Nənəsinin əlindən qaçan qadın, hamının tərk etdiyi məhkum, həbsxanadakı gözəllik salonu – Reportaj 

Nənəsinin əlindən qaçan qadın, hamının tərk etdiyi məhkum, həbsxanadakı gözəllik salonu – Reportaj 
1 iyun 2022
# 09:00

Kulis.az Samirə Əşrəfin Qadın həbsxanasından hazırladığı reportajın sonuncu hissəsini təqdim edir.

Əvvəli burda.

– Atamın xəbərini eşidəndən sonra otağıma getdim, dedim, mən tək qalmaq istəyirəm. Bir neçə saat tək qaldım. Sonra qızlar gətirib orda məni yedizdirdilər. Amma mən hələ də atamın ölümünə inanmıram. Ölümünü, dəfnini görməmişəm axı...

– Ananı necə görə bilirsən?

– Bəli, hər on beş gündən bir görüş verilir. Anam bura gəlir.

– Burda boş vaxtlarında nə edirsən?

– Daha çox kitab oxuyuram.

– Hansı kitabları oxumusan?

– Daha çox dünya ədəbiyyatından oxuyuram. İndi bir romana başlamışam, yarımçıqdı. Otağımdadı elə. Nizaminin poemalarını, Nazim Hikmətin şeirlərini oxuyuram.

– Azadlıq sənin üçün nəyi ifadə edir?

– Ruhun həbs olunmasını... Amma xəyalları həbs etmək olmur. Xəyallar ruhumuzdan fərqli olaraq hər yerə gedə bilir. Həbsxana mənim xarakterimi dəyişmədi, çox şükür. Hələ dörd ilim qalıb. Burdan çıxandan sonra anamın yanına getmək, iş tapıb işləmək istəyirəm.

Baxışları uzaqlara dikilir müsahibimin. Hiss edirəm ki, o, qarşısındakı dörd ilin nə zaman gəlib keçəcəyini, bu illər ərzində nələrin baş verəcəyinin xiffətini, intizarını çəkir. Söhbətimiz bitəndən sonra X. bizdən ayrılır, həyətə düşüb dalğın-dalğın gəzməyə başlayır. Onun yerini isə narkotik istifadəsi üstündə həbs olunmuş Ləman (ad şərtidir – Red.) xanım əyləşir.

Üzü, əlləri gündən qaralan bəstəbəy qadın otuz beş yaşı olduğunu desə də, xeyli yaşlı görünür. Ailədə dörd övlad olduqlarını deyən Ləman anasını çox erkən itirdiyini deyir. Elə başına nə gəlirsə də, anasının ölümündən sonra gəldiyini vurğulayır:

– Mənim beş yaşım olanda anam rəhmətə gedib. Ondan sonra bizi nənəm saxladı. Ailədə iki bacı, iki qardaş idik. Mən evin sonbeşiyi idim. Anamdan sonra atam evlənmədi. Bacı qardaşlarım ailə qurdular, mənim isə yaşım az idi deyə nənəmlə qalmağa davam etdim. Amma zaman keçdikcə, xalam mənim günümü qara etməyə, məni bezdirməyə başladı.

– Nə edirdi?

– Nə bilim, yola vermirdi. Nənəm də bazarda işləyirdi, axşamdan axşama gəlirdi. On səkkiz yaşıma kimi xalamın mənə qarşı olan hərəkətlərinə dözdüm. Sonra Bakıya gəldim.

– Sevdiyiniz insan olub?

– Mən bu həyatda sevgi görmədim. Amma olub.

– Neçə yaşınızda?

– Elə on səkkiz yaşında. Sonra o, başqası ilə ailə qurdu.

– O sizi sevirdi?

– Yox, mən onu sevirdim, onun bundan xəbəri yox idi.

– Sizi sevən olub?

– Olub, amma sonralar 30, 31 yaşımda... Mən ailə qura bilmədim. Elə əvvəldən mühitim yaxşı olmadı. Sonra da belə... Çətin işlərdə işlədim. Qab yuyurdum, ofisiantlıq edirdim. Kirayə pulumu ödəyirdim, bir də gündəlik dolanışığımı. Bura düşəndən sonra çox peşmanlıq, xəcalət çəkdim. İndi çox peşmanam (ağlayır). Düzdür, burda şərait yaxşıdır, təmizlikdir. Amma azadlığın yerini heç nə verə bilməz. Həyat gözəldir.

– Burda nə işlə başını qatırsan?

– İşləyirəm. Heç kimin işinə qarışmıram. Başımı salıb işimlə məşğul oluram. Burdan çıxandan sonra işləyəcəm. Bura mənim üçün imtahan oldu. Həyata qarşı gözüm açıldı. Orta məktəb oxumamışdım, amma bura mənə dərs oldu. Ona görə də çıxandan sonra özüm haqqında düşünəcəm, həyatımı qurmağa çalışacam.

– Gələcəkdə ailə qursan, ailəndən, dünyaya gələn övladlarından məhkumluğunu gizlətmək fikrin var?

– Yox, qətiyyən.

– Ən böyük arzun nədir?

– Birinci, azadlığıma qovuşmaq. İkincisi, ailə qurmaq.

– Övladın olmasını istəyirsən?

– Bəli (kövrəlir). Ən çox da qızımın olmasını istəyirəm. Bura düşməyimə çox peşmanam, çox... Mənə ən çox təsir edən mən bura düşəndən sonra heç kimin məni axtarmamasıdır. Heç kim mənim ardımca gəlmədi. Nə qohumlarım, nə dostlarım. Heç kim məni axtarmadı...

Ləmanla sağollaşandan sonra məhbus xanımların boş vaxtlarını keçirdikləri məkanlara baxırıq. Burada ibadətxana, kitabxana, idman zalı, hətta gözəllik salonu da var. Kitabxananın qarşısından keçəndə ayaq saxlayıram. Orada hansı kitabların olması və oxunması ədəbiyyat adamı kimi marağıma səbəb olur. Geniş oxu zalına giririk. Boşluqdur. Daha sonra kitabların saxlanıldığı qaranlıq bir otağa boylanıram. İki xanım kitabxanaçı bizə kitabxana haqqında məlumat verir. Yeni çap olunmuş kitablara baxıram. Burada dünya ədəbiyyatından və yerli ədəbiyyatdan ibarət kitablar var. Cənubi Afrika yazıçısı, Nobel mükafatı laureatı Nadin Qordimerin kitabını vərəqləyirəm. Abunə vərəqi boşdur, hələ heç bir oxucu kodu qeyd olunmayıb. Nazim Hikmətin yeni çapdan çıxmış kitabı gözümə sataşır. Şairin 1938-ci ildə Ankarada həbsxanada saxlanılarkən yazdığı “Bu gün pazar” şeirini xatırlayıram...


“Bugün pazar.

Bugün beni ilk defa güneşe çıkardılar.

Ve ben ömrümde ilk defa gökyüzünün

bu kadar benden uzak

bu kadar mavi

bu kadar geniş olduğuna şaşarak

kımıldamadan durdum.

Sonra saygıyla toprağa oturdum,

dayadım sırtımı duvara.

Bu anda ne düşmek dalgalara,

bu anda ne kavga, ne hürriyet, ne karım.

Toprak, güneş ve ben...

Bahtiyarım...”

Bayaqkı müsahibimiz X. Nizami Gəncəvinin əsərlərini çox sevdiyini deyir. O, kitablardan birini seçib oxu zalına keçir. Kitabxanaçı xanım isə bizə oxucuların daha çox yaş həddi üzrə kitab seçdiklərini deyir:

– Ancaq daha çox detektiv əsərlər oxunur. Mən özüm istiqamətləndirəndə isə Tolstoyun “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” əsərlərini məsləhət görürəm. Amma gənc nəsil daha çox Elxan Elatlının, Çingiz Abdullayevin əsərlər oxuyurlar. Müasir yazıçılardan Şərif Ağayarın üç romanı bizim kitabxanada var. “Komandir” və “Haramı” indi oxuculardadır.

– Elxan Elatlının kitablarına tələbat çox olar?

– Çoxdur, lap çox. Biz çox istəyərik ki, Elxan Elatlı, Varis, Müşviq Xan, Cümşüd İsgəndər, Səbuhi Qasımov, Çingiz Abdullayev ilə burada bir görüş keçirilsin. Xüsusən Elxan Elatlı ilə. Çünki beş oxucudan üçü mütləq onun kitablarını istəyir.

– Qadın müəlliflərdən kim oxunur?

– Rəhillə Veysəlli var. Onun kitabı demək olar ki, əl-əl gəzir. Çox tanınmış deyil, amma oxunur.

Kitabxanadan çıxandan sonra qarşıdakı gözəllik salonuna baş çəkmək istəyirəm. Nahar vaxtı olduğundan salon bağlı olur. Amma az keçmir ki, salonda işləyən usta gəlir. Geniş, səliqəli, lazımi əşyaların minimum olduğu otağa giririk. Diqqətimi pəncərə kənarına düzülən rəngbərəng güllər cəlb edir. İlkin güllərin fonunda bir neçə foto çəkir. Usta salona yüngülvarı əl gəzdirir. Bildirir ki, salonda ondan başqa qızlar da işləyir:

– Burada xanımlar ən çox saç kəsimindən, “ukladka”dan istifadə edirlər.

– Dırnaq manikürü edirsiniz?

– Yox. Məhkumda uzun dırnaq olmur. Qadağandır.

– Ən çox hansı saç rənglərinə üstünlük verirsiniz?

– Hər rəngə. Kimin ürəyi hansı rəngi istəyirsə, rənglədir. Sağ olsunlar, icazə də verirlər.

– Dəblə ayaqlaşırlar?

– Əlbəttə. Dəb ən birinci elə bizə gəlib çıxır (gülümsəyir).

– Makiyaj necə siz edirsiniz?

– Makiyajı daha çox fərdi özləri edirlər. Çünki bir dodaq boyasını, karandaşı hamı üçün istifadə edə bilmərik. Belə şeylər gözlənilir. Belə əşyalar şəxsi hesab olunur. Bəzən bu gördüyünüz dörd masanın dördü də dolu olur. Vaxt tapa bilmirik.

– Növbə üstə mübahisə olmur?

– Yox. Olmur. Ustalar özləri tənzimləyir.

Sağollaşıb salondan çıxırıq. Baraklardan birinin qarşısından keçəndə, pəncərənin açıq qapıdan pəncərənin qarşısında dayanıb həyətə baxanda, bayıra baxan qadın diqqətimizi cəlb edir. Bizi görəndə, üzrxahlıq edirəm narahat etdiyim üçün. Gülümsəyir:

– Yox, nə danışırsınız. Narahat olmadıq. Bir narahatlığımız evdəndi. Biz də istərdik sizin kimi evə gedək.

İbadət otağına keçərkən yerə döşənmiş iri xalçanın üzərində hicablı bir xanım əyləşib namaz qılır. Orucluq və məhərrəmlik aylarında ibadətxanada qadınların çox olduğunu öyrənirəm. Adi günlər də isə ancaq namaz qılan xanımlar buraya gəlirlər.

Pillələri yavaş-yavaş düşürük. İzləmə otağında qadınlar divardan asılan televizorun səsi gəlir. Qadınlar iki bir, üç bir otağa yığışıb əyləşirlər. Biz isə dəmir qapılara doğru addımlayırıq. Həbsxanadan çıxanda geri çevrilib baxıram. Biz azadlığın ortasında, içəridəkilər isə azadlığın bir addımlığına qalırlar. Hər kəsə azadlıq arzusu ilə məkandan uzaqlaşıb, maşına minirik.

Foto: İlkin Nəbiyev

# 9526 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #