"Mədəniyət Nazirliyi bizə senzura tətbiq edir" - Bəyanat

"Mədəniyət Nazirliyi bizə senzura tətbiq edir" - Bəyanat
21 iyun 2024
# 14:05

Azərbaycanda fəaliyyət göstərən kino istehsalçıları və kino sahəsində çalışan sənət adamları birgə bəyanat yayıblar.

Kulis.az bəyanantın mətnini təqdim edir.

"Biz bir qrup kino adamı olaraq bu bəyanatımızla ictimaiyyətin və dövlətin mədəniyyət siyasətinə cavabdeh olan səlahiyyətli orqanların nəzərinə çatdırmaq istəyirik ki, peşə fəaliyyətimizi icra etməyimizə çox ciddi maneələr yaradılır. Hazırda biz azərbaycanlı kinematoqrafçılar, demək olar, kino istehsalatı tənəzzülə uğramış Azərbaycanda, asan olmayan şərtlərdə sənətə olan sevgimizlə filmlər istehsal edir, bürokratik və iqtisadi maneələri dəf etməyə çalışır, bütün çətinliklərə baxmayaraq, peşəmizlə məşğul olmağa çalışırıq.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il tarixli “Filmlərin Yayımı və Nümayişi qaydaları” qərarına əsasən, hər bir filmi ölkəmizdəki kinozallarda, kinoteatrlarda göstərmək üçün mütləq şəkildə yayım vərəqəsi - lisenziya almaq məcburiyyətindəyik. Mədəniyyət Nazirliyi yayım vərəqəsini sözügedən qərara istinadən tələb etsə də, bunu qanunazidd formada icra edir. Qanunda göstərilir ki, Azərbaycanda istehsal edilmiş və ölkə ərazisində nümayişi nəzərdə tutulan filmlərin müəlliflərinin və ya hüquqi sahiblərinin Mədəniyyət Nazirliyinə filmlərində “pornoqrafik, dini, milli, irqi düşmənçiliyə yönələn” kadrların olmadığı barədə məlumat verməsi kifayətdir. Qanuna əsasən, ancaq yaş kateqoriyası verilə bilər, senzura tətbiq edilə bilməz. Bütün bunlar sadə görünsə də, Mədəniyyət Nazirliyi tərəfindən “Ekspert şurası” yaradılıb və bu şura filmlərə yayım vərəqəsi vermək adı ilə ciddi nəzarət mexanizmi qurub, başqa sözlə, senzura tətbiq edir. Beləliklə, Mədəniyyət Nazirliyinin təsis etdiyi “Ekspert Şurası” tərəfindən filmlərə yayım hüququ verilməsi böyük bir maneəyə çevrilir.

Sözügedən “Ekspert Şurası”nın fəaliyyəti Nazirlər Kabinetinin 2006-cı il tarixli “Filmlərin Yayımı və Nümayişi Qaydaları” ilə bağlı qərarına ziddir. Bir kinematoqrafçının yaradıcı prosesinə hər hansısa “Ekspert Şurası”nın nəzarət etməsi absurddur. Nazirliyin belə qanundankənar fəaliyyətləri kino işçilərinin yaradıcı azadlığını əlindən alır.

Mədəniyyət Nazirliyi illərdir, “Kino haqqında” qanunu kino adamları ilə məsləhətləşərək yeniləmək əvəzinə, artıq Azərbaycanda kino fəaliyyəti ilə məşğul olan insanlara “çəkiliş icazəsi” qaydası da tətbiq etməyə də başlayıb. Beynəlxalq praktikada “çəkiliş icazəsi”ni sadələşdirmiş şəkildə, bir portal vasitəsilə almaq mümkün olduğu halda ölkəmizdə buna da ciddi bürokratik maneələr yaradılır. Bir sözlə, Mədəniyyət Nazirliyi deyir ki, bu ölkədə heç kim onların nəzarəti və icazəsi olmadan heç bir film istehsal edə və ya istehsal edibsə, bu filmi tamaşaçılara təqdim edə bilməz.

Biz kino adamları olaraq çox güclü təzyiqə, senzuraya məruz qaldığımızı düşünürük. Ümumiyyətlə, artıq uzun müddətdir ki, kino sahəsində son dərəcə ciddi xaos hökm sürür, məmurlar tərəfindən az qala düşmən münasibəti sərgilənir, kinomuz sanki bilərəkdən inkişafa yox, geriyə sürüklənir.

Bu şərtlərdə kino mühitində heç bir yaradıcı və iqtisadi azadlıqdan söhbət gedə bilməz və fəaliyyət göstərməyimiz, demək olar ki, qeyri-mümkündür. Bu, sənətin və sənətçinin kinodan uzaqlaşmasına, yaradıcılığın tamamilə yox olmasına gətirib çıxaracaq.

Belə davam edərsə, heç kim heç bir halda bizim ölkədə kinonun varlığına inanmayacaq və azərbaycanlı kinematoqrafçılar dünya kinematoqrafiyasından təcrid olunacaq. Biz bu bəyanatla bütün bunlara səssiz qalmadığımızı bildirir, həmçinin ictimaiyyəti mövcud vəziyyətə laqeyd qalmamağa səsləyirik.

Bu səbəbdən Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının mədəniyyət siyasəti ilə məşğul olan digər qurumların və cavabdeh məmurların bizim bəyanatımıza reaksiya verməsini istəyir, tələblərimizi sadalayırıq:

1. Azərbaycan Respublikasının qanunlarına zidd olan faktiki senzura və yaradılan bütün süni maneələr aradan qaldırılsın.
2. Filmlərin yayımında Nazirlər Kabinetinin hazırkı qərarı əsas götürülsün. Yayım vəsiqəsi sadələşdirilmiş formada və “Ekspert Şurası” olmadan, Nazirlər Kabinetinin qərarına əsasən verilsin.
3. Kino qanununun işləkliyinin təmini məqsədilə müzakirə mühiti formalaşdırılsın və bu qərarlar yerli kinematoqrafçılarla müzakirə edilərək həyata keçirilsin.

Hörmətlə,

İradə Bağırzadə - prodüser, ssenarist
Maria İbrahimova - prodüser, rejissor
Elvin Adıgözəl - rejissor
Asif Rüstəmov - rejissor
Aygün Aslanlı - kinotənqidçi
İntiqam Hacılı - prodüser, rejissor
İlqarə Tosova - aktrisa
Kamran Ağabalayev - aktyor
İsmayıl İman - ssenarist
Qorqud Cəfər - aktyor
Daniel Quliyev - rejissor
Nurlan Həsənli - rejissor
Cəlil Cavanşir - ssenarist
Eldar Aslanov - rejissor
Hacı Səfərov - kinotənqidçi
İmam Həsən - rejissor
İskra Tarrant - aktrisa
Zaur Muxtarov - rejissor
Elşən Əliyev - rejissor
Mirzalı Əlizadə - montajçı
Aliyə Dadaşova - kinotənqidçi
Mətləb Muxtarov - rejissor
Sitarə İbrahimbəyli - rejissor
Ələmdar Faiq - rejissor
Turan Yaqublu - rejissor
Teymur Hacıyev - rejissor
Vidadi Rüstəmov - prodüser
Türkan Zamanova - ssenarist
Vüsalə Ağayeva - aktrisa
Elman Əliyev - təsvir rejissoru".

# 1507 dəfə oxunub

Oxşar xəbərlər

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

18:49 25 noyabr 2024
Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:35 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
#
#
# # #