Müğənni Nuran: "Kitab oxumuram, səbrim çatmır..." - Müsahibə

Müğənni Nuran:  "Kitab oxumuram, səbrim çatmır..." - Müsahibə
11 aprel 2025
# 09:00

Kulis.az Aydan Hacının müğənni Nuranla müsahibəsini təqdim edir.

"Tənqid edirlər, narahat oluram, qəlbim qırılır… Mənə yazırlar ki, buna bax, babamın kostyumundan geyinir…"

- Nuran bəy, sizin haqqınızda sosial şəbəkələrdə çox da məlumat yoxdur.

- Mən Nuran, 1995-ci ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsində anadan olmuşam. Məktəbə də elə yaşadığım Lökbatan qəsəbəsində getmişəm. Evli deyiləm. Evlənməyi də düşünmürəm. Oğlaq bürcüyəm. Sonralar müxtəlif sayt və televiziya sferasında çalışmışam. İlk televiziya təcrübəm Lider Tv ilə olub. Orada fotoqraf kimi işləməyə başlamışam. Sonralar isə bir çox saytlarda fotomüxbir və videoqraf olaraq işləmişəm. Amma elə ilk gündən marağım musiqi sahəsinə olub. Mən bu sahənin “mətbəx”ini görmüşəm və çox şeylə də öncədən tanışam. Amma yaxşı fotoqraf olmuşam. Bir çox tədbirlərdə iştirak etmişəm. Hətta Aprel döyüşləri vaxtı vida mərasimlərində çəkdiyim fotolar viral olub. Arxivim Azərbaycanın məşhur şəxsləri, görməli yerləri, tarixi abidələriylə doludur. O fotolardan ibarət sərgi keçirməyi də düşünürəm. Nə vaxtsa albom buraxsam, orada da çəkdiyin fotolardan istifadə edəcəm.

- Yəni çoxları kimi sizin də müğənnilik uşaqlıq arzunuz olub, hə?

- Bəli. Nə qədər şablon ifadə olsa da, musiqiyə həvəsim uşaq vaxtımdan yaranıb və arzularımın arxasınca qaçmışam.

- Bəs musiqi təhsiliniz varmı?

- Gündəlik getdiyim vokal dərslərini saymasam, əvəllər hər hansı bir təhsilim olmayıb, amma hazırda Elçin Cəfərovdan dərs alıram.

- Əsas ixtisasınız nədir?

- Mədəni Maliyyə Texnikumunun Rejissorluq fakültsində təhsil almışam. Bir çox tanınmış rejissorlarla da çalışmışam.

- “Çağır məni” mahnısını yeni formatda oxudunuz və məşhurlaşdınız. Başqa hansı mahnıları yeni formatda təqdim etməyi düşünürsünüz?

- “Çağır məni” mahnısından sonra üç ifam da yayımlanıb. “O bilər, mən bilərəm”, “Neynim” və Eldar Mansurovun bəstələdiyi “Ay Yalançı” mahnısı. Əslində, hərdən düşünürəm ki, bu cür ifalar həm özümü, həm tə ətrafımdakı insanları xoşbəxt edir. Şablon səslənsə də, düşünürəm ki, insanın musiqi zövqü uşaq vaxtından formalaşmalıdır. Deməli, o vaxt mənə musiqini yaxşı formada aşılamağı bacarıblar. Bəzi yaşıdlarım var ki, onlarla aramdakı musiqi zövqü və duyumu tamam fərqlidir. Zamanla başqa janra da müraciət edəcəm, əlbəttə, amma hələlik bu tərz mahnılar oxuyuram və xoşbəxt hiss edirəm.

- İndiki mahnılar yadda qalmır. Yəni, çoxu mövsümidir. Siz mahnılarınızın taleyi ilə bağlı nə düşünürsünüz?

- Əhval məsələsidir də. Bəzi bəstəkarlar bilir ki, gənc nəsil sevgiyə acdır və depressivdir. Onlar da bu halları nəzərə alaraq musiqi bəstələyir. Həm də mahnı tam yayımlanmadan öncə sosial şəbəkələrdə kiçik bir hissə paylaşılır, insanların həmin mahnıya qarşı reaksiyaları müşahidə edilir. Mövsümi mahnılar da mütləq şəkildə olmalıdır. Bu təlabatdır. O ki qaldı mahnıların yadda qalmama səbəbinə... məncə, indiki sevgilər də, dostluqlar da, insanlar arasındakı münasibətlər də elə bu cürdür. Zövqlər də çox fərqlidir. Baxırsan, yaşlı nəslin nümayəndəsidir, amma uşaqların dinlədiyi mahnılara qulaq asır.

- Sizcə, oxuduğunuz mahnılarla dinləyiciyə nəsə ötürürsünüz?

- Mən oxuduğum mahnılarda nəsə fəlsəfə, ideya yoxdur, amma sözün ağırlığı, çəkisi var. Baxırsan ki, adi sözlərdir, ancaq o sözlərin bir estetikası var.

- İndiki mahnılarda yoxdur o estetika?

- Məncə, yox. Bəlkə də, müəyyən ifalarımızda var, amma mənim rastıma çıxmayıb. Əgər olsaydı, ifalarımızın çoxu siz dediyiniz kimi mövsümi olmazdı.

- Son zamanların əsas müzakirə mövzularından biri də bayağı ifalar, bayağı müğənnilərdir.

- Vallah, mən hər zaman demişəm, yenə də deyirəm ki, bizim başlıca problemlərimizdən biri ictimai qınaqdır. Məsələn, bir ifaçını və ya hər hansı bir mahnını özümüz paylaşırıq, tanıtdırırıq. Pisdir, paylaşma da, tanıtma. Guya pisləyirik, amma əksinə, onun reklamını aparırıq.

Düzdür, bu cür ifaçılarla bağlı bir söz deyə bimərəm. Çünki hamısı öz tərzinə uyğun ifaları ilə çörək pulu qazanır. Bir halda müdaxilə edə bilərəm... onun aylıq qazancını cibimdən verəndə... Deyərəm ki, al bu pulu oxuma. Onu eləyə bilmirəmsə, susmaq lazımdır.
Mən kimlərisə tənqid edib, onların dinləyici auditoriyasını alçalda bilmərəm. Bu cür mahnılar beyinə rahat oturur, dinləyici də daha tez qavrayır.

- Bəlkə, ad çəkəsiz? Nuran üçün kim daha bayağıdır?

- Vallah, mənim bayağı dediyim nəsə yoxdur, əslində.

- Məsələn, özünüz o cür mahnıları dinləyirsiniz?

- Elə mahnılara qulaq asıram ki... açıb göstərsəm, şok olarsınız. Yəni, məni narahat eləmir. Mənə görə vizuallıq çox önəmlidir.

- Sosial şəbəkələrdə sizi də tənqid edənlər var. Dəqiq desək, geyim tərzinizi. Narahat olmursunuz ki?

- Tənqid edənlər çoxdur. Ətrafımda olanlar da deyir ki, baxma, görmə. Necə görməyə bilərəm? Demək olar, bütün günü telefon əlimdədir. Deyirlər, buna bax e, pencəyi özündən beş ölçü böyükdür, babamın kostyumlarından geyinir. Açığı, narahat edir, bir az da qəlbim qırılır. Özlüyümdə düşünürəm ki, axı belə yazanda nə olur? Bizim cəmiyyət hər kəsi olduğu kimi qəbul edə bilmir və elə hey nələrisə dəyişməyə çalışır.
Pis olsam belə, özümə iki saat limit qoyuram və iki saatın tamamında bütün problemlərdən qurtuluram. Düşünürəm ki, yəqin, o şəxlərin hər hansı bir problemləri var və aqressiyalarını mənim üstümə tökürlər.

- Toylara gedirsiniz?

- Bəli, gedirəm.

- Bəziləri toy müğənnilərini ciddi qəbul etmir…

- Nə bilim, vallah. Onlar da elə düşünür. Nə demək olar. Toylarda maraqlı insanlar, maraqlı hadisələrlə rastlaşıram. “Çağır məni” ifam ölkə səviyyəsində məşhurlaşanda istəklər gəlməyə başladı. Biz də bunu çox gözəl qarşıladıq. Kimsə bizi xoş gününə dəvət edirsə, bu çox gözəl haldır. Hətta ilk vaxtlarda çoxları xahiş edirdi ki, toylarına o klipdəki pencəyimi geyinim. Onsuz da mənim tərzim odur. Qiymətlərimiz də normaldır.
Düşünürəm ki, hamı özü olmağı bacarmalıdır. Hər kəsin öz fərqliliyi olmalıdır. Hərdən mənim dəli olduğumu da düşünürlər. Amma fikir vermirəm. Hər şeyə yaxşı tərəfdən baxmağa çalışıram. Çox pozitiv insanam, bədbinliyə qapılmağı sevmirəm. Bina başıma çöksə, onu da sakitcə qarşılayaram. Bədlik bədlik gətirir deyə mənfi düşüncələrdən uzaq durmağa çalışıram. Mənim üçün aura, enerji çox önəmlidir.

- Xalq artisti Aygün Kazımova, Röya Ayxan, Miri Yusif ... Sizcə, onlar o ada layiqdi?

- Əlbəttə. Ölkə başçısı imzalı şəkildə bunu təsdiq edirsə, biz kimik ki, bunu müzakirə edək? Xalqın gözü tərəzidir. Nəyin müzakirəsini edək? Bəzi ifaçılar var ki, onların toxunulmaz olduğunu düşünürəm. Adını çəkdiyim ifaçılar da o toxunulmazlar siyahısındadır. Məsələn, elə sonuncu dəfə Xalq artisti Röyanın kansertində oxumuşam. Hər şey yüksək səviyyədə idi. Düzdür, ölkədə təşkilatçılıq aşağı səviyyədədir. Çünki heç kəs Azərbaycan artistlərinə pul ayırmaq istəmir. İndi tezdir, amma nə vaxtsa mən də konsert verəcəm. Açığı, heç kimin yerində, mahnısında, uğurunda gözüm yoxdur. Uğursuzluqların əsas səbəbi də elə başqası kimi olmağa çalışmaqdır. Hər insan özü olsa, hər şey çox mükəmməl olar.

- Mahnı seçimlərinizi necə edirsiniz?

- Mahnının ritmini nəzərə alıram. Bir də sözlərinə diqqət edirəm. Əsas diqqət etdiyim şey isə mahnının məni oynatmasıdır. Bu yaxınlarda bir xanım və kişi ifaçı ilə duetim olacaq. Düşünürəm ki, ikisi də maraqlı olacaq.

- Belə demək olar ki, sizin öz mahnınız, özünüzə aid mahnınız yoxdur?

- Hələ ki çətindir. Çünki vaxt və büdcə tələb edir. Əslində, öz mahnılarım var e, yutubda da yayımlanır, amma dinləyicilərin diqqətini cəlb etməyib. Hazırda Elçin Cəfərovun, Mironun və Kazım Canın bəstələdiyi mahnılarım var. Tezliklə onları da ifa edəcəm. Hər mahnını da ifa edə bimirəm. Kədərli mahnı oxusam, hamının gülməyi gələr.

- Kitabla aranız necədir. Kimləri oxuyursunuz?

- Yalan deməyəcəm, kitab oxumuram, səbrim çatmır. Qısa hekayələr, bir də köşə yazarlarının yazılarını oxuyuram. Aqşin Yenisey, Salam Sarvan, bir də rəhmətlik Mövludun köşələrini oxumuşam. Musa Yaqubu sevirəm, hətta evlərində də olmuşam. Kitab oxumağı sevməsəm də, hədiyyə etməyi çox sevirəm. Bir də radioya qulaq asmağı sevirəm. Düşünürəm ki, radio bu gün səviyyəsini qoruyub saxlayan əsas platformalardan biridir.

- Ailəniz sizə dəstəkləyir?

- Yüksək səviyyədə. Hətta hərdən mahnı göndərirlər ki, bunu da oxu. Anam mənim pencəklərimdən narazıdır bircə. Hər dəfə deyir ki, öz ölçünə uyğun geyin. Qalan hər şey qaydasındadır.

- Oxuculara nəsə sözünüz var?

- Bu mənim ilk yazılı müsahibəmdir. Oxuyan hər kəsə təşəkkür edirəm.

Fotoqraf: İlkin Nəbiyev

# 1079 dəfə oxunub

Oxşar xəbərlər

"Mən də elə bildim, bu yazını yaşlı, təcrübəli adam yazıb" - Sabir Rüstəmxanlı

"Mən də elə bildim, bu yazını yaşlı, təcrübəli adam yazıb" - Sabir Rüstəmxanlı

12:00 13 aprel 2025
“Park”  Nəşriyyat Evinin təqdimatı oldu

“Park” Nəşriyyat Evinin təqdimatı oldu

20:24 12 aprel 2025
“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb

“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb

16:45 12 aprel 2025
Kənan Hacının 50 illik yubileyi keçirilib

Kənan Hacının 50 illik yubileyi keçirilib

15:45 12 aprel 2025
"İndi bunu arxayınlıqla demək olar ki, Niyazi Mehdi..." - Əli Abbasov

"İndi bunu arxayınlıqla demək olar ki, Niyazi Mehdi..." - Əli Abbasov

15:00 12 aprel 2025
Vaqif əvəzedilməz idi... - Kamal Abdulla

Vaqif əvəzedilməz idi... - Kamal Abdulla

12:51 12 aprel 2025
#
#
# # #