Nəsiminin ölümü İslamın bəlasıdır - Rəvan Cavid

Nəsiminin ölümü İslamın bəlasıdır - Rəvan Cavid
10 oktyabr 2023
# 10:15

Kulis.az Rəvan Cavidin "Nəimidən Nəsimiyə: iki edam haqqında versiyalar" adlı yeni yazısını təqdim edir.

Azərbaycanda üç böyük imperatorluğu qorxuya salan, orta əsr İslam düşüncəsini kökündən dəyişən, mədəniyyətlərə ciddi şəkildə təsir edən, bir çox azərbaycanlı şairin, fikir adamının müridliyini etdiyi hürufilik haqqında kütləvi fikir əsasən "Nəsimi" filmindən sonra formalaşdı. Həsən Seyidbəylinin kult filmi olan "Nəsimi"nin ssenari müəllifi məşhur yazıçımız İsa Muğannadır. Azərbaycan ədəbiyyatında İsa Muğanna imzası nə qədər "İdeal" romanı ilə anılsa da, mənə elə gəlir ki, yazarın "iriçaplı" mətni məhz Nəsimi və hürufilik mövzusunda yazdığı "Məhşər"dir. "Məhşər" bütün spesifik xüsusiyyətləri ilə ədəbiyyatımızın ən ağır, ən sanballı romanlarından biridir. İsa Muğanna elə ilk cümlədə oxucunu sehirləyir və onu bədii rəngləri bol olan bir tarixi salnamənin içinə atır.

Azərbaycan oxucusu da, izləyicisi də Nəsimini, hürufiliyi geniş mənada bu filmdən sonra tanımağa başladı. Filmin edam səhnələri isə özündən daha məşhurdur. İstər Nəsiminin, istərsə də Nəiminin amansız edam səhnələri bu gün də müzakirə olunur. Filmdə Nəimi əllərindən və ayaqlarından dörd ata bağlanıb parçalanaraq edam edilir. Nəsimi isə dərisi soyularaq. Bəs bu edam səhnələri nə qədər həqiqəti əks etdirir?

Nəsiminin həyatı, yaradıcılığı haqqında Azərbaycanda müəyyən qədər araşdırmalar olsa da, əsərləri müəyyən qədər tərcümə edilsə də, ustadı Fəzlullah haqqında, demək olar ki, sağlam bir mənbə tapmaq çətindir. Halbuki Nəsimi divanını təfsir etmək üçün mütləq mənada Nəiminin "Cavidannamə"sinə və onun xəlifəsi olan Seyid İshaqın divanına nəzər yetirmək vacibdir. Əks halda, Nəsimi haqqında konkret fikir irəli sürmək müşkül görünür. Vaxtilə Ərəbistandan Mərkəzi Asiya ölkələrinə, Xəzər sahillərindən Anadoluya qədər geniş ərazini gəzib öz ideologiyasını təbliğ edən Fəzlullah Nəimi kimdir? Və Nəsimi ilə aralarındakı münasibət hansı səviyyədə idi?

Fəzlullah Nəiminin hansı şəhərdə doğulması ilə bağlı ondan çox fərqli mənbə və ad qabağımıza çıxır. Onlardan bəzilərini qeyd edim. Hürufilik haqqında ən qədim və ən köklü mənbə hesab olunan Sahavinin "Məkrizi ed-Dürerül ukudil-fəridə" əsərindəki qeydlərində Nəiminin Astarabad, indiki Gürgan şəhərində 1340-cı ildə doğulduğu yazılır. Gürgan şəhəri Ağa Məhəmməd şah Qacarın özünü hökmdar elan etdiyi şəhər kimi də yadda qalıb. Sahavi eyni əsərində Nəiminin adını həm də Təbrizi nisbəsi ilə qeyd edir. İbn Askalaninin də qeydlərində Nəimi Təbrizi nisbəsi ilə xatırlanır. Katib Çələbi, Bağdadlı İsmail paşa isə Fəzlullahın əsl adının Əbdürrəhman olduğunu və Astarabadda doğulduğunu yazırlar. Rzaqulu Hidayət, Məhəmməd Əli Müdərris, Məhəmməd Əli Tərbiyət kimi müəlliflərin fikrincə isə, Fəzlullah Məşhəddə doğulub və ilk irfan təhsilini də orada alıb. Lakin bütün bu mənbələrdən daha etibarlısına, hürufilərin öz qeydlərinə baxmaq məqsədəuyğun olar. Gölpınarlının tərcümə və təhlil etdiyi "Nevmnamə" əsərində Nəimi öz nisbəsini Astarabadi kimi qeyd edir. Ona ən yaxın müridlərindən biri olan Əli ül-Əla da Fəzlullahın Gürganda doğulduğunu yazır. Yuxarıda qeyd etdiyim fərqli şəhərlərin adı isə onun gəzdiyi və həyatında xüsusi yer tutan şəhərlərdir. Görünür, yuxarıdakı müəlliflər onu hansı şəhərdə görüblərsə, öz qeydlərində də həmin nisbə ilə xitab ediblər.

Tələbəsi Seyid İshaq yazır ki, Nəimi 1355-ci ildə bir yuxu görür və iddia edir ki, Məhəmməd peyğəmbər onunla görüşüb, ona yuxu yozmaq üçün icazə verib. Nəimi bu əsasla getdiyi yerlərdə həm yuxu yozub, həm də münəccimlik edib. Başqa bir tələbəsi Mir Şərif isə onun İmam Cəfər nəslindən olduğuna nişan verir və əsl Seyid olduğu üçün yuxu yozmağında heç bir təqsir görmür.

Fəzlullah 1359-cu ildə ətrafındakı yoldaşlarına İmam Rzanı gördüyünü və şiəliyə marağının artdığını deyir. Bu iddialar yavaş-yavaş din alimlərinin diqqətini çəkir. Nəimi ilk düşmənlərini də bu üç iddiadan sonra qazanır.

Nəiminin növbəti səfəri Xarəzmə olur. Bu şəhərdə o, təsəvvüfə qovuşur. Bir müddət inzivaya çəkilən Fəzlullahın hürufiliyi bu şəhərdə tanıdığı deyilir. Hürufi qeydlərində rast gəlməsək də, dövrün bəzi tarixçiləri Nəiminin bu sirli dinin kodlarını sufi Şeyx Həsəndən öyrəndiyini yazırlar. Gölpınarlı bu qeydin üstündə çox da durmur. Çünki həmin dövrdə sufi şeyxlərin batiniliklə məşğul olduqları bilinsə də, Nəimi kimi asi dini davranış göstərmədikləri də məlumdur. Yəni o dövrdə heç bir sufi "mən Allaham" deyəcək qədər radikal və "özünü itirmiş" deyildi.

Hürufiliyin əsas təməli isə 1373-cü ildə Təbrizdə gördüyü bir yuxudan sonra başlayır. Bu yuxu haqqında həm "Cavidannamə"də, həm də Seyid İshaqın divanında bəhs olunur. Fəzlullah yuxuda Adəm, İsa və Məhəmməd peyğəmbəri gördüyünü deyir. Həzrəti Adəmin ona "sən həm Məsihsən, həm də Mehdi" deməsindən sonra Nəimi özünün bir gecədəcə İslamın nübüvvət (peyğəmbərlik) və imamət (imamlıq) dərəcəsini aşdığını və ən ali dərəcə olan uluhiyyətə (Allah dərgahında Onunla eyni statusa) vardığını iddia edir. Bu iddiadan sonra, necə deyərlər, aləm qarışır bir-birinə. Artıq Nəimi təqib olunmağa başlayır.

1376-cı ildə ikinci dəfə inzivaya çəkilir. Və "Cavidannamə"ni tamamlayır. Müridlərinin inadı ilə inzivadan çıxıb hürufilərin ilk böyük irfan məclisini qurur. Bu məclisə Əmir Teymuru da dəvət edir. Teymurilər sultana ünvanlanan bu "həyasız" çağırışdan diksinirlər. Nəiminin edam qərarı verilir. Bu dövrdən sonra Fəzlullahın qaçaq həyatı başlayır. Getdiyi hər yerdə minlərlə mürid toplayan, söhbətləri ilə insanları sehrə salan Nəimi bəzi şəhərlərin əmirlərini də hürufiliyə gətirə bilir. Beləliklə, hürufilik artıq fərqli bir din kimi qəbul edilir. Nəimi hürufilərin peyğəmbəri, öz təbirincə desək, allahı olur. Və bütün hürufi şairlər "Cavidannamə"ni təfsir etməklə məşğul idilər. Azərbaycanlı şair Nəsimi ilə də tanışlığı Nəiminin qaçaq dövrünə təsadüf edir. Ölümündən bir neçə il qabaq qızını Nəsimi ilə evləndirir və onu Anadoluya göndərir. Nəsimi hürufilər üçün xəlifə statusunu daşımasa da, onun seyidliyi və aliliyi birmənalı şəkildə qəbul edilirdi. Nəsiminin olduğu yerdə hürufi şeyxlər və xəlifələr onu dinləyirdilər. Əgər İslam dinindəki kimi müqayisə aparsaq, Nəiminin ölümündən sonra Əli ül-Əla və Seyid İshaq peyğəmbərimizin ölümündən sonra Həzrəti Ömərin, İmadəddin Nəsimi isə Həzrəti Əlinin statusunu daşıyırdı.

Bəzi hesablara görə 1401, bəzilərinə görə də 1402-ci ildə Nəimi Əlincə qalasında teymurilərin əsgərləri tərəfindən həbs edilir və edamı üçün xəbər gözləyirlər. Nəiminin edamı isə mənbələrdə "Nəsimi" filmindəki kimi təsvir olunmur. Hürufi qaynaqlarında bu edamın sadəcə boynu vurularaq icra olunduğu yazılır. Nəiminin boynu vurulur və kəlləsi hürufilərin ən çox məskunlaşdıqları yerlərə aparılıb görk olsun deyə meydanlarda gəzdirilir. Müridləri onun başsız bədənini Əlincədə dəfn edirlər və o tarixdən sonra Əlincəyə, Nəiminin qəbrinə "Məkkə" deyə xitab edirlər. Hürufilərin müqəddəs məkanı Əlincə sayılır. Nəiminin ölümündən 16-17-ci əsrə qədər hürufilərin təqibi davam edir və minlərlə hürufi edam olunur. Teymurləng Nəsimi ilə görüşmək istəsə də, filmdəki epizoddan fərqli olaraq, bu görüş Nəsimi tərəfindən rədd edilir. Nəsimi Ankarada Hacı Bayram Əfəndi ilə görüşə gedir, lakin hürufi fikirlərindən dolayı bu dəfə də ona rədd cavabı verilir. Həm türkcə, həm də farsca divanını tamamlayan Nəsimi Hələb şəhərində elə "Nəsimi" filmində göstərildiyi kimi edam etdirilir. Dərisi soyulur, daha sonra başı kəsilir. Bəziləri bu edam motivini inkar etsələr də, hürufiliyin Nəimi və Nəsimiyə ən yaxın müridi, Nəimidən sonra xəlifə rütbəsi alan Seyid İshaqın qeydlərində edam məhz bu cür təsvir edilir. Abdülbaki Gölpınarlının da araşdırmaları və tərcümələri Nəsiminin edamının bu ssenaridə baş verdiyini göstərir.

Nəsimi bektaşilərə, mövləvilərə, sufilərə və ən çox da ələvilərə ciddi təsir etmiş şairdir. Ələvi inancına görə, Nəsimi dörd böyük Allah dostundan biridir. Hətta ələvi inancının Nəsimi yoluna ithaf edilmiş bir çox qolları da var. Bektaşilər isə onu Anadolunun Mənsur Həllacı adlandırır və edamını İslamın ən bəlalı günlərindən biri kimi qiymətləndirirlər.

# 2141 dəfə oxunub

Oxşar xəbərlər

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:05 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

14:38 25 noyabr 2024
#
#
# # #