Natəvan Dəmirçioğlu: “Bunu həyatım bahasına reallaşdıraram” – Müsahibə

Natəvan Dəmirçioğlu

Natəvan Dəmirçioğlu

1 noyabr 2022
# 15:00

Bu gün yazıçı Natəvan Dəmirçioğlunun ad günüdür. Kulis.az bu münasibətlə yazıçını təbrik edir və onunla olan müsahibəni oxuculara təqdim edir.

– Natəvan xanım, ilk dəfə neçə yaşınızda çap olunmusunuz?

– İlk yazım iyirmi yaşımda çap olunub, amma ona qədər bir neçə hekayə, hətta pyes yazmışam. Demək olar ki, orta məktəbdə oxuyandan, bir qayda olaraq, bədii yaradıcılıqla məşğul olmuşam. Sadəcə nə çap olunmağa tələsmişəm, nə də bunun üçün o qədər geniş imkanlarım olub. İlk dəfə isə rayon qəzetində çap olunmuşam. Balaca bir hekayə idi, amma o vaxt çox böyük rezonans doğurmuşdu.

– Qazaxda dünyaya gəlmisiniz. Burada isə insanlar həm istedadlı olurlar, həm də müəyyən yaradıcı mühit olur...

– Haqlısınız. Qazax havası, suyu sanki yaradıcı insanları özü yetişdirir. Orda elə bir ədəbi mühit var ki, həmin mühit daim yetişdirir, daim işləkdir. Qazaxda əgər kimdəsə istedadın balaca bir işartısı varsa, o dəqiqə onunla maraqlanırlar, onu axtarırlar, onu yetişdirirlər.

– Sizinlə ilk maraqlananlar kimlər oldu?

– Mənimlə ilk maraqlanan insan ədəbiyyat müəllimim Münəzzər xanım idi. O, çox gənc qadın idi və sevinirdi ki, mənim kimi şagirdi var. Bir də rus dili müəlliməm Tamella xanım, rus ədəbiyyatını mükəmməl bilirdi. Azərbaycan ədəbiyyatında çoxlu nöqsanlar tapırdı. Tamella müəllimə mənim ilk yazılarımı oxuyanda ağlamışdı. Mənə demişdi ki, mən sənə çox böyük ümid bəsləyirəm, sən çox böyük yazıçı olacaqsan.

– Azərbaycanda qadın yazıçı olmaq necə hisdir?

– Biz Saday Budaqlı ilə uzun müddət birlikdə işləmişik. O, bir dəfə mənə bir söz dedi. Dedi, Natəvan, sənə o qədər ürəyim ağrıyır. Mən öz dərdimi qoyub sənin dərdini çəkirəm. Mənim əziyyətlərim, ailəmdə, yaxınlarımda itkilərim çox olub. Saday elə deyəndə, düşündüm ki, yəqin həmin məsələləri nəzərdə tutub deyir. Dedim, Saday nə mənada deyirsən? Dedi, bilirsən, yazıçılıq kişi üçün kifayət qədər ağır sənətdir. Əgər qadın bu yükü daşıyırsa, ona mənim ancaq ürəyim ağrıya bilər. Sən çox böyük bir yükün altına girmisən. Bir dəfə buna bənzər bir sözü mənə Akif Səməd də demişdi. Onunla da biz uzun illər iş yoldaşı olmuşuq, eyni otaqda oturmuşuq, eyni çaydandan çay içib, eyni süfrədən yemək yemişik. Akif üç dəfə infarkt keçirmişdi. O, həmişə mənə deyirdi ki, Natəvan, sən allah keç mənim sağ tərəfimdə dayan, sol tərəfimdə dayanma. Bu sözü mənə bir neçə dəfə dedi. Həmin ərəfələrdə mən “Yetim” əsəri üzərində işləyirdim. Bir dəfə də Akif mənə elə deyəndə, bunun səbəbini ondan soruşdum. Dedi, Natəvan, səndə o qədər yük var ki, mən o yükün ağırlığını dəhşətli dərəcədə hiss edirəm. Akif üçün metafizik məsələləri dərk etmək çox asan idi. Allah elə bil bu barədə ona vergi vermişdi. Mən onda Akifə demədim ki, povest üzərində işləyirəm və bu çox ağır bir povestdi. Yəni bu iki insan bunu mənə demişdi və mənə elə gəlir ki, onlar düppədüz demişdilər. Çünki əgər bir qadın yazıçı həqiqi yazıçıdırsa, doğrudan da ağır yük daşıyır. Bu ifadəni özüm haqqımda işlətdiyim üçün üzr istəyirəm. Amma mənim üçün material əsasdır. Və həm qadın olmaq, həm də yazıçı olmaq çox böyük yükdür. Nəinki mənəvi, psixoloji, ruhani, həm də fiziki yükdür. Amma mən şükür edirəm ki, tanrı bu yükü mənə versə də, onun çıxış yollarını da verib. Çünki mənə elə gəlirdi ki, mən bu qədər yüklə davam gətirə bilmərəm. Yazdıqlarım sonuncu olar.

– Hazırda nə yazırsınız?

İndi “Açar” romanı üzərində işləyirəm. Bu əsərə ilk dəfə 2013-cü ildə 50 illik yubileyim ərəfəsində başlamışam. Hər dəfə özümdə hansısa narahatlıq hiss edəndə, Allaha yalvarıram ki, mənə möhlət versin ki, əsəri tamamlaya bilim. Mənə elə gəlir ki, “Açar” romanı indiyə qədər yazdıqlarımdan çox-çox güclü əsər olacaq.

– Əsərlərinizin adı çox vaxt bir sözdən ibarət olur...

– Hə, bunu bir dəfə deyəsən, Rüstəm Kamal da qeyd etmişdi ki, Natəvan əsərini bir sözlə, amma bitkin ifadə edir. Misalçün, “Səbət” əsərimdə dünyanın özünün nəhəng bir səbət olduğunu ifadə edirəm. Bəzən bir insanın həyatını bir səbətə yükləmək olar. Bu fikirlərimin izahı əsərdə tam verilir.

“Yetim” povestim Türkiyədə nəşr olunub. Onlar mənə bildirdilər ki, sizin əsərinizi çap edirik, amma qonorar ödənməyəcək. Mən onların bu təklifi ilə razılaşdım. Çünki özümün Türkiyədə, ümumiyyətlə, xarici ölkədə əsər çap etmək üçün maddi imkanlarım o qədər də yüksək deyil. Əgər belə bir təklif gəlibsə, bunu dəyərləndirməli idim. Çünki bir dəfə də İranda povestlərim jurnalda dərc olunmuşdu. Daha sonra onlar məndən həmin əsərləri kitab halında çap etmək üçün pul istəmişdilər. Amma mən o pulu verə bilmədiyim üçün həmin təklif də reallaşmadı. Türklər bu povesti nədənsə roman kimi çap ediblər. Onları həmin povestdə erməni məsələsi ilə bağlı hissələr cəlb etmişdi. Əsərdə konkret bir obraz yoxdur. Mənim tanıdığım insanların ümumiləşmiş obrazıdır. Mətn yazarkən hadisə uydurmağı xoşlamıram. Yetim povestim Türkiyədə çap olunandan sonra “Ölmədən əvvəl oxumalı olduğunuz 1001 kitab” seriyasında da ayrıca çap olunmuşdu. Bu, mənim üçün çox önəmli hadisə idi.

– Qadın yazıçı kimi yaza bilmək istədiklərinizin hamısını yaza bilirsiniz?

– Bilirsiniz, mən həmişə orta, qızıl xətti tutmağın tərəfdarıyam. Bəlkə də mən daha açıq bir adam, ailəm olmayan və yaxud da ailəsini inkar etmiş biri olsaydım, şəxsi həyatını qura bilməmiş bir qadın olsaydım, yazdıqlarımdan fərqli şeylər yazardım.

– Nə?

– Daha açıq və konkret məsələlərdən.

– Yəni çərçivələriniz var da...

– Çərçivə də deməzdim. Bu barədə fikrimi açıq ifadə edəcəm. Buna görə üzr istəyirəm. Baxın, biz hamamda paltarlı yuyunmuruq. Amma bu o demək deyil ki, hamamdan çıxdığımız şəkildə də küçəyə çıxmalıyıq. Çünki müəyyən tabular, qadağalar var. Çünki bizim azadlıq dediyimizin belə özünün müəyyənləşdirdiyi sərhədlər var. Heç nə nəhayətsiz, miqyassız, sərhədsiz deyil. O cümlədən də azadlıq. Mən azadlığı bu cür qəbul edirəm. Azadlığın özünün tərtib etdiyi çərçivələr var. Bundan sonra insanın və hətta cəmiyyətin azadlığa tərtib etdiyi sərhədlər var. Bəzən deyirlər ki, onda o azadlıq deyil. Mən elə qəbul etmirəm. Mənə görə azadlıq üçün müəyyənləşdirilmiş sərhədləri keçəndə insan həmin insan olmur. Dönüb ayrı adam olur. Hətta ədəbiyyatda qazansam da, mənim də özümdən kənara çıxmaq fikrim yoxdur.

– Məişət sizə mane olur?

Mane olmur deyə bilmərəm. Bu, insafsızlıq olar. Bu, mümkünsüzdür. Çünki yaşadığın şəraitdən çıxırsan. Amma yaradıcılıq elə mübhəm bir guşədir ki, orda məsələlər tamam başqa cür cərəyan edir. Mənim çox yaxın adamlarım bilirlər ki, evimin işığı gecə saat beşdə sönür. Yəni mən əgər nəyisə yazmalıyamsa, o zaman məişətə yuvarlanmıram. Bu yolda mənə heç nə mane olmur. Bunu mən öz həyatım bahasına reallaşdıraram. Gec yataram, tez yuxudan oyanaram, amma yazaram. Bütün əsərlərimi də belə işləmişəm. Gecələri səhərə qədər yazmışam. Gün ərzində bir saat yatmaq mənə kifayət edir. Bəzən mən səhərin açıldığını gözümlə görürəm. Və bu bir ilahi nemət, böyük, kosmik enerjidir. Bunu tanrı hər bir insana nəsib etsin. Mən səhərin açıldığını görəndən sonra həmin günə çox diri başlayıram. Elə bil, bütün gecəni işləyən, yazan adam mən olmamışam. Bu, bir yaradıcılıq sirridir. Bəlkə də bunu demək düzgün deyil. Amma, həqiqətən də, belədir. Mənim xoşbəxtliyim ondadır ki, əsər yazanda fiziki yorğunluq hiss etmirəm. Yalnız masadan qalxanda yorğunam. Misalçün, “Səbət” povestini bitirəndən sonra ardıcıl üç dəfə müalicə götürdüm. Həm mənəvi, həm də fiziki cəhətdən çox güc itirmişdim.

– Hekayələriniz azdır. İlkin yaradıcılıq illərində olub. Niyə sonradan yazmadınız?

– Akif Səməddən bir misal gətirəcəm yenə. Bir dəfə mənə dedi ki, Natəvan, sən hekayə yazanda, bütün potensialını qoyursan. Misalçün, “Açar” romanını yaza-yaza bəlkə də on hekayə yaza bilərdim və o hekayələr şedevrə çevrilə bilərdi. Amma mən onları yazmıram. Başladığım əsəri yazan zaman mənə kosmosdan, tanrıdan gələn enerjini həmin əsərin haqqı bilirəm. Nəinki, o əsərin haqqından alıb hekayə yazmaqda. O hekayəni “Ədəbiyyat qəzeti”nə yollayıb çap etdirə də bilərəm. Sağ olsun, Azər Turan hər zaman mənə deyir ki, sən bizim yazısını gözlədiyimiz müəlliflərdənsən. Amma mən haqqı olan əsərdən çıxarış etmək istəmirəm.

– Yazı yazarkən izaholunmayan gücü hiss edirsiniz? Çoxları bunu trans vəziyyət adlandırır.

– Mən bunu yazanda yox, yazıb bitirəndən sonra hiss edirəm. Deyirlər ki, özünə vurulan adamlar inkişaf etmir. Ona görə də mən həmişə bundan qaçıram. Bunlar mənlik deyil. Amma müəyyən bir müddət keçəndən sonra yazılarımı oxuyanda, məəttəl qalıram. Özümə də ləzzət edir.

– Kimləri oxuyursunuz?

– Detektiv ədəbiyyatı çoxları ədəbiyyat hesab etmir, amma mən qadın yazıçı kimi Aqata Kristini çox sevirəm. Onun əsərlərindəki gözlənilməzlik mənə maraqlıdır. Elə əsərlər var ki, mən onları oxuyanda sonluğun necə bitəcəyini bilirəm. Elə də olur. Amma Aqata Kristinin əsərlərində mən sonluğu müəyyən edə bilmirəm. Cek Londonu da çox sevirəm. Onun ideal xüsusiyyəti odur ki, insana güclü motivasiya verir. Onun əsərlərində nümayiş olunmayan daxili bir qələbə var. Həmin daxili qələbəni sevirəm. Mənə elə gəlir ki, yazıçılığın missiyalarından biri də odur. Çox adam onu yerinə yetirə bilmir. Cek Londonsa bunu çox gözəl bacarır. Amma öyrənə biləcəyim yazıçı şübhəsiz ki, Viktor Hüqodur. O, mənim üçün çox nəhəngdir.

# 2837 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #