Mürəkkəbi qurumuş qələmlər, latın əlifbasıyla çap edilmiş ilk kitab - Çingiz Əlioğlunun evindən reportaj

Mürəkkəbi qurumuş qələmlər, latın əlifbasıyla çap edilmiş ilk kitab - Çingiz Əlioğlunun evindən reportaj
15 aprel 2024
# 15:00

Kulis.az Həmid Herisçinin şair, tərcüməçi Çingiz Əlioğlunun evindən reportajını təqdim edir.

Telefonuma qonum göndərdilər. Yazıçı Çingiz Əlioğlunun evinə maneəsiz gəlib yetişdim. Kimsə, tanımadığım birisi, həyətdə mənə qapıyacan bələdçilik etmək cəhdini sərgiləsə də...

Özümü tox apardım. Hər cür qayğılardan imtina edib, yazarın qapısını taqqıldatdım. Yazın, baharın ilk ilıq nəfəsini də bu dar məqamlarda, buralarda, bu həyətdə duymuşdum.

Hiss etdim, müasirlik, zaman, yeni standartlar məni bu evdə öz ağır imtahanına çəkəcək. Belə də oldu.

İndiyədək heç bir yerə, kimsənin görüşünə qələmsiz, kağızsız getməmişəm.

Ancaq yazıçı-şair Çingiz Əlioğlu ilə görüş zamanı qəfildən diksindim. Gördüm, bu özəl görüşə qələmsiz-kağızsız gəlmişəm. İlk dəfəydi ki, belə hala düşmüşdüm.

Qələmlərinizdən birini hələlik mənə etibar etməzdinizmi? Əlborcu qələm istədim ev sahibindən.

Həyat yoldaşı, gözəl Südabə xanım əvvəlcə karıxdı bu xahişimə.

Qələm bizdə çoxdu. Ancaq...

Mövzunun “əmması” ciddiydi. Çingiz Əlioğlu çoxdan əlinə qələm götürmür. Qələmlərin mürəkkəbi çoxdan quruyub...

Bir qələmi yoxlayırıq... iki, üç...

Heç biri yazmır. Mürəkkəbləri quruyub.

Acı, kədərli mənzərə idi. Yazmayan, qurumuş qələmləri bir-bir sınaqdan çıxarıb, tez də bir kənara, masa üstünə atırdıq.

Bu vaxt masa arxasındakı Çingiz Əlioğlu, nəhayət, öz sükut buzunu qıraraq:

Mən indi şeiri özgələrinə, xalqa yox... özümə yazıram. – sözlərini pıçıldadı.

Düzü, şer kimi səsləndi bu son cümlələr.

İndiki bilgisayar dövründə təkcə Çingiz bəyin yox, çoxlarının qələmi quruyub.

Mən hər cür müqavimət göstərmişəm həmişə bu faciəyə. Qələmimi, qələmləri həmişə labüd ölümlərindən qurtarmaq istəmişəm. Çalımışam bu bilgisayar dövründə, rəqəmsal zəmanədə heç vaxt unutmayım qələmimi.

Qələmi zamana qurban vermək, düzü, mənlik deyil.

Ancaq niyə bu dəfə Çingiz bəylə görüşə qələmsiz gəlmişdim axı?

Daxilimdəki bu lal sual elə hey səslənirdi, əks-səda verirdi qulaqlarımda.

Daxilim, bəlkə, öncədən hiss etmişdi Çingiz Əlioğlunun indi yazmadığını? Bu səbəbdən qələmə ehtiyac duymamışdı?

Şeirlərim indi ancaq özümçündü.

Yəni sizin şerləri bir də eşitməyəcəyik?...

Çingiz bəy sözümü yarıda, deyərdim, bəlkə, düz vaxtında kəsir. İcazə vermir ağrılı fikirlərimi axıra çatdırım.

Hərəkətində bir qayğıkeşlik, hörmət görürəm özümə qarşı.

Şeirlərimi bir də başqası eşitməyəcək. Özümçün yazıram indi. Gözəldi yaradıcılığımın bu yeni dövrü.

Deməyə bir söz tapmıram. Nə deyim? Deyim ki, mən də özümçün yazmışam həmişə?

Susmağımla rəfdəki “Gicgaha sıxılan güllə” kitabını görməyim eyni vaxtda düşdü.

Kitabı rəfdən götürürəm. Çingiz bəyin reaksiyası gecikmir.

Azərbaycanda latın əlifbasıyla çap edilmiş ilk kitabdı. Yeni əlifbaya, yeni zamana bu kitabımla daxil olduq.

Hə... Bu yeni, “qələmsiz” dövr, Azərbaycana latın əlifbasıyla daxil oldu. Çinigiz Əlioğlunun əlimdə səhifələdiyim bax bu “Gicgaha sıxılan güllə” adlı kitabıyla.

Çingiz Əlioğlu tam hazırlıqlı qarşıladı o vaxt bu yeni dövrü.

İndi də susmağı, səssiz yaradıcılğı elə həmin “qələmsiz dövrün” tələbləri çərçivəsindədir.

İndi qələmsiz yazırlar.

İndi qələmsiz dövrdü.

Çingiz bəy də məhz bu tələblərə ən düzgün cavabı verib.

Onun qələm və rəsm kolleksiyası, özünün dediyinə görə çox böyükdü.

Bu qələmsiz dövrdə mən də öz qələmimi sizin muzeyə, kolleksiyaya etibar edərdim. – deyib cibimdə öz qələmimi axtarıram.

Tez də yadıma düşür, heyif, qələmi evdə unutmuşam.

Yoxsa qələmimi mütləq bu kolleksiyaya pay verərdim.

# 5209 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanın ilk qadın rejissorlarından biri  haqqında aktyor həyat yoldaşı nə yazırdı?

Azərbaycanın ilk qadın rejissorlarından biri haqqında aktyor həyat yoldaşı nə yazırdı?

13:30 27 dekabr 2025
Ankarada Universitet kitabxanasına Azərbaycana aid kitab kolleksiyası  hədiyyə edildi

Ankarada Universitet kitabxanasına Azərbaycana aid kitab kolleksiyası hədiyyə edildi

13:00 27 dekabr 2025
"Quran"ın türkcə tərcüməsini yandıran şair - O, niyə mükafatdan imtina etmişdi?

"Quran"ın türkcə tərcüməsini yandıran şair - O, niyə mükafatdan imtina etmişdi?

12:40 27 dekabr 2025
"Qəbirdə də bundan xəbər tutacağam..." - Səməd Vurğun oğluna niyə belə demişdi?

"Qəbirdə də bundan xəbər tutacağam..." - Səməd Vurğun oğluna niyə belə demişdi?

12:20 27 dekabr 2025
Həkim olmaq istəyən, pərəstişkarı ilə evlənən  Xalq artisti  - Qardaşı niyə onu baltalamaq istəmişdi?

Həkim olmaq istəyən, pərəstişkarı ilə evlənən Xalq artisti - Qardaşı niyə onu baltalamaq istəmişdi?

12:00 27 dekabr 2025
Tənqidimizin vicdanı Məmməd Arif  - Tələbəsi Kamal Talıbzadə onu necə  xarakterizə edirdi?

Tənqidimizin vicdanı Məmməd Arif - Tələbəsi Kamal Talıbzadə onu necə xarakterizə edirdi?

12:00 27 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər