Natiq Axund: "Kinoda hərdən çılğın sürprizlər lazım olur..." - Müsahibə

Natiq Axund:  "Kinoda hərdən  çılğın sürprizlər lazım olur..." - Müsahibə
23 iyul 2025
# 09:00

Kulis.az Sevinc Mürvətqızının kinorejissor, aktyor və prodüser Natiq Axundla müsahibəsini təqdim edir.

Söhbətə rəhbəri olduğunuz "Qaçan Atlar Production"ın yaranması tarixçəsindən başlayaq. Bu kino şirkətini yaradana qədər keçdiyiniz yaradıcılıq yolundan qısaca bəhs edərdiniz və prodakşn adını haradan alır?

– Hələ Lənkəran Dövlət Universitetinin tarix fakültəsində oxuduğum illərdə həmişə fikrim incəsənətdə, kinoda olub. Universitetdə bir KVN komandamız (Şən və Hazırcavablar Klubu – red.) vardı, orada komandanın kapitanı idim. Tarix maraqlıdır, amma özümü daha çox kino sahəsinə aid hiss edirdim. 1998-ci ildə elə universiteti bitirdiyim il, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq ixtisasına daxil olmuşam, rejissor Eldar Quliyevdən dərs almışam. Elə həmin vaxtdan rejissorluq sənəti üzrə fəaliyyət göstərməyə başlamışam, televiziya və serial rejissoru, layihə rəhbəri, aparıcı kimi çalışmışam.

“Qaçan Atlar”ı isə 2008-ci ildə təsis etmişəm. Ondan öncə televiziyada işləmişdim, filmlərə dəvət almışdım, amma artıq sərbəst fəaliyyət göstərmək istəyirdim. Prodakşının adı təsadüfi deyil, "Quran"ın “Qaçan Atlar” (“Əl-Adiyat”) surəsinin ilk ayəsindən götürülüb: “And olsun tövşüyə-tövşüyə qaçan atlara...” O ad mənə tükənməz gücün, qüdrətin rəmzi kimi gəlir. Şükürlər olsun, artıq 17 ildir asanlığı, çətinliyi ilə prodakşn fəaliyyətini davam etdirir, yeni filmlər və layihələr ərsəyə gətiririk.

– Türkiyədə yaşadığınız bir neçə illik müddət sizə nələri öyrətdi?

– Qardaş Türkiyədə yaşadığım dövrdə məşhur “Savaşçı” serialının beşinci mövsümündə komandir roluna çəkilmişəm. Dünyanın hansı yerinə getsəm, öz sahəmdə olmuşam. O illərdə özümün üç qısametrajlı film layihəm də oldu.

Hamımız bilirik ki, sovet dönəmində Azərbaycan filmi çox öndə idi, həmin vaxt qonşumuz Türkiyə kino sahəsində bizdən çox geridə idi. Amma sonralar, 90-cı illərdən sonra hər şey dəyişdi, onlarda kino sənayesi inkişaf etməyə başladı, bizdə isə əksinə...

Hazırda Türkiyədə kino və serial sənayesi çox yüksək səviyyədədir. Düzdür, onların özündə də bu sektorun işini bəyənənlər və bəyənməyənlər var. Məsələn, Koreya seriallarını “kopyalayıb” çəkilən işlər də çıxır ortaya, bu da var. Amma bununla bərabər, özlərinə məxsus dəyərli işləri də çoxdur – çəkildiyim “Savaşçı” serialı da bu qəbildən idi.

Həm çəkildiyim, həm də çəkilmədiyim filmlərin çəkiliş meydançalarında olurdum, Türkiyədə yaşadığım illərdə bizim kinematoqrafiya ilə onların kino sənayesini müqayisə etmək imkanım yarandı. Rejissor, aktyor və sair işi baxımından bizim kino sənayesi ilə elə də böyük, qeyri-adi fərq yoxdur.

Hələ onu xüsusilə qeyd etməliyəm ki, bir çox sahələrimizdə olduğu kimi, bizdə kinoda da fədakarlar xeyli çoxdur. Bəzən əldə edilən uğurlar da məhz o fədakarlığın nəticəsində olur. Bizdən istənilən istedadlı aktyoru götürün, aparın dünyanın istənilən film çəkiliş setinə – çox yaxşı performans göstərəcək. Rejissorlarımız da həmçinin. Bizim peşəkarlarımız bəzən aşağı standartlarda belə çox keyfiyyətli işlər ərsəyə gətirirlər. Amma xaricilər bunu bacarmaz, onlar sadəcə yüksək standartlarda keyfiyyətli iş görə bilirlər...

– Madam ki, dediyiniz kimi, elə bir böyük fərq yoxdur, onda “niyə o əjdahadan bizdə yoxdur?..”

– Çox haqlı sualdır. Rejissor kimi texniki tərəfdən nə tələb olunursa, hamısı bizdə də var. Amma bəzi maliyyə məqamlarını vurğulamalıyam. Məsələn, “Savaşçı” serialından danışsaq, komanda sayı hardasa, 80-90 nəfər olardı. Hər bir aktyora, o cümlədən də mənə ayrıca və yüksək şərait yaradılmışdı.

Ümumiyyətlə, bilirsiniz, kino dünyada ən böyük büdcə ilə ərsəyə gələn, həm də ən çox gəlir gətirən sahələrdən biridir. Amma təəssüflər olsun ki, bizdə filmlərin hansı büdcələrlə çəkildiyi təxminən bəllidir...

Qısacası, Türkiyədə böyük pullarla böyük komandalar çalışır. Bizdə isə müstəqil iş görən rejissorlar əsasən şəxsi dəstək əsasında iş görür, dostları kömək edir, yaxud da alınsa, reklam əsasında işləyir.

– Bəs necə qazanc əldə edirsiniz?

– Məsələn, filmdə hansısa dostun şirkətinin loqosunu işlədərək, reklam edərək film ərsəyə gətiririk. Amma bu da çox rahat məsələ deyil. Bununla özüm şəxsən məşğul oluram, şirkətləri razı salmaq üçün görüşlər keçirirəm. Və bəzən yaxşı bir sənət filmi ortaya çıxarmaq üçün əvvəlcə kommersiya filmləri çəkirik.

– "Dünyada bir gün" layihəniz hansı ehtiyacdan meydana gəlib?

– Müqəddəs kitabımızda yazılır ki, insandan soruşulanda “Dünyada nə qədər qaldın?” – “Bəlkə, bir gün, bəlkə, bir gündən də az...” cavabı veriləcək. “Dünyada bir gün” ifadəsi oradan qaynaqlanır. “Dünyada bir gün” çoxprofilli istiqamətdir ki, oraya hər mövzuda mətləbi sığışdırmaq mümkündür. 2016-cı ildən bəri o silsilədə “Ramazan payı”, “Möcüzə”, “Hacı Şahin” kimi onlarla qısametrajlı film çəkmişik.

Yeri gəlmişkən, həmin layihəyə aid son işimiz olan “Sürpriz” musiqili filmdir, məşhur müğənni İndilanın mahnısı əsasında çəkilib.

"Dünyada bir gün" ibrətamiz layihəsinin filmləri bizim TV kanallarında yayılmasa da, Türkiyə kanallarında yayımlanıb. Bizim televiziyalarda isə yayımlanmasına lüzum da görmürəm, çünki filmlərimiz sosial şəbəkələrdə izlənmə rekordu qırıb, hazırda da bu davam etməkdədir, şükürlər olsun...

– Vaxtilə bir film çəkilişinə görə polisə çağırıldığınız da olub...

– Elədir. 2017-ci ildə bir reklam filminin çəkilişlərini məşhur "Nizami" küçəsində aparırdıq. Filmin qəhrəmanı ssenariyə görə, eramızdan əvvəlki insanların geyimində olmalı idi. Mən orada maraqlı bir ideya düşünmüşdüm, istəmişdim ki, kameraları gizlədərək işimizi görək, təbii alınsın. Qəhrəmanımız o qədim insan qiyafəsində həmin küçədə gəzirdi və bizi həqiqətən itirəndən sonra axtarmağa başlamışdı. Və mən bunu aktyora bildirməmişdim, onun bu axtarışını gizli çəkmişdik. Camaat da bu səhnəni görəndə - çəkən kim, paylaşan kim... Beləcə, xeyli rezonans doğurmuşdu.

Bu epizod müşahidə kameralarına düşmüşdü və Səbail rayon polis idarəsi təbii olaraq araşdırmışdı ki, bu nə məsələdir? Onları zərrə qədər qınamıram, təbii ki, onlar da öz işini görürdü. Elə bilmişdilər ki, nəsə ictimai asayiş pozulması halıdır. Onda məni polis idarəsinə çağırmışdılar ki, məsələni aydınlaşdırsınlar. Orada da izah etdim ki, siz işinizi gördüyünüz kimi biz də öz işimizi görürdük. Biləndə ki, peşəkar prodakşn kimi fəaliyyət göstəririk, anlaşdıq, dostcasına ayrıldıq. Heç bir narahatlıq da olmadı.

Reklam filmindən öncə o videonu paylaşmışdıq, elə rezonans doğuracağını gözləmirdik, hətta xəbərlərə qədər gedib çıxmışdı. Kinoda hərdən belə çılğın sürprizlər lazım olur, son zamanlarda isə ümumiyyətlə, bunsuz keçinmək olmur...

– Bəzi qısametrajlı filmlərinizdə ciddi sosial mesajları yumor vasitəsilə ifadə etməyə üstünlük verirsiniz. Sizcə, insanları gülərək düşündürə bilirsiniz?

– Məncə, insanları ən çox gülərək düşündürmək olur. Baxmayaraq ki, mən bu janra çox müraciət edə bilmirəm, ancaq əslində, düz tutmusunuz, bu, ruhuma ən yaxın janrdır. Düşünürəm ki, yumorla sözünü deməyin və komediyanın yerini verən janr yoxdur. Amma müəyyən səbəblərə görə buna az müraciət etmişəm. Qismət olsa, gələcək yaradıcılığımda bu janra xüsusi yer verməyi düşünürəm.

– "Bir gecədə dönüş" filminizdə həm dini, həm də sosial mövzulara toxunmusunuz. Belə mövzularda işləmək məsuliyyət baxımından sizə hansı çətinlikləri yaşadır?

– Bu tip mövzuların məsuliyyəti həmişə böyük olur. Orada hər bir detala xüsusi yanaşmaq, hər sözün çəkisini bilmək vacibdir. Elə bir səhv ola bilər ki, həm dini baxımdan, həm də sosial baxımdan çox yanlış başa düşülə bilər. Buna görə də belə filmləri hazırlayarkən daha çox məsləhətləşmələr aparırıq. Həm məzmun, həm də üslub baxımından düzgün təqdimat önəmlidir.

Bir məsələni də qeyd edim ki, ortalıqda heç bir büdcə olmadıqda belə, maraqlı bir ideya gələn kimi, yaxud qarşımıza məsləhətli mövzu çıxdıqda bunun çəkiləcəyinə qərar vermişik və artıq ssenari, çəkilişə hazırlıq mərhələsi ilə bərabər həm də büdcə məsələləri ilə məşğul olmuşuq. "Bir gecədə dönüş" filmini də, açığı, bu silsilənin digər filmlərini də biz çox vaxt məhz belə başlamışıq.
İnanın, əgər belə olmasaydı, bəlkə də bu gün heç bir film haqqında belə danışmırdıq. Şükürlər olsun ki, ciddi bir sıxıntımız olmayıb.

Bu layihələr sərbəst mövzular olduğu üçün nə heç bir TV kanalından, nə də dövlət qurumundan dəstək olmayıb, gözləməmişik də. Yalnız öz səylərimiz nəticəsində məhsul yerləşdirmə, sponsorlar, təşkilati dəstəklərlə həyata keçib. Hətta çox kiçik büdcələrlə belə çəkdiyimiz filmlər olub ki, demişik: təki olsun, çəkilsin. Öz işimizlə məşğul olmuşuq, bundan zövq almışıq. Bunlar da o qədər asanlıqla başa gəlməyib. Dövlət dəstəyi ilə olan büdcəli layihələrimiz, yəni sosial çarxlarımız da təbii ki, çox olub.

Bugünkü dünyamızın insanlığı mənəvi saflığa dəvət edən əxlaqi mövzulara ehtiyacı var. Özünüz bilirsiniz, bu gün insanların marağı ibrətli layihələrdən daha çox şou xarakterli işlərədir. Çox olub ki, bizə bunu hansısa bir şirkətin marketinq meneceri açıq etiraf edib: "Biz bu tipli layihələrə dəstək olmuruq" - deyiblər.

– Xeyli sənət təcrübəsi olan biri kimi bu gün Azərbaycanda kino sənayesində sizi nələr ümidləndirir, nələr narahat edir?

– Ümid həmişə var. Son vaxtlar kino sənayesinin inkişafı ilə bağlı addımların atılması məni xeyli ümidləndirir. Bildiyimiz kimi, son günlərdə filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi ilə bağlı qaydaların təsdiqlənməsi də bu qəbildəndir. Amma kinonun inkişafı sahəsində effektiv nəticə almaq üçün qonşu ölkələrin, elə qardaş Türkiyənin təcrübəsindən yararlanmaq olar. Belə ki, orada dövlət tərəfindən belə bir qayda var: filmə dəstək olan şirkətlər vergidən azaddır. O qədər şirkət var ki, kinoya dəstək olur. Məsələn, bəlkə də hansısa şirkət müəyyən müddətə reklama büdcə ayırmayacaqdı, amma hansısa filmə və ya seriala dəstək olanda orada həm də onun reklamı gedir. Beləcə, həm sənət qazanır, həm də yerli şirkətin məhsulları reklam olunur. Qarşılıqlı fayda əldə edilir. Bu tipli addımlara görədir ki, bu gün Türkiyə keyfiyyətli seriallarla dünyanı fəth edir. Bu da həm ölkənin, həm də onun mədəniyyətinin təbliğatıdır. Sırf seriallara görə dünyada türk dilini öyrənmək istəyənlərin sayı günü-gündən artır. Türkiyənin film və serialları bütün dünyanı gəzir, diqqət etmisinizsə, onların filmlərində, seriallarında sonda az qala 50-60 şirkətin loqosu yayımlanır. Onların hamısı dəstəkdir. Bizdə də belə olsa, kinonun inkişafına təkan olar deyə düşünürəm. Orada filmin içərisində hər şey reklam edilir – telefondan başlamış, hansısa maşının markasınacan...

- Yeri gəlmişkən, burada bir məqamı qeyd etməliyəm, o dediyiniz reklam məsələsi bizim filmlərdə bəzən yersiz şəkildə “yer alır”. Türkiyənin filmlərində reklam elə verilir ki, rahatlıqla həzm olunur. Amma bizim bəzi qısametrajlı filmlərdə, elə seriallarda da məsələn, hansısa intellektual yaxud həyati dialoqun ortasına tum yaxud günəbaxan yağının reklamı elə lüzumsuz, gözəbatan şəkildə “yerləşdirilir” ki...

– Bəli, bu dediyiniz məqam filmə xeyli xələl gətirə bilər. Tamaşaçı maraqlı bir film izlədiyi yerdə, ən maraqlı səhnədə reklam çox qiymətli olur. Amma o reklam orada ümumən filmə xələl gətirəcəksə, söhbət yarımçıq qalıb yersiz bir mövzudan söz açılacaqsa, təbii ki, bu, həm filmə, həm də reklam olunan məhsula da xələl gətirir. Çox təəssüflər olsun ki, bizdə bunu edirlər.

Doğru deyirsiniz, orada, adətən, reklam elə yerləşdirilir ki, ola bilsin, məhsulun adı belə çəkilmir. Məsələn, normalda iki saniyədən artıq avtomobilin loqosunu reklam etmək mümkün deyil, amma filmin içində kameranı elə qururlar ki, avtomobilin sükanı arxasında oturan qəhrəman loqo qarşısında xeyli telefon söhbəti edir. Bu da avtomatik olaraq şüuraltına işləyir, reklam gözə batmadan tamaşaçıya çatdırılır. Bəzən isə bu reklamı cümlələrə salırlar, bu isə siz deyən kimi, çox gözəl şəkildə “həzm olunur”, gözə batmır.

– Sizcə, Azərbaycanda yaxşı film çəkmək üçün maliyyədən başqa daha nə(lər) çatışmır?

– Məncə, bizdə ssenari sahəsi ən axsayan tərəfdir. Hər şeyi də maliyyə azlığının üstünə yıxmayaq. Bizdə kifayət qədər peşəkar aktyor da, rejissor da var. Amma rejissorlar bəzən o qədər sürətli, bir-birinin ardınca çəkirlər ki, heç ssenariyə diqqət eləmirlər. Mən iş prosesində ssenarist heyəti ilə işləməyin tərəfdarıyam. Bu heyətdə həm yaşlı, həm də gənc nəslin nümayəndələri təmsil olunmalıdır ki, mövzunu hərtərəfli və bütün aspektlərdən işləyə bilsinlər. İndi bəzən təkcə gəncləri yığırlar ssenarist heyətinə. Gəncin də daha az həyat təcrübəsi olduğuna görə, mövzuya yanaşmasında dayazlıq meydana çıxa bilir. Təbii ki, biz gənclərin də yolunun açılmasının tərəfdarıyıq, onlar da bizim sənət yoldaşlarımızdır. Amma yaxşı olardı ki, komandada müxtəlif yaş qruplarından ssenarist yazarlar iştirak etsinlər - xarici təcrübədə olduğu kimi. Mən də bir ara bunu təcrübədən keçirmişəm, bu metodun faydaları çoxdur. Kinoda rejissorluqla ssenaristlik paralel gedir. Ssenari işinin keyfiyyəti rejissorun peşəkarlığı qədər vacibdir. Düşünürəm ki, ssenari ilə bağlı müsabiqələrin sayı çoxaldılmalıdır, həvəsləndirmə və maddi stimul tədbirləri ilə də bu sahə dirçəldilməlidir.

– Sizcə, bu gün Azərbaycan tamaşaçısı nəyə daha çox acdır: keyfiyyətli məzmuna, yoxsa özünü ekranda görməyə?

– Keyfiyyətli məzmunlu sənət filmləri təbii ki, daha az baxılır. Bu, bütün dünyada belədir. Müasir tamaşaçı daha çox vizuallığa önəm verir, kütləni səthi mövzular daha çox cəlb edir, istəyir ki, çox düşünüb özünü yormasın, amma oradan bir anlığa nəsə alsın. İnsanların düşüncəsi, baxışı dəyişib, indi hər şeydə sürət artıb, oturub iki saatlıq filmi izləməyə artıq hövsələləri çatmır. Ona görə sənət işlərində ortaq məxrəci tapmağa çalışırıq, elə çəkməliyik ki, həm keyfiyyətli məzmun olsun - sənət mesajımızı da çatdıra bilək, həm də çox baxılsın.

Azərbaycanda kino sənayesinin davamlı inkişafı üçün hansı struktur dəyişikliyi vacibdir: fərdi istedadlara dəstək, peşəkar kino məktəblərinin modernləşdirilməsi, yoxsa dövlət sifarişli filmlərin məzmun azadlığının təmin olunması? Bu üçlükdən birini seçməli olsaydınız, hansını üstün tutardınız və niyə?

– Məncə, yaxşı nəticə üçün mütləq kompleks yanaşma olmalıdır. Amma bu üçlük içində birini seçmək məcburiyyətində olsaydım, fərdi istedadlara dəstək deyərdim. Çünki bütün sahələrdə olduğu kimi, burada da fərdi istedad və təşəbbüs baş roldadır. Əgər istedadlı bir rejissor, ssenarist və ya aktyor varsa, o, imkan daxilində yenə də öz sözünü deyə bilir. Təbii ki, peşəkar məktəblərin inkişafı və dövlətin verdiyi dəstəyin məzmun azadlığı ilə təmin olunması da çox vacibdir, amma əvvəlcə o istedadlar aşkarlanmalı, dəstəklənməli və qorunmalıdır.

– İstənilən büdcəniz və yaxşı aktyor heyətiniz olsa, hansı mövzuda film çəkmək istərdiniz?

– Yaxşı bir komediya filmi çəkərdim. Son vaxtlarda qeydlərim var, bədii film çəkməyə hazırlaşıram. Müasir dövrün ən aktual məsələlərindən birinə həsr olunub. Mənə bəzən sual verirlər ki, niyə daha çox qısametrajlı filmlər çəkirsiniz, amma uzunmetrajlı film yox? Məncə, uzunmetrajlı bədii yaxud sənədli film çəkmək qısametrajlı film çəkməkdən rahatdır. Qısametrajlı filmdə məhdud xronometrajın içində sözünü deməyi bacarmalısan, qısaldıqca sözünü demək çətinləşir.

Sadəcə, böyük filmə böyük büdcə tələb olunur, mən də lazımi büdcə olmayana qədər bədii film çəkmək istəmirəm. Amma ümidliyəm ki, gələcəkdə hər şey yaxşı olacaq. Əsas məsələ odur ki, niyyət doğru olsun, onda yollar da açılır...

# 348 dəfə oxunub

Oxşar xəbərlər

Yıldız Tilbedən gözlənilməz açıqlama

Yıldız Tilbedən gözlənilməz açıqlama

16:30 23 iyul 2025
Aktyordan şok açıqlama: "Hamının içində onu pərt edəcəyəm"

Aktyordan şok açıqlama: "Hamının içində onu pərt edəcəyəm"

16:03 23 iyul 2025
“İpək yolları gənclərin gözü ilə”  foto müsabiqəsinin vaxtı uzadıldı

“İpək yolları gənclərin gözü ilə” foto müsabiqəsinin vaxtı uzadıldı

15:57 23 iyul 2025
Atasız uşaq doğmağından fəxrlə danışanlara susan Şura Zakir Əliyevə niyə hücum çəkdi?

Atasız uşaq doğmağından fəxrlə danışanlara susan Şura Zakir Əliyevə niyə hücum çəkdi?

15:36 23 iyul 2025
“Pezeşkian "Heydərbabaya salam"ı oxuyandan sonra..." - Netanyahu niyə ancaq farslara müraciət edirdi?

“Pezeşkian "Heydərbabaya salam"ı oxuyandan sonra..." - Netanyahu niyə ancaq farslara müraciət edirdi?

15:00 23 iyul 2025
Gilyan Mörfi səhnə ilə vidalaşdı

Gilyan Mörfi səhnə ilə vidalaşdı

14:50 23 iyul 2025
# # #