Kulis.az gənc şair Səddam Laçının yeni şeirlərini təqdim edir.
Dikdaban
Acı həqiqətlər qorxudur deyə
İnsan adət edir xəyallar qura.
Kaş aşiq olduğum rəngli gözlərin
Ağ-qara dünyamı işıqlandıra.
Kaş ki, səhvlərimi saymaq yerinə
Çox yox, bircə dəfə məni sayaydın
Yerə qoymadığın telefon kimi
Məni də yanından ayırmayaydın
Səni qısqanıram əyin-başına
Yaraşır deməzdim sevinməsəydin
Məni paltarıntək sev istəyərdim
Hər həftə təzəsin geyinməsəydin
Məni incidirsən, yorursan demə
İzin ver qəlbinə girim bu səfər
Sənə yük olmaram həyatın boyu
Çiynindən asılan çantalar qədər
Hələ hündür daban ayaqqabları
Elə sevirsən ki, utanır ömrüm
O səni beş santı uzun göstərir
Mən səni görəndə uzanır ömrüm
İki canlı
Yarımçıq bir şəkil gördüm əlində
Kəsib götürmüsən mən olan yeri
Ya dön gəl, ya da ki, qəlbimi tərk et
Vurmur ürəyimin "Sən" olan yeri
Bir ürək, iki can, iki fərqli ruh
Cılız bir bədəndə yaşaya bilməz
Dünyanın yükü var çiyinlərində
Kişilər iki can daşıya bilməz
Səbrim də tükənir ümidlər kimi
Gözləri kədərli, beyni qanlıyam
"Kişilər iki can daşımaz" dedim
Mən səni sevəndən ikicanlıyam
Xəncər kirpikli qız
Səadəti qovuruq
Dərdən zövq alırıq biz.
Hələ qovuşmamışıq
Necə ayrılırıq biz?
Ey, xəncər kirpikli qız
Gözlərimə batırsan
Necə oyadım səni?
Ürəyimə yatırsan
Yat, yuxusun sevdiyim...
Şirin yuxu dilərəm...
Laylay yadımdan çıxsa
Şeir deyə bilərəm
Gözümün intizarı...
Gözümdən uzaqlaşma.
Mən də elə sənəm də...
Özündən uzaqlaşma.
Məni məndən ayırma
Sonra qayıtmaq olmur
Səni tapmaq asandı
"Özümü" tapmaq olmur.
Ağlamalı gündəyik
Əksinə gülürük biz
Qovuşub dirilmirik
Ayrılıb ölürük biz
***
Yum gözünü, bəlkə hər şey düzəldi
Bir yuxu ki, gerçəyindən gözəldi
Oyanma.
Oyandınsa, yuxulara inanma
Bir yuxudur gerçək olan, bir həyat,
Aç gözünü, inanmasan, bir də yat.
Yubanma.
Yubandınsa, əbədi yat, oyanma.
Ölmüşəmmi ağlayasan, gözəlim?
Kim desə ki, ağlamaqla düzəlir,
İnanma.
İnandınsa, ağla qızım, utanma.
Bir eşqi ki, qurban verdik bir səhvə,
Yüz dəfə də "gəlmə" desəm, bir dəfə
Gəl, amma
Evdə səni gözləyirlər, yubanma.
Bir qarışlıq adam
Günəşi görmək üçün gecə baxırsan göyə...
Hamı sənə kor deyir, necə baxırsan göyə?
Çox qarışıq adamsan.
Biz isə ağıllıyıq, hər şeyi "düz" bilirik
Ürəyin dünya boyda olsa da, biz bilirik -
Bir qarışlıq adamsan.
Saçında ağ tellərin qaralarla yarışır
Belə də davam elə, sənə də bu yaraşır -
Tam yarışlıq adamsan.
Gözlərindən axanlar gözünə bir də baxmır
Axı niyə baxanlar üzünə bir də baxmır?
Bir baxışlıq adamsan?
Ahın yerdən göylərə, heç çatmasın, əzizim
Səni qara buludlar aldatmasın, əzizim,
Bir yağışlıq adamsan.
***
Gedəndə bir "sağ ol" de,
Nə vaxtsa qarşılaşsaq,
Salamlaya biləsən.
Ay yarımçıq qalanım,
Məni tam anladın ki
Tamamlaya biləsən?
Biz ayrılan axşamı
Sən elə "hey gedirəm",
Mən isə boynu bükük,
Ancaq "qayıt" demişdim.
Yadındadır, gedəndə
Sən bir "sağ ol" demişdin,
Mən "sağ qayıt" demişdim...
Qadınsan
Yaman kövrək olmuşam, ürəyim dərd tapalı
Bir bəhanə tap qayıt, sən ki, gözü qapalı
İnandığım qadınsan
Heç kəsim yoxdur axı, dərdimi ovutmağa
Göz-gözə gəlmək nədi, əllərindən tutmağa
Utandığım qadınsan
Sən ayrısan əzizim, ifadə etmək olmur
Gözlərindən uzağa gördüm ki, getmək olmur
Dayandığım qadınsan
Səndə həqiqət tapıb, inanmışam sevgiyə
Hər doğulan günəşlə daha çox sevim deyə
Oyandığım qadınsan
***
Çalış göz-gözə gəlmə, vədə vermə axşama
Sənə alışmayıblar, girmə könül baxçama
Çiçəklər qısqanırlar
Ən gözəl rəssam mənəm, bu da əsərim deyib
Qurban olduğum Allah, elə gözəllik verib
Mələklər qısqanırlar
Üz çevirib gedirsən, getmə, qayıt deyəndə
Dağınıq saçlarını düzəltmək istəyəndə
Küləklər qısqanırlar.
Adsız qız
Biz tərəflər nə qəribə yerlərdi belə
Burada eşitmədiyi adını təmiz saxlamaq üçün yaşayan qızlar
Bətnlərində uşaq, çiyinlərində uşaqlıq daşıyan qadınlar var
Burada qızlara adları sadəcə şəxsiyyət vəsiqəsi boş qalmasın deyə qoyurlar
Burada qızlara heç adları lazım da olmur.
Onları tanıyanlar da adları ilə deyil
filankəsin böyük qızı, bəhmənkəsin ortancıl gəlini kimi tanıyırlar
Birinin bacısı kimi, birinin arvadı kimi hörmət edirlər
Biz tərəflər nə qəribə yerlərdi belə
Burada anası qocalar evində olanlar üçün də
Ən ağır söyüş ana söyüşüdür
" Biz hər şeydən cütlər ( erkək və dişi) yaratdıq ki, bəlkə düşünüb ibrət alasınız"
Biz tərəfdə ateistlər belə Allahın bu kəlamına iman gətirir
Hətta xəyanətin belə erkəyinin, dişisinin olduğuna inanırlar
Kişilər xəyanət edəndə ayıb olsun,
Qadınlar xəyanət edəndə ölüm olsun deyirlər
Biz tərəflər nə qəribə yerlərdi belə
Nələr demirlər ki, burada
Sonu hamı kimi ölüm olan qadınlara doğmursa "sonsuz"
Doğursa da onsuz bir söz tapıb deyirlər
***
Səndə hansı fəsildi?
Məndə hələ də qışdır
Havanı soruşmuram
Bilirəm ki, yağışdır
Səndə hansı fəsildir?
Yazdır, yaydır, payızdır?
Heçmi dəyişməmisən?
Düzünü de ömründə
Neçə aydı payızdır?
Səndə hansı fəsildir?
Mən bildiyim qədəri
Payız sən qədər soyuq,
Sən qədər qəddar olmur.
Başqa fəsilə bənzə
Axı sənin kimilər
Payıza oxşar olmur
Sən payızmı sanırsan
Bu solğun baxışları?
Sən payızmı sanırsan
Bu quru yağışları?
Səndə hansı fəsildir?
Heç çür anlamaq olmur
Gündə bir şəkildəsən
Bəlkə də sual səhvdir
Bəlkə də deməliyəm
"Səndə hansı fəsil" yox,
"Sən hansı fəsildən?"
***
Dolaşıqdı şair ömrü
Qəmi düşür dəm vaxtına
Dəmi düşür qəm vaxtına
Uzun yoldu şair ömrü
Neçə-neçə gözlər düşür
Neçə-neçə gözdən düşür
Ən hikmətli sözlər düşür
Ən ağıldan kəm vaxtına
***
Mən dəliyəm.
Hiss edirəm hər ötən gün itirirəm yaddaşımı
Unuduram.
Unuduram qohumumu, qardaşımı.
Soyuduram, sevdiyimi, sevənimi
Gözləmirəm gələnimi, gedənimi.
Mən dəliyəm.
Sizə heçnə verməmişəm,
Sizdən heçnə istəmirəm.
Mən süfrəmdə oturana qardaş deyib,
Gedən kimi pisləmirəm.
Ona gorə mən dəliyəm.
Yaxşı gündə can-can deyib,
Dar günündə yox olmuram.
Mən həmişə mən oluram,
Az olmuram, çox olmuram.
Ona görə mən dəliyəm
Mən dəliyəm, siz ağıllı
Ya mən oldum, ya da ki, siz
Olammadıq biz ağıllı
Bacarırırsan döz ağıllı
Mənə nə var, mən dəliyəm
Yalan-dolan dünyanızda
Doğruların dəlisiyəm
***
Qoyma, getməyə qoyma
Yolumu bir qucaqlıq
Bağla, qadası, bağla..
Danışma, bir öpüşlük
Məni bərk-bərk qucaqla
Düzdü, getməyim düzdü
Məni bu haqq yolundan
Saxla, qadası, saxla...
Hər gün gecikən qadın
Bir gün məni qabağla
Lap bir az uşaqlıq et
Ayağını vur yerə
Ağla, qadası, ağla
Sən ki, məni bilirsən
Dil tapıram uşaqla
Yalan danış, nəsə de
Yenə inanım sənə
Yoxsa, qadası, yoxsa ...
Kişi unutqanlığı
Bir qadın unutmuşam...
Göz rəngi yadımdadı,
Gözün xatırlamıram.
Bir qadın unutmuşam...
Səsi qulağımdadı,
Sözün xatırlamıram.
Yanından düz keçərəm,
Səsin duysam dönərəm.
Axı mən bədbəxt oğlu
Səsin xatırlayıram,
Özün xatırlamıram.
Bir qadın unutmuşam...
İllərdir dodağımda
Dodağının dadı var.
Gözlərimdə həsrəti,
Əllərimdə boşluğu,
Hardasa ən təpədə -
Ürəyimdə adı var.
Bir qadın unutmuşam...
Ona yazılan şeirin
Sətrin unutmamışam.
Evimin ünvanın
Unuduram
Di gəl ki,
Unutduğum qadının
Ətrin unutmamışam.
Çoxmu unutqanam mən?
Dəli kimi sevdiyim
Qadını unutmuşam.
Canım niyə yanmasın,
Ad günü yadımdadı
Adını unutmuşam.