə girişir
yazıb-oxumaq işlərinə
o Gülbahar.

"Ədəbiyyat" qəzeti

# 2538 dəfə oxunub

Oxşar xəbərlər

Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi -  Qaliblər məlum oldu - Yenilənib

Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi - Qaliblər məlum oldu - Yenilənib

18:00 25 avqust 2025
Akademik Zemfira Səfərovanın təqdimatında:  "Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli"

Akademik Zemfira Səfərovanın təqdimatında: "Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli"

16:20 25 avqust 2025
Keçmiş gəmi kapitanı:  "İran şahının oğluna dedim ki, gəmi özün kimi qocadır" - Müsahibə

Keçmiş gəmi kapitanı: "İran şahının oğluna dedim ki, gəmi özün kimi qocadır" - Müsahibə

15:15 25 avqust 2025
Rəsul Rzanın əsərindəki qəhrəmanın adını daşıyan görkəmli  aktrisa - O, kimin arzusu ilə səhnəyə çıxmışdı?

Rəsul Rzanın əsərindəki qəhrəmanın adını daşıyan görkəmli aktrisa - O, kimin arzusu ilə səhnəyə çıxmışdı?

15:00 25 avqust 2025
90-cı illərin  məfkurə məsələsinə konseptual yanaşan alim  - Yaşar Qarayevin "Yaddaş konsepsiyası" özündə nəyi ehtiva edirdi?

90-cı illərin məfkurə məsələsinə konseptual yanaşan alim - Yaşar Qarayevin "Yaddaş konsepsiyası" özündə nəyi ehtiva edirdi?

14:55 25 avqust 2025
Su gətirin Arazımı söndürməyə... - Davud Nəsib

Su gətirin Arazımı söndürməyə... - Davud Nəsib

14:20 25 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər