Mən o kişini sevirəm - Günün şeiri

Mən o kişini sevirəm - Günün şeiri
6 iyun 2025
# 11:00

Bu gün müsəlmanların Qurban bayramıdır. Kulis.az bu münasibətlə şair Rəbiqə Nazimqızının "İbrahim peyğəmbərə" şeirini təqdim edir.

Nə qolları övlad həsrətiylə göynəyən Sara,
nə oğlu qucağında səhralara duşmüş Həcər anlar məni.
Yalnız sən, İbrahim,
təkcə sən bilərsən...
Mən torpağa bənzəyirəm,
yetirə də bilərəm,
gəzdirə də,
içimdə basdıra da bilərəm hər şeyi.

Dənizdən çox,
qarmaqdakı yemə gələn balıqların sevincinə kövrəlirəm,
balıqçının torunda inci tapmaq ümidinə ağrıyıram.
Hərdən təlxək kimi güldürürəm ,
hərdən timsah kimi ağlayıram.
Saman çöpünü
çöplüyündə boğulanlara saxlayıram.

Mən göylərdən yox,
göylərin özünü istəyirəm,
uçmaq yox,
qucaqlamaq istəyirəm göy üzünü -
qollarım boş qalmasın deyə.
Heç nə istəmirəm,
nə borc, nə hədiyyə...

Mən o kişini sevirəm -
həyatı arxasınca sürüyən adamı.
Hərdən ürəyimi kükrədən,
Hərdən qollarımda kiriyən adamı...
Günahımdan qalxan düzəldirəm,
dəbilqə kimi başımda gəzdirirəm onu,
silah kimi tuşlayıram yad ünvanlara .
Mən hara, məsumluq hara...

Mən iki dəfə qadın oluram -
sevəndə -
dünyanı soyunub
əllərini geyinəndə sevgilimin
gizli-gizli.
Qulağımdan silinəndə başqa səslər,
təmizlənəndə...
Bir də hər ay sonu ,
intizarla gözləyəndə qadınlığın haray çəkib
məni dağa-daşa salan ağrısını.
Ayıbımdan qızaranda üstüm-başım,
kirlənəndə... sevinirəm...
Bax o anda, İbrahim,
içimdən bir hiss keçir -
mən qatiləm -
bətnimdəcə doğulmamış
arzuları
parça-parça öldürürəm...

# 2012 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər